Şuşa bir əfsanəvi məkan, mədəniyyət beşiyi kimi Azərbaycan ədəbiyyatının öndə gedən mövzularından olmuşdur. Yaşanan Qarabağ faciəsi Şuşa haqqında yazılan ədəbiyyat nümunələrinə bir kölgə salmış, hər zaman beşiyində rahatlıq tapıb, hüzur qazandığımız bu cənnət məkanımız 30 ilə yaxın bir zaman ərzində həsrət yanğımıza çevrilmişdi. 30 ildən sonra Ali Baş Komandanın "Şuşa, sən bizimsən, Şuşa biz qayıtdıq, Şuşa biz səni yenidən dirçəldəcəyik" nidaları Azərbaycan poeziyasının baş mövzularından biri oldu. Misralarımızı azad Şuşa nəğmələri bəzədi.
Nəriman Həsənzadə, Vahid Əziz, Qulu Ağsəs, Əsəd Cahangir, Hicran, Musa Ələkbərli, Barat Vüsal, Xanım İsmayılqızı, Rafiq Yusifoğlu, Elxan Zal Qaraxanlı, Faiq Hüseynbəyli və s. şairlərimiz azad Şuşanın 30 illik yarasından, onun azadlığından, itirilməyən gözəlliyindən, yenə də Azərbaycanın baş tacı olmasından yazdılar.
Nəriman Həsənzadənin "Cənab Ali Baş Komandan, halaldı Sizə" başlıqlı şeirində Prezidentimizə təşəkkür və hörmət hissi ilə bərabər Şuşamızın azad olmasında onun zəhməti işıqlandırılır. Xüsusilə Prezidentin 44 günlük savaşla tarix yazmasını bütün dünyaya çatdırılması məsələsini müəllif qarşısına məqsəd qoyur.
"Xarıbülbül" festivalı
Bir möcüzədi,
Yerlər-göylər ovsunlanıb
Dedim, - Şuşada.
Dağlar təzə, həyat təzə,
Yollar təzəydi,
"Paytaxt Şuşa" doğulurdu
Qədim Şuşada.
Qalib xalqın qalib Sərkərdəsinin Şuşanın azadlığı xəbərini dünyaya çatdırması şeirin dəyərini daha da artıraraq gözəl bir tablo yaradır.
"Sən azadsan, əziz Şuşa" -
Doğma səsiydi,
Vurğusu da, nidası da
Yadda qalırdı.
Festivalda işğalçının
Məhkəməsiydi,
İlk dəfəydi, "əsir" dağlar
Nəfəs alırdı.
Digər bənddə şairin Şuşaya ilk gedənlər arasında xəyalən Üzeyiri, Bülbülü görməsi şair təxəyyülü olsa belə, onların ruhlarının Şuşa azad olandan şad olduqları anlamını da ifadə edir. Şeirin son bəndində İlham Əliyevin Şuşa azad olandan sonra ata məzarını ziyarət edərək, ölməz öndərin arzularının qanad açmasını ifadə etdiyi səhnələri yada salır. Bu həqiqətin əvəzsiz və qürurverici tərəfi oxucuda müqəddəs hisslər doğurur.
Ulu öndər "Şuşa", - deyə
Nitq eyləyirdi,
- Vətən, ana həsrətidi,
Şuşa həsrəti.
- Xoşbəxtəm ki, - oğul İlham
Belə deyirdi:
- mən yerinə yetirmişəm
Bu vəsiyyəti.
Nəriman Həsənzadə,
"Cənab Ali Baş Komandan, halaldı Sizə"
Faiq Hüseynbəyli Şuşanın keçmişinə körpü salaraq onu müqəddəsliyini, əvəzsiz gözəlliyini, qüdrətini poetikləşdirdi. Şuşaya müraciətində "Həsrəti vüsal dadan şəhər" ifadəsi ilə Şuşanın bir daha Azərbaycan xalqının əvəzsiz neməti olduğunu poetikləşdirdi.
Həsrəti vüsal dadan şəhər,
30 illik yoxluğuyla
Bizi aldadan şəhər.
Çıx gizləndiyin buludlardan,
Mənə bir səhər bağışla
Dumandan, yağışdan, qardan.
Unut köksündə
yara kimi qaysaq bağlamış
mənfur düşmənləri,
acı keçmişləri, olmuşları,
dünənləri.
Sabahları aydınlat nəfəsinlə,
ən ecazkar səsinlə.
