Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

XX əsrin əvvəlləri Azərbaycan tarixinə sovet istilası dövrü kimi daxil olsa da, ədəbiyyat tariximiz üçün bu mərhələ böyük önəm kəsb etmiş, ədəbiyyatşünaslığımızın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Əsrin 20-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatının klassik irsinin toplanması, tədqiqi, Azərbaycan ədəbiyyatı tarixi və onun dövrləşdirilməsi ilə bağlı konsepsiyaların işlənməsi, müxtəlif nəzəri müddəaların irəli sürülməsi, çoxsaylı ədəbiyyatşünaslıq əsərlərinin ortaya çıxması, həm də bütün bu işlərin Qərb, Avropa, türk və rus ədəbi-nəzəri fikri ilə müqayisədə reallaşması prosesinə start verilmişdi. Əvvəla, bunun üçün münbit zəmin var idi. Çünki sovet quruculuğu marksizm-leninizm ideologiyasına söykənirdi. Bu ideologiyanın təməl prinsiplərindən biri  klassik irsə əsaslanmaq idi ki, bu da Sovetlər Birliyinə daxil olmuş respublikalarda yaşayan xalqların qarşısına klassik irsin toplanması və tədqiqi kimi bir tələb qoyurdu. Onun yerinə yetirilməsi prosesi rus elmi-nəzəri fikri və onun vasitəçiliyi ilə Avropa, Qərb ədəbi-nəzəri fikrinin qarşılıqlı təmasında baş verirdi. Digər tərəfdən, Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmaların müəllifi olan türk alimləri Fuad Köprülüzadə və İsmayıl Hikmətin yaradıcılığının mövcud nəticələri, həmçinin Türkiyədə təhsil alaraq geri qayıtmış Əmin Abid, Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli və başqa alimlərimizin elmi-nəzəri fəaliyyəti ədəbiyyatşünaslığımıza məhz türk elmi-nəzəri fikri vasitəsilə maraqlı müddəaların, konsepsiyaların yol tapmasına və bu istiqamətdə qarşılıqlı təmasa şərait yaradırdı ki, elmi-nəzəri informasiya mübadiləsi öz bəhrəsini verməkdə idi.

Ötən əsrin əvvəllərindən başlayaraq bir çox tədqiqatçılar - Əmin Abid, Bəkir Çobanzadə, Salman Mümtaz, Əli Nazim, Mir Cəlal Paşayev və b. klassik irsin öyrənilməsi məqsədilə bir neçə istiqamətdə paralel fəaliyyət göstərməli olurdular. Onlar bir tərəfdən klassik irsi toplayır, dərc etdirir, mətnşünaslıqla məşğul olur, digər tərəfdən isə ədəbiyyat tarixinin yazılması, dövrləşdirilməsi, mənşəyinin dəqiqləşdirilməsi, müxtəlif ədəbiyyat konsepsiyalarının hazırlanması, fərqli elmi-nəzəri problemlərin tədqiqi ilə bağlı əhəmiyyətli işlər görürdülər. Yazılı Azərbaycan ədəbiyyatının mənşəyi, ədəbi-tarixi prosesin mərhələ təsnifi və klassik bədii irsə münasibət kimi üç əsas məsələ ətrafında tədqiqatlar aparan ədəbiyyatşünasların əməyinin nəticəsi idi ki, XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan ədəbiyyatı tarixinin və bununla bağlı olaraq ədəbiyyatşünaslığının bir elm kimi inkişaf və tərəqqi prosesi başladı. Ədəbiyyat tariximiz heç bir mərhələdə olmadığı kimi, bu illərdə böyük inkişaf yolu keçdi. Hətta o dövrdə mövcud olan vulqar sosiologizmin, marksizm-leninizm prinsiplərinin, sinfilik nəzəriyyəsinin, proletkultçuluğun bütün ədəbi mətnlərə tətbiqinin ümumən ədəbiyyata vurduğu ziyanlar belə, inkişaf prosesinin dəyərini və əhəmiyyətini azalda bilməz. Bu missiya indi daha aydın, XXI əsrin yeni mərhələyə adlamış humanitar düşüncə sferasının aynasında bütün tərkib və parametrləri ilə görünür.

