Vətən müharibəsi və ədəbiyyatımız - Rahid ULUSEL

 

 

Savaşlardan sıyrılan Azərbaycan

Asiya və Avropanın qovuşduğu Qafqaz coğrafiyasında - Xəzər dənizinin qərb sahilindən Güneyə uzalı torpaqlarda yerləşən, əski çağlardan etno-tektonik dəbərti və təkanları, xalqların qaynayıb-qarışması və durulub-büllurlaşmasının mükəmməl özünütəşkil sonuclu gərgin sürəcini yaşayan Azərbaycan planetin ən mürəkkəb, bu gün isə yetərincə əhəmiyyətli geopolitik bölgələrindən biri kimi, zaman-zaman siyasi, diplomatik, hərbi mübarizə ənənələrinə yiyələnərək, dövlət və mədəniyyət quruculuğunun böyük təcrübəsini qazanmış, mədəni həyat atmosferində tuyuq və bayatıdan epos və verlibrə, kaşı, miniatür və xalçadan Qız qalası, Xudafərin körpüsü və "Alov qüllələri"nədək özünün seçkin estetik məkanını da yaratmışdır. Türk dünyasının bir parçası olaraq Cənubi Qafqazda təşəkkül tapmış müasir Azərbaycan dərin kökləri ilə dövləti həyat, savaşı hünər sayan ulu türk gələnəyinin - Avrasiyada Göy Türklərdən Səlcuqlara qədər çoxəsrlik ümumdövlətçilik tarixinin, Ötükən (Orxon-Yenisey) Türk Kitabələrinin, Oğuznamələrin varisidir. Azərbaycan Xalq Cümhuriyyəti bu böyük tarixin çağdaş suverenliyimizə təkan verən yalnız parlaq bir qığılcımıdır.

Azərbaycanın tarixi coğrafiyasında sərhədləri genəlib-daralan Manna (e.ə. IX-VI), Midiya [Mada] (e.ə. 670-550), Atropatena (e.ə. 321 - b.e. 224), Albaniya (e.ə. IV - b.e. VIII), Sacilər (879-941), Salarilər (941-981), Rəvvadilər (981-1054), Şəddadilər (951-1174), Şirvanşahlar (861-1538), Qaraqoyunlu (1375-1469), Ağqoyunlu (1378-1503) dövlətləri, digər hökmdarlıq, əmirlik və məlikliklər mövcud olmuşdur. Şərqin iki qüdrətli imperiyasının - oğuz türklərinin (müasir Türkiyə və Azərbaycan türklərinin sonradan bir gövdədən budaqlanmış uluslarının) təməlini qoyduğu, 3,9 milyon kv.km. ərazini əhatə edən Böyük Səlcuq imperatorluğunun bünövrəsində tarixdə ilk dəfə Azərbaycan türk dövlətçiliyini yaradan və "Azərbaycan" sözünü dövlət adında rəsmiləşdirən [Atabakane Azərbaycan] Atabəylər [Eldəgizlər] (1136-1225) və ölkəmizdən başqa, İran, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan, şərqi Anadolu, şimal-şərqi Hindistan və Özbəkistan ərazisinin böyük hissəsini (3,5 milyon kv.km.) əhatə edən Səfəvilər dövlətinin (1501-1736) qurucusu məhz Azərbaycan türkləridir - Azərbaycan türk tayfaları ittifaqının passionar ordusu qızılbaşlardır. Tarixdə bir neçə dövlət və iki imperiya qurmuş azərbaycanlılar iki imperiyanın tərkibində də yaşamışlar (Ərəb xilafəti və Rusiya).

Etnogenetik yaddaşı itirmədiklərindən, onlar qurduqları dövlət və imperiyalarda tərəqqiyə çatmış, asılı olduqları imperiyalarda da tərəqqi imkanlarını əllərindən qaçırmamışlar. Ölkəmizin tarixi-siyasi həyatı yadelli işğalçılara qarşı mübarizənin, xalq üsyanlarının, sarsıdıcı hakimiyyət dəyişikliklərinin, dövlət çevrilişlərinin, dini, ideoloji cəbhələşmə və qütbləşmələrin də meydanı olmuşdur. Bütün bu olanları isə millətin Tarixi Yaddaşına çevirən - onun mədəniyyəti, incəsənəti, ədəbiyyatı, ədəbiyyatın mayasını təşkil edən Bədii Söz olmuşdur. Bircə bayatımız 1300 il öncə ərəblərin yürüşündən, 800 il öncə monqolların yağmalamasından, 200 il öncə rusların basqınından, 30 il öncə ermənilərin işğalından viran olmuş yurd yerlərimizin sızıltısını dilə gətirir:

 

Əzizinəm, nur dağlar,

Yağsın sənə nur, dağlar,

Mən özüm ağlamazdım,

Görcək məni yurd ağlar!

 

Sırf poetika baxımından, bu, mükəmməl əsərdir. Eyni zamanda dərin semantikasında milli ruhun yenilməzliyini də gizlədir: Dağlarına nur kimi baxanlar, Vətənə nur əkənlər viran olmuş yurdun yarasına özlərini sarıya bilənlərdir!

Xalqımız bayatı yığcamlığına sığdırdığını epos siqlətində də söyləməyi bacarmışdır. Ədəbi-bədii fikir tariximizin sütunları olan "Kitabi-Dədə Qorqud" və "Koroğlu" - geniş polifonik məzmunu ilə həm də savaş mədəniyyətinin ulu dastanlarıdır. Döyüşə bilməyən xalq başqalarının yedəyində getməyə məhkumdur. Döyüşünü diplomatiya və siyasətində, strateji hədəflərində möhkəmləndirə bilməyən xalqın sonrakı məğlubiyyətləri qaçılmazdır. Döyüşlərdə yüksəltdiyi hərbi qüdrətini üstün mədəniyyətinə daşımağın və aşılamağın öhdəsindən gəlməyən xalq, hətta məğlub etdiklərinin daha təsirli mədəniyyətinin və sivilizasiyasının içində əriyib yox olmağın acı aqibətini yaşar. Ona görə də "Kitabi-Dədə Qorqud"da Qazanla Qorqud, "Koroğlu"da Qılıncla Saz alpərənliyin təməlidir. Sözlə yox, Qanla suvarılan Qılınc vəhşiləşir, Qılınc ovxarlığını itirən Söz kəsərsizləşir!

"Türklərin dövləti ucalanda, // Məmləkətdə ədalət hakim oldu" - gerçəyini bəyan edən Nizami Gəncəvinin bütövlükdə "Xəmsə"si savaşlar içindən doğulan mədəniyyətin və əxlaqın insanlıq dəyəri qazanması epopeyasıdır. Azərbaycanın hökmdar-şairlərindən ikisi - "Döşəkdə ölən yigit murdar bolur" deyən Qazi Bürhanəddin (1345-1398) və Qaraqoyunlu dövlətinin V Sultanı Cahanşah Həqiqi (1436-1467) döyüş meydanlarında həlak olmuşlar. Səfəvi imperiyasının qurucusu Şah İsmayıl Xətai [1487-1524] yeddi yüz ildən sonra Babəkin mübarizəsini Azərbaycanın basılmaz iradəsinin hökmü olaraq davam etdirmiş və əslində, başa çatdırmışdır: Şah İsmayıl vaxtilə Azərbaycanı işğal edən ərəbləri öz yuvasına qədər qovaraq və bütün Şərqdə ümumtürk dominantlığına (Osmanlı və Moğol imperatorluğu ilə birgə) Azərbaycan türkünün də qüdrətini qataraq tarixdə iz buraxan sözlər yazmışdı: "Yetdükcə tükənür ərəbün kuyi, məskəni, // Bağdad içində hər necə kim, türkman qopar!". Şah İsmayıl Xətainin himayə etdiyi, Kəmaləddin Behzad və Sultan Məhəmməd kimi böyük ustadların çalışdığı Təbriz miniatür məktəbi, Azərbaycan xalq tətbiqi sənətinin ən populyar sahəsi olan xalçaçılıq digər mövzu və süjetlərlə yanaşı, mifik, ədəbi və tarixi hərb səhnələrinə də geniş yer verirdi. Palaz, cecim və kilimlərimizdə döyüşkənlik rəmzi qoçlar sanki ayaq tutub yeriyir, buynuzlaşırlar.

