Azərbaycan aşıq ədəbiyyatında Hz. Əli kultu kontekstində 12 imamı və ya 12 imamdan bəzilərini övən şeirlər vardır. XVI yüzildən başlayaraq aşıq ədəbiyyatında Əhl-i beyt sevgisinin Allah-Məhəmməd-Əli üçləməsində ortaya çıxdığı görünür. Əhl-i beyt sevgisi sadəcə peyğəmbəri, qızı Fatiməni və Hz. Əlini sevməklə bitmir, onların soyundan gələn 12 imamın yolu ilə getməyi, onları sevənləri sevməyi, sevməyənləri, onlara düşmənlik edənlərə də düşmən olmağı təlqin edir. Bu mövzuda yazılan şeirlərə ələvi-bəktaşi ədəbiyyatında düvazdeh, düvaz-imam, düvaznamə, düvaz və s. deyilməsinə baxmayaraq eyni şeir janrı Azərbaycan ədəbiyyatşünaslığında tədqiq edilməmiş, haqqında heç bir şey söylənməmişdir. Farscada on iki mənasına gələn düvazdeh təkkə və aşıq ədəbiyyatında Əhl-i beytin, 12 imamın adlarını çəkməklə onların mədhinə yazılmış, imamların özəlliklərini, irfani bilgilərini, məsumiyyətlərini övən və onların qarşısında mənəvi borc vəzifəsini görən şeirlərə verilən addır. Bu tərz şeirlər əslində ələvi-bəktaşi dünyagörüşünün məhsulu olan Haqq-Məhəmməd-Əli üçlüsü baxımından övladi-rəsulun yolunu yol bilmək, əqidələrini bayraq etmək fəlsəfəsinə dayanır. Çünki İslam aləmində, özəlliklə də təsəvvüfdə Hz. Əli və onun soyundan gələn 12 imamın özəl bir yeri vardır. Müsəlmanların hüccəti olan imamların adlarını yaşatmaq, ədəb və əxlaqlarını, mübarizələrini unutdurmamaq üçün söylənmiş və ya yazılmış şeirlər həm aşıq, həm də təriqət ədəbiyyatında xüsusi yer tutur. Bu şeirlər əsasən, Hz. Əli ilə başlayıb Sahib Zaman İmam Mehdi ilə tamamlanır ki, onlara yuxarıda da dediyimiz kimi, düvaz/düvaz-imam/düvazdeh/düvaznamə deyilir.
Azərbaycan aşıq ədəbiyyatında bu janrda yazılmış şeirlər vardır, ancaq nə aşıqlar, nə də araşdırmaçılar onları düvazdeh və ya düvaz-imam adlandırırlar. İmamlarla bağlı bu tip şeirlər daha çox dini məzmunlu şeirlər kimi dəyərləndirilir.
Hz. Əli kultu, 12 imam inancı (qismən ismailiyyə məzhəbində də vardır) imamiyyə (Cəfəri, isnaaşeriyə, onikicilər) məzhəbinin əsas teokratik anlayışı olub, 12 məsum imamın Allah (cc) tərəfindən seçilmiş olduqları inancı üzərində formalaşmışdır. Bu doktrinə görə imamət din böyüklərinin, məzhəb alimlərinin yaratdığı bir teokratik anlayış olmayıb Allahın bilavasitə müsəlmanlara fərz olaraq göndərdiyi yoldur. İmamət nübüvvətdən sonra ilahi bir yol kimi təyin edildiyindən və qiyamətə qədər varlığını sürdürəcəyindən bütün Əhl-i beyt tərəfdarları tərəfindən qeydsiz-şərtsiz qəbul edilmişdir. Əhli-təsəvvüfə, sonradan isə aşıqlara görə Əhl-i beyt sevgisi olmadan, Şah-ı vilayətin övladlarına sevgi duymadan Haqqa qovuşmaq, Haqqın yolu ilə getmək və nəhayət, imanı tamamlamaq mümkün deyildir. Əndəlüsün tanınmış alimi Kadi İyaz belə bir hədis qeyd etmişdir: "Məhəmmədin alini (övladını) tanımaq, Cəhənnəmdən xilas olmaqdır, Məhəmməd övladını sevmək, Sırat körpüsündən keçməyə icazədir. Ali Məhəmmədə dostluq etmək, əzabdan qorunmaqdır" (Mevaidu'l-İrfan ve Avaidu'l-İhsan, s.122). Düvazdeh şeir növünün qaynağının bağlandığı əsas fıqhi və etiqadi məzhəb isnaaşeriyədir. İmamətin vacibliyi Bəqərə surəsi 124-cü ayə, həmçinin Maidə surəsi 67-ci ayə ilə də təsdiqlənir.
