Cavanşir YUSİFLİ
Əslində, ithaf şeirləri kimisə tərəfləməkdən çox, onu öyrənmək, yaxud öyrəndiyinə əmin olmaq anlamını daşıyır. Daha doğrusu, Nizami Gəncəviyə həsr edilən şeirlər əslində, normal halda onun poetikası önünə tutulan güzgü rolunu oynamalıdır, bu isə bir daha təkrar edək, həmin mətnlərdə Nizami yaradıcılığının necə mənimsənilməsindən asılıdır. Bu da təbiidir, çünki burda söhbət heç şübhəsiz ki, şəxsiyyətdən, onun xarakteri və simasından getmir (yadınıza salın Svetayevanın ithaf şeirlərini, bu tipli mətnlərdə o, haqqında yazdığı şəxsin portretində bircə ayrıntını qabardırdı: gözlər... həm də tutqun və kəskin baxışlı,.. məsələn, şeirlərinin birində belə yazırdı: iki şəfəq, iki qızartı yeri, yox, güzgü!..), uzaq əsrlərdə qalmış obrazın bu gün bütün cizgiləri ilə canlandırılması yalnız təxminlər verə bilər. İthaf şeirləri bu mənada Nizaminin yaradıcılığında, misralar arasına düşən işıq şüasının sınmasından nəşət tapır, yəni bu ithaf şeirlərini qələmə alan ədiblər Nizami Gəncəvi yaradıcılığında işığın bu şəkildə "sınması"nı necə görüb, öz yaradıcılıqlarında bunu necə əks etdiriblər.
Böyük mütəfəkkir Nizami Gəncəviyə həsr edilən şeirlərdə bu həqiqət aydın şəkildə hiss edilir. Vaxtilə sovet dönəmində böyük şairin əsərlərinin poetik tərcüməsinə start veriləndə bunun tərcüməçi şairlər üçün nə qədər böyük anlam daşıdığını və onların ədəbi taleyini dəyişdirəcək məktəb olacağını çoxları bilmirdi. Nizami yaradıcılığı, Nizami Gəncəvi adı, məşhur bir ifadədə deyildiyi kimi bütöv, arasıkəsilməyən bir prosesdir, onun diqqətlə oxunması bədii dünyagörüşü hardasa ilişdiyi çərçivələrdən azad etmək, onu büsbütün dəyişdirmək gücünə malikdir ("Hölderlin bizim üçün hansısa fərqləndirici mənada şairlər şairidir. Elə buna görə də onun başlatdığı proses səciyyəvidir...". Haydegger).
Diqqət edin, "Xəmsə"ni və Nizaminin lirikasını dilimizə çevirən şairlərin həyatında, ədəbi taleyində daha sonralar sıçrayış anlamında baş verən hadisələrin stixiyası bir bütöv aura formalaşdırdı. Bu topluda Səməd Vurğunun şeirinə diqqət edin:
Yoğruldu bütün varlığın ümidlə hünərdən,
Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,
Hər kəlməni, hər şeirini bir top kimi atdın,
Sevda yuxusundan bizi vaxtında oyatdın.
Xoş gəldin, əzizim, gəlişindən ana yurdu
Dünya evinə bir yeni söz məclisi qurdu...
Bu misralarda sözün həqiqi mənasında Nizami bilmək, onun poetikasının mahiyyətini anlamaq mənasında çox az şey var, amma zaman keçdikcə şairin yaradıcılığında Nizami "izi" dərinləşir (yəni Nizami Gəncəvi poetikası "hədəfə aldıqlarına" təkcə birbaşa yox, zamanla, zamanların arasından keçərək təsir edir...), Nizami həmin illərdən başlayaraq bütün şairlərin söz dünyasına sirayət edir, həm də çox ciddi bir ədəbi fiqur kimi. Nizami Gəncəvinin həm poetik, həm də filoloji tərcümələr vasitəsilə ədəbiyyatımıza, bədii təfəkkür aləminə daxil olması və bundan sonra nələrin baş verməsi... şübhəsiz ki, bu topludakı (Ramil Əhməd. Nizami Gəncəvinin poetik portreti, Nizami Gəncəviyə həsr edilmiş şeirlərdən ibarət toplu) mətnlərdən o qədər da görünmür, əsl mənzərə sovet dönəmindən üzü bəri Azərbycan poeziyasında Nizaminin təsiri ilə böyük mətləblərin şeir dilinə çevrilməsidir.
