Mətanət VAHİD
"Suçlusa, bu gün döyün,
qoçaqsa, bu gün öyün,
bu gün."
Ələkbər Salahzadə
Tükənməz istedadını, dərin intellektini onu sevənlər də etiraf edir, sevməyənlər də. Bütün çabası xeyrin təntənəsinə yardımçı olmaq, “səhra böyüyür” (Nitsşe) fəlakətinin qarşısını almaq, bəşəri hələ də ən dəyərli varlıq olduğuna, xilasa, böyüklüyünə inandırmaqdır.
“İnsanlar ailələrindən çox, cəmiyyətin övladlarıdır” deyir Hz. Əli. Çevrəmiz bizi olğunlaşdırır, dostlarımız bizə, düşüncəmizə təsir edir. Onu özümə mənəvi müəllim bilirəm. Ondan öyrəndiyim ən əhəmiyyətli dərs isə “böyüklüyünə inanarsansa, böyük olarsan” gerçəyidir.
"Ucsuz-bucaqsız azlığa" (X.R.Ximenes) xitab edir yazdıqları ilə. Bir adam deyil, təkbaşına min adamdır o. Və Azərbaycan xalqının taleyinə yazılmış bu böyük türk haqqında filologiya elmləri doktoru Elnarə Akimova “Uzun, incə bir yolda...” adlı kitab yazdı. Ümumiyyətlə, Elnarəni hər zaman başqalarının içindəki qaranlıqda gizlənən işığı belə, sezən, tapıb üzə çıxardan biri olaraq tanımışam. Bu kitabda isə dünya boyda bir işıq – Azər Turan işığından bəhs edir. “Uzun, incə bir yolda...” dostları sevindirəcək bir kitabdır.
Çağdaş Azərbaycan ədəbiyyatının sütunlarındandır Azər Turan və bunu görənlər varsa da, etiraf edənlər gərəkdiyindən xeyli azdır. “Şairi heykəltək sevən xalqım” Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” misrasını əzbərində saxlasa da, dəyərlilərin dəyərini verməyə bəzən qısqanclıq, bəzən cürətsizlik, “nə deyərlər” qorxusu qarşısında gecikir, susqunlaşır. E.Akimovanın kitabı, hər şeydən öncə, görə bilmək və dəyərləndirmək cürəti ilə qiymətlidir. Ümumi şəkildə desək, “Uzun, incə bir yolda...” kitabı “Azər Turan kimdir?” sualının konkret cavabıdır.
Bu kitabda Azər Turanın Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün xidmətləri əhatəli şəkildə ifadəsini tapır. İlk kitabından tutmuş sonuncuyadək əsərlərinin xəritəsi cızılır, hər birinin ayrılıqda və hamısının bütövlükdə ədəbiyyatımızda yeri, əhəmiyyəti əks olunur. Bu kitabdan biz Azər Turan şəxsiyyətinə və yaradıcı kimliyinə, vətəndaş mövqeyinə bələd oluruq. “Uzun, incə bir yolda...” Azər Turanın bütün ömür yolunun güzgüsüdür...
Azər Turan gündəliyinin Y.B.Bakilərlə tanışlığının tarixçəsi səhifəsində Bəkir Sıtkı haqqında deyir: “yaşayan bir ədəbiyyat nəhəngi”. Bu gündəlikdən, bu sözlərdən xəbərsiz mən onun özü haqqında danışarkən barəsində həmişə bu ifadəni işlətmişəm. A.Turanın yaradıcılığı miqyası ilə məni həmişə heyrətləndirib. Bəzən mənə elə gəlir ki, o, bunları cəmi əlli neçə illik ömrünə yox, yüz ilə sığdırıb yazıb. Onun yazdıqları heç vaxt sıradan olmayıb, yazıbsa, mütləq yeni cığır açıb, yeni söz deyib, gedilməmiş istiqamətlərdə tədqiqatlar aparmaq üçün mayak olub. Elnarə Akimova Azər Turanın, bəlkə də, əksəriyyətin tanımadığı və ya tanımağa cəhd göstərmədiyi cəsarətli, yenilikçi obrazını tanıdır oxucuya.
