Unutduğumuz sözlər, yaxud məna ayrıcları - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

1

 

İçindəki iztirabı susdurmaq üçün şair dildən qaçış kimi istifadə edir, - bu sözləri vaxtilə fransız şairi Pyer Emmanuel demişdi. Bu kontekstdə o elə belə də yazırdı (baxmayaraq ki, şair haqqında heç zaman "yazırdı" sözünü işlətmək düzgün deyil...):

 

Mən həmişə tək olan qalaq-qalaq insanam,

özünə bel bağla ki, daha az üzüləsən...

 

Daha sonra bu vəziyyəti belə izah edirdi ki, "Bu şərtlər daxilində danışmaq da kiminləsə ünsiyyət bağlamağa tələsmək anlamına gəlməz. Bu halda nitq adi refleksdən, "mənaların doğranıb, dağılıb, yuyulub getməsindən" başqa bir şey deyildir". Sözlər artıq real çəkilərini də itirib və boşluğun insanı boğan mənasızlığında çoxaldıqca çoxalırlar...

Yəni şair bəzən sözlərdən boğulur.

İnformasiya, ünsiyyəti inanılmaz sürətlə "çoxaldan" sosial şəbəkələr epoxasında reallıq daim, durmadan, dayanmadan uydurulur, hər gün bir rənglə boyadılıb (bəzədilib...) olmadığı formada nümayiş etdirilir. Belə bir durumda, yəni insanın öz xəyalları ilə üz-üzə, tək qalmaqdan başqa çarəsi olmadıqda sözlər də "boşalır", yəni mənasızlaşır, ilk çıxıb gedən də ruh olur və o artıq "boşalmış yaya", "yaysız oxa" bənzəyir...  Danışa, dərdini deyə bilməyən tək şahid kimi...

Poeziyada bu durum ən müxtəlif dövrlərdə fərqli şəkildə ifadə edilib, dünya poeziyasında bunun çox nümunələrini misal göstərmək olar. Elə Azərbaycan şeirində də. Bu mənzərələrin lap dibindəki iztirabı yaşamaq və onu əlahiddə formada bədii mətndə ifadə etmək başqa bir ayrıntını fokusa gətirir, yəni "izm" məsələsi. Zənnimizcə, kiməsə məsələn, "sürrealist", yaxud realist, romantik... adını verməzdən, yapışdırmazdan qabaq bütün müqayisə və həmin "izm"in şərt, qayda və tələbləri ilə tutuşdurmaq işini bir kənara qoyub bu bədii mətnin, bu şairin həmin tələb, şərt və qaydalardan nə qədər uzaqlaşdığını "ölçmək" lazımdır, nə qədər çox uzağa gedə bilibsə, demək o, adıçəkilən "izmin" əsl təmsilçisi və ifadəçisidir. Çünki ədəbi prosesin dinamikası, qabarıb çəkilmələri də məhz bu "qeyri-sabit" halla müəyyənləşir. Belədə həmin uzaqlaşma mənzili də adıkeçən qayda, prinsip və qanunların bədii mətndəki buxovunun boşalmasına və nəticə etibarilə nəfəs probleminin aradan qaldırılmasına səbəb olur. Sırf "izm"ə tabe olan mətn nəfəs almır, sadəcə canlı olması təəssüratı oyadılır. Bu qabarıb-çəkilmələr, məsələn, Hüseyn Cavid, Məhəmməd Hadi kimi romantiklərin yaradıcılığında şübhəsiz ki, müşahidə edilir (eyni zamanda Axundzadə, Mirzə Cəlil, Sabir, Müşfiq yaradıcılığında), amma bədii mətnin ən dib laylarında. Ruhun çılpaqlaşdığı, sözlərin mənasızlaşdığnı, şairinsə sözlərdən boğulduğu məqam yuxarıda vurğuladığımız kimi reallıqla uydurulmuş reallıq arasında qərar tutur. Bu məqamda bədii mətn iki istiqamətdə qurulur: təsvir və yox olub gedən mənaların yerinin "doldurulması", başqa sözlə mövzu, mətləb icadı...  

Diqqət edin:

 

Sakit mənzərələr, hüznlü mənzərələr...

Yer kürəsində, onun səthində deyil,

həyat boyunca səfər səhnələri.

Tənbəl-tənbəl axıb keçən zaman

demək olar hərəkətsiz,

yatıb, sanki yuxulayıb.

Cır-cındır, alt-üst olmuş əsəblər,

            zor və güc mənzərələri.

Açıq yaraları gizlədən mənzərələr,

            işartılar, boyuna vurulan ilgək,

qışqırıq səslərini tıxayan mənzərələr.

