Nizami Gəncəvinin ictimai idealı - Aygün BAĞIRLI

Aygün BAĞIRLI

 

Yaradıcılığı ədalət, ağıl, insan səadəti, hikmət, işıqlı düşüncə haqqında konsepsiya olan Nizami Gəncəvi Hötenin dediyi kimi, gələcək üçün yazırdı. Nəzərə alsaq ki, alman şairinin "gələcək" dediyi zaman sonsuzdur və həm də bizim yaşadığımız bu gündür, deməli, Nizami bütün zamanların və epoxaların  şairidir. Onun işıqlı ideyaları zamanın hər dönəmi üçün aktualdır. Nizami bütün zamanların şairi olduğu kimi, həm də bütün nəsillərin şairidir. Əgər gənc oxucu şairin irsindən azadlıq, mübarizlik, çalışqanlıq, eşq fəlsəfəsi haqqında hikmətlər əxz edirsə, illərin təcrübə qazandırdığı oxucu mənəvi ucalıq,  fani və əbədi həyat, vəfasız dünya haqqında ustad düşüncələriylə tanış olur. Nizami təkcə ədalət, əxlaq, təbiət, sevgi kimi ayrı-ayrı hadisə və problemlərdən bəhs etmirdi. O, ümumilikdə "ideal cəmiyyət"in forma və məzmunca bir birini tamamlayan konsepsiyasını təqdim edirdi.

Nizaminin "ideal cəmiyyət"ində hamının hüququ eynidir, bu cəmiyyətin sakinlərində xəyanət, tamahkarlıq, xəbislik, lovğalıq kimi xoşagəlməz əlamətlər yoxdur, onlar dünyaya öz işıqlı pəncərələrindən boylanırlar. Bu insanların düşüncələri, həyata baxışları, ətraflarına münasibəti nurlu və işıqlıdır, onlar dar gündə bir yerdə olmağı, bir sevinib, bir kədərlənməyi bacarırlar.

Nizamişünas alim Azadə Rüstəmin dediyi kimi, "Nizami tarixin və zamanın acı həqiqətləri fonunda bəşəriyyətə xəyali gözəlliklər diyarının ideal modelini təqdim edirdi. İskəndərin üzləşdiyi utopik xoşbəxtlər ölkəsi Nizami ictimai-siyasi-əxlaqi görüş, amal və qayəsinin bədii qəlibdə cilvələnən qələbə akkordları idi, şairin insan və cəmiyyət konsepsiyası yönümündə fəlsəfi-poetik qənaətlərinin son, təntənəli yekunu idi".

Nizamişünasların əksəriyyəti - Aleksandr Makovelski, Yevgeni Bertels, Məhəmməd Əmin Rəsulzadə, Heydər Hüseynov, Camal Mustafayev, Məmməd Arif, Xəlil Yusifov, Azadə Rüstəm və başqaları öz tədqiqatlarında "ideal cəmiyyət" haqqında fikir və mülahizələrini söyləmiş, dərin fəlsəfi köklərə söykənən bu utopik  nəzəriyyəyə  münasibətlərini bildirmişlər. Kimi bu "Xoşbəxtlər ölkəsi" konsepsiyasının mənbəyinin "Avesta"dan ("Vəndidad"ın I fəslinin XIX bəndi - "Başsızlar ölkəsi"), kimi sufi folklorundan, kimi Fərabinin "Mədineyi-fazilə"sindən, kimi Firdovsinin "Şahnamə"sində İskəndərin brəhmənlərlə görüşü epizodundan, kimi Xürrəmilərin dünyagörüşündən - Babəkizmdən qaynaqlandığını söyləyir, kimi də yunan fəlsəfəsindən, hətta qədim xristianlıqdan nəşət tapdığını irəli sürür. Biz isə bütün bu deyilənlərə yekun olaraq deyə bilərik ki, Nizami Gəncəvi xəyallarındakı cəmiyyətin poetik cizgisini verərkən həm Şərqin, həm də Qərbin ona qədərki ən işıqlı düşüncə və fikirlərini ümumiləşdirərək öz ideal modelini təqdim edə bilmişdir.

"İdeal şəhər"in coğrafi məkanı haqqındakı fikir və mülahizələr də az mübahisə doğurmamışdır. Dahi sələfinin yaradıcılığına böyük ehtiram bəsləyən, onun eşq haqqındakı şahanə dastanını - "Leyli və Məcnun"u dilimizə çevirən, əsərlərinin motivləri əsasında "Fərhad və Şirin" pyesini yazan Xalq şairi Səməd Vurğun bu haqda yazırdı: "Şair şimalda, böyük rus xalqının və slavyan xalqlarının vətənində bir cəmiyyət təsvir etmişdir. Elə bir cəmiyyət ki, orada ağalar və qullar yoxdur, orada insanların mənəvi bərabərliyi hökm sürür, elə bir cəmiyyət ki, orada şəxsiyyət bütün cəmiyyətin, kollektivin mənafeyi naminə yaradır və qurur, insan zəkası və həyat həqiqəti təntənə çalır". Göründüyü kimi, Səməd Vurğun da bir çox sovet nizamişünasları kimi hesab edir ki, şairin təsvir etdiyi "Xoşbəxtlər ölkəsinin" məkanı şimalda - rusların yaşadığı ərazidədir. Məhəmməd Əmin Rəsulzadə isə "Azərbaycan şairi Nizami"  adlı monoqrafiyasında yazır: "Cənnət şəhər" qətiyyən, heç də SSRİ-nin olduğu yerdə deyil. Çünki Nizami İskəndərin bu şəhərdən ayrılaraq, Yunanıstana doğru aldığı yolun istiqamətini göstərir. Həmin istiqamətə əsasən, İskəndər dənizdən keçmiş və xeyli yol aşdıqdan sonra Kirmandan Kirmanşaha, oradan Babilə, Babildən də Şəhrizura getmişdir. Bu cür aydınlıq olduğu halda "Cənnət şəhər"in qırmızı Moskva olduğunu iddia etmək coğrafiya elminə təhqirdir! Şairin təxəyyülündə canlanan bu ideal şəhərin yerini təyin etmək mütləq lazımdırsa, onu (Xırxız) Qırğızla bağlı bir ölkədə axtarmaq gərəkdir. Hər ideal şeyi türklüyə aid edən şair "ideal şəhər"i də Türküstanda görmüşdür. Qədim yunan mənbələrində də məhz Türküstanda xüsusi mülkiyyət bilməyən cəmiyyətlərdən bəhs olunur".

