"Bir müəllimin manifesti", yaxud ADA-nın yeni təşəbbüs-layihəsi üzərində düşüncələr - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Üçüncü minilliyin ilk illərindən başlayaraq müstəqil Azərbaycan Pespublikasında gedən coşqun sosial-iqtisadi, mənəvi-ideoloji hərəkat get-gedə daha çox bir mühüm hədəfə yönəlməkdə idi ki, bu, keçən əsrin müxtəlif dövrlərində (həm də məhz ümumi bir dövlətin tərkibində guya bərabərhüquqlu olarkən) xalqımıza qarşı edilən ədalətsizliklərə son qoymaq, ərazi bütövlüyümüzü təmin etmək və nəticə etibarilə, beynəlxalq aləmdə söz sahibi olan hər cəhətdən özgür bir ölkəyə çevrilməkdən ibarət idi. Həmin hərəkatın  tarixi əsasında, hər kəsə məlum olduğu üzrə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yarım əsr ərzində müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin son dərəcə böyük təcrübəsi dayanırdı. Və bu zəngin irsə yüksək ləyaqət, cəsarət və peşəkarlıqla varislik edən Prezident İlham Əliyev mənsub olduğu xalqın milli ideallarının gerçəkləşməsi yolunda ən uğurlu addımları atmağa nail oldu. Məsələ yalnız onda deyil ki,  sovet dövründə zəbt olunmuş ərazilərimiz Ali Baş Komandanın bilavasitə rəhbərliyi ilə azad edildi, həm də ondadır ki, daha əvvəlki dövrlərdəki ərazi itkilərimiz barədə anlayışlar da genişlənərək tarixə sahib çıxmaq əzmimizi aydın məcraya yönəltdi.

Əlbəttə, bu Zəfər ən azı iki mənada Tarixidir - birincisi, biz bu Zəfərə tarix yarada-yarada gəldik; ikincisi, bu Zəfər bizə bundan sonra yaradacağımız Tarixin üfüqlərini  göstərməklə milli ruhumuzu təzələdi.

ADA-nın  yeni təşəbbüs-layihəsi İlham Əliyevin Ali Baş Komandanlığı  ilə qazanılmış möhtəşəm Zəfərin xüsusilə o mənada əks-sədasıdır ki, həmin Zəfərin hələ bundan sonra yeni-yeni uğurlara vəsilə olacağını, cəmiyyətimizin elmə, maarifə, mədəniyyətə marağının daha da artacağını xəbər verməklə yanaşı, görülməli işlərin, həyata keçirilməli proqramların, bu yolda çəkiləcək zəhmətin miqyası barədə tam təsəvvür  yaradır. Universitetin bu günə qədər  həyata keçirdiyi çoxsaylı layihələrin, əksəriyyəti milli maarifçilik ənənələrini qoruyub saxlamağa, yeni dövrün tələblərinə uyğun şəkildə tətbiq etməyə  hesablanmışdır ki, burada biri digərini tamamlayan iki zəruri atributun qarşılıqlı əlaqəsinə əsaslanıldığı aydın görünür: onlardan birincisi millilik, ikincisi isə müasirlikdir.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev AZƏRTAC-ın  yaydığı "Qazax Müəllimlər Seminariyası və "Bir müəllimin manifesti" təşəbbüsü" məqaləsində (21 may 2021-ci il) göstərir ki, "Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında suverenliyini möhkəmləndirəcək yenidənqurma işlərinin ən qabaqcıl və müasir şəkildə aparılmasına dair Prezidentin tapşırıqları ölkənin təhsil və elm icması qarşısında yeni vəzifələr qoyur. Böyük Qayıdış prosesinin hərtərəfli həyata keçirilməsi və gələcək nəsillər üçün dayanıqlı olması ölkədə mükəmməl təhsilli insan kapitalının  yetişdirilməsini zərurət edir".

ADA-nın bir xidməti elmin, maarifin bir xalqın taleyində nə qədər həlledici olduğunu ardıcıl təbliğ edərək hər cür dağıdıcı ideyaların, xurafatın geniş yayılmaq imkanı olduğu müasir cəmiyyətdə sağlam mənəvi-intellektual iqlim yaratmağın  əhəmiyyətini daim vurğulamaqdırsa, ondan da vacib digər xidməti həmin "cəbhə"də yorulmadan praktik fəaliyyət göstərmək, xüsusilə dəyərli bədii, elmi, publisistik mənbələri nəşr etdirərək xalqın istifadəsinə vermək, milliliklə müasirliyin dialoqunu nümayiş etdirən görüşlər, müzakirələr keçirmək və bu yolda çalışan elə yeni peşəkar kadrlar hazırlamaqdır ki, cəmiyyət öz gələcəyindən əmin olsun.