Təkcə şiələr deyil, Anadolu ələvi-bəktaşiləri, mövləviliyin şəms qolu da 12 imam yolunun təqibçiləri olmuşlar və təbii ki, təkkə, aşıq ədəbiyyatında 12 imam kultuna böyük yer verilmişdir. Məzhəbindən, yolundan, düşüncə tərzindən asılı olmayaraq bütün Əhl-i beyt tərəfdarları Hz. Əlidən Hz. Mehdiyə qədər olan imamlara eyni şəkildə sevgi bəsləmişlərdir. Bu sevgi onların yolunu imamət/vilayət fəlsəfəsi üzərində şəkilləndirməyə səbəb olmuşdur ki, aşıq ədəbiyyatında 12 imamdan bəhs edən şeirlərin də imamət doktrinası ilə sıx bağlı olduğu görünür. Ələvi-bəktaşi cəmlərində oxunan düvaz-imamlar 12 imam kultu isə isnaaşeriyədən, ismaililərdən, hürufilərdən, səfəvilərdən ələvi-bəktaşi camaatına daşınmış, türkmən inancı ilə sintez edilərək bugünkü halını almışdır.
Aşıq şeiri divan ədəbiyyatından bir çox nəzm şəkilləri aldığı kimi, təkkə ədəbiyyatından da bəzi mövzular almışdır. Özəlliklə təriqəti-Aliyyədə qızıl silsilə adlandırılan və yolun Hz. Əli vasitəsilə peyğəmbərə qədər gedən və qısacası, Hz. Əli silsileyi-zəhəbi (qızıl silsilə) ilə başlayan təkkələrdə Əhl-i-beyt sevgisinin yüksək olduğu bilinməkdədir. Ələvi-bəktaşı zümrə ədəbiyyatında, özəlliklə də Şəms qolunda 12 imamı övən şeirlər məşhurdur. Hər nə qədər düvazların nə zamandan yazılmağa başladığı tam məlum olmasa da, bəzi bilim adamları bu şeir növünü təkkə və sonradan aşıq ədəbiyyatına gətirən ilk şairin Xətai olduğunu yazırlar. Xətainin əlifnamə (əliflam) şeir formasında yazdığı düvazdehi Azərbaycan mühitindən daha çox ələvi-bəktaşilərdə bilinməkdədir. Bu şeiri qısaltma ilə aşağıda təqdim edirik:
Elif anı bilmişem men la feta illa Ali,
Ye yalan söylememişem la feta illa Ali.
Be beka mülkinde hakim Mustafa Murtaza,
Lam elif la dimemişem la feta illa Ali...
Hı haber virdi Hasan Hulk-ı ırza etbaına,
Lam letafet mülki içre la feta illa Ali.
Dal dilümde Şah Hüseyn-i Kerbela'nun medhi var
Kef kerem-kanı Ali'den la feta illa Ali.
Zel zelil it nefsini Zeyne'l-aba'nun ışkına
Kaf karibdür Hak yolında la feta illa Ali.
Ra riya kıldı Havaricler Muhammed Bakır'a
Fe Fırat akup didi kim la feta illa Ali.
Ze ziyade kıldı beni Ca'fer'ün muhabbeti
Gayın gayrı dimezem men la feta illa Ali.
Sin ser-hoş eyledi ol Musa-i Kazım meni
Ayn aynumda ayandur la feta illa Ali.
Şın Şah-ı Horasan ol Ali Musa Rıza,
Zı zuhur oldı cihanda la feta illa Ali.
Sad safa ehli cihanda ol Muhammed Taki'dür
Tı tarikin gösterir hem la feta illa Ali.
Dad zamirüm mülkine server Naki'dür bilmişem
Askeri'nün zikridür hem la feta illa Ali.
Ol Muhammed Mehdi sahib-zaman-ı sırr-ı Resul
Tesbih-i zikri dilimde la feta illa Ali.
Ey Hatayi ger hayatı cavidan bulasun yola
Gönlümde mihman olupdur la feta illa Ali.
(Özcan Hüseyin, s.200-201).
Ancaq daha sonrakı araşdırmalara görə, düvazlara XIV-XV yüzilin hürufi şairi Nəsimidə və XV yüzilin bəktaşi şairi Sadıq Abdalda rast gəlinir. Nəsiminin Türkiyədə çap olunan divanında bir neçə düvazdeh şeir növünə rast gəlinir. Hətta Nəsiminin divanlarına girməyən şeirləri içində də düvazdehlər vardır:
Hamdü lillah kim bu gün merd-i Huda meydanıdur
Bende-i evlad-ı Hayder Mustafa meydanıdur.