Bu o deməkdir ki, milli tariximizin və dünyagörüşümüzün ana xətti kimi bədii-estetik mədəniyyətimiz hərbi-siyasi mədəniyyətimizdən ayrılmaz şəkildə inkişaf etmişdir. Diqqət yetirsək görərik ki, tarixi qələbələrimizin kökündə bu ayrılmazlığın yaratdığı energetik passionarlıq, ən çətin sınaqlardan sıyrılıb çıxma əzmi, tarixi məğlubiyyətlərimizin dibində isə onların arasındakı çatın yaratdığı məqsədsizlik, mənəvi aşınma, ruhun sərgərdanlığı dayanır. Həyatı müharibələrdə keçən Napoleon I Bonapart başı daşdan-daşa dəyə-dəyə bu həqiqətin ayağına gəlmişdi: "Dünyada iki böyük güc var: Qılınc və Ruh. Sonda Ruh Qılınca qalib gəlir". Bizim mədəniyyət tariximizdə fatehlik ruhunu Şah İsmayıl Xətai qılıncı və sözü, Məhəmməd Füzuli isə bilgəlik, mütəfəkkirlik daşan poeziyası ilə yaradırdı. Siyasi və bədii mədəniyyətimizin tarixi hörgüsü ona dəlalət edir ki, fiziki və mənəvi coğrafiyasına görə doqquz-qurşaqlı, yalquzaq-çevrəli Azərbaycan geopolitik olduğu qədər də poetikdir! 

Nə zaman ki, siyasətdə və ədəbiyyatda epiqonçuluq başladı, mədəniyyətin şah damarları boşaldı. Birinci cinahda farsçılığa qayıdış, təriqətçilik, separatçılıq, xançılıq, sarayçılıq, hərəmxanaçılıq ulusal ideologiya quruculuğunu üstələdi, daxili və xarici təhlükələrə sinə gərilmədi. İkinci cinahda, demək olar ki, Molla Pənah Vaqifə qədər (hətta ondan sonra da!) şairlərimiz Məhəmməd Füzulini və bütün Şərqdə artıq məbədləşmiş Sədi Şirazini, Hafiz Şirazini təqlid etməkdən yorulub usanmırdılar. Avropa imperializminin təkmilləşən siyasət, iqtisadiyyat, elm, mədəniyyət, ordu və silah arsenalı qarşısında fəlsəfəsi ilahiyyatına yenilmiş epiqonçu Şərqin üç böyük türk imperiyası - Osmanlı, Moğol və Səfəvi imperatorluqları duruş gətirə bilməyəcəkdi. Nadir şah Əfşarın və Ağa Məhəmməd şah Qacarın üsul-idarəsi farslaşmış, bölgəsəl və beynəlxalq rəqabətə davamsız, artıq yaradıcı mədəniyyət dayaqları laxlamış dövləti milli zəmində dirçəltmək cəhdləri boşa çıxdı. Avropa imperializmi bütövlüyünü, dirəniş gücünü itirmiş Şərqi gəmirdi. XVI əsrdə Şərqin qüdrətli imperiyası olmuş Azərbaycanın şimal hissəsi cəmi 300 il sonra ayrı-ayrı xanlıqlar şəklində Rusiya imperiyasının müstəmləkəsinə çevrildi... Ruhun Qılıncdan ayrı düşməyinin nəticəsi belə olur.

Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması və XX əsrin sonlarında Qarabağın işğal edilməsi bizi düşməndən zəif salan, əsasən, ulusal ideologiya qatında siyasət və mədəniyyət arasındakı vəhdətin sarsılması faktına dayanır. Bu o anlama gəlmir ki, ermənilər həmin vəhdətə bizdən yetərli çatdıqlarından "uğur" qazana bilmişlər. Tarix boyu maraqlı tərəflərin yedək siyasətində sürüklənən, hətta XXI əsrdə də müstəqil dövlətçilik siyasəti yürüdə bilməyən ermənilərin "alət funksiyasından" savayı bir öhdəliyi yoxdur.

Tarixi-kulturoloji planda varislik xəttini bütün cinahları ilə izləmək zərurətindəndir ki, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyətini həm də onun Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatına həsr etdiyi, hətta başqa ölkələrdə çap etdirdiyi ("Əsrimizin Səyavuşu", "Azərbaycan şairi Nizami", "Azərbaycan kültür ənənələri", "Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi", "Qafqaz türkləri" və s.) əsərləri zənginləşdirirdi. Biz 30 illik erməni işğalına ona görə son qoya bildik ki, siyasət və mədəniyyət arasındakı vəhdətin rüşeymlərini ən çətin zamanlarda belə, varlığımızın dərinliklərində qoruyub saxlaya bilmişdik. Yoxsa, 2020-ci ilin sentyabrında tarix qarşısında and içib əhd etdiyimiz milli səfərbərliyə nail ola bilməzdik. O müqəddəs rüşeymlərin oyanış gücünə "əbədi müstəqilliyə" doğru üç həlledici addımı ata - demokratik maksimalizminə görə Şərqi də, Qərbi də önləyən Azərbaycan Xalq Cümhuriyyətini tarix səhnəsinə gətirə, amansız repressiyalara, azadlıqların boğulmasına rəğmən Sovet İttifaqının tərkibində milli siyasətimizi milli mədəniyyətimizin özəyində hifz edə və nəhayət, XX əsrin sonlarında suveren Azərbaycan Respublikasını qura bilmişdik.

Tarixi-kulturoloji proseslərin dərki baxımından son yüzillikdə bir-birilə qırılmaz bağlılıqda olan bu üç həlledici an 27 sentyabr - 10 noyabr 2020-ci il tarixli Vətən müharibəsindəki Böyük Zəfərlə zirvə və dönüş nöqtəsinə çatır. Qarabağ uğrunda Azərbaycan Respublikasının Ermənistan Respublikası ilə apardığı 44 günlük Vətən müharibəsində xalqımızın qələbəsini təmin edən əsas faktor da - tarix qarşısında milli məsuliyyətimizi tam dərk etməyimizdir. Keçmişimizlə Gələcəyimizi birləşdirən bu tarixi an həm də ədəbiyyatımızın zərif və görklü gücü ilə ərsəyə gəlmişdir. Son yüz ildə real ideoloji sapınmalardan da ötərək, ədəbiyyatımız milli ruhu nəfəsləndirən əsas qaynaq olmuş, sivilizasiyaların qovuşağında yerləşən, türk dünyasınınsa ortaqlaşdırıcı funksionallığını əldə edən Azərbaycanın gerçək mahiyyətinin dərk olunmasında tarixi, ədəbi, estetik və mənəvi missiyasını yerinə yetirməyə çalışmışdır.