“Uzun, incə bir yolda...” kitabı xronoloji ardıcıllıq üzrə yazılsa da, yeri gəldikcə “fləşbək”lər olunur, yaddaşda baş qaldıran digər məsələlərə keçidlər edilir. Əsasən, Azər Turanın kitabları, məqalə və gündəlikləri, onun haqqında yazılanlar üzərində qurulan kitaba məqamı gəldikcə müəllif onunla dostca söhbətlərini də əlavə edir. Burada Azər Turanın hərtərəfli obrazını görürük – tədqiqatçı alim, “Ədəbiyyat qəzeti”nin baş redaktoru və həssas qəlbli dost, sirdaş Azər...
Azər Turanın xüsusən son 6-7 ildəki bütün və ondan öncəki bir çox mətnlərini oxuyan biri kimi əminliklə deyə bilərəm ki, cəmi bir neçə istisna ilə, onun haqqında oçerk, məqalə, esse yazdığı müəlliflər bütün həyatı, yaradıcılığı və şəxsiyyəti ilə böyük qayəyə xidmət edənlərdir. Milli mədəniyyətimizin istiqamətverici bir qolu olaraq Azər Turanın yaratdığı ədəbiyyat, publisistika, hər şeydən öncə, məfkurəvidir. E.Akimova kitabında məhz bu cəhətləri qabardır və ümumiləşmiş şəkildə deyil, ayrı-ayrı əsərlər, nümunələr üzərində fikrini təsdiqləyir.
Elnarə Akimova bu kitabda yalnız Azər Turan yaradıcılığı və şəxsiyyətindən bəhs etmir, onun yazdığı mətnlərdə diqqətini cəlb edən müxtəlif məsələlər ətrafında da müzakirə açır. Məsələn, “Yaşamaq haqqı” traktatının ərsəyə gəlmə səbəbinin Azər Turanın “İrfan çobanı” kitabı olduğunu Xalq yazıçısı Anar əsərinin ön sözündə ətraflı qeyd edir. Odur ki, A.Turanın “İrfan çobanı” kitabının qapsadığı mövzu, ideya və ayrı-ayrı şəxsiyyətlərin onun yaradıcılığındakı yerindən bəhs edərkən E.Akimova Anarın “Yaşamaq haqqı” traktatı üzərində də ayrıca dayanır. Beləliklə, həm hər iki əsərlə bağlı düşüncələrini, həm də hər iki sənətkarın ədəbiyyatımızdakı mövqeyi ilə bağlı nöqteyi-nəzərini paylaşır.
Azər Turan yaradıcılığında ən çox diqqəti çəkən tədqiqata cəlb etdiyi istisnasız bütün mövzularda qaynaq və mənşəni mütləq araşdırmasıdır: sənətkarı yetişdirən mühit, ideyaları doğuran şərait, genetik yaddaş və s. Bütün tədqiqatlarına ilk növbədə bu rakursdan baxır və araşdırmanı bu zəmin üzərində qurur. Elə onun H.Cavid, Ə.Hüseynzadə haqqında yazılmış tədqiqat işləri ilə bağlı E.Akimovanın gəldiyi qəti qənaətlər də müşahidələrimizdə yanılmadığımızı göstərir. O, hər bir tədqiqat işini sadəcə söz xatirinə “sanballı”, “yeni” adalandırmır, bu sanbalı, yeniliyi, fərqi şərtləndirən amilləri maddələrlə əsaslandırır, cavablandırılmayan sual qoymur. Bu kitabda Elnarə Akimovanın məqsədi Azər Turan əsərlərini büsbütün təhlil predmetinə çevirməkdən daha çoxudur: nəyi necə yazıb – bunu vurğulamaq.