 

***

Mir Cəlal Paşayev Azərbaycan klassik irsinin öyrənilməsi və dəyərləndirilməsi, Nizami, Füzuli, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir və b. ədəbiyyat nümayəndələrimizin yaradıcılığının tədqiq edilməsi, ədəbiyyat tarixində yerlərinin və rollarının müəyyənləşdirilməsi sahəsində mühüm elmi nəticələrə imza atmış alimlərimizdən biridir. Onun Azərbaycan mətnşünaslığının inkişafında gördüyü işlər, Nizami Gəncəvinin "Yeddi gözəl" poemasını nəsrlə tərcümə etməsi, həmçinin füzulişünaslığın bir elmi sahə kimi yaranmasında və inkişafında oynadığı rol böyükdür və bu sahənin bütün tədqiqatçıları tərəfindən xüsusi dəyərləndirilir. Xüsusilə, "Füzulinin poetik xüsusiyyətləri" (1940) monoqrafiyası füzulişünaslıqda ilk addımlardan biri kimi elmi əhəmiyyət kəsb edir. Bir sıra əhəmiyyətli və fundamental problemlərin qaldırıldığı bu monoqrafiyada Mir Cəlal Füzuli yaradıcılığındakı məhəbbətin xarakteri, sözə, sənətə verilən dəyər, onun fəlsəfəsi, bədii dili, xalq dilindən yararlanması, əsərlərində istifadə etdiyi bədii təsvir və ifadə vasitələrinin orijinallığı, poetikasının özəllikləri, vəzni, qafiyə sistemi, rədifləri, klassik Şərq şeri üçün aktual olmayan daxili qafiyələnmədən istifadə edilməsi və s. xüsusiyyətləri dəqiq müəyyən edir, mübahisəli məqamlara aydınlıq gətirməyə çalışır, bu xüsusda mövcud olan iddiaları təhlil və mübahisə müstəvisinə çəkir. Füzulini "yalnız öz əsrinin deyil, bəşəriyyətin renessans dövrünün böyük oğlu" adlandıran Mir Cəlal şairin yaradıcılığının məziyyətlərini təhlil etməyin bir elmi nəslin işi olduğunu söyləməklə, həm apardığı tədqiqatın ağırlığını, həm də ona nə qədər əhəmiyyət verdiyini göstərmiş olur.

XX əsrin ədəbiyyatı, onun tarixi, elmi-nəzəri təhlili, poetik xüsusiyyətlərinin dəyərləndirilməsi Mir Cəlalın irsində əhəmiyyətli yer tutur. Onun Firidun Hüseynovla birlikdə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi elmi əhəmiyyətini çağımızadək qoruyan nəşrlərdən biridir. Həmçinin "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Klassiklər və müasirlər", "Cəlil Məmmədquluzadənin realizmi" kitablarında da Mir Cəlal istər XX əsrin bir dövr kimi dəyərləndirilməsi, istərsə də o dövrün mədəniyyəti, mətbuat tarixi, musiqi və incəsənəti ilə bağlı çox əhəmiyyətli qənaətlər söyləmiş, bu gün belə öz elmi dəyərini itirməyən nəticələr çıxarmışdır. O da qeyd olunmalıdır ki, bu fikirlər Mir Cəlalın bir ədəbiyyat tarixçisi kimi yerini və qiymətini vermək üçün böyük anlam ifadə edir.