Vaxtilə oğuz türklərinin Qafqazda və Anadoluda təməlini qoyduğu iki müasir türk dövləti yenidən tarixin önsəhnəsinə çıxır: Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda (15 sentyabr 2018), Qarabağda qələbənin qutlandığı Zəfər paradında (10 dekabr 2020) və Şuşada Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə "Şuşa Bəyannaməsi"ni imzaladıqdan bir gün sonra Azərbaycan Respublikasının Milli Məclisində (16 iyun 2021) Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın və çağdaş türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin şeirini uca tribunadan səsləndirir. Cənab Ərdoğanın Zəfər paradında "Torpaqdan pay olmaz" şeirini və bir Azərbaycan bayatısını da dilə gətirməsi ("Arazı ayırdılar, // Lil ilə doyurdular. // Mən səndən ayrılmazdım, // Zülm ilə ayırdılar"), yəni Azərbaycanın Rusiya və İran arasında bölünməsinin tarixi faciəsinə incə şəkildə eyham vurması İran İslam Respublikasında bu ölkənin Xarici İşlər naziri Cavad Zərifin etirazı səviyyəsində əks-reaksiyaya səbəb olur.

Göründüyü kimi, bəzən siyasət "ədəbiyyat dilində" danışmaqla hədəfi daha dəqiq nişan ala bilir. Bu gün Azərbaycan dövlətinin güclənməsi, bölgədə geopolitik proseslərə təsir effektinə yiyələnməsi həm də onun humanitar mədəniyyət cinahının qüvvətlənməsini tələb edir. Əlbəttə, burada bədii təfəkkür sahələrinin, xüsusilə ədəbiyyatın çılpaq ideolojiləşməsindən söhbət belə gedə bilməz. Əksinə, yüksək bədii mədəniyyətin milli düşüncəyə təsiri ani, impulsiv olmur, insan şüurunun heç özünün də hiss etmədiyi dərin qatlarında onun fəaliyyətini etkiləyəcək izlərini buraxır. İdeolojiləşmiş, siyasiləşmiş ədəbiyyat bədiiləşmiş ideologiya və siyasət qədər əcaib və gərəksizdir. XX əsrin əvvəllərinin "kommunizm quran" proletar ədəbiyyatı kimi. Bu gün bizə yetkin siyasətlə çiyin-çiyinə dayana bilən yetkin ədəbiyyat lazımdır. Belə bir ənənəyə, öncə vurğuladığım kimi, çoxdan yiyələnmişik.

 

Parlaq strategiya: siyasətdə və ədəbiyyatda

 

XX əsrin ortalarından - yəqin ilk təkan kimi, Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının (1958) saçdığı qığılcımdan - Azərbaycan ədəbiyyatında milli özünüdərk zərurəti sovet ideologiyasının sərhədlərindən kənara sıçramağa cürət edən yazıçılarımızın əsərlərində bədii mətnin məzmununa sızmağa başlayır. Bu proses yetmişinci illər və səksəninci illərin sonlarına doğru milli istiqlal platformasına çevrilərək daha da qüvvətlənir. Sovet İttifaqının dağılması və onun tərkibindəki respublikaların, eyni zamanda, Azərbaycanın müstəqilləşməsi sürəcində ermənilərin Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinin yaratdığı hərbi qarşıdurma ədəbiyyatımızda vətəndaşlıq və vətənpərvərlik patetikasını ən yüksək səviyyəyə qaldırır. Azərbaycan Milli Azadlıq Hərəkatında və ya Meydan Hərəkatında (1988-1991) Azərbaycan yazıçıları - Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, Aydın Məmmədov, Kamal Abdulla, Qabil və başqaları yüzminlər qarşısında çıxış edirlər.

Qarabağla bağlı əsassız erməni iddiaları başlar-başlamaz Azərbaycan Yazıçılar Birliyi xalqımızın haqq səsini dünyaya çatdırmaq üçün ardıcıl fəaliyyətə keçir. AYB-nin sədri Anarın təşəbbüsü ilə Azərbaycan yazıçıları Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçova ilk müraciətləri ünvanlayırlar. Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan KP Mərkəzi Komitəsinin Plenumlarında, SSRİ Ali Sovetinin iclaslarında, Xalq deputatları qurultaylarında, Moskva və Türkiyə mətbuatında, yerli və xarici TV kanallarında dəfələrlə çıxış edən Anar Qarabağla bağlı həqiqətləri əsaslı arqumentlərlə dünya ictimaiyyətinə bəlli edir. 1990-cı ilin Qara Yanvar faciəsi, Xocalı soyqırımı haqqında Moskva və dünya mediasına ilk xəbərlər Azərbaycan Yazıçılar Birliyi tərəfindən çatdırılır. Qərb paytaxtlarında dəstək qazanan və Moskvanın çaş-baş qalmasından istifadə edən ermənilərin tarixi ədalətə zidd mövqeyini anlatmaqdan ötrü Anar şəxsən Qorbaçovla görüşür və bu məsələləri onunla müzakirə edir. Anarın dünyanın bir çox ölkələrində keçirilən ədəbi, ictimai-siyasi tədbir və toplantılarda xalqımızın üzləşdiyi problemlərlə bağlı çıxışları, siyasi mövzularda məqalələri, müsahibələri, ədəbi-publisistik yazıları, Amerika Universitetində oxuduğu mühazirə - "Azərbaycançılıq haqqında düşüncələr" - ölkəmizin bədxahlarına cavabları, həbs edilənlərin müdafiəsinə aid məktub və müraciətləri "Əsrin əsiri" və "Plennik veka" kitabalarında toplanaraq çap edilir.

Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulduğu, Qarabağın parça-parça doğrandığı o faciəli günlərdə Məmməd Arazın "Ayağa dur, Azərbaycan!" (19 mart 1992) şeiri milli ruhun kükrəyişinə çevrilir:

 

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri

biz hər şeyi belə billik!

Səndən qeyri

biz hamımız ölə billik!

Bu, Şehriyar harayıdı,

Bu, Bəxtiyar harayıdı!

Hanı sənin tufan yıxan,

Gurşad boğan yurda oğul

oğulların!

Qara Çoban, Dəli Domrul oğulların.

Çək sinənə - qayaları yamaq elə,

Haqq yolunu ayağına dolaq elə,

Bayrağını Xəzər boyda bayraq elə,

Enməzliyə qalxmış olan bayrağı!..

Ayağa dur, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baban deyir!

Nər oğlu nər, səninləyəm!

Səninləyəm, silah tutan,

Külüng tutan, yaba tutan,

Kösöy tutan, nişanlı ər, səninləyəm!

Səninləyəm, qız atası,

Hanı nərən, hanı səsin!

Hanı andın!

Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xırdalandın!!!

Gözünü sil, Vətən oğlu,

ayağa qalx!

Üfüqünə bir yaxşı bax.

Sərhəddinə bir yaxşı bax.

Sərhəddinin kəməndinə bir yaxşı bax!

Dur, içindən qorxunu boğ,

Ölümünlə, qalımını ayırd elə.

Dur, içindən qorxağı qov,

Dur, özünü Bozqurd elə!

Bir səsindən min səs dinər,

Neçə-neçə daşa dönmüş dinməz dinər!