Məğrur Şuşa
Azad qal həmişə
- deyən şair Şuşanın qəfəsdə yaşamasına üsyan edir. Şuşa elə məğrur və möcüzə doludur ki, onun qatı açılmamış sirri-sözü belə tarixlərə sığmır. Ayaq altı cənnət olan bu məmləkətin başı üzərində onu qoruyan bir Tanrı var. Və bu Tanrı bu möcüzələr şəhərini hər zaman qoruyub, hifz edib. Çünki bu şəhər Tanrının bu xalqa bəxş etdiyi bu dünyadakı ən müqəddəs məkan və cənnətdir.
Musa Ələkbərlinin "Bütün ucalıqlar sənindir, Vətən" şeirlər silsiləsində Şuşaya həsr etdiyi şeir "Şuşa sevinci" başlığı altında dərc edilib. Musa Ələkbərli Vətənin qalib və məğrurluğunu Şuşanın zəfərində görür. Şeir ilk beytiylə yadda qalır və əsas ideya şairin demək istədikləri bütövlüyülə oxucuya çatdırıla bilir.
Ordumuz yazıbdır bu şanlı şeiri,
Məğrursan, qalibsən, sən indi, Vətən!
Şuşa ucalığın döndüsə geri,
Bütün ucalıqlar sənindir, Vətən!
Şuşa Vətənin baş tacı olmaqla bərabər, əvəzsiz neməti, baş ucalığıdır. Şuşanın qalibiyyət sevinci də fərqlidir. Şuşa azad olanda xalqın sevinc göz yaşları Şuşanın neçə illik həsrətini yuyub təmizlədi. Şeirdə bu ifadələrlə Şuşa sevincinin bənzərsizliyi poetikləşdirilir, xarıbülbül ilə süslənən Şuşanın hüsnünə sığmayan bu gözəllik, azad Şuşa obrazı ilə birləşərək, şeirin təsir gücünü artırır.
Yerdən də, göydən də istənib gəlib,
Xarı bülbül ilə süslənib gəlib.
Xalqın göz yaşında islanıb gəlib,
Necə möhtəşəmdi Şuşa sevinci!!!
Musa Ələkbərli "Şuşa sevinci"
Hicranın Şuşa həsrəti Şuşa sevincinə qovuşur. Şair Şuşanın tarixini vərəqləyir. Orada yaşanan istirahət etdiyi günləri xatırlayır, uşaqlıq səhifələrini vərəqləyir. Düz 30 il bir insanın arxada qoyduğu uşaqlıq və gənclik illəri. Hicran Şuşa ilə söhbətə başlayır. Bu adi bir dialoq deyil, bu dialoqda həsrətin özü var və bu həsrət insanın damarına, iliklərinə qədər işləyir. Müəllif öncə qoşa minarənin halını xəbər alır.
Necəsən, qoşa minarə,
Səni tez-tez şəkillərdə görürəm...
Turşusu "Domotıx" dururmu?
Bəs Cıdır düzündə, ocaq yerində
Başımı yaran daş necə?
Tikişi hələ də alnımdadı...
Xınalı daşlar, xallı kəpənəklər,
Mavi çiçəklər nə deyir?
Yenə yağırmı yağışlar,
Yenə ağarırmı daşlar?
Gülə bilirmi şehli otlar,
Oxuya bilirmi quşlar?
Cavab yazarsan mənə...
Hələliksə...
soruşan olsa deyərsən:
Burdan bir xatirə keçdi,
Hicran aldı, apardı...
Hicran, "Şuşa"
Bu şeir, əslində, təhlilə sığmayan bir həsrət nəğməsidir, bir insanın uşaqlıq və gənclik illərinin 30 illik istiliyi, bəxtəvər günləri yaşayır bu kiçik bəndlərdə. 30 il bir insanın yuxusuz gecələri, vicdan narahatlığı var bu misralarda.
Qulu Ağsəsin Şuşayla görüşü hər zaman olduğu kimi yenə də fərqlidi. Şair Şuşa üçün darıxmağını özünəməxsus deyimdə izhar edir. 28 ildir yad səslərdən yağır olmuş Şuşanın qulağına söz demək istəyən şair, Şuşanın qulağlarını İsa bulağının suyu ilə yumağı düşünür. Onun üçün darıxdığını sonra söyləmək istəyən şair, əslində, doğru düşünür.
Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına...
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına -
təmizliyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
...Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..
Qulu Ağsəs, "Şuşa"
Vasif Süleymanın "Vətən, gözün aydın" başlıqlı şeirində ömrü boyu Şuşada olmayan birinin içindən keçən Şuşanın azadlığı canlandırılır.