XX əsrin əvvəlləri, xüsusilə otuzuncu illərə qədər olan mərhələsi Mir Cəlalın yaradıcılığında daha geniş formada təhlil edilib. Məlum olduğu kimi, əsrin əvvəllərində ədəbi proses müxtəlifliyi və ziddiyyətləri ilə fərqlənirdi. Milli dövlət quruculuğu, ədəbiyyatda milli ideologiyanın təbliği məsələləri öz yerini tam tuta bilməmiş dövlət çevrilişi baş verdi və yenicə qurulmuş sovet dövləti yeni inkişaf istiqamətləri axtarmağa başlayaraq bu axtarış prosesi və onun nəticələrinin ilk növbədə mədəniyyətdə və ədəbiyyatda təsvir olunmasını günün tələbinə çevirdi. Sovet hakimiyyətinin qələbəsinə, yəni ölkədə siyasi basqıya qədər Azərbaycan ədəbiyyatı öz qanunauyğun inkişaf prosesini, təbii dəyişiklik dövrünü yaşayırdı. Lakin akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, "sovet ideologiyası Azərbaycan ədəbiyyatının tarixən qazandığı xüsusiyyətlərin normal şəkildə idrakına imkan vermədi - 20-ci illərin sonu 30-cu illərin əvvəllərindən etibarən sovet ədəbiyyatında "proletar mövqeyi" daha aqressiv bir şəkildə gözlənilməyə başlandı..."

Bu illərdə yeni ədəbiyyat tipinin formalaşması az qala siyasi tələb səviyyəsində qoyulurdu. Ədəbiyyatdan mövzu baxımından "müasir insan", "sovet vətəndaşının həyatı", qurulan "yeni cəmiyyət"lə bağlı əsərlər tələb olunurdusa, digər tərəfdən Şərq və Qərb janr formaları çulğalaşması, yaradıcılıq metodlarının formalaşması, daxili mübarizəsi gedir, ədəbiyyata yeni formalar gətirilir, qarşıya yeni nəzəri tələblər qoyulurdu. Elmi-nəzəri irsi araşdırdıqda müəyyən etmək olur ki, XX əsr ədəbiyyatının dəyərləndirilməsi Mir Cəlalın yaradıcılığında bir neçə istiqamətdə reallaşdırılır: Bu istiqamətlər hansılardır?

- Mir Cəlal XX əsr ədəbiyyatını ədəbi məktəblər və onların formalaşması prosesinin izlənilməsi, həmçinin nümayəndələrinin yaradıcılıqları istiqamətində təhlil edib;

- Mir Cəlal XX əsr ədəbiyyatını metodoloji istiqamətdə təhlilə cəlb edib, realizm və romantizm yaradıcılıq metodları və onların tipləri əsas təhlil obyekti olub;

- Mir Cəlal XX əsr ədəbiyyatını onun  ayrı-ayrı nümayəndələrinin yaradıcılığı əsasında araşdırıb;

- Mir Cəlal XX əsr ədəbiyyatını ədəbi janrların təkamülü əsasında təhlil edib (məsələn, hekayə janrı);

- Mir Cəlal XX əsr ədəbiyyatını klassik irslə müqayisədə təhlil edib.

Bütün bu istiqamətlərdə XX əsr ədəbiyyatı haqqında fikir yürütmək, onu təhlil etmək üçün çox ətraflı elmi-nəzəri biliyə, məlumata, erudisiyaya, obyektiv təhlil bacarığına, həmçinin də düşüncə genişliyinə malik olmaq lazım idi. Elmi-nəzəri təhlillərin səviyyəsi, XX əsrin əvvəllərindən başlayaraq tam bir şəkildə - mədəniyyət, siyasət, ictimai həyat, teatr, musiqi və mətbuat həyatı da daxil olmaqla mühiti təsvir etməsi, qənaətlərinin dəqiqliyi və konkretliyi göstərir ki,  Mir Cəlalda bütün bu xüsusiyyətlər var idi.

XX əsrin əvvəllərində Azərbaycanda baş verən elə bir ictimai, mədəni hadisə yoxdur ki, Mir Cəlal onun ədəbi düşüncə tərzinə, yazıçı fikrinə təsirini, ədəbiyyat və mədəniyyət tariximizdəki rolunu diqqətdən kənar qoymuş olsun. "Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli kimi ədiblər səhnənin tələblərini ödəməyi vətəndaş borcu bilir, müstəsna bir ciddi-cəhd ilə yeni-yeni əsərlər yazırdılar. "Hacı Qara", "Müsibəti-Fəxrəddin", "Dağılan tifaq", "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu", "Ölülər", "Arşın mal alan", "Məşədi İbad" teatrların repertuarından düşməyən əsərlər idi", - yazan alimin kitablarında verdiyi bu tarixi əhəmiyyətli faktların sadalanması belə yetir ki, XX əsrin ədəbiyyat tariximizdə nə qədər əhəmiyyətli bir dövr kimi meydana çıxdığı müəyyənləşsin.