Oddan bitər, qandan bitər əyilməzlər!..

 

Məmməd Araz Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasından doqquz il sonra yazdığı və məhz Bəxtiyar Vahabzadəyə həsr etdiyi, Azərbaycanın xanlıqlara parçalanmasından və bu səbəbdən Rusiya imperiyasının əsarətinə düşməsindən bəhs edən məşhur "Məndən ötdü, qardaşıma dəydi" (1967) şeirinin sanki davamı olaraq, bu patetik ricətində Azərbaycana və azərbaycanlılara müraciət edir, onları Vətən uğrunda böyük savaşa səsləyir.

Azərbaycan xalqının və dövlətinin Birinci Qarabağ Müharibəsində, nə qədər böyük faciələrlə üz-üzə qalsaq da, daxili çəkişmələrdən üzülsək də, təklənsək də, torpaqlarımızın işğalı ilə barışmamaq əzmi ədəbiyyatımızın andı və amalı tək möhürlənir. Əlbəttə, hadisələrin mahiyyətinə enə bilməyən, ah-ufla dolu dayaz və çığırqan əsərlər də meydana çıxır. Lakin ədəbiyyatımızın sağlam mənəvi düşüncəsi Qarabağ faciəsini millətimizin həll etməli olduğu əsas problem kimi aktuallaşdıra bilir. Qardaşını İkinci Dünya Müharibəsində, oğlunu isə Birinci Qarabağ Müharibəsində itirən Sabir Əhmədlinin Qarabağ trilogiyası - "Axirət sevdası", "Kef", "Ömür urası", Elçinin "Bayraqdar", "Gecə pəncərədən görünən dağlar" (pyes), İsa Muğannanın "Qəbiristan", Aqil Abbasın "Dolu", Mövlud Süleymanlının "Ağacan", Kamal Abdullanın "Sarı camış", Vidadi Babanlının "Ana intiqamı", Əli Əmirlinin "Ölü doğan şəhər", Elçin Hüseynbəylinin "Ağ. Qara" və "Gözünə gün düşür" kitablarında toplanmış povest və hekayələri, Qulu Ağsəsin "Peyğəmbərin məqbərəsində qətl", Əlabbasın "Halal qan", Mehriban Vəzirin "Müsahibə", Şərif Ağayarın "Arzulardan sonrakı şəhər", "Komandir", Orxan Fikrətoğlunun "Tək", Cingiz Abdullayevin "Əclafların qanunu", Vaqif Əlixanlının Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuş "Əcəl atı", Natiq Məmmədlinin "Şuşa dumanı", Elxan Elatlının "Cəhənnəmdən gələn səs", Sərdar Aminin "Qaratoyuq nəğməsi", Rasim Qaracanın "Qarabağ Dekameronu", Elçin Mehrəliyevin "90-cı illər", Nüşabə Məmmədlinin "Zəngulə", Şamil Sadiq və Müşfiq Xanın "Ümidlərin izi ilə", Qalib Arifin "Müharibə: görəsən, bu nədir?", Meyxoş Abdullahın "Ölməsəm, qayıdacağam", "Oğul", "Alagöz", "Əsir qadın", Yusif Əhmədovun "Torpağa tökülən qan", Zaur Akifoğlunun "Qız və Qurd" və s. kimi əsərləri, bədii publisistikanın bir sıra nümunələri bütün Azərbaycanın varlığında yaşanan Qarabağın görk olası taleyini əks etdirir. Azərbaycanın seçkin şairlərinin əksəriyyəti Qarabağ və onun uğrunda aparılan müharibə mövzusunda şeir və poemalar yazır, bu yaşantıları daha çılğın emosional notlarla təcəssüm etdirirlər. Qarabağ problemi bizim ədəbi-humanitar düşüncəmizdə o qədər aktuallıq kəsb edir ki, "Qarabağ müharibəsinin ədəbiyyatda inikası" bizim milli ədəbiyyatşünaslıqda ayrıca olaraq, başlıca istiqamətləri ilə öyrənilməyə başlayır (Məsələn, AMEA Ədəbiyyat İnstitutunun hazırladığı "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı", 2 cilddə, I c. Bakı: Elm və Təhsil, 2016, s.167-210). Beləliklə, Qarabağın işğalının təqribən 30 illik dövründə Azərbaycan ədəbiyyatının bu problemi ən müxtəlif janrlarda əks etdirən ədəbi-bədii salnaməsi yaranır.

Bu ədəbi-bədii salnamənin ikinci qatı - İkinci Qarabağ Müharibəsinin - Vətən Müharibəsinin başlaması ilə açılır. Beynəlxalq hüququn bütün prinsiplərinə uyğun olaraq, Azərbaycan dövlətinin öz torpaqlarını azad etmək uğrunda Ermənistana qarşı apardığı Vətən Müharibəsi məhz Ədalətin bərqərar edilməsi məqsədləri daşıdığından, humanist-təməlli Azərbaycan ədəbiyyatı, ümumən humanitariyası bu savaş məfkurəsinə həmrəyliklə qoşulur. Düşmənə qarşı amansız döyüşlərə atılan Azərbaycan Ordusunun arxasında kəndlisindən yazıçısına qədər bütün xalq dayanır. Möhtəşəm milli birliyin tarixi özünütəsdiq məqamı çatır. Uzun illərin hər günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin damla-damla təməlini qoyduğu Müharibə Siyasəti öz ideoloji-humanitar bazasında media mənsublarından ədəbiyyat yaradıcılarına qədər hamını öz ətrafında birləşdirir. Azərbaycan Yazıçılar Birliyi, onun bütün ədəbi orqanları - "Azərbaycan" və "Ulduz" dərgiləri, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Ədalət" qəzetləri digər ədəbiyyat, mədəniyyət və incəsənət portalları ümummilli səfərbərlik dalğasında bu müharibənin müqəddəs amallarına, yalnız qələbəyə aparan yenilməz ruhuna köklənir. Həmin Müharibə Siyasətinin prinsipial mövqeyi ilə, Azərbaycan ədəbiyyatı bu savaşı xaos yox, nizamyaradıcı akt olaraq qavrayır və milli düşüncəyə sinirməyə çalışır.

Gerçəkdən də, Ali Baş Komandanın parlaq strategiyası - onun şəhər və kəndlərimiz işğaldan azad edildikcə, hər bir qələbə aktını tarix və müasirliyin vəhdətində, regional və beynəlxalq siyasətin kontekstində, real proseslərin axarında, əldə olunmuş nəticənin əsl dəyərində, hər cür polemikanın "alfa" mövqeyində qiymətləndirərək yüksək məntiq və siyasi-diplomatik məharətlə şərh etməsi bu müharibəni ermənilər üçün xaos, azərbaycanlılar üçün harmoniya başlanğıcına çevirirdi. Bizim üçün ulu yurdumuzun ən gözəl parçasını xarabalığa döndərmiş xaosu 30 illik işğal yaratmışdı. Biz ona son qoyur, Vətən torpaqlarını azad etdikcə, sülh və harmoniyaya doğru addım-addım irəliləyirdik. Müasir Azərbaycan tarixinin bu ən şərəfli səhifəsi ötən bir il ərzində çağdaş Azərbaycan ədəbiyyatında da köklü ideya-məzmun dəyişikliyinin, daha sərrast ədəbi-strateji hədəflənmənin binəsini qoymuş olur.