Dünyanın ən gözəl səfər yolları
Şuşaya qayıdış köçündən keçər.
Bircə yol Şuşanı görəmməmişdim,
İndi qarış-qarış içimdən keçir.
Vasif Süleyman, "Vətən, gözün aydın"
Şuşanın qurtuluşunu, azadlığını, sevincini Süleyman Abdulla "Qarabağ şikəstəsi" şeirində də artıq yad nəfəsdən üşüməyən Şuşa kimi təqdim edir. Şeirdəki ifadələr nağıl qədər şirin olsa belə yaşanan bir həqiqətdir. Göyün-yerin bütün gözəllikləri bir-birinə qovuşaraq cənnəti xatırladır.
Daha ağaclar üşüməz yad nəfəsdən,
Xəzəl-xəzəl ölməz arzuları.
İki misrada gözəlləşən, bütövləşən, arzuları çiçək açan azad bir Şuşanı görmək olur.
Şahnaz Şahinin "Zəfər nəğmələri" adlanan lirik poeması isə Şuşanın azad edilməsi üçün çağırışdı. Şuşanın alınması üçün ordumuzu qələbəyə çağıran şair Şuşayla müqəddəs görüşü böyük qürur hissi ilə əks etdirir.
Səsi gəlir qulağıma Şuşanın,
Könlü yara, qəlbi qırıq Şuşanın.
Damarında qaynar qanı coşanım -
Yürü Ordum, yürü Qurdum Şuşaya!
Şuşa uğrunda canını qurban verən şəhidin ucalığa qovuşması, əsgər, döyüşçü addımlarının göyü-yeri titrədərək Şuşada göylərə ucalmasını şair bir neçə bənddə əks edir.
Şəhidini al çiyninə, sən yeri,
Yamaca yat, buludlarla tən yeri,
Addımların qoy titrətsin, göy-yeri,
Yürü Ordum, yürü Qurdum Şuşaya!
Şahnaz Şahin, "Zəfər nəğmələri"
Əsəd Cahangir isə Şuşayla ilk görüşünü qələmə alıb. "Xarıgülnar" adlanan bu şeir adından da göründüyü kimi, fərqli bir biçimdə əks edilib. Şeirdə ilk dəfə vətəninə 30 illik ayrılıqdan sonra qədəm qoyan azərbaycanlı xanım-aktirisa Gülnarın torpağa səcdə edərək diz çökməsi canlandırılır:
Gülnar oynamışdı qırx il öncə,
Amma bu dəfə tamaşaçısı - Allah,
səhnəsi - Cıdır düzü!
Nə oynayır, nə də yapır,
Oyunçusu, yapımçısı -
Bu dəfə - zaman özü!
Əsəd Cahangir Şuşanı bir Kəbə ucalığına qaldıraraq, ona olan ibadəti bayatı dili ilə söyləməyi daha münasib bilir. Bu kiçik bayatıda Şuşaya olan sevgi ilə bərabər, bu 30 illik həsrət və bu illərin əzab, ağrısı, vicdan yanğısı da ifadə edilir. Bir xalqın 30 illik üz qarası da bu bayatılarda yaşanır.
Əzizinəm, Şuşadı,
Kəbə ilə qoşadı!
Başına dönək, Şuşa,
Təvaf eyləyək səni,
Bəs, bu otuz ili sən
Necə dözdün,
Necə yaşadın?
"Necə yaşadın?" - ifadəsində 30 illik Vətəninin cənnətini erməni vəhşilərinin əlində əsir qoyan bir xalqın xəcalətini də görmək çətin deyil.
Şuşanın azadlıq sevincini əks etdirən şeirlər yüzlərcədir. Bu şeirlərdə Azərbaycan Ordusunun gücü, Ali Baş Komandanın birliyi, xalqa dəstəyi mövzusunda şeirlər yazılmaqda davam edir. Şeirlərin bir çoxu Şuşanın artıq cənnət məkana çevrilməsində xalqın, dövlətin birlikdə fəaliyyətini əks etdirir. Artıq gözlərimiz önündə tarixə çevrilən, qədimliyi və müasirliyi ilə qovuşub dünyada şanı keçən Şuşa canlanır. Çox təbii ki, cənnətə çevrilən Şuşamız əsrlərlə vəsf ediləcək, onun azadlığı uğrunda canlarından keçən şəhidlərimiz unudulmayacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!