Böyük şair M.Şəhriyarın farsca yazdığı bir şeirdə Nizami Gəncəvi dühasının səciyyəsi bütün parlaqlığı və masştabı ilə açılır, bu bədii mətndə yer alan personajlar - qoca Şərqin az qala bütün filosof və fikir adamları, şair və alimləri arasında Nizami obrazı kəskin şəkildə fərqlənir və bu fərqə yön verən Şəhriyarın Nizamini hansı dərəcədə dərindən duymasıdır. Bu mətndə bütün personajlar danışır, hərəkət edir, dinamika yalnız onların hərəkətləri üzərində qurulub və belədə ad çəkilməsə kimisə tanıya bilməzsən, ancaq dialoq uzandıqca üzdən daxilə, hərəkətdən daxili qasırğalara keçid baş verir və bədii mətnin çoxplanlılığı öz işini görür. Əsas məqam isə orada Nizaminin sadəcə susması, əvvəldən sona qədər olduğu yerdə qalmasıdır. Şəhriyar Nizamini az qala heç bir söz və hərəkətlə səciyyələndirmir, onun sükutu və olduğu yerdə qalması bədii mətn boyu baş verən amansız, sürəkli hadisələrdən hasil olur. Və bir ara sənə elə gələ bilər ki, Nizami də Şəhriyarın təhkiyəsini dinləyir...
Nizamini anlamaq ədəbiyyatın əsl missiyasına vaqif olmaqdır. Yaxud Seyid Əzim Şirvaninin
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü - ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək
Beyti, evi, məktəbi, kəlamı dağılan
- misraları dünyada çox böyük dühaların, onların mətnlərindən görünən hikmət dünyasının həm gizlin (sirli), həm də dünyanın, gerçəkliyin sərhədlərinə sığmaması fikrini də ifadə edir və bu tipli nəsnələr daim dağıntıya məruz qalır, dünya daim çox böyük şeyləri, insanı olduğundan uca və yüksək göstərən nəsnələri yerlə bir etməyə (bərabərləşdirməyə-!), bu situasiyada onun görünməməsinə çalışıb. Seyid Əzimin bəndinin görünən və bilinən anlamı təkcə fiziki dağıntı, nəyinsə uçması, dağılması demək deyildir, dünyadan böyük olmaq, onun sərhədlərindən daşmaq... elə toz olmaq, dağılmaq, yaxşı mənada görünməmək deməkdir. Böyük ədəbiyyat həmişə və hər yerdə, həm də bütün zamanlarda bu tipli görünməyən nəsnələrin təsirinə uyur, onunla yaşayır, onunla nəfəs alır... Seyid Əzim Şirvani bu kiçik mətndə Nizami və zaman konseptinin bütün mahiyyətini üzə çıxara bilmişdir. Belə bir ayrıntıya diqqət edək.
Qaydenko Piamanın fikrincə, "Meterlinqin "Orada, içəridə" adlı pyesində iki hissə var: otaq və onu dörd bir yandan bürüyən qaranlıq. Ailə - ana, ata, iki qız uşağı bu gecəni otaqda lampa işığında keçirir. Ananın qucağında uşaq var, mürgüləyir. Bacılar nəsə toxuyurlar, sakitcə. Ancaq bu azca işıqlı "ada"nı bürüyən qaranlıq otaqdakılara görünmür, tamaşaçılarsa bunu faktiki seyr edirlər. Bütün hadisələr (əsas hadisələr, faktura -!) bağda, evin pəncərəsi altında cərəyan edir: bir dəstə adam bağa yığışıb, indicə ailənin başına gələn bədbəxt hadisəni onlara xəbər verəcəklər: üçüncü bacı həlak olub, cəsədini evə gətirirlər".