Üstünə çəkib

Başını gizlətdiyin yorğan...

 

Anri Mişo

 

Bu mətndə iki şey, iki hiss (həm də iztirabın gül ləçəkləri arasında gizlənməsi...) eyni zamanda ifadə edilir, deyilən hər şey mətn boyu yüksələn xətlə çoxalır, sərtləşir, səs tonu daha yandırıcı şəkildə çıxır, hər şey, insanın ürəyini üzən dərdlər səslə sükutun ayrıcında guya sadəcə təsvir edilir, ancaq məqsəd bütün mətn boyu elə bu təsvirdən vaz keçməkdir, "...üstünə çəkib, başını gizlətdiyin yorğan" misrasında sözlərdən boğulan şairin simasını, iztirab və qışqırıq səsini vizuallaşdırmaqla son nöqtəni qoyur.  

 

2

 

Şair var, sadəcə yaxşı şeir yazır, həm də məlum mətləb, mövzular üstündə, oxucunu valeh etmənin də belədə yolu qısa olur (indi bu tipli mətnlər sosial şəbəkələrdə hər gün, hər saat paylaşılır...), bu tip şairlər fateh, istilaçı xarakterinə malik olurlar, mövzu, mətləb dəyişmədiyindən onlar həmin səviyyədə ən yüksəyə (səmanın bitdiyi yerə-!), zirvəyə çatıb orda qərar tutmağa çalışırlar, ancaq o yüksəkliyə çatdıqda geri dönüş başlanır, bu şairin daxili, həm də gizli pafosla yazdığı şeir adi məişət çərçivəsində qərarlaşır, çünki bədii mətndə pafos həmişə məişət duyğusu yaradır, ona doğru yönəlir və onunla nəfəs alıb qidalanır; bu halda bütöv yaradıcılıqla enişdən sonrakı adiliklər arasında qaçılmaz ziddiyyət başlayır və həmin dar məişət qoxusu əvvəl hamının sevib əzbərlədiyi mətnləri də bürüyür...

İkinci tip şairlər ancaq və ancaq öz mövzularında, həm də daxili duyumla kəşf etdikləri mövzularda yazmağa üstünlük verirlər, mövzu və mətləb icad edilir, misralar arasından evrika sözü cilvələnir, həm də dünya və gerçəklik bu təsadüfdə tam başqa rakursda qavranılır, insanın duyğusunu ona tanıtmaqla yeni dünya yaradır, bu şairlər ya cavan yaşda həyatdan gedir, ya da son şeirin nöqtəsini qoyub fərqli bir insan həyatı yaşayırlar, çünki o boyda enerji daşqınına dözmək çox müşkül məsələdir.

Bu məsələlərin şərhi həm indi yaza bildiyimiz kimi asan, həm də sözlə ifadə edilməyəcək dərəcədə çətindir, biz duyğularımıza çatan nəsnələri bəzən anidən unudururuq, olur ki, bu qəfil unudulan şeylər ömrün həyatla kor bucaqda kəsişdiyi məqamda, bir də, həm də son dəfə yada düşür, onu daxili qulağınla dinlədikdə ani bir duyğunun içindən çox ziddiyyətli dalğalar keçir, bütün bu dalğaların həmin duyğunun üstüylə sürüşməsinin yalnız bir qəsdi var, onun aça biləcəyi cığırları gizlətmək, çünki dünya, fələk... varlığın dibinə gömülən sirlərin açılmasını istəmir, ancaq nə qədər güclü və inadkar olsa da, onlar həmin o ani duyğunu bastalaya bilmir, bu ürəyə dolan, həm də insan həyatında bircə dəfə oyanıb yatan duyğu yerdən göyəcən çata bilən gücə malikdir, bu hal klassik poeziyada ən dürüst şəkildə ifadə olunub, məna ayrıcında necə ki fələk sözü şaxələnir, həm ulduzları, həm tale və qədəri bildirirsə, həmin ani duyğunun da ruhumuz boyu keçdiyi cığırlar digər insanlara, göy cismlərinə, bizim yuxularımıza doğru uzanır. Əsas məqam məhz bu təsadüfdə açılır. Mətndə bu söz işlədilməsə belə (unudulsa belə), iztirabın, çəkilməz dərdlərin gətirdiyi, şairə verdiyi baxış bucağı hər şeyi batində (zəmir güzgüsündə) ayırd etməyə sövq edir.

 

Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb,

oldu əhvalım xərab, ol ruzigarım qalmadı.

 

Əsas məsələ isə budur, aşağıdakı parçada "zəmir güzgüsü" ifadəsi bu mənada əlamətdardır və prosesi dəqiq ifadə edir.