Sözügedən məqaləsində "təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə,  bu keyfiyyətin təminatçısı müəllimdir. ADA Universiteti özünün müəyyənləşdirdiyi təhsil standartlarına çatması üçün ilk gündən müvafiq tələblərə cavab verən müəllimlərin aşkarlanmasını  qarşısına məqsəd qoyub. Bu, Universitet üçün ardı kəsilməyən bir prosesdir" deyən rektor onu da əlavə edir ki, "əgər başlanğıc mərhələdə ADA-nın müəllimləri Azərbaycanın müstəqilliyinin ilk illərində elm həvəsi ilə xaricə gedən, bakalavr, magistr və doktorantura üzrə dünyanın aparıcı ölkələrində təhsilini bitirənlər idisə, son illər onların sırasına Xaricdə Təhsil Dövlət Proqramının məzunları qoşulmağa başlayıb. Və  ümid edirik ki, növbəti illərdə onların sırasına Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının yetirmələri də qatılacaqlar".

Göründüyü kimi, ADA yarandığı gündən öz işinə  sadəcə vəzifə borcunu yerinə yetirmək kimi yox, sözün klassik mənasında missiya kimi yanaşmış, vaxtaşırı olaraq keçilmiş mərhələləri təhlil etmiş, gələcək perspektivləri proqnozlaşdırmışdır. Və ən mühümü də odur ki, xalqa xidmət məsuliyyətini heç zaman unutmamışdır.

Hafiz Paşayev deyir ki, "biz ölkəmizin gələcəyinin bu günün  sinif otağında qurulduğunu dərk edirik. Buna görə də tələbələrlə işlərimizdə addımlarımızı məhz Azərbaycanın gələcəyini düşünərək atırıq. Yüzlərlə gəncin qarşısına çıxan müəllim tək sahəsi üzrə biliyi deyil, həm də şərəf və ləyaqəti, ali tutduğu dəyərləri, sadiq qaldığı prinsipləri, davranış tərzi, tələbələrə yanaşması və qayğıkeşliyi, Vətənə xidmət ehtirası və maarifçiliyi, elm və tətbiqdə yenilikçi ruhuna görə nümunə olmalıdır".

Bu sözlərin tarixi dəyəri bir də ondadır ki, onlar XXI əsrdə Azərbaycanın beynəlxalq miqyasda mövcud tələblərə cavab verən ən müasir Universitetinin yaradıcısına mənsubdur. Və artıq neçə illərdir ki, Azərbaycan Universitetlərinin uğurları məhz ADA ilə müqayisədə müəyyənləşdirilir.

Hər hansı xalq olur-olsun, tarix dönə-dönə sübut edir ki, öz  gələcəyini məhz keçmişin heç zaman  köhnəlməyən sağlam ənənələri əsasında qurur. Və vay o günə ki, tarixin hansısa mərhələsində xalq bu və ya digər səbəbdən xəyal qırıqlığına uğrayıb ənənələrini yadırğasın, yaxud onlara laqeyd yanaşsın... Yaxşı ki, biz ümumən o xalqlardanıq ki, hər nə qədər müxtəlif təsirlərə (qədim yunan, ərəb, fars, rus və s.) məruz qalsaq da, öz etnik xarakterimizi, milli mənliyimizi itirməmişik - bunun ən parlaq, təkzib edilməsi heç cür mümkün olmayan sübutu bu gün türk xalqları arasında tutduğumuz yüksək mövqedir ki, "dildə, fikirdə və işdə" (İ.Qaspralı) təzahür etməkdədir.

Əminliklə demək olar ki, fəxr etdiyimiz ənənələr içərisində ən mühümlərindən  biri təhsilə, maarifə olan həvəsdir ki, tarixdən bunu əks etdirən çoxlu misallar gətirmək olar.

Professor Hafiz Paşayev təsadüfən demir ki, "müəllim missiyası"nın nədən ibarət  olmasını bizə mükəmməl şəkildə izah edən böyük bir nümunə var: "Qazax Müəllimlər Seminariyası. XIX əsrin sonları, XX əsrin əvvəllərində Çar Rusiyasında fəaliyyət göstərən Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin, demək olar ki, varisi olan Qazax Müəllimlər Seminariyası milli irsimizin gözəl yadigarlarından biri kimi bütün azərbaycanlıların qürur mənbəyidir". Və məqalə müəllifi  yüzlərlə Qori-Qazax məzunlarından yalnız bir neçəsinin adını çəksə də, həmin adlar bizə "müəllim kimdir" sualına yetərincə cavab verməyə kifayət edir: Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Səfərəli bəy Vəlibəyov, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Əhməd Seyidov, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Osman Sarıvəlli... Təhsil, maarif, ümumən ziyalılıq tariximiz üçün çox maraqlı olan, bu sahədəki milli varislik imkanlarımızın təcəssümü kimi yüksək qiymətləndirməkdən məmnunluq  duyacağımız növbəti fikir də Hafiz müəllimə məxsusdur: "Bu günün pəncərəsindən çox uzaqda görünən bu böyük şəxsiyyətlərin bəzilərini yeniyetmə yaşlarımda gördüyümü yaddaşımda canlandıraraq özümü də söhbət apardığımız şanlı tarixin sanki bir parçası hiss etməkdən qürurlanıram".

