Elm tale kimi - Rüstəm KAMAL

Akademik İsa Həbibbəylinin doğum gününə

Rüstəm KAMAL

İsa müəllimlə ilk görüşüm illər öncəsi qədim diyarımızda, Naxçıvan Dövlət Universitetində olub. Dissertasiya müdafiəsi işində opponent kimi iştirak edirdim. Onda İsa müəllim universitetin rektoru idi. Görüş zamanı yazılarımı oxuduğunu və bəyəndiyini söylədi. Heyrətləndim. Heç kim heç kimi oxumadığı bir dövrdə akademikin bir başqasının yazıları ilə bağlı fikir söyləməsi nadir hadisədir...

Bu kiçik yazıda məqsədim akademik İsa Həbibbəyli ilə bağlı xatirələri danışmaq deyil. Sadəcə, müşahidə etdiyim, duyduğum bəzi məqamlar üzərindən onun alim obrazı ilə bağlı tezisləri paylaşmaqdır.

2017-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu mənə "İlin alimi" fəxri adını verdi. O zaman İsa müəllimə düz-əməlli təşəkkür də edə bilməmişdim... 

Söhbəti ondan başlayım ki, İsa müəllim poeziyanı çox sevir, poeziyanı milli ruhun sirri-sehri kimi qəbul edir - bu, bəlkə də bir filoloq üçün, ədəbiyyatşünas alim üçün təbii haldır. Bəlkə gəncliyində şeir yazması ilə əlaqədardır? Bəlkə ruhunun təlabatıdır, bilmirəm. Hər halda şairlərdən xüsusi sövqlə və məhəbbətlə yazır...

Desəm ki, İsa Həbibbəyli üçün də mif, əsatir  gerçəklikdir, yanılmaram.

Mif xalq müdrikliyinin təzahürüdür. İsa müəllim haqlı olaraq yazır ki, Ç.Aytmatov üçün mif  həm ədəbi priyomdur, həm də əsərin əsas qatıdır, konsepsiyasıdır (məsələn, "Ağ gəmi"də).

Mifopoetik dil yalnız hansısa janrın dili deyil, etnomədəni yaddaşın dilidir. Məhz bu dil vasitəsilə yazıçı, şair, alim ömür təcrübəsini sınaqdan keçirir. Təsadüfi deyil ki, İsa müəllimin poetik təxəyyülünü qidalandıran doğma diyarın məkan mifləridir. Duzdağ, Gəmiqaya, Arpaçay ilə bağlı əsatirlərə, Bəhruz Kəngərlinin kətan üzərində sulu boya ilə canlandırdığı Nuh peyğəmbərin məzarının şəklinə də Naxçıvanla bağlı tarixi qaynaq kim baxması bu üzdəndir.

Nədənsə həmişə inanmışam ki, İsa müəllimin mental-etnik yaddaşında da əfsanə janrının arxetipi yaşayır. Əfsanə tarixi gerçəkliyin ifadə formasıdır. "Nuhçıxandan Naxçıvana" kitabını ideyasını - məzmununu əfsanə-rəvayət janrı müəyyən edir. Ona görə də "Naxçıvan" sözünün etimoloji mənşəyini əfsanə və rəvayətlərdə arayır və "Nuh mifi" ilə əlaqələndirir. "Arpaçayı nağıllı, əfsanəli çay adlandırır". "Kitabi-Dədə Qorqud" toponimlərini naxçıvan əfsanələr əsasında bərpa edir və s.

İsa Həbibbəylinin "Naxçıvan mətni"ndə əfsanə arxetipi üst mövqeyə malikdir. Məhz bu arxetip ona ədəbi və tarixi şəxsiyyətlərimizin "əfsanəvi miqyasını" görməyə imkan verir.

