Elnarə AKİMOVA
Nizami Gəncəvinin irsi Azərbaycan yazılı uşaq ədəbiyyatının məhvərində dayanan böyük arsenaldır. Yaradıcılığı büsbütün nəsihət üslubu, əxlaqi-mənəvi dəyərlərin, insani özəlliklərin təbliği üzərində qərarlaşan şair poeziyasının ehtiva etdiyi bütün fəlsəfi dərinliyə, metafizik qata baxmayaraq, ilk növbədə bu keyfiyyətlərin üstünlüyü ilə önəm kəsb edir.
Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü, formalaşması və inkişafı tarixindən bəhs edən bütün kitablarda, ədəbi-elmi və pedaqoji-metodik ədəbiyyatların əksəriyyətində, eləcə də uşaq ədəbiyyatına həsr edilən dərsliklərdə yazılı uşaq ədəbiyyatının tarixini bir qayda olaraq Ə.Xaqani, N.Gəncəvi və M.Füzulidən başlayırlar. Rafiq Yusifoğlunun "Uşaq ədəbiyyatı" (2002), Qara Namazovun "Azərbaycan uşaq ədəbiyyatı" (2007), Zahid Xəlil və Füzuli Əsgərlinin "Uşaq ədəbiyyatı" (2007), Vüqar Əhmədin "Azərbaycan uşaq ədəbiyyatı" (2006) kimi dərslik və dərs vəsaitlərində klassik sənətkarların ədəbi irsində olan didaktika, öyüd və hikmətli, nəsihət xarakterli nümunələr uşaq ədəbiyyatının örnəkləri kimi təqdim edilmişdir. Hərçənd XIX və XX əsr ziyalıları olan S.Ünsizadə, S.Ə.Şirvani, F.Köçərli və başqaları bu tip əsərlərin uşaqların yaş və bilik səviyyəsi üçün uyğun olmadığını, onların yalnız oxu materialı kimi işə yaradığını vurğulamışdır. Bu qənaəti doğuran əsas səbəb ana dili məsələsi idi ki, dövrün ziyalıları uşaqlar üçün yazılan əsərin onların öz ana dilində olmasını, milli xüsusiyyətlərin nəzərə alınmasının vacibliyini irəli sürür, dünyagörüş və bədii zövqün formalaşması məsələsini ikinci planda qabardırdılar. Bu ziyalılara görə, Ə.Xaqani, N.Gəncəvi, S.Şirazi kimi sənətkarların əsərləri, "Gülüstan", "Bustan", "Leyli və Məcnun" və s. kitabların heç biri Azərbaycan dilində yazılmamış, uşaq dünyası, onların yaş psixologiyası nəzərə alınmamışdır. Amma burada bir mühüm məqam var və bu məqam ümumiyyətlə, Nizami irsinin dünya mədəniyyətinin içindəki yerini - yolunu müəyyənləşdirməklə birbaşa bağlı məsələdir. Məlumdur ki, Nizami irsi İslam Şərqi mədəniyyəti içindədir. Bu, həmin dövrün reallığıdır, o dövrdə ədəbiyyat büsbütün ümumislam Şərqi mədəniyyəti içində qərarlaşmışdı. Nəinki Azərbaycan uşaq ədəbiyyatı, ümumiyyətlə Azərbaycan ədəbiyyatı deyilən bir anlayış yox idi. Həmin dövrdə mədrəsə və məktəblərdə adıçəkilən sənətkarların, o cümlədən Nizaminin əsərlərindən dərs vəsaiti kimi istifadə edilmiş, onlardakı nəsihətamiz fikirlər, ibrətamiz hekayələr tərbiyəvi əhəmiyyəti ilə böyük rol oynamışdır. Maraqlı bir faktın üzərində dayanmaq olar. 1947-ci ildə Nizami Yubileyi Komitəsi və Azərbaycan Sovet Yazıçıları İttifaqının nəşr etdirdiyi "Nizami" adlı çoxcildliyin dördüncü cildində (redaktoru: Səməd Vurğun, müavinləri: Mikayıl Rəfili və Cəfər Cəfərov) Nizaminin bəzi əsərlərinin Əvəz Sadıqov tərəfindən nəsr tərcüməsi verilmiş, kitabda yer alan bir neçə hekayə - "Xorasanlı və xəlifə", "Çoban və üzük", "Rəssam Maninin hekayəsi", "Şəkər" və "Çörəkçinin sərgüzəşti" uşaq ədəbiyyatı nümunəsi kimi təqdim olunmuşdur.