E.Akimova Azər Turanın “Cavidnamə”sini yalnız onun özünün Hüseyn Cavidlə bağlı araşdırmaları arasında deyil, ümumiyyətlə cavidşünaslıqda zirvə mərhələsi adlandırır; “tədqiqatçının bura qədər axtarışlarını yekunlaşdıran və bundan sonrakı araşdırmalara yön verən” sanballı elmi əsər kimi qiymətləndirir. Bəli, bunlar çox böyük iddialardır və müəllif qənaətlərini kifayət qədər əsaslandırır. O, “Cavidnamə”nin Hüseyn Cavidi yeni rakursdan elmi dövriyyəyə gətirən araşdırma olduğunu qeyd edərək, sənətkarın ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq estetik məzmun və metafizik qatda təqdim olunduğunu yazır.
H.Cavidin Azərbaycan poeziyası və dramaturgiyasına qatqıları, yenilikçiliyi nədə idi – Azər Turan tədqiqat işində bu məqamları və onları doğuran qaynaqları araşdırır, ortaya çıxan bütün sualları cavablandırır. E.Akimova “Cavidnamə”nin məhz bu yeniliyindən, özünə qədərki araşdırmalarda toxunulmaz qalan məsələlərə Azər Turanın ilk dəfə olaraq işıq tutmasından bəhs edir – yenə faktlar, əsaslandırmalarla.
Azər Turanın bütün yaradıcılığı xalqı, milləti öz böyüklüyünə, tarixi köklərinə, qaynaqlarına inandırmaq çabasıdır. Onun yaratdıqlarında Şərq ədəbiyyatı Qərb təfəkküründən, ədəbiyyat incəsənətin digər növlərindən ayrı deyil: A.Turan bütün sənətləri iç-içə, Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatının tərkib hissəsi olaraq görür, oxuyur və hər zaman məhz bu kontekstdə şərh edir. “Uzun, incə bir yolda...” kitabı bütün bu məqamların üzərinə vurğu edir. Bəzən ədəbiyyatşünaslıqla bağlı mətnlərin əksərindən xəbərsiz olub bizdə müqayisəli ədəbiyyatşünaslıq, komparativistika nümunələrinin olmadığından gileylənirlər. Halbuki yuxarıda qeyd etidyim məqamları istisnalar kimi deyil, yeni və artmaqda olan tendensiya kimi dəyərləndirmək daha doğru olar.
Azər Turanın tədqiqatları göstərir ki, o, Hüseyn Cavidi dünya ədəbiyyatı və bütövlükdə mədəniyyəti kontekstində öyrənir. Elnarə Akimova da buna diqqət çəkərək yazır: “Azər Turanın “Cavidnamə” əsərindən görünən Hüseyn Cavid yaradıcılığını böyük bir ədəbi hərəkatın başlanğıcı sırasında almaqdan daha çox, onu dünyada gedən qlobal-mənəvi, ictimai-fəlsəfi hadisələrin nəticəsi kimi almalıyıq.” Doğrudan da, bu gün belə, dünya ədəbiyyatından elə bəhs edirik ki, sanki bizim olanı “dünya” dediyimizdən ayrı tuturuq. Halbuki elə bu kontekstdən araşdırılacaq və dünya oxucusuna təqdim edilə biləcək onlarla istər klassik, istər çağdaş müəllifimiz var.
Azər Turan inkar yolunu tutmur, hüdudları gözəl bildiyindən sənətkarları həmin o sərhədlər çərçivəsində - dünya ədəbiyyatı kontekstində tədqiq edir. Və bu kontekst necə meydana gəlir, necə olur ki, məsələn, Cavid dünya ədəbiyyatı faktına çevrilir? – Azər Turan bunu araşdırır və səbəb-nəticə əlaqəsi ilə məntiqi təhlillər aparır. Hüseyn Cavid yaradıcılığının hərtərəfli olaraq dünya ədəbiyyatı ilə müqayisə müstəvisində araşdırılması ədəbiyyatşünaslığımız üçün yeni idi və doğrudan da, elə bu kitabda da E.Akimovanın qeyd etdiyi kimi, sonradan bir çox tədqiqatların yazılmasında ideya qaynağı oldu.