Qeyd etməliyik ki, Mir Cəlalın elmi-nəzəri irsində XX əsrin nəsri iki mərhələdə - 30-cu illərə qədər və 30-cu illərdən sonrakı mərhələdə tədqiq edilibdir. Bu iki mərhələdən birincisinin elmi-nəzəri sanbalı, əhatə genişliyi, əldə edilmiş elmi nəticələrin obyektivliyi və elmi dəyəri  daha çoxdur. İlk növbədə o səbəbdən ki, 30-cu illərə qədər yaranan nəsr nümunələri həm siyasi basqıdan, həm "ideoloji məcburiyyət" ağırlığından qismən azad idilər. Bu mərhələyə qədər yaranan nəsr öz qanunauyğun formalaşma prosesini keçirdi. İkinci mərhələdə - 30-cu illərdən sonra isə artıq "xəlqilik", "partiyalılıq" kimi tələblər ədəbiyyatı da, ədəbi düşüncəni də tam şəkildə öz "hökmü altına" almışdı. Xalq içərisindən çıxan müsbət qəhrəmanlar, "yeni dünya quruculuğu", "gözəl gələcək" planları, fəhlə və kəndli sinfinin həyat tərzi, mübarizəsi, idealları, düşmən sinif arayışları və s. ədəbiyyatın və yazıçının  qarşına tələb kimi qoyulmuşdu. Mir Cəlal və onun kimi bir sıra tədqiqatçılar üçün bu cür tələblər əsasında yazılan nümunələrin şərh edilməsi "söz demək imkanını" məhdudlaşdırırdı.

Bu baxımdan, ümumilikdə Azərbaycan nəsri və onun poetik axtarışlarından danışarkən Mir Cəlalın elmi-nəzəri yaradıcılığında 30-cu illərə qədər yaranmış nümunələr, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, A.Şaiq, S.S.Axundov kimi yazıçıların irsi və bu irsin əsasında nəsrin meydana çıxan poetik xüsusiyyətləri daha obyektiv şəkildə təhlilə çəkilir. O, "Mirzə Cəlil qısa, mənalı, psixoloji hekayənin böyük ustasıdır", - yazanda da, "Mirzə Cəlilin hekayələrində bir bitkinlik, müxtəsərlik, yığcamlıq vardır ki, bütün klassik nəsrimizdə davam və inkişaf etdirilməkdədir. Bu hekayələr bəzən böyük bir roman qədər mənalı, əhatəedici və güclüdür" - qənaətinə gələndə də, Mirzə Cəlilin bədii təsvirdə hadisə, fakt və insanları müqayisə üsulundan istifadə etməyini çox sevdiyini yazaraq "kontraslı lövhələr realizm üçün çox məqbul, münasib üsuldur. Rənglər, səslər, münasibət və görüşlər öz-özündən aşkara çıxır, aydınlaşır. ...Bu yaradıcılıq üsulundan ədib bütün janrlarda (dram, nəsr, felyeton) istifadə etmişdir" - qənaətini səsləndirəndə də tək "Molla Nəsrəddin" məktəbinin yaradıcısının deyil, ümumilikdə nəsrimizin poetik axtarışlarını təhlilə çəkir, problemə məhz bir yaradıcılığın sferasından yanaşaraq ümumiləşdirmələr aparırdı.

Yaxud Mir Cəlal "Böyük ədib" məqaləsində Ə.Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri cadu" kimi əsərlərini təhlil edərək, onları "istər mövzu, istər məqsəd və məfkurəvi istiqamət etibarilə bir-birinə bağlı, bir-birini tamamlayan, sənətkarın inkişafını təmin edən əsərlər" adlandırır, ədibin əsas üslubunun tənqidi realizm olduğunu vurğulayır və bu əsərlərin təhlili ilə yazıçının yaradıcılığında bədii-fəlsəfi düşüncənin, nəzəri-estetik qənaətin, siyasi-məfkurəvi yanaşmanın hərəkət trayektoriyasının əsas istiqamətlərini müəyyən edirdi.