İsa Həbibbəylinin Azərbaycanı, Naxçıvanı mifik və qutsal mənalardır. Coğrafi məkanı mifik məkan kimi hiss etmək, yaxud qəbul etmək poeziya ruhundan gəlir. Əminəm ki, alimin coğrafi təxəyyülü etstetik-bədii təfəkkürünün vacib, ayrılmaz elementidir. İsa müəllim inanır ki, "tarixin qədim qatlarından həmin coğrafiyanı tanımağın yolu ilə ədəbiyyat (əfsanə, mif, rəvayət) imiş".

İsa müəllimin lüğətində "xəritə" (atlas) sözü işlək sözlərdən biridir və "coğrafi mifologiya"sından gəlir (Məsələn: Elman Həbibin "Naxçıvannamə" poemasında Naxçıvan diyarının bənzərsiz poetik xəritəsini cızır"). "Xəritə" ondan ötrü bir nəsnənin adı deyil, ədəbi-bədii, mifoloji gerçəkliyi ifadə üsuludur.

İsa Həbibbəylinin "Naxçıvan mətni" onun yaradıcılığını, yaşam və düşüncə təcrübəsinin məhvəridir. Naxçıvan onun "filoloji xəritəsi"dir. Naxçıvan əsilli şairlərin (H.Cavid, M.Araz, H.Razi, E.Həbib, T.Qəhrəmanov və b.) və rəssamların yaradıcılığına həsr etdiyi silsilə yazılarda Naxçıvanın poetik xəritəsini bərpa edir. Bu şairlərin peyzaj-landsaft  təfəkkürünü xüsusi fərqləndirir, coğrafi təxəyyülün obrazlılığı, simvolik zənginliyinə diqqət yetirir.

Görkəmli ədəbiyyatşünasın tədqiqatçı şəxsiyyətinin bir özəl cəhətini də qeyd etmək istərdim - ədəbi mühiti canlı, obrazlı dillə təsvir edir. Dostluq, məsləkdaşlıq kimi mənəvi-etik dəyərlər ictimai-siyasi münasibətlərin fonunda ədəbi-mədəni mühitin dinamikasını görməyə imkan verir. Dahi Cəlil Məmmədquluzadənin müasirləri, məsləkdaşları ilə münasibətlərini "hadisələrin şahidi" kimi elə qələmə almışdır. Məsələn, "Azərbaycan realist ədəbiyyatının proqramm əsəri kimi qiymətləndirilən "Poçt qutusu" hekayəsinin Mirzə Cəlilin qoltuq cibindən ədəbi mühitin təmiz havasına çıxarılması da Məmmədqulu bəy Kəngərlinin adı ilə bağlıdır" deyimi ilə bir xatirə detalına işarə etməsi bu "şahidliyin" təsdiqidi.

Cəlil Məmmədquluzadə onun ədəbi qəhrəmanı deyil, doğması, əzizi, həm də sevimli məsləkdaşıdır. Bunu duyğusal səfər qeydindən bilmək olar. "Başqa bir səfərdə (Fransaya - R.K.) həyatımın mənasına çevrilmiş böyük demokrat yazıçı və mütəfəkkir Cəlil Məmmədquluzadənin nəvəsi, yəni ədibin oğlu Ənvər Məmmədquluzadənin qızı Mehri Səqqətçiyanı tapmaq üçün keçirdiyim yaşantılar, Luvr muzeyinin qarşısındakı eyniadlı otelin foyesində Azərbaycan çayı süfrəsi ətrafında mehri xanımla olan söhbətlərimin həyəcanı unudulacaq əhvalatlar deyildir". 

İsa Həbibbəyli vizual təfəkkürə güclü rəng duyumuna malik alimlərimizdəndir. "Ulu torpağın rəngləri və rəsmləri" adlı məqaləsi onun coğrafi obyektin, landşaftın mahiyyətini rənglərlə görmək duyumunu aydınca göstərir:

"Təndir nəfəsli, qaya əzəmətli, kövşən ətirli hər fəslinin öz görkəmi olan Naxçıvan ən böyük rəssamdır";

"Babək Abuzərli Naxçıvan torpağındakı açıq rənglərə daha çox sənət həyatı verə bilir. Həmzə Sadıqov da Naxçıvanı açıq rənglərlə ifadə edir. Nəriman Əliyev Naxçıvanın işıqlı boz torpaqlarının rənglərini lay-lay, qat-qat quaşla kətana köçürür. Onun rənglərində günəş hərarəti hiss olunur".

