Şeyx Nizami Gəncəvi. Variasiyalar - Nizaməddin ŞƏMSİZADƏ

Nizaməddin ŞƏMSİZADƏ

 

- Tanrının bəşəriyyətə bəxş etdiyi ən parlaq simalardan birincisi, dahilər dahisi, böyük mütəfəkkir və bəşəriyyəti heyrətdə qoyan ilham və istedad sahibi Nizamidir.

Şeirdən ucalıq umma dünyada

Çünki Nizamilə qurtardı o da.

- Böyük ingils filosofu dahi Uilyam Şekspirin müasiri Frensis Bekon bədii ədəbiyyat sahəsində dahilərin dahisi olan beş şairin adını qızıl hərflərlə yazır. Homer, Firdovsi, Nizami, Nəvai və Şekspir!

Bunların ikisi türk bədii təfəkkürünün dahisidir - Nizami və Nəvai!

- Nizami Gəncəvinin yaradıcılığı əvvəlcə ümumtürk, sonra ümumbəşəri və daha sonra ümumdünya hadisəsi - bəşər bədii mədəniyyətinin möhtəşəm hadisəsidir.

Bu, dahi Türk sivilizasiyasının yekunu, fikri renessansın əzəmət tacı idi. XI əsrdə: Möhtəşəm türk eposu "Kitabi-Dədə Qorqud" yazıya alındı, Mahmud Kaşqarlı "Divani-lüğət-it Türk" ensiklopediyasını, Yusif Balasaqunlu "Qutadqu bilik" əsərini yazdı. Bunlar türk intibahını hazırladı. Bunların da zəminində duran qaynaqlar - bədii-fəlsəfi hadisələr var idi. İslam dininin meydana gəlməsi (VII əsr) müqəddəs kitabımız dördüncü və sonuncu səma kitabı "Quran"a yazılan şərhlər - "Quran" elmi, Xəlil ibn Əhmədin yaratdığı  "Əruz" nəzəriyyəsi (VIII əsr) 500 ildən artıq sürən (750-1258) Abbasilər futuhatının yaranması və nəhayət, ən başlıcası türkün yazılı tarixi - "Orxon-Yenisey" kitabələri (VIII əsr).

Nizami (XII əsr), Nəsimi (XIV-XV əsr) və dahi Füzuli (XVI əsr) bu təməllər üzərində yaranıb yüksəlmişdir.

- Nizaminin yaratdığı "Xəmsə" Tanrıdan sonra İnsana ucaldılan bəşəri abidə idi.

"Xəmsə" fars dilini görünməmiş səviyyədə əks etdirən, fars dilinə ucaldılan, onun Şərqdə və bütün dünyada nüfuzunu əbədiləşdirən fikir xəzinəsi - bədii-fəlsəfi abidədir.

- Nizami "Təbiətin tacı", "yaranmışların əşrəfi" adlandırdığı İnsanı bütün parametlərdə, hər cür həyati və xəyali vəziyyətlərdə təsvir edir: şah, şahzadə, aşiq, sənətkar, qarı, kərpickəsən, əkinçi, çoban, məşuqə, vəzir.

Fəqət bunların hamısını birləşdirən bir ali məqam və məqsəd var: İnsanın şərəfini, əzəmətini, mənəviyyatını, şəxsiyyətini, ləyaqətini - insanın insanlığını qorumaq - adamı insaniləşdirmək!

Avropa intibahının mütəfəkkiri, dahilər dahisinin "beşincisi" U.Şekspir yazıb: "İnsan! Sən öz varlığındakı bütün sirləri açmayınca mənim əlimdən qurtara bilməyəcəksən!". Fəqət, nə Şekspir, nə ondan əvvəlkilər, nə də sonra gələnlər İnsan sirlərinə açar sala bilmədilər...

"Xəmsə" bədii-fəlsəfi traktat, irfan abidəsidir, orada insana aid hər şey var. Nizami xəyal və arzuları real həyat faktı kimi işləyir.

İnsanda insanlıq öləndən bəri

İtmiş insanlığın parlaq gövhəri

İnsanlıq nəşqini oxusan bir-bir

Bilərsən bu günü insanlıq nədir

Gözlərin bəbəyi neçin qaradır?

İnsanlıq ölmüşdür, matəm saxlayır.

İnsanda insanlığı tapıb ona hökmfərma olmaq budur. Nizaminin bədii-fəlsəfi idealı.

- "Sirlər xəzinəsi" bəşəriyyət üçün dünyanın sirrini - sehrini bəyan edən, konseptual bədii-fəlsəfi traktatdır.

- "Xosrov və Şirin" məhəbbətin ölməzliyini əks etdirən, türk qadınının misilsiz gözəlliyini təsvir edən, qürur və mənliyinin ucalığını göstərən möhtəşəm bir poetik dastandır. İnsana məxsus ən ali keyfiyyət - sevmək, eşq, məhəbbət bu əsərdə, xüsusən, Nizaminin ideal kimi işlədiyi intibah qəhrəmanları - Fərhad və Şirin obrazlarında əbədiləşib. Buraya insanlığın tanıdığı iki böyük qüdrət - Hakimiyyət və Sərvət Məhəbbətə qalib gələ bilmir: Şah və Aşiq üz-üzə gəlir:

Xosrov əvvəl sordu: - "Hardansan cavan?".

