"Uçurum"da uçurumlar... - Elnarə QARAGÖZOVA

Yunus Oğuzun "Uçurum" romanı haqqında düşüncələr

Elnarə QARAGÖZOVA

 

"Uçurum təkcə təbiət hadisəsi deyil. İnsanın, cəmiyyətin, dövlətin də təbiətində uçurum var. Bu qırmızı xətdir. Davranışında, danışığında qırmızı xətti keçdinsə, insanda, cəmiyyətdə, dövlətdə reallıq və dəyərlər itməyə başlayacaq. Beləcə, əvvəlcə insan, xalq, sonra isə dövlət deqradasiya olacaq".

Yunus Oğuz

Türkoloq-alim, siyasi xadim Yunus Oğuzun bədii yaradıcılığının aparıcı xəttini tarixi roman janrı təşkil edir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında imzasını tarixi romanlar ustası kimi təsdiq edən Yunus Oğuz bu janrda fərqli mündəricəli romanlar ortaya qoymağa, Azərbaycan tarixi romanının yeni nümunələrini yaratmağa davam edir. Yunus Oğuzun yenicə çapdan çıxmış, Dövlət Gömrük Komitəsinin yaranmasının 30 illiyinə həsr olunan "Uçurum" əsəri də bu qəbildəndir. "Uçurum" romanına nəzər saldıqda əsərdə müəllifin daha öncə qələmə aldığı və Aprel döyüşlərinin qəhrəmanı, şəhid pokovnik-leytenant Murad Mirzəyevə ithaf edilmiş "Ovçu" romanı ilə oxşar məqamlar diqqəti cəlb edir. Həmin oxşar məqamları aşağıdakı kimi qruplaşdıra bilərik:

- Hər iki romanda həm müasir dövr, həm də tarixi hadisələr paralel təsvir edilir.

- Həm "Ovçu", həm də "Uçurum" romanı reinkarnasiya motivi üzərində qurulmuşdur.

- Ovçu romanında yaradılan kəşfiyyatçı, "Uçurum"da isə gizli əməliyyatçı obrazları vətənə sonsuz sevgisi olan mahir döyüşçülərdir.

- Hər iki romanda əsas qəhrəmanın ailə həyatına dair verilən nüanslar obrazların daxili aləminin, fədakarlıqlarının açılmasında mühüm rol oynayır.

- Hər iki romanda dövlətin öz xalqına olan qayğısı, bu qayğının reallaşmasını təmin edən gərgin iş şəraiti işıqlandırılır.

Erməni işğalçılarına qarşı açıq, döyüş meydanında mübarizədən bəhs edən "Ovçu" romanından fərqli olaraq "Uçurum"da düşmənlə mübarizə gizli və daxilidir. Açıq döyüşdən qorxan ermənilərin xalqımızı, dövlətimizi daxildən parçalamaq, zəiflətmək, məhv etmək planları olduqca məkrlidir. Azərbaycanın haqq səsinə 30 il səs verməyən dünyanın bəzi gücləri də bu işdə onlara dəstək olaraq xalqımızın genezisini məhv etməyə, onu qurd kimi içəridən yeyib dağıtmağa çalışır. Azad, güclü və düşmənlər üçün böyük təhlükə olan Azərbaycanı məhv etmək üçün qurulan planlardan biri və ən təhlükəlisi narkotik maddələrin təbliği, xalqın gənc övladlarının bu bəlaya düçar edilməsidir. XX əsrin Varpetinin planına görə "o taylı-bu taylı türkləri tiryəkə, narkotikə otuzdurmaq lazımdır. Əhalinin, xüsusilə də gənclərin tiryəkə, başqa uyuşdurucu maddələrə aludəçiliyi o qədər güclü olmalıdır ki, heç nə haqqında fikirləşə bilməsinlər. Nəinki Azərbaycan haqqında... heç analarını da xatırlaya bilməsinlər".

