"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsini davam etdirir. Bu həftə təhlilə cəlb olunan şeir Emin Pirinin "Abort stolunda yalvaran körpə" şeridi.
Abort stolunda yalvaran körpə
Cənnət anaların ayağı altındadı
deyən qadın
bətnində doğratdığı
körpə bədənini
yığıb ayaqları altına
qalxır cənnətə sarı.
Burda Hippokrat andına
körpə qanı axıdaraq
and içirlər.
Kimlərinsə
ömür boyu arzuladığı
körpə səsi
cərrah bıçağıyla kəsilir...
Şeytan boylanır
ağxalatlı pəncərədən;
gözləri bərəlib
dizləri əsir,
ürəyi dözmür baxmağa.
Qadın dözür ancaq
Və baxır..
Öz fəryadından tutulan qulaqları
eşidə bilmir
bətnindəki körpənin
"yaşamaq istəyirəm" hayqırtısını.
Alın yazısında həyat
ana bətnindən
abort stoluna kimi
uzanan yolmuş.
Küncə atılmış
körpə bədəni
əllərini açıb göyə
"mən təsliməm, ana,
yetər bu işgəncə! "-
deyib yalvarır.
"Abort stolunda yalvaran ana"
Nargis
Emin Pirinin "Abort stolunda yalvaran körpə" adlı şeirini oxuyanda qarmaqarışıq hisslərin girdabında qərq oldum. Yəni, bu zaman bir ana kimi vicdan əzabı, bir qadın kimi qadınlara tərəf tuşlanmış tüfəng təsiri hiss etdim.
Fikrimcə, bir kişi doğuşun mahiyyətini dərk etdiyi qədər, həmin zaman kəsiyində qadının çəkdiyi əzabı dərk etmir.
Yəni bir çox nağıla, dastana, şeirə mövzu olan əzabla tanış olmadığı üçün həmin hissin sadəcə pozitivliyini, ya da neqativliyini tökə bilir misralara. Necə ki, Emin Piri bu şeirdə aborta baxış acısını - ananı-qadını qınaq dolu sətirlərlə hədəfə almaq şəklində izah edir.
Qeyd edim ki, şeirin verdiyi sosial mesaj həqiqətən də gözəldir. Amma bu şeiri oxuyan hər qadının bununla bağlı irəli sürəcəyi müxtəlif mülahizələri və ağır açıqlamaları da mövcuddur. Bu şeiri oxuduqdan sonra bir neçə qadınla bölüşdüm fikirlərimi. Və həqiqətən də maraqlı və bir o qədər də acınacaqlı "Abort" hekayələri ilə qarşılaşdım...
Uşağımı abort etdirməyə məcbur idim, çünki həkimlər körpəmin ağır xəstəliklə doğulacağını dedilər. Onu bu halda yaşamağa məcbur etmək isə fikrimcə, cinayətdir.
Həyat yoldaşımdan yeni ayrılmışdım, təhsilim və heç bir maddi dayanağım yox idi. Hamilə idim üstəlik, 17 yaşında olduğum üçün ailəm uşağımı aldırmaq şərti ilə məni yenidən qəbul edəcəyini dedi - və mən bunu etmək məcburiyyətində qaldım.
4 qızım var idi, həyat yoldaşım oğlan uşağı istədiyi üçün abort etdirdim qızımı. Yoxsa məni də, uşaqlarımı da küçəyə atacaqdı... Ali təhsilim və iş təcrübəm yox idi...
Və sair və ilaxır "ABORT" hekayələri ...
Qadınları abort stoluna çıxardanları anıram 1 dəqiqəlik sükutla...
Ağı qaradan seçməyə çalışıram, bomboz çalarlı dünyada...
Dumanlı reallıqlar çığırır düz qulağımın dibində....
Alın yazısında həyat
ana bətnindən
abort stoluna kimi
uzanan yolmuş…
-deyir şair…
Bəli boş zövq uğruna da körpəsini abort etdirən "analar" mövcuddur. Ancaq bunu hamıya aid etmək düzgün olmazdı.