Azər müəllimi dinlərkən məndə belə təəssürat oyanır ki, o, sevgi düsturunu şərh edir. Dediklərini çox vaxt özümçün belə yozuram: həyat qısadır və sevdiklərimizi itirə bilərik, onların qədrini bilək. Dünyanı qucaqlamağa ürəyi yetən bir adamdır Azər Turan. Yaxından tanıyandan bəri uzun illər öncə itirdiyi dostlarına etibar və sevgi dolu münasibəti onu mənimçün sədaqət timsalına çevirib. Onun dost sevgisi mənim tanıdıqlarım arasında heç kimin sevgisinə bənzəmir. Turan Cavid, Faiq İsmayılov haqqında hər danışanda, yazanda sanki başqa aləmə düşür, bu dünyaya, insanlara yadlaşır. Az qala, hamı tərəfindən unudulmuşları hər gün, təkrar-təkrar, eyni yanğı ilə xatırlayır və başqalarının da xatırlamasına, ruhuna duaçı olmasına vəsilə olur. Onun xüsusən Turan Cavidlə bağlı xatirələri həssas qəlbləri riqqətə gətirir, insanı kövrəltməyə bilmir.
Məncə, “Uzun, incə bir yolda...” kitabının ən təsirli səhifələri Cavidlərlə bağlı yazılanlardır. Xronologiyanı izlədikcə fərqində olursan ki, Azər Turan onlarla bağlı gördüyü işləri bir sistem üzərində qurur: öz vətənində Cavid haqqında dissertasiya, oğlu Ərtoğrolun bütün irsinin toplanıb nəşr edilməsi, sonra qızı Turan Cavid haqqında 2 kitab, ardınca böyük sənətkarın bütün külliyyatının Türkiyədə türk dilində nəşri və s. Bizə elə gəlir ki, tədqiqatçı Azər Turanın Hüseyn Cavidlə bağlı görəcəyi işlər barədə missiyası tamamlanır. Belə deyilmiş.
“Uzun, incə bir yolda...” kitabında xüsusən Turan Cavidlə bağlı fəsilləri kövrəlmədən oxumaq olmur. Elnarə Akimova bu haqdakı fikirlərini belə yekunlaşdırır: “Turan Cavidlə bağlı ən dəyərli kitabın, ən dəyərli yazının müəllifi olaraq “Əbədi Turan”dan (2001) başlanan bu yol “Turan Cavidin son söhbəti… Son yaşantıları… Son günü” (2005) kitabı ilə bitir. Yəni ədəbiyyat faktı olaraq hələlik burda bitib. Amma Azər Turanın davam edən ömrünün axarına qarışıb Turan Cavid. Onunla əbədi yol gedir.” Maraqlıdır ki, heç ədəbiyyat faktı olaraq da bitmədi axı. Bu sətirləri yazarkən Turan Cavidin 1950-ci ildə qələmə aldığı "Mərziyə Davudova" monoqrafiyasının 71 ildən sonra ilk dəfə "Ədəbiyyat qəzeti" yayınları" seriyasından nəşr olunduğu xəbərini alıram. Kitabı nəşrə Azər Turan hazırlayıb, "Mərziyə Davudova" - Turan Cavidin əsəri" adlı ön söz də yazıb. Demək, onun bu missiyası davam etməkdədir – istər həyatında olsun, istər yaradıcılığında.