Yunus Oğuz xalqımıza qarşı patoloji nifrətin və məkrli planların mahiyyətini açmaq üçün romanda reinkarnasiya metodundan istifadə edir. Hadisələr həm XVI əsrdə, həm də XX əsrin sonu - XXI əsrin əvvəllərində cərəyan edir. Qeyd etdiyimiz kimi, Azərbaycan ədəbiyyatında çox az işlənmə tezliyinə malik olan reinkarnasiya metodundan Yunus Oğuz daha öncə qələmə aldığı "Ovçu" romanında da istifadə etmişdi. Lakin "Ovçu" romanından fərqli olaraq "Uçurum" əsərində reinkarnasiya bir qədər fərqli istifadə edilmişdir. "Ovçu" romanında reinkarnasiyadan keçən yeganə obraz Muraddır. O, tarixin fərqli dövrlərində xalqının imdadına yetən, onu yağılardan qoruyan bir qəhrəman kimi zühur edir və öz şərəfli, müqəddəs missiyasını yerinə yetirir. Yunus Oğuz "Uçurum" romanında yalnız xalqın qəhrəmanını deyil, düşmənlərini və xainləri də reinkarnasiya prosesindən keçirir. XVI əsrdəki erməni tacir Varpet, xain divanbəyi, igid, dönməz qorçubaşı Natiq bəy XX əsrin sonu - XXI əsrdə yenidən tarix meydanındadırlar. Bu dəfə onlar oxucunun qarşısına İnterpolun axtarışında olan narkotacir Varpet Kasparyan, nüfuzlu məmur və gömrük işçisi Natiq kimi çıxırlar. Əsrlər keçsə də reinkarnasiyadan doğulanlar yenidən öz missiyalarını qüsursuz icra etməkdədirlər.

XVI əsrdə tacir Varpetin dəvələrlə daşıdığı tiryəki müasir dövrdə Varpet Kasparyanın narkoşəbəkəsi tırlarla Azərbaycana yayır, gəncləri və gələcəyimizi məhv edir. Romanda gömrük işçisi Natiq öz sələfi, qorçubaçı Natiq bəy kimi cəsur, fədakar, dövlətinə sadiq bir igiddir. Gömrük işçisi Natiq xüsusi tapşırıqla narkoşəbəkənin rəhbərlərindən biri olan Baronun ən etibarlı adamına çevrilir və xalqının gələcəyini məhv edən düşmənlə savaş üçün canından belə keçməyə hazır olduğunu əməlləri ilə təsdiq edir. Yunus Oğuz müasir Natiqi sələfi olan qorçubaşı Natiqdən daha əhatəli təsvir edərək bu obrazın timsalında Azərbaycan gömrük işçisinin çətin və şərəfli yoluna işıq tutmuşdur. Qorçubaşı Natiq bəyi oxucu yalnız iş başında görür. Gömrük işçisi Natiq isə əsərdə həm iş, həm də ailə mühitində təsvir olunur. Bu məqam obrazın daxili aləminin, onun duyğu və düşüncələrinin, qayğılarının, insani keyfiyyətlərinin açılmasında mühüm rol oynayır. Narkoşəbəkəyə qarşı mübarizənin önəmini yalnız bir gömrük işçisi, bir vətənpərvər kimi yox, həm də bir ata, bir ailə başçısı kimi dərindən dərk edən Natiq Baronun əzazilliyindən xəbərdar olsa da, cəsarətlə öz missiyasını yerinə yetirir. O bu amansız mübarizədə öz canından belə keçməyə hazırdır. Yetər ki, Azərbaycanın gələcəyi məhv olmasın, Vətənimiz yadların oyuncağına çevrilməsin. Azərbaycanlı Baronun pul naminə erməni hiyləsinə vasitə olması, mənsub olduğu xalqın düşməni ilə iş birliyi qurub onun genezisini məhv etməsi Natiqi dəhşətə gətirir. Beynini bir sual didir-dağıdır: "Görəsən, Baron Seyidin erməni olduğunu bilirmi? Bilirmi???". Baronun ifşa olunarkən verdiyi cavab isə sualın özü qədər dəhşət saçır: "Cinayətkarın milləti və vətəni olmaz".

Nəinki millətini və vətənini, hətta insanlığını da pula satan Barondan fərqli olaraq onun sağ əli olan və əməliyyatçı Natiqə şəbəkəyə sızmağa kömək edən Kalış (Kamil) öz insan, vətən, millət sevgisi ilə oxucunun gözündə ucalır. Ailəsini, balalarını yaxşı yaşatmaq naminə bir halqasına çevrildiyi bu narkoşəbəkənin əsl mahiyyətini anladıqdan sonra özünün və ailəsinin həyatını riskə ataraq Azərbaycanın gələcəyinin qorunması uğrunda mübarizəyə qoşulur. Missiyasını mükəmməl şəkildə icra edən Kamil ailəsini Barondan qorumaq və adının təmizliyi naminə kamikadze kimi intihara bərabər görüşə gedərək öz həyatına şərəfli bir şəkildə son vermək cəsarətini göstərir.