Azərbaycanın bir sıra gənc yazarları - Emin Piri, Alparslan Oğuz, "Canlanma" adlı ilk tarixi metaromanın müəllifi Taleh Şahsuvarlı, Səbuhi Qurbanov, Həsən Kür cəbhəyə yollanırlar. Birinci Qarabağ Müharibəsi veteranı İlham Tumas son Vətən Müharibəsində də Azərbaycan Ordusunun sıralarına qoşulur və "Casusluq, Kəşfiyyat, Müharibə tarixindən" (Bakı: "Mücrü" Nəşriyyatı, 2020) adlı praktiki əhəmiyyət daşıyan kitab yazır. Ədəbi istedadı hər sətrində duyulan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş Teymur Rəsulov son yazısını çapa göndərərək cəbhəyə yollanır. Şəhid Teymurun elə öz taleyinin qismətinə tuşlanmış titrək misraları Vətəni üçün bağrında bəslədiyi müqəddəs arzuların solmaz çələngi olur: "Bir ata... kökündən qopmuş qoca ağacları sürüyə-sürüyə həyətinə gətirir, o ağacı odun, odunları isə kömür edib sataraq böyüdüb boya-başa çatdırdığı oğlunu əsgər libasında Vətəni qorumağa göndərir, cəmi iki ay sonra bayrağa sarılmış halda şəhid olaraq tabutda qarşılayırdı... Və ağlamırdı. Vicdanı təmiz idi çünki, Vətən sağ olsun deyəcək qədər mənəviyyatı pak idi... Hələ ilk günüdür azadlıq savaşının. Hələ irəlilədir gözəl xəbərlər... Gələcək günlər bizim üçün al-əlvan naxışlarla toxunub. O naxışlar ki, toy etmədiyi oğlunun şəhid olma xəbərini eşitdiyi an əlləri titrəyən ananın əlində solan yarımçıq toy xalçasının naxışları da bundan sonra daha rəngarəng, daha canlı, daha ürəkdən toxunacaq oğuləvəzi saydığı qonşunun qazi övladı üçün... Şəhid anası öz övladının ətrini məhz o qazi gəncin saçlarından, əynindəki əsgər formasının yaxasından alacaq. Və gözəl günlər belə başlayacaq Vətənim üçün!" Bu əxlaq - idealsızlığı getdikcə dərinləşən müasir dünyanın qibtə edə biləcəyi bur ucalıqdır! Teymurun şəhidlik fəlsəfəsi ona vurğudur ki, Vətən - həm də nəsil-nəsil ötürülən, insan-insan çitənən əmanətdir, nəsillərarası bağ, insanlararası çitənmə bərkidiləndə, Vətən var olur...

Vətən Müharibəsi - Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq suveren dövlətin qələbə inamı ilə müharibə aparmaq, öz hərbi-siyasi qüdrətini nümayiş etdirmək, Silahlı Qüvvələri ilə düşməni lərzəyə gətirmək, torpağının hər qarışını azad etdikcə qüvvətlənmək əzmini əks etdirməyin, milli varlığımızı möhtəşəm obrazlarla canlandırmağın şərəfini yaşadır. Yalnız bu şərəf ehtişamında pafos ədəbiyyatın daxili zərurətinə çevrilir, şair sözü və əsgər addımları eyni ahəngə köklənir. Azərbaycan şairlərinin yazdıqları "Marş"lar ulu millətimizin böyüklüyünə, Vətən yaddaşının itirilməzliyinə tən gələn qalibiyyət ruhunun təcəssümü olur. Səlim Babullaoğlu və İlqar Fəhminin birgə yazdığı, öz bəstəsini gözləyən "Azərbaycan" marşı kimi:

 

Azərbaycan! Ana torpaq,

                        sən tarixin yaşıdısan!

Türk elinin baş tacısan,

                        qoca Şərqin qapısısan!

Ürəyisən Qafqazların,

                        adın vardır dünya dolu,

Xəzər üstə qanad gərmiş

                   qartalsan sən: məğrur, ulu.

Nəqərat

Bayrağının göy rəngində

                        millətimin ad-sanı var,

Ay-ulduzlu al rəngində

                        qutsal şəhid qanı çağlar,

Yaşılında babaların haqq inamı süslər səni,

Azərbaycan! Yalnız zəfər,

                        yalnız zəfər səslər səni!

 

Gözəl Vətən! Sənin üçün

                        neçə igid keçdi candan,

Yenildilər düşmənlərin,

                 şax dayandın sən hər zaman.

Azərbaycan-anam mənim!

                   Azərbaycan-Odlar Yurdu!

Keşiyində ayıq-sayıq

                        durub yenə qadir ordu!..

Nəqərat...

Neçə xalqın güman yeri,

                        aman yeri, qədim diyar,

Qucaq açdın məzlumlara,

                        daim yaşa sən bəxtiyar!

Şan-şöhrətli keçmişisən

                  sən hər kəsin, bu günüsən,

Sən hər kəsin aydın,

      xoşbəxt sabahısan, gözəl Vətən!.. 

Nəqərat...

 

Millət arxitekturası və ya kimdir "Böyük İnsan"?

 

Vətən Müharibəsi ictimai idrakın həm də o qatını oyatdı ki, Şəxsiyyət və Millət olmaq eyni zamanda baş verir. Şəxsiyyətlərindən tikilməyən Millət sökülməyə məhkum. Mənəmçiliyin, yayğın ehtirasların qabartısında ora-bura dartılan pozuq bir toplum necə Şəxsiyyət yetişdirə bilər?! Millət olmaq - sosial harmoniyanın ən üstün keyfiyyətidir. Vətəndaş - ictimai-hüquqi statusdur. Millət olmaq - məhz vətəndaşın Şəxsiyyət olmaq potensialının açılması hərəkatıdır. Ədəbiyyatımız Vətən Müharibəsi dərslərindən həm də Şəxsiyyətlərindən yaradılan Millət arxitekturasının parametrləri ilə milli özünüdərkin daha əngin miqyaslarına çıxmaq görkünü aldı.

Vətən Müharibəsinin qızğın çağında və ondan sonrakı dövrdə Azərbaycan əsgərlərinə, şəhidlərinə, qazilərinə həsr olunmuş seçkin bədii əsərlər (Çoxlu ithaf yazılarının əksəriyyəti sənətkarlıq baxımından orta və aşağı səviyyəli olur. Ədəbi zaman isə bütün yazılanları seçib-sonalayır, yaddaş kitabına yalnız seçkinləri salır.), əslində, Azərbaycanın müasir tarixi həyatında yer almış insanların ömür yolunun təcəssümüdür: "Ana elə-belə oğul doğurmaz, // Qəhraman doğurar o, qul doğurmaz! // Övlada ananın bətni vətəndi, // Duyduğu laylanın mətni vətəndi... // Əgər o vətənin düşməni varsa, // Bir mənin yerinə beş məni varsa, // Oğul şəhid olar vətən yolunda..." (M. İsmayıl) Vətən Müharibəsinin şanlı şəhid və qazilərinə poeziyanın müraciəti bütün qutsal dəyərlərin yüksəyində dayanan məsuliyyətin yükünü çəkir: "Azərbaycan adını sinənizdən asdınız, // Yeni tarix yaradıb, yeni dastan yazdınız. // Qazi hüzurlarıdır daha səcdə yerimiz, // Şəhid məzarlarıdır ən müqəddəs andımız. // Adınızla tarixə möhürləndi bu payız, // Qarşınızda bir ömür sayqı duruşundayız!" (İ.İlyaslı) Vətən yolunda canını fəda edən bu insanlar nə qədər gənc olsalar da, Dövlət və Millət olmağın böyük həqiqətini dərk etmiş Şəxsiyyətlərdir. Onların müharibə həyatı ya sənədli, ya da bədii şəkildə canlandırıldıqca, ədəbiyyatımız nəsillərə görk olası bahadır əsgər, qəhrəman şəhid, yenilməz qazi obrazları ilə zənginləşir. Ədəbiyyatımıza "Böyük İnsan" idealist təxəyyüllərdən deyil, gerçək həyatdan - Vətən azadlığı müharibəsində bütün xarakterini ortaya qoyan Azərbaycan Ordusunun sıralarından, yurda sipər Azərbaycan vətəndaşlarının arasından gəlir:

 

Boyuna qurban olum, Azərbaycan əsgəri,

Dünyanın ən mübarək qələbəsi sənindir.