Onu deyək ki, Nizami Gəncəvinin əsərləri uşaqlar üçün bir çox şair və yazıçılarımız tərəfindən işlənmişdir. Bunlardan "İskəndər və çoban" (Mirmehdi Seyidzadə, 1940), "Fitnə" (Mir Cəlal, 1941), "Kərpickəsən" (Mir Cəlal), "İlin fəsilləri" (Mir Cəlal), "Xeyir və şər" (Mir Cəlal), "Sehrli üzük" (Abdulla Şaiq), "Yaralı oğlan" (Qılman Musayev) kitablarının adını çəkmək olar. Eləcə də 1939-cu ildə "Pioner" jurnalı" nəşriyyatında Səməd Vurğunun təqdimatı və tərcüməsində Nizaminin uşaqlar üçün şeirləri çap olunmuşdur.
Göründüyü kimi, Nizami irsi uşaq ədəbiyyatı üçün maraqlı və zəngin məxəz olmuş, istər yüksək sənət materiyası, istərsə də aşıladığı mənəvi dəyərlər baxımından faydalı nümunə hesab edilmişdir. Hər halda "oxu materialı" kimi faydalı olsa belə, dünya və cəmiyyət məsələrinin geniş problematikasına varan Nizami sözünün yetişən yeni nəslin idrakında əvəzsiz təsir mənbəyi olması şübhəsizdir. Ona görə də "Azərbaycan yazılı uşaq ədəbiyyatı tarixinin süni surətdə qədim və orta əsrlərə aparılması cəhdi tarixi, elmi-pedaqoji və məntiqi cəhətdən qeyri-elmidir" (Xeyrulla Məmmədov. XIX əsr Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 1992, s.5), - kimi fikirlərlə razılaşmaq olmur. Əksinə, zəmin, bünövrə kimi elə bu zaman kəsimlərini məqbul sayaraq, bu sırada Nizami irsinin böyük missiya həyata keçirdiyini danmaq olmaz. Hansı missiya? Bu barədə fikirlərimizi əsaslandırmağa çalışaq.
Əvvəlcə onu vurğulayaq ki, neçə yüzillik boyu Nizamidən təsirlənən şair və yazıçılar arasında uşaq ədəbiyyatımızın bir sıra nümayəndələri vardır. Bu sənətkarlar Nizami Gəncəvinin müxtəlif əsərlərindən bəhrələnərək hekayə və pyeslər meydana qoymuşlar. Məsələn, Abdulla Şaiq şairin "Yeddi gözəl" poeması əsasında "Fitnə", "İskəndərnamə" poeması əsasında isə "Nüşabə" pyeslərini yazmışdır. Mirmehdi Seyidzadənin "Sevgi" və "Fitnə" əsərləri Nizaminin "Xosrov və Şirin" və "Yeddi gözəl" poemasının motivləri əsasında yaradılmışdır. Sovet dövrü Azərbaycan uşaq ədəbiyyatının tanınmış nasirlərindən olan Əli Səmədli Nizaminin "Yeddi gözəl" poemasında yer alan "Xeyir və şər" hekayəsinin motivləri əsasında "Hərənin bir ulduzu" nağıl-povestini qələmə almış, Çin qızının söylədiyi bu məşhur hekayəni sadə və rəvan uslubda uşaqlara ərməğan etmişdir.
Ədəbiyyat tariximizdə maraqlı bir fakta da diqqət yönəltmək istəyirəm. Məlumdur ki, Seyid Əzim Şirvani qəzəlinə gözəl bir nəzirə yazmış şagirdi Ələkbərə hədiyyə olaraq Nizaminin "Xəmsə"sini göndərmişdir. Nizaminin əsərlərinin uşaqlar üçün deyil, böyüklər üçün yazıldığını bildirən Seyid Əzim yəqin ki, "Xəmsə"ni də elə bu kontekstdə - layiqli bir "oxu materialı" olaraq öz şagirdinə uyğun bilmişdir. Hər halda danılmaz faktdır ki, gələcəyin ən gözəl satiriki olmaqla yanaşı, ədəbiyyat tariximizə ən gözəl uşaq mətnlərinin müəllifi kimi adını yazdırmağı bacaran Mirzə Ələkbər Sabirin bu hünərində Nizaminin məşhur beşliyinin məxsusi rolu olmuşdur.