Mir Cəlalın ədəbi fakta, ədəbi prosesə yanaşmasında çılğın və emosional siyasi dəyərləndirmə demək olar ki, müşahidə olunmur. Məsələn, o, Sabir haqqında yazırdı: "Bəzən tədqiqatçılar böyük şairin fəhlə həyatından müstəqim şəkildə yazmamasını guya onun "məhdudluğu", guya "inqilabi demokratlar səviyyəsinə qalxa bilməməsi" kimi izah etmək istəyirlər. Tamamilə əsassız olan, vulqar sosiologiya cəbhəsindən gələn belə iddianın Sabir yaradıcılığına və eləcə də ədəbiyyat tariximizə yanlış və qeyri-elmi bir münasibətin nəticəsi olduğunu söyləməyə ehtiyac yoxdur".

Böyük alimin ədəbiyyatımızın bütün klassik şair və yazıçıları haqqında səsləndirdiyi fikirlər ədəbi irsə sevgi və peşəkarlıqla yanaşmağın örnək nümunəsidir.  Bu yanaşmada  dürüst nəzəri-metodoloji prinsip, ədəbi-elmi qiymət, hər zaman nüfuzunu qoruyacaq dəyərlər sistemi ehtiva olunub: "Klassik ədəbiyyatın gücü ənənələrin düzgün inkişaf etdirilməsindədir. Füzuli nəinki öz dövrünə xidmət edir, həm də gələcəyə xidmət edir, Vaqifi yaradırdı. Vaqif nəinki öz dövrünə xidmət edir, həm də gələcəyə xidmət edir, Sabirin meydana gəlməsinə imkan açırdı. Bu ənənələr nə qədər canlanıb inkişaf edərsə, bizim ədəbiyyatımız da o qədər güclü olacaqdır".

Professor Şirindil Alışanlı doğru qeyd edir ki, "Mir Cəlal müəllimin hər bir klassik haqqında dediyi elmi aforizmin müasir mənası haqqında tədqiqatlar yazmaq olar və yazılacaq da". Burdan yola çıxaraq qeyd edək ki, Mir Cəlalın elmi yaradıcılığı özünün fərqli istiqamətləri - klassik irsin tədqiqi, müxtəlif elmi-nəzəri problemlərin araşdırılması, klassiklərin yaradıcılığının dəyərləndirilməsi ilə müasir ədəbiyyatşünaslığın tədqiqat obyektinə çevriləcəyi zamanı gözləyir. Klassik Şərq poeziyasını və poetikasını dərindən bilən, klassik ədəbiyyatın bütün mərhələlərindən xəbərdar olan alimin monoqrafiya və elmi məqalələrində əldə etdiyi elmi qənaətlər bu gün belə öz aktuallığını itirməyib və ədəbiyyatşünaslıq tariximiz üçün əhəmiyyətini qorumaqdadır. Xüsusilə, nəzərə alınsa ki, o üç cildlik Azərbaycan ədəbiyyat tarixinin hazırlanmasında yaxından iştirak edib, kitabdakı bir sıra məqalələrin, "XX əsr Azərbaycan ədəbiyyatı" və "Ədəbiyyatşünaslığın əsasları" kimi dərsliklərin həmmüəllifidir, bu elmi-nəzəri irsin öyrənilməsinin əhəmiyyəti daha önəmli səciyyə daşıyar. Bu səbəbdən də onun klassik irslə bağlı fəaliyyətinin, yaradıcılıq metodu, realizm və romantizm haqqında fikirlərinin, Nizami, Füzuli, C.Məmmədquluzadə, M.F.Axundzadə, Ə.Haqverdiyev və b. klassiklərin yaradıcılığı haqqında elmi-nəzəri qənaətlərinin tədqiqinə ehityac vardır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!