 

Bu vətənin nəyi var - azı-çoxu döyüşür,

Dağı, daşı, torpağı, varı, yoxu döyüşür.

Neçə şəhid igidin nakam ruhu döyüşür,

Bir əsgərə çevrilir burda hər məzar daşı,

Qürur yerim, nə yaxşı, başlatdın bu savaşı...

 

Ocağının başına çıxmağa yad gözləmə,

Dur, ayaqdan başa çıx, başqa imdad gözləmə.

Andın vətənin andı, qeyri bir and gözləmə, -

Adın vətən adıyla çəkilərsə yanaşı,

Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

 

Bu insan dənizində hər insan bir adacıq,

Doğmaca yurdumuzu viran qoydu yad acıq.

Haqdı səni səsləyən, haqq üçün cihada çıx,

Yürü, igid səfinin nə arxası, nə başı,

Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı...

 

Ağzımda haqq deyirəm, bu haqq səsi sənindir,

Hələ haqqın nahaqla bəhsəbəhsi sənindir,

Dünyanın ən mübarək qələbəsi sənindir,

Bu qələbə yolunda nə dayan, nə yavaşı,

Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı!

M.İsmayıl

 

Məmməd İsmayılın "Azərbaycan əsgəri", Vaqif Bəhmənlinin "Vətən əsgəri", Avdı Qoşqarın "Azərbaycan əsgəri" şeirləri çiyin-çiyinə verərək ədəbiyyat cəbhəsində döyüşür:

 

Yurda göz dikənin dərsini verdin,

Yolunu azanlar qorxdu gücündən.

Vətənə qanım da halaldı, dedin...

Məğrurluq boylandı igid, içindən -

Ey Vətən əsgəri, Vətən əsgəri!..

 

Qoru sərhədləri, yolu, körpünü -

necə ki, əkinçi dəni qoruyar.

Qorusan beşikdə yatan körpəni

bil, Ulu Tanrı da səni qoruyar...

Ey Vətən əsgəri, Vətən əsgəri!

 

Şərəf timsalıdı hünərli paqon,

şərəf qoruyandı əsgər deməli;

Çiynində alışan o zərli paqon

ölkəmin müqəddəs əlidir, əli -

Ey Vətən əsgəri, Vətən əsgəri!

 

Vaqif Bəhmənli

 

Fərqli bədii dünyası olan bu şairlərin seçkin poetik intonasiyası Azərbaycan əsgərinin ürək döyüntüsünə, onun döyüş ruhunun zəfər müjdəli çılğın ritminə yatır...

 

Sür atını dağlara, aranda qala qurdun,

Bir az oyat yaddaşı, bir az yırğala yurdu.

Sən ordular içində basılmayan bir ordu

Yar qarşına atılan keçidləri, sədləri -

                        Azərbaycan əsgəri...

 

And olsun al Günəşə, bu qüdrət haqdan gəlir,

Canda qanı oynadan yaddaşdan, vaxtdan gəlir,

Öləziyən ümiddən, sönən çıraqdan gəlir,

Endir zəfər cəngini - endir titrətsin yeri -

                        Azərbaycan əsgəri.

 

Azərbaycan doğulur - od-alov yağışından,

Qan püskürür Şuşanın torpağından, daşından,

Bir az istilik qopar Savalanın başından!

Tut başını yuxarı, ver sinəni irəli -

                        Azərbaycan əsgəri!..

 

Avdı Qoşqar

 

Vaqif Bəhmənlinin işğalın başlamasından Zəfər gününə qədər təqribən 30 illik dövrü əhatə edən bir kitablıq ("Mən əsgərəm, Qarabağ!..") şeir və poemaları - Qarabağın tale yazısıdır. Qarabağın tale kitabı "Vətənimə Sübh Duası" proloqu ilə başlayır. Vətən Müharibəsinin od-alov qarsında yazılmış bu əsər müasir Azərbaycan poeziyasının ən parlaq keyfiyyətlərini - klassik şeir ənənəsinə yaradıcı sadiqliyi, forma və məzmunun daxili qafiyələnmə ilə süslənən vəhdətini və ilk misradan son misraya qədər ideyanın patetik vəcdlə hərəkətini, tarixi təməllərimizə söykəncin ərənlik ruhunu, uzun illər Qarabağ ətrafında yallı gedən məkrli siyasi oyunlara eyhamı, Vətənin zəncirlənmiş parçasının yağı əlindən qurtula-qurtula nəfəs dərməsinin Azərbaycan əsgərinə, vətəndaşına verdiyi sonsuz həzzi və xalqın ilham qaynağı olan Ali Baş Komandan İlham Əliyevdə ümummilli vəhdətin triumfa çatmasını özünün dolğun metaforik mənzərəsində əks etdirə bilir:

 

Sübhdən salavat deyib, durdum ilhama gəlib,

Saatı qələbəyə qurdum ilhama gəlib!

 

Sözü seçdim dən kimi, qələmi köhlən kimi

çapıb Qarabağ boyu yordum, ilhama gəlib!

 

Otuz il firqət, ilhaq - meydan suladı nahaq...

Haçan tutar yerin haqq? - sordum,

                                    ilhama gəlib!

 

Vaxt itirdik gör kimə, yağı bəndmiş bir himə;

Yenilməz tariximə vardım, ilhama gəlib!

 

Ağdamı, Kəlbəcəri, Laçını, Xocalını

Ürəyimin içində gördüm ilhama gəlib!

 

Qollarımı doladım Füzulinin boynuna,

Zəngilan, Cəbrayılı sardım, ilhama gəlib!

 

Qanadlanıb Şuşaya, o müqəddəs guşəyə,

Şehli Xarı-bülbülü dərdim, ilhama gəlib!

 

Şəhid türbələrinə təravət vermək üçün

Pəmbə-pəmbə gül açdı dərdim, ilhama gəlib!

 

Ali Baş Komandanın adınadı ilhamım,

İlhamım əmr eləyib, ordum ilhama gəlib!

 

Qarabağ - Azərbaycan!.. Hayqırır bir ağızdan,

Qələbəyə şığıyır yurdum, ilhama gəlib!