Həyat sərf edübən, dərd qılmışam hasil,

Sirişki-alü rüxi-zərd qılmışam hasil,

Zəmir güzgüsünə gərd qılmışam hasil,

Təbiəti-səgi-şəbgərd qılmışam hasil,

İçim qara, gecə ta sübh naləvü fəryad,

Nə versələr ona şakir, nə desələr ona şad.

 

Yaxud Nəbatinin şeiri:

 

Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir,

Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir?

Od tutub canım sərasər yandı, amma bilmədim:

Dil nədir, dilbər nədir, başımda bu sevda nədir?

...Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin,

Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?

 

Deməli, şeir həm də və daha çox unudulan sözlərin (yaxud hadisələrin) yaddaşla şərt kəsməsi (onu əvəz etməsi, yaxud özünü belə göstərməsi...), bir anlığa yaddaşı özünün saxlanc yerinə çevirib insana qəribə və fövqəladə duyğuların pıçıltıya bənzər hənirini hiss etdirməsi kimi də anlaşıla, şərh edilə bilər, qədim Şərqdə şərh sənəti bəlkə də o anın tarixçəsini çatdırmaq mənasını daşıyırdı, şərhçi bütün talant və diqqətini toplayıb, bütün duyğu, fəhm sızıntılarını səfərbər edib o hadisə baş verdikdə insanı bu dünya ilə bağlayan, onu yaşadan yaddaşın hara qeyb olmasını, bədii mətn yazıldığı zaman dilə ilk gələn sözlərin mətndə harda, hansı "kor bucaqda" gizlənməsini izah etmək istəyirdi. Ancaq bunun öhdəsindən gəlmək praktik olaraq mümkünsüz olduğundan bütün təsadüflərdə şərhçinin özü də cəhdlərinin boşa çıxdığını anlayır və belə bir qənaəti içində özü üçün hasil edirdi ki, bədii mətn (qəzəllər...) sonsuzdur, bu mühafizəkar biçimin daxilində dünyadan böyük olan sərbəstlik onun sonsuz sayda şərhinə şərait yaradır. Ancaq məsələ belədrirmi?

Əlbəttə, deyildir. Şeir mətninin yaranmasında, daha doğrusu, bəlkə əvvəliylə sonu arasındakı sonsuzluqda bir ayrıltı var, bir anlığa sənə elə gələ bilər ki, şeirdən (dünyaya) boylanan baxışda səndən başqa heç kəs yoxdur, məsələn, evlərinin önü qaya, qayadan baxarlar aya, sənsiz keçən günlərim yar, gəlməz heç bir daha saya...Unudulmuş, yaddaş arxivində belə izi-tozu qalmayan sözlər qəfil, dərd və iztirabın ən dözülməz döngəsində yada düşür, bu iztirab o qədər güclü olur ki, yaddaş anidən yanıb külə dönür, o sözlər hər şeyi əvəz edir, bir anın içində ucu-bucağı görünməyən, göz işlədikcə qıvrılan (tufanlı sularda dalğalar kimi...) əraziyə yiyələnir.

Deməli, bu kontekstdə insan şüuru və yaddaşının haçansa, hansı əsrin hansı qaranlıq və müdhiş səhnəsindəsə unutduğu sözlərin qəfil yada düşməsi, bu, dünyanın bəlkə də lap əvvəlindən quş səslərinə qoşularaq gələn sözlərin bir anlığa yaddaşı əvəz etməsi, onların işığı, gücü, dünyanı tutma ehtirası qarşısında bütün sözlərin və onlarla bərabər yaddaşın da yanıb külə dönməsi (hər halda şeirin doğulduğu, yarandığı məqamda insana elə gələ bilər), sonra elə anidən hər şeyin özünə gəlməsi, adəti yerini tutması, bütün bu olayın yenə unudulması... diktə edir ki, bütün hallarda şeirdə səndən başqa heç kəs yoxdur, baxmayaraq ki, orda dünyaya gələn və gedən insanların ayaq səslərinin izdihamı da eşidilə bilər... Həm də, yəni haçansa bütün varlığınla unutduğun, ayrıldığın sözlərin gəlib yerində "oturması" ən qaçılmaz müşgüllərin, ən çəkilməz dərdlərin doğulmasına səbəb olur.

 

El də getdi, dil də getdi,

bundan sonra açıl

köhnə, qaysaq yara.

Açıl, açıl,

qanın dönsün selə...

Çöl də soldu,

gül də soldu,

gözlər doldu,

açıl yara,

indən belə,

bilə-bilə...

 

Vaqif Səmədoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!