Bu pyesdə Meterlink nə deyir? Deyir ki, qaranlığı görən tamaşaçıya insanın onun üçün hələ mövcud olmayan şeyə necə münasibət bəsləmək imkanı verilir, halbuki ailə üzvləri üçün bayırda, qaranlıqda deyilənlər "heç nə"dir. Onlar, yaxud aralarında kimsə bunu dumanlı şəkildə fəhm edə bilər. Ancaq dramaturq üçün maraqlı olan bu deyil, əsas məsələ mövcud olan gerçəkliklə mövcud olmayan gerçəkliyin intuitiv və faktiki əlaqəsidir: Meterlinqin fikrincə, qorxu, həyəcan, həsrət, ürəyə damma... elə insanın həmin "heç nə"yə münasibətidir. Qorxur, amma niyə qorxduğunu, niyə təlaşlandığını kəsdirmir. Və bu "heç nə" ilə "təmasda" məhz real dünya qəfildən "mövcud olmayan nəsnəyə" çevrilir. Görünən görünməyənə və əksinə çevrilir. Bu üzdə olan (faktiki) heç nə insanı "heç nədən" qoruya bilməz, çünki həmin boşluq elə insanın öz içindədir, onun taleyidir.
Təhlil assosiativ alınsa da, deyək ki, bizimlə münasibətdə bədii əsər, şübhəsiz ki, bədii cəhətdən mükəmməl əsər məhz "qaranlıqdır" və belə olduğu üçün də bizə nəyisə dərindən təlqin etmək, ən yüksək tonla deyilənləri pıçıltılara çevirmək, heç eşidilməyən sözləri isə ürəyimizə, ruhumuza damızdırmaq qüdrətinə malikdir. Niyə bəs qaranlıq? Poeziya görünməyən, ağla gəlməyən dünya ilə təmasdan bəhs edir və bu qaranlıq və görünməyən dünya zamanla görünən, əlini toxundura bildiyin gerçəklikdən daha yüksək və əhəmiyyətli olur, Meterlinqin pyesində olduğu kimi, iki dünyanın hər yeri bağlı, işıqsız, yalnız ailə üzvlərinin yığışdığı otağın şamla işıqlandırıldığı, amma onun da böyür-başının qaranlıqla qucaqlaşdığı otaq iştirakçıların sövq-təbii fəhm etdikləri kənardakı qaranlıqdan çox kiçikdir. Nizami Gəncəvinin bu qüdrəti təəssüf ki, ona həsr edilən mətnlərə az sızıb. Gənc şair Ramil Əhmədin çapa hazırladığı topluda bu sızıntılar mətndən mətnə izlənilir və nəticə etibarilə ithaf şeirlərindəki "güzgü metaforası" fərqli şəkildə şərh edilə bilib.
Nizami Gəncəviyə həsr edilən şeirlərdən sözə başlayan bu kitab bir layihə və ideya olmaq etibarilə oxucuya məmləkətdə böyük poeziya dahisinin necə duyulması məsələsini gündəmə gətirir. Bu mətnlər bəzən ithaf janrının dar çərçivəsinə sığır, bəzən də o çərçivəni qırır. Şübhəsiz ki, Nizami Gəncəvini anlamağın, onu bütün dərinliyi ilə duymağın mübahisəsiz yolu "Xəmsə"ni yazıldığı dildə oxumaqdır. Bu mümkün olmadıqda onun ana dilinə çevrilən filoloji və poetik variantları kömək ola bilər. Ancaq Nizamiyə həsr edilən və bu kitabda yer alan şeirlər başqa bir məna daşıyır: Nizami Gəncəvi kimdir, onun Azərbaycan və dünya poeziyasında yeri hardadır? Böyük şairin bədii mətnlərinin yaratdığı və zaman keçsə də solmayan mənaların insan həyatı ilə əlaqəsi hansı formadadır? Bütün bu sualların cavabını Ramil Əhmədin tərtib etdiyi kitabda axtarmalıyıq. Bu kitab, eyni zamanda bütün yuxarıdakı sualları da içinə alan yeni bir ideya və yolun başlanğıcı da sayıla bilər, ard-arda düzülən mətnləri oxuduqca bütün dünyada tanınan və oxunan dahi Nizaminin sözünə yolun bitib-tükənməyəcəyinə bir daha əmin olursan...
Başqa bir sual: Nizamiyə həsr edilən şeirlər nəyin göstəricisidir, şübhəsiz ki, bu, onun əsərlərini, yaradıcılıq ideyasını dərindən anlamağın mükəmməl ifadəsi deyildir, deməli, burada daxilən dolmaqdan, yaxud nəyinsə qəlbə damıb Nizami əsərlərindəki sirli qatlardan hansı birininsə şairin ruhunda oyanması ilə əlaqəsi çox azdır, daha doğrusu, Nizami dühasına qiymət vermək, onu ədəbi kəhkəşanda ayırıb fərqləndimək məsələsi hələ gündəmdədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!