Seyrini kati itdi eyledi gitdi aradan ikilik
"Lahmüke lahmi" Aliyye'l-Murtaza meydanıdur.
Zehrini şekker bilüp kahrını hergiz nüş ider
Ser-ver-i din ol Hasan halku'r-Rıza meydanıdur.
Maden-i ilm-i velayet ol Hüseyn-i pak-din
Ya'ni maktül-i şehid-i Kerbela meydanıdur.
Kerbela içre kalupdur ehl-i dine yadigar
Ol Hüseyn oğlı Ali Zeyne'l-aba meydanıdur.
Ol Muhammed Bakıri Cafer imam-ı ehl-i din
Kazım u Sultan Ali Musa Rıza meydanıdur.
Şah Taki vü ba-Naki şah-ı miyan-ı evliya
Asker-i kutb-ı velayet reh-nüma meydanıdur.
Haricidür dem-be-dem uran velayet tiğını
Ol Muhammed Molla-yı şahib-liva meydanıdur.
Ey Nesimi geldi Düldül çıkdı yine Zu'l-fekar
Hamdü lillah padişah-ı evliya meydanıdur.
(Köksal M. Fatih, s.95-96).
Düvaznamələrdə Hz. Əli, Ali-əba və arxasınca da digər imamların adları çəkilir. On ikinci İmam Məhəmməd Mehdinin adı ilə şeir bitir. Funksiyası baxımından düvazlar daha çox ritual xarakterlidir. Ələvi-bəktaşi cəmlərində oxunan düvazlar mədəd, şəfaət məqsədi daşıyır.
Aşıq ədəbiyyatına da daxil olan düvaz-imam şeir janrı heca vəznində olub mövzusu baxımından dini-irfanidir. Azərbaycan aşıq ədəbiyyatında da bu formada şeirlərin yazıldığı bilinir. Hz. Əli kultunun güclü olduğu Azərbaycan aşıq poeziyasında düvazdeh şeir növündə yazılan ilk əsər göyçəli məşhur el şairi Məhəmmədhüseynin on iki bəndlik uzun şeiridir. Şair Məmmədhüseyn şeirin hər bəndini sırayla bir imama həsr etmişdir. Aşağıda bu uzun şeirdən yalnız üç bəndi təqdim edirik:
Birinci imam Hz.Əli
Qoç igidlər, ərəb atlar meydanı,
Müxənnət sərindən tökülən qanı,
Birinci İmamımız Şahi-Mərdandı,
İkinci imamı xəbər al, deyim.
Şair Məmmədhüseynin bu şeirinin sonrakı bəndləri sıra ilə ikinci İmam Həsənə (ə.),
Atını minəndə yel kimi əsən,
Üç günlük yolları bir günə kəsən.
İkinci imamımız İmami Həsən,
Üçüncü imamı xəbər al deyim.
Üçüncü İmam Hüseynə (ə.),
Kərbəla dəştindən gəlmişdir meyin,
Yezidlər boynuna götürdü deyin.
Üçüncü imamımız İmami Hüseyn,
Dördüncü imamı xəbər al, deyim.
Və sonrakı bəndləri sırayla İmam Zeynalabidinə (ə.), İmam Məhəmməd Bağıra (ə.), İmam Cəfər Sadiqə (ə.), İmam Museyi-Kazimə (ə.), İmam Rzaya (ə.), İmam Məhəmməd Tağıya (ə.), İmam Əliyyən Nağıya (ə.), İmam Həsən Əsgəriyə (ə.) və İmam Sahib əz-Zamana (ə.) həsr etmişdir. (Daşkəndli Şair Məmmədhüseyn, s.32).
Başqa bir şeirində Şair Məmmədhüseyn İmam Əlini fəryada yetişməyə (fəryadı rəs), darda qalanlara yardıma çağırır:
Canişini-Mustafasan, ya Əli, fəryadı rəs,
Sadiqi-şəhri vəfasan, ya Əli, fəryadı rəs.
Bəs sənin günəş camalın sureyi-yasindimi,
Alimlər elm alarlar, ya Əli, fəryadı rəs.
(Daşkəndli Şair Məmmədhüseyn, s.42).