Şeir cəmiyyətə birbaşa sirayət edən, insanın məntiqini yarıb qəlbinə, hüceyrələrinə axan emosiyadır. Və bəzən bir emosiya bir çox reallıqdan daha təsirli ola bilir. Fikrimcə, şeirlərdə verilən sosial mesajlar ittihamdan daha yüksəkdə durmalı və hər təbəqəyə, hər insana eyni tarazlıqda nüfuz etməlidir.
Körpəsini abort etdirərkən göz yaşlarına qərq olan ana barədə şeirdə heç bir misra da yoxdur. Bunun yerinə şair yazıb:
Öz fəryadından tutulan qulaqları
eşidə bilmir
bətnindəki körpənin
"yaşamaq istəyirəm" hayqırtısını.
Burada qadının çəkdiyi fəryad mənəvi kodekslər və birtərəfli baxış bucağı şəklində kiçildilir. Bu da sosial ədalətsizlikdir.
Ancaq qeyd edim ki, şeirin bədii gücü, süjeti, hadisənin axıcılığı və verdiyi sosial mesaj həqiqətən də təqdirəlayiqdir. Amma yuxarıda diqqət çəkdiyim nüanslar da reallıqdan kənar deyil.
Şeytan boylanır
ağxalatlı pəncərədən;
gözləri bərəlib,
dizləri əsir,
ürəyi dözmür baxmağa.
Qadın dözür ancaq
Və baxır..
Yox Emin! Baxmır, vallah baxmır, inan mənə ki, baxmır... Bunu sənə bir qadın və bir ana olaraq deyirəm... O vaxt qadın qorxur, təkliyin sinəsinə qısılır, utanır, körpəsi bir dəfə, o min dəfə ölür ...
Amma yenə də vurğulayıram ha, burda gerçək qadından söhbət gedir...
Emin, bilirsən hələ tam formalaşmamış bir canı itirsə də, üzünü, rəngini bilməsə də... onu illərcə təsəvvüründə canladırmağa çalışır.
Bəzi gecələr yuxudan hıçqıraraq oyanır, körpəsi öz cənnətindən onu səsləyir... Vicdan əzabı hər an əsir alır qadını, yastığı göz yaşlarına qərq olur. Bilirsən qaçır qadın, qulaqlarını doğulmayan körpəsinin hıçqırıqlarını duyur kimi qapadır...
"Medeya", yaxud bircə kəlməlik hekayət
Cahanxanım SeyidzadƏ
İnsan yarandığı gün ədəbiyyat da yaranıb. Təsadüfi deyildir ki, ədəbiyyatın əsas obyekti insandır və insanla əlaqədar olan hər şey ədəbiyyatın mövzusu ola bilər. Ədəbiyyatı, eləcə də fəlsəfəni daim düşündürən belə məsələlərdən biri də valideyn-övlad münasibətləridir. Xüsusilə, ana və övlad məsələsi əsrlərdir bitməyən mübahisələrə səbəb olur. Ən çox dilemma yaradan isə "cənnət anaların ayaqları altındadır" cümləsidir. Əslində, bu cümlə bəlkə də dünyada nisbilik anlayışının ən gözəl ifadələrindən biridir. Ona görə ki, bu cümləni hər kəs konkret olaraq vahid mənada qəbul etsə də, məncə, burada paradoksallıq mövcuddur. Xüsusilə, ədəbiyyatda cənnətə müxtəlif yazıçıların nəzərləriylə baxdıqda vəziyyət dəyişir. Məsələn, şeiri oxuduğum zaman iki obraz və bir insan xatırladım. Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsində balasını şaxtada donub ölməkdən xilas etmək üçün özünü qurban verən və buz heykələ dönən ana, Antik ədəbiyyatın incilərindən sayılan "Medeya" faciəsində sevdiyi kişidən intiqam almaq üçün övladlarının canına qıyan ana və ömrünün sonuna kimi görə bilmədiyi oğluna həsrətlə:
Bəlkə bir gün qovuşarıq
Və o gün
Varsa aramızda sadəcə Tanrı qalsın...