Azər müəllimin xarakterindəki həssaslıq, görünənin arxasında pərdələnəni görmək qabiliyyəti, üzdəkilər əsasında fikir yürütməyib, mahiyyətə varmaq fəhmi onun bütün yaradcılığına sirayət edir. Niyə Cavidlər? Niyə Hadi, Hüseynzadə, Xalid Səid Xocayev?.. Niyə Faiq? Niyə bütün nakamlar? Azər Turan “kimsəsiz” sənətkarlar haqqında yazmaqla onları unutmağa qoymamağı, barələrində fundamental araşdırmalara imza atmaqla onlara mənəvi haqqını geri verməyi özünə borc bilir - sanki onun boynunda bütövlükdə ədəbiyyatımız adına edilməyən işlərin borcu qoyulubmuş kimi. Onların həyatı və yaradıcılığı ilə bağlı bütün məqamlar mənim nəzərimdə Azər Turan ömrünün özətidir. O, əqidəsini yalnız yaradıcılığında yaşadanlardan deyil, bunu həyat və düşüncə tərzinə çevirən azlardandır.
“Uzun, incə bir yolda...” kitabı müəllifi Əli bəy Hüseynzadə irsinin tədqiq və təbliği yönündə Azər Turanın xidmətlərinin ölçüyəgəlməz olduğunu və bu işin tədqiqatlarla yekunlaşmadığını, günümüzə kimi də davam etdirdiyini yazır. Əsas səbəb kimi Əli bəyin estetik dünyagörüşünün Azər Turana ədəbi təsirini göstərir: “Əli bəy Hüseynzadənin əsərlərindən bizə tanış düşüncə tərzinin, kompozisiya və forma parlaqlığının, iti bir publisistika, elmi və fəlsəfi vüsətin vəhdətinin Azər Turanın bütün mətnlərində ehtiva olunduğunu görürük. Əli bəy Hüseynzadə yaradıcılığı ilə tanışlığın, qaynayıb-qarışmanın izi Azər Turana məxsus olan fərdi üslubun ən yaxşı təzahürlərində qorunan ali dəyər statusundadır.” Bu və bunun kimi bir çox məqamlar Azər Turanın tədqiqat obyekti olaraq daha çox məhz böyük türkçüləri və nakam qalmış elm, sənət adamlarını seçməsinin səbəblərini şərh edir.
Bu kitabı oxuyarkən həm də Azər Turanın yaradıcılığı haqqında bu vaxta kimi deyilmiş fikir, göstərilən hər cür münasibətlə bağlı məlumatlı oluruq. Şahid oluruq ki, sən demə, azlığın adamı haqqında əksərən elə azlığın adamları yazıb – bənzər həssaslıq, səmimiyyət və ürəklə... Elnarə Akimova A.Turan yaradıcılığını yalnız özünün düşüncə və qənaətləri əsasında təhlilə cəlb etmir, kitabda müəllifin böyük zəhməti aydın görünür. Səbirlə, vicdanla, kimsənin haqqını itirmədən, danmadan Azər Turanın yazdığı, demək olar, bütün məsələlərdən bəhs edir və onun haqqında yazılan bütün mətnləri xatırladır: onlarla məqalə ilə, kitabları haqqında resenziyalarla yaxından tanışlıq, yeri, məqamı gəldikcə hər birinə istinadlar “Uzun, incə bir yolda...” kitabının olduqca əhatəli bir araşdırma olduğunu deməyə əsas verir.
Azər Turanın “Əli bəy Hüseynzadə” monoqrafiyasından bəhs edən E.Akimova yazır: “...oxuyuruq və həmən sual edirik ki, bir şəxsiyyət, onun yaradıcı tərcümeyi-halı bir əsrin hüdudlarını çevrələyəcək qədər zəki və universaldımı?! Amma kitabda sanki bu sözlərin altını cızaraq yola çıxan müəllif bir ömrün məqamlarına diqqət çəkməklə fikrinin sübutunu meydana qoyur.” Bu sözlər Ə.Hüseynzadə haqqındadır, amma eyni hissi oxucu elə Elnarə Akimovanın “Uzun, incə bir yolda...” kitabı ilə bağlı da keçirə bilər. “Azər Turan yaradıcılığı və şəxsiyyəti burada əks olunduğu kimidirmi?” sualı, əlbəttə, bu kitabdan da yan keçməyəcək. Nə deyim? Məqsədim oxucunu bu kitabda yazılanların doğruluğuna inandırmaq deyil, oxucu özü şahid olacaq. Şahid olacaq ki, Azər Turan Azərbaycan ədəbiyyatşünaslığı və esseistikasında da, “Ədəbiyyat qəzeti”nin həyatında olduğu kimi, əhəmiyyətli bir mərhələdir. Çünki “Uzun, incə bir yolda...” yalnız Azər Turan şəxsiyyəti və yaradıcılığından bəhs etmir, bu kontekstdə dövrün ədəbiyyat, ümumən sənət, hətta siyasət müstəvisində xarakteristikasını da əhatələyir.