Fərhad cavab Verdi: - "Dost diyarından".

Dedi: - "O diyarda hanki sənət var?".

Dedi: - "Qəmi alıb canı satırlar".

Dedi: - "Canı satmaq heç ədəb deyil".

Dedi: - "Aşiqlərdə bu əcəb deyil".

Dedi: - "Ürəkdənmi çəkdiyin bu qəm".

Dedi: - "Ürək nədir candan aşiqəm".

Dedi: - "Əzizdirmi eşqi Şirinin?".

Dedi: - "Onu candan bilirəm şirin".

Beləliklə, Şah Aşiqə məğlub olur. Fərhad həm fiziki, həm də mənəvi gözəlliyinə, sənətkar qüdrətinə görə ən böyük İntibah qəhrəmanıdır.

- "Leyli və Məcnun" dünya ədəbiyyatında Eşq haqqında yazılmış, Eşqin ülviyyətini - gözəlliyini, əzəmətini, ilahi vergisi olduğunu tərənnüm və təsdiq edən məhəbbət dastanıdır.

Eşqdir mehrabı uca göylərin

Eşqsiz ey dünya, nədir dəyərin?

İdrakı dindirib soruşsan o da

Eşq üstündə durur hər şey dünyada.

Nizami dühası sadə bir ərəb əfsanəsinə əsaslanıb, dahiyanə Eşq dastanı yaradıb.

- "Yeddi gözəl" dastanında artıq dahi Nizami yer həqiqətlərindən tədricən uzaqlaşıb səma həqiqətlərinə, kainatın taleyi ilə bağlı ilahi-mistik aləmə üz tutur.

Burada Eşq idrakı üstələyir. Mistik yaşantı, fəhm ön plana keçir. Eşq və idrak əl-ələ verib fəhmə yardımçı olur. Rəqəm və rəng mistikası dünyanın - kainatın mahiyyətini izah etmək üçün vasitəyə çevrilir. Türk-islam xalqlarının əski tarixi və taleyini izah edən 7 rəqəmi, dünyanın simasını təyin edən 7 rəngin astroloji mənası bədii-fəlsəfi ümumiləşmənin predmetinə çevrilir. Ağıl, ədalət, ləyaqət və əlbəttə, mistik məhəbbət insanın mənəvi dəyərini müəyyənləşdirən ölçülər kimi yüksək səviyyədə tərənnüm olunur.

 

- Nizaminin sonuncu - "Xəmsə"nin beşinci əsəri "İskəndərnamə"dir. ("Şərəfnamə" və "İqbalnamə").

Şair fateh İskəndəri Şərq-türk tarixi və mənəviyyatı qarşısında heyrətdə qoymaq, Şərq təfəkkürünün qüdrəti ilə ibrət dərsi vermək, ümumən mənəm-mənəm deyən Avropanın miskinliyini, Şərqin üstünlüyünü göstərmək üçün bu əsəri yazıb. İskəndər Şərqdə - Azərbaycanda "Avesta"nı görüb heyrətdə qaldıqdan sonra vətəninə dönüb, belə bir fərman verir:

Əmr etdi verilsin belə bir fərman

"Alimdir gözümdə ən böyük insan.

Elmlə, biliklə başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz

Rütbələr içində seçilir biri

Hamıdan uzaqdır alimin yeri".

Əlbəttə, bu da utopik cəmiyyət idealı kimi dahi Nizaminin bəşəri arzusu idi.

İdrakın qüdrəti elmin siqlətindən asılıdır. Eşq və idrak İnsana məxsus ən ali məziyyətlər, insanlığın iki böyük kəşfidir. İdrak insanı yerlə, Eşq səma ilə, göylərlə mistik aləmlə bağlayır.

Əsrlər keçəcək - XVI əsrdə Nizaminin ləyaqətli xələfi, varisi dahi Mövlanə Məhəmməd Füzuli gəncliyində deyəcək. 

Əql yar olsaydı, tərki-eşq yar etməzmidim?

İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?

Eşqdə yanıb bitdikdən sonra isə görəcək və deyəcək ki:

Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul

Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.

İlahi məhəbbət dastanı "Leyli və Məcnun"da əqli sevgilisini yarı yolda qoyub qaçan fərariyə bənzədən sufii-təsəvvüf mütəfəkkiri Füzuli nəhayət həqiqətə gəlib çıxır. Eşq ən böyük (və ən gözəl!) əql tədbiridir, böyük məhəbbətlə sevmək üçün qəlblə bərabər, həm də insanın böyük ağılı olmalıdır. Allah ustadımız, akademik Məmməd Cəfərə rəhmət eləsin, o mürşüd belə yazıb qoyub: "Füzuli sevir - Füzuli düşünür deməkdir". Elə buna görə də Füzuli deyirdi: "Şeir fəziləti də ayrı bir elmdir və kamal növlərindən mötəbər bir növdür" çünki:

Şeir bir məşuqdur, hüsni-ibarət zivəri

Canü dildən nazənin məhbublar aşiqləri.

Bizim "Orta əsrlər" mənəvi mədəniyyətinin parlaq tarixi Şeyx Nizamidən başlanır Mövlanə Füzulidə tamamlanır. Biz bu unikal mədəniyyətə sahib çıxmalı, onu yeni təfəkkürlə öyrənməli, dərk etməli, kənar təsirlərdən qorumalıyıq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!