Əlbəttə, "Bir müəllimin manifesti" layihəsinə "Bir gəncin manifesti" romanının müəllifi, böyük yazıçı-mütəfəkkir, ədəbiyyatşünas-alim (və bir neçə nəsil Azərbaycan ziyalılarının müəllimi!) Mir Cəlalın övladının rəhbərlik etməsi də bir cür missiyadır - Taleyin missiyası!..  Hərdən düşünürəm ki, Mir Cəlal müəllim bu "manifest" sözünü sovet hakimiyyətinin kəsəkəs dövründə özünəməxsus ustalıqla Marksın (və kommunist ideologiyasının) inhisarından xilas edib bu qədər zərif, həssas və humanist bir anlayışın  səlahiyyətinə elə verdi ki, heç kəsin ruhu da incimədi.

"Bir müəllimin manifesti" ifadəsinin məzmun-mündərəcəsində müəllimin cəmiyyətdəki mövqeyini yüksəltmək, nüfuzunu daha da artıqmaq məramı var. Yəni müəllim o şəxsiyyət olmalıdır ki, özünün millilik və müasirliklə fərqlənən maarifçilik missiyasını cəsarətlə, inamla həyata keçirməkdən heç zaman kənarda qalmasın. Və cəmiyyətin hər bir üzvü, ölkənin hər bir vətəndaşı əmin olsun ki, heç bir  antibəşəri, antihumanist, antiproqressiv təmayül, əhval-ruhiyyə müəllim olan yerdə gənc nəslə yaxın düşə bilməz... Müəllimin manifesti onun andıdır... Həkimin Hippokrat andı kimi!..

Hafiz müəllim bir məsələ barəsində konkret olaraq bəhs etmir, ancaq məqaləsinin ruhu bütün dəqiqliyi ilə həmin mətləbə gətirir: əgər bir xalq tarixinin hansısa mərhələsində öz müəllimlərini yetişdirmək qayğısına qalmayacaqsa, ətraf aləm, yad mühitlər ona israrla elə "müəllimlər" təklif edəcək ki, həmin xalqın nə vaxtsa ayaq üstə qalxıb öz irsinə yiyə duracağı çətin olacaq.

Professor Hafiz Paşayev Qori Müəllimlər Seminariyasının məzunu, sonra onun Azərbaycan şöbəsinin müdiri olmuş böyük müəllim Firudin bəy Köçərlinin şəxsiyyətini layiqincə dəyərləndirərək xatırladır ki, o, "Azərbaycan şöbəsini fədakarcasına Gürcüstandan Vətənə köçürə bilmişdir. Firudin bəy Köçərli böyük şəxsiyyət, maarifçi və pedaqoq  idi... Qazaxda 1918-ci il noyabrın 10-da təntənəli açılışı keçirilən Müəllimlər Seminariyasının qarşısında türk və Azərbaycan ziyalılarının səsləndirdiyi fikirlərdən biri də bu idi ki, "Vətəni ancaq iti qılıncla deyil, həm də elmlə, əqllə qorumaq lazımdır". Və əlavə edir: "Bu kəlamın tarixdə dövr edib zəmanəmizin həqiqətinə çevrilməsinin biz bu günlərdə şahidi oluruq".

Firudin bəyin şəxsiyyətini formalaşdıran (və bu şəxsiyyətin milliliyi ilə müasirliyini təmin  edən) amillər arasında biri ayrıca dəyərləndirilməlidir: o bizim ilk elmi ədəbiyyat tariximizin müəllifi, milli ədəbiyyat tarixşünaslığımızın banisidir və heç ola bilməzdi ki, bu tarix (və tarixşünaslıq) belə bir böyük şəxsiyyət yetirməsin.

"Bir müəllimin manifesti" təşəbbüs-layihəsinin ünvanı olaraq məhz Firudin bəy Köçərlinin seminariyasının seçilməsi məntiqli-məzmunlu olduğu qədər də, sözün böyük mənasında, müqəddəs, halal işdir...