Göründüyü kimi, Rəsulzadə bu məqamda Gəncəvinin digər tədqiqatçılarından fərqli mövqedə durur. Əgər Sovet Nizamişünasları XII əsrin filosof şairinin təsvir etdiyi bu utopiyanın sosializm cəmiyyəti ilə heyrətamiz dərəcədə həmahəng olduğunu, Sovetlər ölkəsinin "tarixi nailiyyətləri" ilə romantik şairin nəcib və yüksək arzularının ötüb-keçdiyini söyləyirdilərsə, M.Ə.Rəsulzadə Nizaminin təsvir etdiyi "Ədalət şəhəri" ilə "Sovet cənnəti"nin arasında heç bir oxşarlıq görmür və çox uğurlu və maraqlı müqayisə aparırdı: "Nizaminin "Cənnət şəhər"i dindardır, "Sovet cənnəti"  isə dinsizdir. Birinci Allahı tanıyır, o biri isə rədd edir. Birincidə yalan söylənməz, ikincidə isə yalan ən böyük təbliğat silahıdır. Birincidə sevgi əsas, ikincidə isə nifrət hakimdir. Birincidə anlaşma əsas ikən, ikincidə sinif qovğası əsasdır. Birincidə heyvanlar belə təhlükəsiz yaşadığı halda, ikincidə insanlar daim ölüm qorxusu altındadır". Düşünürük ki, hər iki fərqli yanaşma və tendensiyanı zaman özü saf-çürük etmişdir.

"Beşikdən qəbr evinəcən elm öyrən", "Elm Çində olsa belə, onun dalınca get", "Bilikli adamlar yer üzünün işıqlarıdır, peyğəmbərin xələfləridir, mənim varislərimdir" kimi elmi dəyərləndirən yüzlərlə hədis və kəlamların proletarların peyğəmbərinin "Oxumaq, oxumaq, yenə də oxumaq" deyiminin içində əridildiyi, elmlə dinin bir-birinə zidd qütblərdə qoyulub öyrənildiyi dövrdə Nizami Gəncəvini elmi, insan zəkasını yüksək dəyərləndirdiyinə görə sadiq müsəlman hesab etmir, hətta bir qədər irəli gedib ateist hesab edənlər də var idi. Düzdür, Nizami dinə, Tanrıya xurafatcasına yanaşmır, o, Yaradana əqlin, idrakın pəncərəsindən baxırdı. Yeri-göyü xəlq edən, Nizami üçün nurlu, işıqlı bir varlıqdır. Şairin tədqiqatçılarından prof. R.Azadə yazır: "...Nizami də dinə tapınırdı, Allaha kainatın və bütün mövcudatın xaliqi - ilk təkan kimi səcdəsi vardı. Zamanının mömin müsəlmanı idi. Yalnız dahi şair və mütəfəkkir Nizami kimi deyil, həm də şeyx Nizami kimi adı cahanda əbədiləşmişdir; ...Lakin Nizami dinə də, "Quran"a da bir Renessans şair-filosof kimi münasibət bəsləyir. Odur ki, onun əsərinin sırf dini problemlərlə bağlı hissələrində, hətta "Münacat" və "Nət"lərində belə ictimai kəsər daha qüvvətli, daha gözəgəlimlidir".

Nizami insanları nə qədər bəşəriyyəti sevməyə, başqalarının taleyinə həssaslıqla yanaşmağa səsləyirsə, bir o qədər də mübarizliyə, haqsızlıqla, ədalətsizliklə mücadilə etməyə çağırırdı. Zülm və istibdada, müharibə və fəlakətə qarşı həmişə amansız olan şair ətalətin, zalımlara boyun əyməyin, mütiliyin əleyhinə çıxırdı. Onun əsərləri insanı həm xeyirxahlığa, humanizmə, həm də zülmə qarşı mübariz olmağa səsləyirdi.

Nizami Gəncəvi irsinin sahib olduğu bu kimi dəyərlərin bu gün də tədqiq və təbliğ olunması, gənc nəslin şəxsiyyət kimi formalaşmasında istifadəsi olduqca vacibdir. Hətta şairin dövlətçilik ideyaları, ideal cəmiyyət istəyi də "poetik arzu" kimi dəyərləndirilməməli, bu gün üçün də aktuallığı nəzərə alınıb, ictimai-fəlsəfi kökləri araşdırılmalıdır. Bu, XXI əsrin ədəbiyyatşünaslar, sosioloq və filosoflar qarşısında qoyduğu vacib tələbdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!