Nizami öz yaradıcılığı ilə əsl insanla əsl şairi birləşdirən yüksəkliyə adlamış sənətkardır. Bu onun yaradıcılığında konsepsiya, təlim səviyyəsində gerçəkləşdiyindən, dünya və cəmiyyət məsələlərindən böyük həssaslıqla bəhs edildiyindən burada uşaq, yaxud böyük yaş senzinin çalarlarını axtarmağın özü belə yersiz görünür. Bütün hallarda aşılanan ideya ruhsal yetkinlik, saf və ali başlanğıcdır, kamil şəxsiyyət olmağın sınırlarını hədəfə alan rəmz və işarələr sistemidir, mənəvi-əxlaqi zənginlik və nəcib xarakter yaratmaq qayəsinə yön almış sənətdir. O zaman biz mahiyyətə enib formanın deyil, məzmunun faydalılığı haqqında düşünüb qərar çıxarmalıyıq. Nizaminin çox məşhur - "Zalım padşahla Zahidin dastanı", "Kərpickəsən kişinin dastanı", "Sultan Səncər və qarı", "Fitnə", "Nuşirəvan və bayquşların söhbəti", "Meyvəsatanla tülkünün nağılı", "Bülbül ilə qızılquşun dastanı", "Yaralı uşağın dastanı" və başqa hekayətlərindəki ibrətamiz motivləri bir-bir şərh edərək onlardakı didaktik səviyyənin uşaqlar üçün nə qədər faydalı olmasından geniş bəhs etmək mümkündür. Bura şairin bütün poemalarına səpələnmiş təmsil və alleqoriyadan məharətlə istifadəni, nağıl janrında sərgiləmiş olduğu ideya-məzmun vüsətini, humanist qayənin gücünü əlavə etsək, görürük ki, Nizami əsərlərində yeddidən yetmiş yeddiyə hər kəsin ala biləcəyi bir hikmət, bir dərs vardır. Dünya ədəbiyyatında xüsusi olaraq uşaqlar üçün yazılmayan, lakin bütün yaş qrupları tərəfindən məhəbbətlə qarşılanan və çağımızadək oxunan əsərlər vardır. Bəşər əhli illərdir K.İ.Çukovskinin, P.P.Yermolovun əsərlərini təkrar-təkrar çap edir, A.S.Puşkinin nağıllarını, İ.A.Krılovun təmsillərini sevə-sevə oxuyur. Görkəmli rus tənqidçisi V.Belinskinin belə bir fikri var: "Uşaq ədəbiyyatı balaca uşağın tərbiyəedilmə, şəxsiyyətinin formalaşdırılma vasitəsidir... Uşaqlar nəticə, təsdiq və məntiqi ardıcıllıq tələb etmirlər, onlara surətlər, rənglər və səslər lazımdır. Uşaqlar ideyaları sevmirlər, onlara tarixi rəvayətlər, povestlər, nağıllar və hekayələr lazımdır". Bu baxımdan, yaradıcılığında daim xalq folklorundan, təbiət təsvirlərindən geniş istifadə edib çoxsəsli və çoxçalarlı mətnlər meydana qoyan Nizamini uşaq ədəbiyyatının memarları sırasında almaqda tam haqlıyıq.
Qeyd edək ki, Nizamiyə bu statusu qazandıran həm də onun oğlu Məhəmmədə yazdığı nəsihətlərdir. Məlumdur ki, Nizami oğlu Məhəmmədə üç əsərində xitab etmişdir: "Xosrov və Şirin", "Leyli və Məcnun" və "Yeddi gözəl" poemalarında. Hər yeddi ildən bir - 7, 14, 21 yaşlarında edilən bu müraciətlərlə Nizami oğlunu mənən ömrün müxtəlif instansiyalarından keçirməyə, hər yaş mərhələsinə müvafiq ata nəsihəti verməyə çalışmışdır. Bunun özü Nizaminin uşaqlarla bağlı həssas mövqe sərgiləməsinin, onlara hər yaşda hansı dəyərləri aşılamağı bilməsinin göstəricisidir.
Əvvəlcə bunu deyək ki, şair bu şeirlərdə oğluna gözəl müraciət üsullarına yer verir: "Yeddi yaşlı balam, gözümün nuru!"; "Sən, ey on dörd yaşlım, hər elmə yetkin!". Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan şairi Nizami" əsərində yazır: "İlk aşkının yadigarı oğlu Muhammedi (Mehmed) Şair daima düşünmüş, bu "Türk çocuğunu" candan bir ilgi ile beslemiştir. Şairin, kendi "Mehmetciği"ne hitap eden beyitleri dikkate değer düşünce ve duyğularla doludur. Birer baba ögüdü şeklinde olan bu hitaplar, hakim Şairin, olgun adam tipinin nasıl yetişebileceği hakkındakı en samimi duyğularına tercüman olmaktadır. Çok sıcak bir ilginin mahsulu olan bu duyğuları ile o, sevgili oğlunun hatırasını dahi, sevimli eserleri ile beraber, ebedileştirmiştir. Zaten o, oğlunu eserlerinden biri gibi telakkı etmekte, onu kitaplarına kardeş saymaktadır".