 

Sənətin öncəgörüm duyğusu fəhmin də qanunauyğun əlamət olduğunu bəlli edir. Fərid Hüseynin "Yumruq günü" şeiri Vətən Müharibəsinin ilk günlərində çap ediləndə, hərbi sirr kimi hələ məlum deyildi ki, Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinə qarşı döyüşü "Dəmir yumruq" əməliyyatı adı altında keçirilir. Lakin gənc şair Azərbaycan xalqının qisas zamanını "Yumruq günü" kimi "kodlaşdırmışdı"... Bu şeir bizim milli düşüncəmizin zaman və məkan koordinatlarında hərbi müşahidə məntəqəsinin yerləşdiyi əlverişli nöqtə kimi elə bir məqamı seçir ki, sanki oradan tariximizin dor-dolaşıq cığırlarından nəhayət baş yola çıxan səmtin tapıldığı görünür. Artıq anlayırıq ki, "Harda dayansaq da, üzümüzü vətənə sarı çevirməliyik." İnsan - Vətəndaş - Əsgər fərqli status, maraq və mənafelərin cazibəsindən, ilğımından sıyrılıb, yalnız Vətən nüvəsində milli özünüdərkin aydın fəzasına çıxır.   

Vətən Müharibəsi vahid milli orqanizmin Ordusundan Poeziyasına qədər ümummilli enerjinin dövranını yaratmış oldu. Azərbaycan ədəbi mətbuatının təqdim etdiyi əsərlər - Qəşəm Nəcəfzadənin "Azərbaycan əsgəri", Asif Asimanın "Qələbə marşı gərək...", Ayaz Arabaçının "Azərbaycan əsgəri", "Ordu", "Bayraq", "Əsgərim", "Öpürəm", "Olsun", "Son damla qanımızadək...", "Savaş indi başlayır", İlham İnamın "Ali Baş Komandanım!", "Bir gözüm ağladı, bir gözüm güldü", "Şəhidlik ucalıqdı", "Salam, Cəbrayılım", "Azad olmuş Zəngilan", "Qubadlım", "Şuşama", Fuad Vəliyevin "Zəfər şərqisi", Aybəniz Kürəkçaylının "Gözünüz aydın", "Mənim qalib Ordum", "Tanrı qorusun sizi!", Əşrəf Veysəllinin "Sözün qələbəsi", "Sən qalib əsgərsən!", Ağasəfanın "Oyandı qoca vulkan!", Ağacəfər Həsənlinin "İlham - Ərdoğan birliyi", "General-leytenant Hikmət Mirzəyev", "Xəbər", "Sənə sığınmağa...", "Fəryad", "Tala", "Cəbhəçi gizirin gündəliyi", "Özünə qayıdış", "Torpaq", "Şəkil", "2783", "Şəhid", "Əsgər babası", "Yardım", "Qazi ağaclar, veteran quşlar", "Müharibə və sevgi", Adil Şirinin "Ümid bayraqlarıdı qanlı köynəklər, Vətən!", Kamalə Abıyevanın "Sən elə azadsan", "Vətən ətri" "Vətən savaşı", Xəqani Həbiboğlunun "Əsalı əsgər", "Zəfər nəğməsi", Rəsmiyyə Sabirin "Şəhidim", Nilufər Şıxlının "Torpaq qayıdanda", "Kimdir müqəddəs əsgər?..", "Əsgər məktubu", "Şuşa", Salam olsun!", "Yaxından tanıyın Azərbaycanı!", İlqar Fəhminin "Balaca kişilər", Sərdar Aminin "Bir dəqiqə sükut... Gəmi siqnalı...", Həyat Şəminin "Salam, Əsgər!", Vaqif Aslanın "Salam, Əsgər Tanrıkut! Tanrıkut Əsgər, salam!", Elxan Yurdoğlunun "Duruşu heykəl əsgər" və s. bu prosesi ən həssas nöqtələri, mənəviyyatı qığılcımlandıran toxunuşları və həm də fərqli duyuluşları ilə əks etdirməyə çalışdı.

XXI əsrin hərb praktikasında yeni dövr açan Vətən Müharibəsinin 44 günlük gərgin sürəci, ildırımsürətli strategiyası lirik poeziyamızın çevik üslubunu "oyandırdığı" kimi, milli ordumuzun əzəməti və onun tarixi-siyasi həyatımızda dönüş yaradan möhtəşəm qələbəsi Azərbaycan epik poeziyasının da qanadlarını açdı. Sabir Rüstəmxanlının "Savaş bitməmiş hələ" və "Qarabağa dönüş", Abuzər Turanın "Zəfər nəğməsi", Elxan Zal Qaraxanlının "Azərbaycan simfoniyası", Əsəd Cahangirin "Xarıgülnar", Balayar Sadiqin "Zəfər simfoniyası", Ramiz Duyğunun "Bir oğul istəyir Vətən", Güneyli şair Rəsul Qədirinin "Xarıbülbül" poemaları məhz Vətən Müharibəsinin üzə çıxardığı sarsılmaz milli qüdrətin epik-monumental təcəssümü sayıla bilər.

Sabir Rüstəmxanlının Vətən Müharibəsindəki Qələbə Ruhunu özündə yaşadan son iki poeması - "Savaş bitməmiş hələ" və "Qarabağa dönüş" - Azərbaycanın bir dövlət və millət olaraq necə qüdrətli mənəvi gücə, siyasi iradəyə malik olduğunu, bu qocaman məmləkətin saflıq və həqiqət üçün susayan müasir dünyaya necə gərək olduğunu anladan ərən görklü zərif eposlardır.

Mənim tələbəlik dostum Abuzər Turan (Abuzər Bağırov) filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyi Moskva Təşkilatının sədri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professorudur. "Moskva ədəbi-mədəni mühitində Azərbaycan ədəbiyyatı" adlı dəyərli dissertasiya, elmi, ədəbi, tənqidi, publisistik əsərlər yazsa da, heç zaman poeziya yaradıcılığı ilə məşğul olmamışdır. İndi təsəvvür edin, Vətən Müharibəsinin tarixi-siyasi əhəmiyyətinin beynəlxalq miqyasda, ölkəmizin hüdudlarından da kənarda, diaspor mühitində milli özünüdərk prosesinə verdiyi təkan elə güclü olmuşdur ki, Abuzər belə bir məsuliyyətli mövzuda poema yazmağa cəsarət etmişdir. Əlbəttə, poemanın aktuallığını nəzərə alaraq, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli onun təhlilinə ayrıca məqalə həsr etmiş, əsəri "poetik dastan" kimi qiymətləndirmişdir. Abuzər Turanın "Zəfər nəğməsi" poema-dastanı "Zəfərin özü səndə, Ali Baş Komandanım!", "Sayın Cümhur Başqanım!", "Əziz Vəziri-Əzəm!", "Müqəddəs Qalib Üçlük!" bölümlərindən ibarətdir: birincisi - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, ikincisi - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana, üçüncüsü - Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Əhməd Niyaziyə poetik müraciətdən, dördüncüsü - Avrasiyada güclənməkdə olan bu üç dövlətin - Azərbaycan, Türkiyə və Pakistanın yaratdığı mənəvi coğrafiyanın vəsfindən ibarətdir. Əsərin siyasi sanbalı da elə bundadır. Ədəbiyyat bütün sinirləri ilə dünyada baş verən pozitiv və neqativ yüklü qlobal təlatümlərə anındaca refleksiya verməyi bacarmalıdır.

 

Ədəbiyyatın Şuşa zirvəsini fəth etmək!