“Millətimizin üz ağı” (Məmməd Aslan) Azər Turan istər qəzetlə bağlı, istər ədəbiyyatşünaslıq sahəsində gördüyü işlərə öhdəlik kimi baxmır, onun üçün bütün fəaliyyəti sevgi işidir. Kiçik görünən işlərə çox sevinəcək böyük ürək sahibidir. O, dəyərli mətnə görə sanki qəzet materialı deyil, şəxsi qazancı imiş kimi xoşbəxt ola bilən səriştəli baş redaktordur. Elə bəhsi gedən kitabda da E.Akimova Azər Turanın bugünkü “Ədəbiyyat qəzeti”nin baş redaktorluq fəaliyyəti ilə 2001-ci ildəki “Azərbaycan qəzeti”nin “Ədəbiyyat” buraxılışı arasında ideallar, sənət mücadiləsi və fədakarlıq baxımından heç bir fərq görmədiyini yazır.
Ədəbiyyat həm də ürək işidir. Elnarə Akimova alim, tədqiqatçı peşəkarlığı və vicdanı ilə ələ aldığı bu işə böyük ürək qoyub. Heç təsadüfi deyil ki, burada müəllifin özünün alim kimliyi ilə yanaşı, dost kimliyi də üzdədir. İnsanı az qala, özü kimi duyan, onun “qara qutusu” olan neçə nəfər olur ki?! Əminəm ki, bu mövzuları heç kim Azər Turanın ruhibiri Elnarənin malik olduğu cəsarət və ürəklə yaza bilməzdi: “Bütün mürəkkəb, çətin, qarışıq dönəmləri bir-birimizə güvənərək keçdik, hər cür neqativləri və müqavimətləri yarıb, gerçək ədəbiyyat yolunda irəlilədik. Çünki düz yolda olduğumuzun fərqində idik. Bunun belə olmasını idrak etdirən böyük bir tarix və onun yaşanmış təcrübəsi var idi keçmişimizdə. Sabaha doğru aparan yolun asan olmadığı, maneələr, qısqanclıqlar, iftira və rəzilliklərdən xali olmadığı da gün işığı qədər bizə aydın idi. Bu mənada, biz bir-birimizə həm də güc mənbəyi idik...” – yazır Akimova. Lakin peşəkarlığı onun dostluq hisslərinə aludə olmasına imkan vermir. Mənə elə gəlir, hər şeyə rəğmən, soyuqqanlı olmağı çox gözəl bacarır. Düzünü desəm, kitabı oxuduqca bu balansı ən ideal şəkildə qoruya bildiyi üçün mən daha çox Elnarəyə qibtə etdim.
“Uzun, incə bir yolda...” Elnarə Akimovanın Azərbaycan ədəbiyyatşünaslığına xidmətlərinin əhəmiyyətli bir parçasıdır. Güman ki, bundan sonra ədəbiyyatşünas Azər Turan haqqında hələ çox və yaxşı yazılacaq. Lakin bu kitab Azər Turanın həyatı və yaradıcılığı haqqında ilk və əhatəli, çox böyük zəhmətlə ərsəyə gəlmiş, dəlillərə, faktlara əsaslanan fundamental tədqiqat işi olaraq, bundan sonra bu səpkidə yazılacaq bütün digər araşdırmalar üçün açıq qapı olacaq.
12 sentyabr
"Ədalət" qəzeti
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!