Bu fikirlər Nizaminin oğlu Məhəmmədi klassik ədəbiyyatımızda ilk uşaq obrazı kimi təqdim etməyə imkan verir. Bu obraz Nizaminin əsərlərində daim diri, dinamik şəkildə daim mərkəzdədir. Oğlunun adı, necə deyərlər, şairin dilinin əzbəridir, ən sevimli əsərlərini ya Məhəmmədə xitabən başlayır ("Leyli və Məcnun" və "Yeddi gözəl"), ya da bitirir ("Xosrov və Şirin"). Şairin nəsihətlərində meyar birdir: Nizami övladına elm, sənət yolunun tükənməz bir xəzinə olduğunu anladır, bilik əldə etməyi, peşə sahibi olmağı cəmiyyət içində hörmət qazanmanın yeganə rəhni kimi qiymətləndirir: "Ucalmaq istəsən, bir kamala çat, // Kamala ehtiram göstərər həyat".
Həmid Araslının 1940-cı ildə böyük yaşlı uşaqlar üçün sadə bir dildə yazıb çap etdirdiyi "Şairin həyatı" (redaktoru: Mir Cəlal) kitabında nəql olunur ki, bir gün evə gələn zaman oğlu Məhəmmədin şeir yazdığını görən Nizami ona elm yoluna yönəlməyi, sənətin dərinliklərinə varmağı təlqin etmişdir:
"Oğlunun elmdən, öyrənməkdən əl çəkib gücü düşmədiyi işə yapışmasından qorxan ata, onun təhsili ilə daha ciddi məşğul olmaq lazım gəldiyini düşündü.
Məhəmməd öz şeiri haqqında atasının rəyini bilmək istəyir və diqqətlə ona baxırdı.
- Demək şair olmaq istəyirsən?
- Bəli, ata!
- Çox böyük arzudur. Ancaq oğul, hələ savad öyrən, bilik qazan! Elmsiz sənət, boş və mənasız əyləncədir. Fiqh öyrən, təbabət öyrən, şeirlə, qəzəllə məşğul olma. Xalqa biliklə, bacarıqla kömək et. Xalqın dərdinə qal və öz xidmətinlə dünyanı bəzə!".
Nizaminin oğluna nəsihətində bir məqamı da qeyd eləmək lazımdır. Tanrı sevgisi Nizaminin əsərlərində aparıcıdır, əvvəldən sonadək dominantlığını qoruyur. Onun üçün Tanrısız heç bir əxlaqi dəyərlər sistemi yoxdur. Tanrıya münasibət ölümsüzlük məqamında qərar tapmışdır. Burada Tanrı da, insan da diri, yer üzünün əşrəfi sayılan varlıqlardır. Onlardan biri digərini yetirən əsas səbəb kimi çıxış edir. İnsan Tanrını duyduğu, hiss etdiyi, ona tapındığı qədərincə öz varoluşunun təminatçısı salıya bilər. Nizami Gəncəvi oğlu Məhəmmədə nəsihətində yazır: "Sən Tanrıyla əhdini pozmasan, // Səni əmin eləyirəm ki, hər şeydən xilas olarsan".
Təsadüfi deyil ki, Allah sevgisini şair oğluna yeddi yaşından aşılamağa çalışır: "Ruzi verdi sənə o pərvərdigar, // Üstündə mənim yox, onun adı var". Yalnız bu məqam istisna olmaqla digər xüsusiyyətləri şair oğluna mərhələli şəkildə - yaş senzlərinə uyğun təlqin edir: bilik öyrənməyi, sənət dalınca getməyi, əxlaq, ədəb, mərifət elmindən hali böyüməyi. Bu təlqinlər içində özünü öyrənmək, öz dəriniyinə enmək kimi mühüm cəhəti də unutmur: "Bu əyri cizgilər cədvəlində sən // Özünü şərh edib, özünü öyrən!". Bəli, özündən, ilkinliyindən Allaha doğru aparan yol! Bu yolun süvarisi isə qazanılan bilik və sənətdir!
Nizami Gəncəvinin "Oğlum Məhəmmədə nəsihət"i hər bir valideyn üçün proqram səciyyəli poetik mətndir. Şair burada övlad tərbiyəsinin əsaslarını, üsul və metodlarını açıqlayır. Bir övladı faydalı insan, şəxsiyyət kimi necə yetişdirmək olar? Həyatın mənası nədədir, məqsəd, qayə necə olmalıdır? Səkkiz yüz səksən ildir Nizami öz öyüdləri ilə insanı gözəl tərbiyə əsasında böyütməyin, nizamı və ahəngi fərdi-mənəvi "mən"də aramağın yollarını təklif edir bizlərə. Və səkkiz yüz səksən ildən sonra da bu yol bütün naqislikləri yarıb keçməkdə xalis xilas kimi görünür!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!