Şahi-Mərdan, Şiri-Yəzdan, Düldülü-süvar, sahibi Zülfikar, Heydəri-Kərar, sirri-Xuda, Hz. peyğəmbərin "lahmüke lahmi" və "Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır, elm istəyən qapıya gəlsin" dediyi Hz. Əli sayısız şair və aşığın ilham qaynağı olmuşdur. Klassik aşıq poeziyasının bir çox janrında gözəl nümunələr yaradan Aşıq Ələsgər də "İrəhbərdi Cənab Əli qabaqda" və ya "Mənim ağam Şahi-Mərdan Əlidi" deyərək İmam Əli ilə bağlı bir çox şeirlər yazmışdır. Ancaq bununla bərabər, düvazdeh janrında aşıq ədəbiyyatının ən gözəl nümunələrindən birini də yenə Aşıq Ələsgər yaratmışdır:
"Bismillahir-rəhmanir-rəhim!" - deyib,
Sidq ilə çağırram Şahi-Heydəri.
Xişmə gəlib, bir əlində götürdü
Səksən min batmanlıq dəri-Xeybəri.
Həsən əl-müctəba aləmə rəhbər,
Hüseyni-şəhiddi şafeyi-məhşər,
İmam Zeynalabdin dilimdə əzbər,
Qoyma darda mən zəlilü müztəri!
Məhəmməd Bağıra var iltimasım,
İmam Cəfərə bağlamışam xilasım,
Borcluya zamindi Museyi-Kazim,
Qurtarıbdı dardan çox zəlilləri.
Qərib İmam Rza - Xorasan şahı,
Sidq ilə çağıran heç çəkməz ahı.
Məhəmməd Tağıdı aləm pənahı,
Ona qurban dedim bu canü səri.
Əliyyən Nağıdı aləmdə əla,
Bir səri min dərdə olub mübtəla.
İstəyirsən, müşkül işin həll ola,
Sidqi-dillə çağır Həsən Əsğəri.
Mehdinin şəninə gəlibdi ayat,
İsminə möminlər verir salavat.
Yovmi-ərəsətdə etmə xəcalət,
Yandırma odlara qul Ələsgəri!
(Aşıq Ələsgər, s.26)
Şirvan aşıqlarından Aşıq Əhməd də şeirlərində Hz. Əlini sahibi-qüdrət və birinci imam adlandırır. Şeirin ilk bəndi belədir:
Pənahım Allahdır, nəbim Məhəmməd,
Əvvəlki imamım Əlidir mənim!
Sidqiylə çağırsam, Sahibi-qüdrət,
Müşküldə gümanım Əlidir mənim!
(Aşıq Əhməd, s.134)
Bundan başqa, Aşıq Əhmədin bəzi imamları xatırlayan şeirləri Kərbəla müsibətinin keçirildiyi Məhərrəm ayında oxunur:
Düşəndə darə səslərəm Allah Muhəmməd, ya Əli!
Sənsən dilimin əzbəri, haqqı İmamət, ya Əli!
Qurbanam Şahi Kərbəla oğlun İmam Hüseynə mən,
Qeyrətli Əbbas oğlunun əl üzmərəm ətəyindən,
Günahkar olsaq da bizə, eylə şəfaət, ya Əli!
Yığışmışıq ibn Əli, Şahi Hüseyn əzasinə,
Səs veririk fəqan ilə Zeynəbin qardaş səsinə,
Deyir: hərayə gəl baba, Kərbibəla səhrasına,
Üryan qalıb əhli-əyal, çəkir xəcalət, ya Əli!
(Aşıq Əhməd, s.130-131)
Bununla yanaşı, Azərbaycan aşıq ədəbiyyatında, belə demək mümkünsə, yarımçıq düvazdehlər də vardır. Bu tip şeirlərdə imamlardan və ya Hz. Əli övladlarından bəzilərinin adları çəkilir, onlardan mədəd umulur, bəzən də isimləri xatırlanmaqla yetinilir. Məsələn, Şahbuludlu Molla Yusif Raci adlı bir el şairinin gəraylı janrında yazdığı bir şeirində belə deyilir:
Əli-Əkbər xidmətinə,
Salam olsun, cavan məndən.
Baxma rəqibin sözünə,
Çox deyirlər yaman məndən.
Şeirin sonrakı bəndlərində mətləb dəyişir və yenidən imamlara müraciətlə şair İmam Əlidən yardım istəyir:
Əli mənə edə yardım,
Artırma qüsseyi-dərdim.
Çəkər olsam ahi sərdim,
Yanar cümlə cahan məndən.
...Həzrət Əli havadarın,
Hüseyni Kərbəla yarın,
Vəfasını gör biiqrarın,
Dönübdür bu zaman məndən
(Mümtaz Salman, s.198-199).