Başqa bir yazısından gətirdiyimiz örnək kifayətdir. "İbrahim Yusifoğlu Şərurun qonur, çılpaq dağlarını və Arpaçay vadisini alaseyrək çiçəkli badam sifətində görür. Həyatı barmaqları bənbvşəyi mürəkkəbli şagirdlərin və müəllimlərin arasında keçən İbrahim Yusifoğlunun bir çox misraları isə həm rəng çalarlarına, həm də poetik mənasına görə bənbvşə çiçəyinə bənzəyir":

İsa müəllimin bir çox nəzəri ümumiləşdirmələri hələ də yadımdadır. Səməd Vurğunun "Bakının dastanı"nda, "İçərişəhər" fəsli ildə Vaqif Səmədoğlunun "İçərişəhər" şeirini muqayisəli təhlili ata və oğulun üslubi qarşıdurması kimi maraqlıydı.

Yaxud "realizmə gedən yol Vaqif keçidindən adlayırdı" - səhv etmirəmsə, təxminən beləydi.

İlyas Əfəndiyev təhkiyəsinin poetikası əsasında bütöv yaradıcılığını "Azərbaycan ədəbiyyatının özünəməxsus nağılı" adlandırır və s.

Misraların sayını artırmaq olar.

C.Məmmədquluzadə həyat və yaradıcılığına, Azərbaycan maarifçiliyinə həsr etdiyi dəyərli araşdırmasında sosial institutlara diqqət yetirməsi nəzəri - metodoloji cəhətdən maraqlı yanaşmaqdır. "Kitabi-Dədə Qorqud"a həsr olunmuş son monoqrafiyasında Azərbaycan ədəbiyyatını sosial institut kimi "Kitabi-Dədə Qorqud"dan başlaması da dövlətçilik təfəkkürü və təcrübəsi ilə bağlı məsələdir.

İsa Həbibbəylinin yaradıcılığına bir marağım da, heç şübhəsiz, Cəlil Məmmədquluzadəyə olan sevgimdən qaynaqlanır. İsa müəllimin "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" monoqrafiyası mənim üz tutduğum əsərlərdən biridir. Dəfələrlə bu əsərə istinad etmişəm. Bu araşdırmada dahi ədibin həyat və yaradıcılığının faktları, hadisələri bir-birilə sistemli şəkildə əlaqələndirilir və təhlil olunur.

İsa müəllim öz məqalələrində bir çox tədqiqat mövzularının istiqamətini, yaxud anonsunu verib. Səni bu mövzu üzərində düşünməyə vadar edir. Bir-iki misal çəkim. Hörmətli akademik bəyan edəndə ki, Mir Cəlalın publisistikası bədii cəhətdən hekayələrindən geri qalmır, "bədii yaradıcılığının baş məşqidir". Və səmimi etiraf edim ki, istər-istəməz fikrimdən Mir Cəlal publisistikası oxumaq keçmişdi. Mirzə Cəlilin sənət və ədəbiyyat görüşlərini felyetonlarının içindən "işığa çıxarması" da maraqlı yanaşma kimi xoşuma gəlmişdi. 

P.S. Sonda İsa müəllimin 16 yaşında (3 yanvar 1965-ci il) yazdığı "Təqvim" şeirinin bir bəndini xatırlayım:

 

Səhər tezdən durub mən

Əl atıram təqvimə.

Görən nə yazılıbdır

Bu gün kimin bəxtinə?

 

Azərbaycanın görkəmli alimi və elm təşkilatçısı, akademik İsa Həbibbəylinin tale yazısı artıq müəyyən qədər məlumdur. Amma təqvimdə bu gün onun doğum günüdür. Ürəkdən təbrik edir, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzu edirik.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!