- deyən, lakin yenə də şeiri seçən İran şairəsi Füruğ Fərruxzad... Ədəbiyyat bizə bir məsələyə müxtəlif tərəflərdən baxmağa imkan yaradır. Üç fərqli mövqe, üç fərqli baxış və üç fərqli sevgi. Yəni ananın övlada sevgisi də, sevgisizliyi də əslində yeni mövzu deyil. Əsrlərdir sevgi və sevgisizlik bir-birinə dolaşmış şəkildə öz varlığını qoruyur.
Emin Pirinin "Abort stolunda yalvaran körpə" şerindəki ananın kimdən intiqam almasını bilməsək də, onu Medeya ilə müqayisə etmək olar. Çünki eynilə Medeya da əslində kimdən intiqam almasını müəyyənləşdirə bilmirdi. Göründüyü kimi, burada da nisbilik mövcuddur, bəlkə də Medeya ailəsinə xəyanət etdiyinə görə özündən intiqam alırdı. Çünki bir insan - bir ana yalnız özünə münasibətdə bu qədər qəddar ola bilər. Nə qədər şablon səslənsə də, razılaşmalıyıq ki, həyatda hər kəsin bir hekayəsi olur. Bəzilərinin hekayəsi isə bircə kəliməlikdir: "Abort". Şeirdə deyildiyi kimi:
Alın yazısında həyat
ana bətnindən
abort stoluna kimi
uzanan yolmuş.
Emin Piri həmin bircə kəliməlik hekayəni və taleyi maraqlı ifadələrlə yazmağa çalışır. Əslində, şairin bu cür aktual mövzuya toxunması doğrudan da təqdirəlayiqdir. Lakin belə bir həssas mövzuda yazmaq əhəmiyyətli olduğu qədər də çətindir. Hər sətirdə, hər misrada, hətta vergüldə belə "ehtiyatlı" olmaq, körpənin ruhunu incitməmək lazımdır. Lakin şeirin bəzi yerlərində şair "həssas"lığını hiss etmək çətinləşir. "Cərrah bıçağı" qədər kəskin cümlələr, "abort masası" qədər soyuq ifadələr sanki ananın və həkimin qəddarlığını, uşağın günahsızlığını təsvir etmək yerinə onu yenidən öldürür. Bəlkə də bu, şairin özünəxas üslubudur, o, bu cür mühüm və aktual məsələni diqqətə çatdırmaq üçün bilərəkdən körpənin çarəsiz "hayqırtı"sını hamıya eşitdirmək istəyir. Bu baxımdan şeir əvvəldən sona kimi konkret süjet xəttilə davam edir ki, məncə, kulminasiya sonuncu hissədə- "mən təsliməm, ana, yetər bu işgəncə! "- deyən körpənin harayındadır. Və bu kulminasiya günahsız yerə öldürülən bütün körpələrin harayında çoxalan xətlə davam etməkdədir. "Düyün" isə hələ açılmayıb, körpələr günahsız yerə öldürüldükcə "razvyazka" gözlənilmir. Finaldan isə söhbət belə gedə bilməz.
Şairin şeirinə qüvvət olaraq yazımı Nitsşenin sözləri ilə bitirmək istərdim. Nitsşe deyirdi ki, "insan olmaq uçurumun kənarında rəqs etməyə bənzəyir". Bəlkə də o "uçurum" deyərkən ana bətnini nəzərdə tuturdu. Əziz analar, övladlarınızı uçurumdan atmayın və unutmayın ki, cənnətə yalnız dünyaya gətirdiyiniz övladlarınızın ayaqları ilə daxil ola bilərsiniz... Diqqətli olun! Ayaqları ilə, doğranmış ayaqları ilə yox...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!