Hafiz müəllimin az qala hər bir cümləsini sitat gətirməyə ehtiyac duyduğumuz məqaləsi hər cəhətdən qürurverici sözlərlə bitir: "Bir müəllimin manifesti" təşəbbüsü yüz il əvvəl milli təhsilimizin başlanğıcından od qopararaq ölkəmizin milli maarifçilərini tarixi  qələbəmizi hər sahədə uğura çevirəcək nəslin memarları kimi yenidən alovlandıracaq".

Bu il mayın 11-də ADA Universiteti heyəti, Qazax ziyalıları, eləcə də ölkəmizin müxtəlif regionlarından olan qonaqların Seminariyanın binası qarşısındakı ilk toplantısında "Bir müəllimin manifesti" təşəbbüs-layihəsinin başlandığı elan olundu. Və bildirildi ki, ADA Universiteti Qazax Müəllimlər Seminariyasını bərpa edəcək, ona öz tarixi missiyasını yenidən davam etdirmək imkanı yaradacaqdır ki, nəticədə Seminariya "burada bir əsr əvvəl yandırılan elm işığını daha geniş yayacaq və yeni nəsil maarifçilər yetişdirəcək".

Oktyabrın 1-də Qazaxda, Seminariyanın artıq təmir-bərpasına başlanılmış binası qarşısında ADA Universiteti ikinci toplantısını keçirdi. Həmin toplantının iştirakçısı kimi deyə bilərəm ki, çox mötəbər tədbir idi. Yalnız ona görə yox ki, Qaza şəhəri təhsil sahəsində olduqca nüfuzlu qonaqlara ev sahibliyi edir, özünün həmin sahədəki tarixinin ölkə miqyaslı hadisəsi ilə öyünmək imkanını nümayiş etdirirdi, həm də (və daha çox!) ona görə ki, qazaxlılar öz şəhərlərinin "tərcümeyi- hal"ının üzvi tərkib hissəsi olan Müəllimlər Seminariyasına neçə illərdən sonra yeni həyat verildiyinin şahidi olurdular. Və etiraf etməliyik ki, Azərbaycan Prezidentinin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi münasibətilə verdiyi Sərəncamdan sonra bütün rayon ziyalıları Seminariyanın bir muzey kimi bərpa ediləcəyini gözləsələr də, onun bu qədər möhtəşəm bir layihənin predmetinə çevriləcəyini təsəvvürlərinə gətirmirdilər.

Təşkilatçılar toplantıya mütəvaze bir məsuliyyətlə hazırlaşmışdılar. Kifayət qədər geniş, səliqəli köşk qurulmuşdu. Gah gurlaşan, gah da yavaşıyan payız yağışı təbiətin özü qədər təbii simfoniyası ilə məclisin gedişini müşayiət edirdi. Xüsusi bir təmtərağa ehtiyac görməmişdilər, tədbirin aparılmasında demokratiklik, hər kəsin öz fikrini söyləmək imkanı gözlənilirdi, ancaq məclisin ruhuna yüksək bir mədəniyyətin hakim olduğunu da etiraf etmək lazımdır. Çünki hamı anlayırdı ki, tarixi anlar yaşanır...

İştirakçılara paylanılmış "100 yaşlı maarifçilik işığı. Qazax Müəllimlər Seminariyası" bukleti görülən (və görüləcək) işlərin miqyası, məramı, məqsədləri barədə, demək olar ki, hər şeyi özündə ehtiva edirdi. Firudin bəy Köçərli ilə qazaxlı həyat yoldaşı Badisəba xanımın üz qabığında verilmiş fotoları 100 yaşlı maarifçilik işığını yandıran ailəyə yüz ildən sonra da davam edən minnətdarlığın ifadəsi idi. Və hiss etmək çətin deyildi ki, görülən işlərin hər biri üçün onların ruhu nə qədər sevinir.

Qazaxda maraqlı söhbətlər, görüşlər oldu. Seminariyanın binasını əsaslı şəkildə bərpa etməyi öz öhdəsinə almış tərəfdaşların nümayəndələri danışdılar, "Bir müəllimin manifesti" təhsil proqramının müxtəlif rayonlardan müsahibə yolu ilə seçilmiş 50-yə yaxın iştirakçısı ilk dərslərini keçdi və imkan olduqca Hafiz müəllimin başına toplaşan Qazax ziyalıları ona öz hörmət və ehtiramlarını izhar etməyə imkan tapdılar.

Azərbaycan müəlliminin tarixi nüfuzunu nəinki özünə qaytaracağına, eyni zamanda onun cəmiyyətdəki mövqeyini daha da yüksəldəcəyinə inandığımız bir layihənin öz işinə böyük inamla başladığını müşahidə etmək dünyaya dəyərdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!