XVI əsrdə xain divanbəyi öz məqsədləri üçün erməni tacir ilə iş qurur, Təhmasib şahın qadağan etdiyi şərab və tiryəkin vasitəsilə ölkə daxilində öz məramlarını yetirməyə, rəhbərliyi idarə etməyə və dövləti daxildən zəiflətməyə çalışır. Onun bu missiyasını müasir dövrdə nüfuzlu məmur icra edir. Onlar üçün Vətən, Xalq, Dövlət anlayışları yoxdur. Onların dünyasında sadəcə pul və güc mövcuddur. Bunu əldə etmək üçün isə hər cür mənəvi deqradasiyaya, mənəvi uçuruma razıdırlar. Öz daxillərində xəyanətin yaratdığı uçurumlar dərinləşdikcə onlar dövlət və xalqı uçuruma doğru sürükləyirlər. Lakin uçurumun kənarında sağlam, qollu-budaqlı bir ağac kimi duran Vətən övladları son anda həm xalqını, həm də dövlətini fəci sondan qurtarır.

Romanda maraqlı məqamlardan biri də hipertekstual əlaqədir. "Uçurum" romanında Yunus Oğuz "Təhmasib şah" romanı ilə hipertekstual əlaqə yaradaraq həmin romanda olan dərviş və göy qaşlı üzüklə bağlı məqamı yenidən xatırladır. "Uçurum"dakı Təhmasib şah qeyd edilən romanda olduğu kimi burada da öz ağlı, cəsarəti və siyasi səriştəsi ilə seçilən qüdrətli bir hökmdardır. Onun erməni tacirlə görüşdə səsləndirdiyi "Sizin tayfanız nadürüst tayfadır" sözləri onun həm də düşməninə bələd olan, erməni hiyləsinə aldanmayan fəhmli bir hökmdar olduğunun sübutudur.

Yunus Oğuz "Uçurum" romanında yalnız narkotrafikə, narkoticarətə qarşı gömrük işçilərinin mübarizəsindən bəhs etməklə kifayətlənmir. Romanın əvvəlində - proloqda təsvir olunan insanın düşüncələri fonunda ağ ölümün mahiyyəti açılır: "Qanad açıb uçmaq istəyirdi, amma özündə min məna daşıyan göyün ənginliklərinə necə qovuşacağını bilmirdi. Ağlına heç nə gəlmirdi, bircə özünü dibsiz yarğana atmaq haqqında düşünürdü. İndi onun üçün həyat və ölüm qaşla-göz arasında idi. Hansını seçsin? Bəlkə taleyinə belə yazılmışdı, bilmirdi. Amma yaşamaq istəyirdi, hamı kimi... bacarmırdı". Təbiətin yaratdığı uçurumun kənarında dayanan adsız qəhrəman başqa bir uçurumun - narkotikə aludəçiliyin yaratdığı uçurumun sakinidir. Onun narkotikanın uçurumuna düşməsinə səbəb isə içindəki uçurumlardan keçə bilməməsidir. O öz içindəki uçurumu pul uçurumlarına, xəyanət uçurumlarına, siyasi uçurumlara yuvarlananların yaratdığı narkotika uçurumu ilə doldurmağa çalışır. Lakin uçurumdan uçurum doğur. Çarəni real uçuruma atlamaqda görən narkotik qurbanının acı düşüncələri bu ağ ölümün təhlükəsinin anladılması baxımından böyük önəm daşıyır.

Yunus Oğuzun Dövlət Gömrük Komitəsinin narkoşəbəkə ilə gərgin mübarizəsini bədii boyalarla əks etdirən "Uçurum" romanı bu dövlət qurumunun 30 illik yubileyinə dəyərli bir töhfədir. Fikrimizcə, "Uçurum" romanı həm narkoşəbəkə ilə mübarizənin və bu mübarizənin qəhrəmanlarının təbliği, həm də narkotikdən istifadənin fəsadlarının gənclərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!