Qars-Ağababa aşıq arealının ustad sənətkarı Aşıq Şenlik də imamlardan bağışlanmasını diləyən şeirləri ilə məşhurdur:
...Şenlik, yadına sal Hazret Abbası,
İmam Hüseynin matemi, yası,
İmam Mirze Kızıl Künbez ağası,
Haki Horasana bağışla beni
(Aslan Ensar, 215-216).
Düvazdehlərin və ya imamlarla bağlı şeirlərin mədəd, mürvət, bağışlanma mənasında söylənməsi aşıq şeirlərində açıq şəkildə bəlli olur. Ələvi-bəktaşi şairi Nöqsani bir düvaz-imamında belə deyir:
Medet, Mürvet dedim kapına geldim
Muhammed Mustafa, Ali gel yetiş
İsyan deryasına gark olup kaldım
Hünkar Hacı Bektaş-ı Veli gel yetis.
(Yaman Mehmet, s.338)
Aşıq Ələsgərin qardaşı oğlu və şagirdi Növrəs İman da əmisi kimi İmam Əli aşiqidir:
Əlinin məqamın anlasa hər kim,
Ol kəs də kəsilər nəfsinə hakim.
Əlidir "Quran"da "Ta-ha"vu "Ya-sin",
Həm "Ya-sin"də olan "İmamin-mubin"
(Növrəs İman, s.44-45).
Azərbaycan aşıq ədəbiyyatında imamların və ya Əhl-i beyt mənsublarının adları çəkilən şeirlər də vardır ki, bunları düvazdeh adlandırmaq olmasa da hər halda imamlarla bağlı şeir adlandırmaq mümkündür. Bu tip şeirlərdə mədəd, bağışlanma, imdad, dua, yalvarış ön plandadır və imamlar tarixi şəxsiyyət olmaqdan daha çox kult xarakterli mifoloji qəhrəmanların özəlliklərini daşıyırlar. Burada Göyçədə Aşıq Ələsgər qoluna mənsub iki əmioğlu aşığın "Bağışla məni" rədifli şeirini örnək olaraq göstərəcəyik.
O şəxsə bağışla, adı Hüseyndi,
Həbibin olmağı bərhəqq, yəqindi.
Əfv qıl Rəsula, sahibi dindi,
On iki imama bağışla məni.
O yerdə qurulan qərib əsasa,
Zeynəbü Gülsüm qara libasa,
Ələmdari - Hüseyn, rəşid Abbasa,
O qolsuz ağama bağışla məni
(Növrəs İman, s.26).
İkinci örnək Aşıq Nəcəfin eyni adlı şeirindəndir:
Ədlü-ədalətlə qadiri-qəffar,
Aləmin sərvəri, şahi-mədədkar,
Muhəmməd dinini eyləyən aşkar,
Ol Şahi-mərdana bağışla məni.
Cənabi Qasıma, Əli Əkbərə,
İsti qumlar üstə qalan peykərə,
Hüseyni-şəhidə, cismi bisərə,
Şahi-şəhidanə bağışla məni
(Göyçəli Aşıq Nəcəf, s.22).
Bir az diqqətlə, dərinləmsinə baxdıqda aşıq ədəbiyyatının da özünəməxsus minacatının (əlifnamə, əliflam), nətinin (peyğəmbərin ucalığı), meracnaməsinin, imamiyyəsinin (Hz. Əli və imamlar haqqında şeirlər), fəxriyyəsinin, mədhiyyəsinin olduğu görmək mümkündür. Sadəcə, aşıq sənətini, aşığın cəmiyyətdəki rolunu, aşıqlığın məna yükünü, aşığın cəmiyyətdəki funksional rolunu, məna sıralamalarını doğru-düzgün anlamaq lazımdır. İmamiyyə doktrininə bağlı, imamət/vilayət fəlsəfəsi ilə tərbiyə almış aşıqların şeirlərində dini-irfani mətləblər, Allah-Məhəmməd-Əli (Azərbaycanda Allah, Məhəmməd, ya Əli) üçlüsü, 12 imam sevgisi güclü olmuşdur. Bu sevgi Dirili Qurbanidən, Xəstə Qasımdan başlayaraq müasir dövrə qədər heç bir zaman qüluv düşüncəsinə qədər qalxmamış, hər zaman mötədillik gözlənilmişdir. İmamların vasitəsilə mədəd, bağışlanmanı istəmək, onların təvil elmini bildiklərinə və seçilmiş qullar olduqlarına, imamlara edilən duaların da onların ilahi lütfə layiq şəxslər olduqlarına görədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!