 

XXI əsr Azərbaycanı, Vətən Müharibəsi və müasir Qarabağ əsərinin baş qəhrəmanı - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Zəmanəmizin bu diqqətəlayiq faktını Azərbaycan ədəbiyyatı duyur, təqdir edir və özünün bədii dünyasının episentrinə gətirir. Buna görə də təsadüfi deyildir ki, Vətən Müharibəsi mövzusunda yazılmış poemaların əksəriyyəti səciyyəsinə görə "hadisə-poema" deyil, "ideya-poema"dır. Bu gün bizim diqqət mərkəzində dayanan - XXI əsr Azərbaycanı, Vətən Müharibəsi və müasir Qarabağ zəruri fəaliyyətlərin kompleksi kimi məhz İdeyadır. Bizi çağdaş tarixin öncinahına çıxaran ideya. Elxan Zal Qaraxanlının "Azərbaycan simfoniyası" və Balayar Sadiqin "Zəfər simfoniyası", "Şəhid ətri" də bu ideyanı müasir Azərbaycan ədəbiyyatında milli özünüdərkin aparıcı tendensiyası kimi əks etdirirlər:

 

...Söylədin: "Qarabağ Azərbaycandır!"

Adi torpaq deyil, canımda candır!

Yolunu gözləyir, gör bir haçandır -

Arzu yollarımda ümid sarvanım,

Min yaşa, müzəffər Baş Komandanım!

 

Tanıtdın cahana öz ünvanını,

Yaşatdın millətə zəfər anını.

Üçrəngli bayrağım öpür alnını,

Adınla öyünür Azərbaycanım,

Min yaşa, müzəffər Baş Komandanım!

 

Balayar Sadiq

 

Öncə vurğuladığımız kimi, müstəqilliyimizin başlanğıc mərhələsində Qarabağı itirməyimiz və 30 illik işğal dövrünün faciəvi acıları Azərbaycan nəsrində gerçək bədii yaşantlarını tapmışdı. Bütün bu acılara son qoyan Vətən Müharibəsi isə, adətən, hadisələrin iliklərinə, proseslərin toxumalarına varmaq, onların bədii arxitekturasını biçimləmək spesifikasına malik olan nəsr poetikasında hələ indi-indi seçkin təsvir keyfiyyətlərini alır. Lakin, heç şübhəsiz ki, XXI əsrin ilk çərəyində Azərbaycan dövlətinə və xalqına tarixi zəfər qazandıran Vətən Müharibəsi öz dramatizmi ilə daha çox nəsr və dramaturgiyamızda bədii sənət monumentallığını əldə edəcək. Nəsrin ilk "savaş qənimətləri" buna əsas verir. Özü qaçqınlıq həyatı yaşayan, müharibənin olmazın iztirablarını çəkən və ötən onilliklərdə əsərlərində o iztirabların canlı portretlərini yaradan Azad Qaradərəlinin son bir ildə yazdığı hekayələr kitabı və "Cəbrayıl əfsanəsi" romanı, Elçin Hüseynbəylinin Qarabağ mövzulu yaradıcılığının uğurlu davamı kimi "Əsgər barmağını əmən körpə", "Həcər", "Vəsiyyət", Kənan Hacının "Qarabağ hekayələri" silsiləsi "Vətən Müharibəsi nəsri" məcrasının genəlməsinə stimul verəcəkdir. İşğal altındakı bölgələrimiz bir-bir azad olunduqca zəngləşib-təbrikləşdiyim gənclik dostum zəngilanlı Azad hər dəfə göz yaşları içərisində boğula-boğula danışsa da, onun "Cəbrayıl əfsanəsi" - başdan-başa Hünər və Qəhrəmanlıq romanıdır. Yazıçı Azərbaycan Milli Ordusunun əsgəri, "Azərbaycan Bayrağı" ordenli şəhid Cəbrayıl Dövlətzadəni prototip kimi seçsə də, əsərində onun döyüş yolunu yaxın və uzaq tariximizin məhz Vətən Müharibəsi ilə uzlaşan, sanki onun köklərində dayanan məqam və olaylarına calayır. Sanki qəhrəman şəhid Cəbrayılın çevrəsində torpaq uğrunda savaş tariximiz dolanır. Keçmişini indisinə bağlayan yaddaş gələcəyə də budaqlanır...

Dramaturgiya teatr səhnəsinə çıxmaq imkanı ilə müharibənin metafizikasını daha vizual canlandırmaq potensialına malikdir. Burada ədəbiyyatın müharibəni hər zamandan, hər məkandan, hər bir ayrıca insandan (personajdan) görən gözü daha geniş açılır. Etiraf edək ki, bizdə dramaturgiya, məsələn, poeziya ilə "rəqabətdə" uduzur. Yəqin ki, bu bizdə şeiriyyət ənənəsinin tarixi gücündən irəli gəlir. Fəqət dramaturgiyanın hər hansı milli mədəniyyəti ən yüksək statusda təmsil və təqdim etməyin üstünlüyünü nəzərə alsaq, onda gərək Azərbaycan dramaturgiyası "sənət periferiyasında" qalmasının səbəbləri üzərində düşünə. Əlbəttə, dram əsərləri elə çox yazılmır. Ancaq bizim praktikada bu azın da azıdır. Bir il ərzində ədəbi bətndən yalnız bir-iki dram doğulub: Qəşəm Nəcəfzadənin Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun unudulmaz xatirəsinə həsr olunmuş "Ölüm qaldı o dünyada" və Ay Bəniz Əliyarın "Xarıbülbül" pyesləri.

Vətən Müharibəsi və Milli Ordumuza dəstək xüsusunda daha geniş fikir mübadiləsi Azərbaycan ədəbi mediasında aparılmışdır. "Azərbaycan" və "Ulduz" dərgiləri, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Ədalət" qəzetləri, digər ədəbiyyat, mədəniyyət və incəsənət portallarında Azərbaycanın görkəmli ədəbiyyat və mədəniyyət nümayəndələri, yazıçılar, alimlər, sənətkarlar, gənc ədəbiyyatçılar məqalə və esselərində, bədii-publisistik yazılarında Qarabağ Müharibəsinə müstəqil dövlətimizin taleyüklü problemi olaraq fəal münasibət bildirmişlər. Onların baş redaktorları və məsul komandası rəhbərlik etdikləri mətbuat orqanlarını müharibənin və qələbəyə doğru yürüşün "ədəbi poliqonuna" çevirmişdilər. "Azərbaycan"da İntiqam Qasımzadənin "Yazılsın tarixə bir qızıl xətlə...", "Ədəbiyyat qəzeti"ndə Azər Turanın "Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi", "Tanrının evi - Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər...", "Ulduz"da Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" adlı baş məqalələri və s. məmləkətin silah-qələmlərinin səfərbərlik çağırışı idi.

Müharibənin ən qızğın çağında AZƏRTAC Azərbaycanın Xalq yazıçısı Elçinin "Xalqın qələbəsi və xalqın faciəsi" yazısını təqdim edir. Vətən Müharibəsinin zirvə anında (8 noyabr 2020) - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması münasibətilə tarixi müraciətindən sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar "Ədəbiyyat qəzeti"ndə xalqımıza gözaydınlığı verir: "Şuşamızı inanılmaz hünərlə, şücaətlə, fədakarlıqla azad edən döyüşçülərimizə eşq olsun! Əsgərlərimiz, zabitlərimiz, generallarımız qələbədən sonra sağ-salamat qayıdıb Zəfər paradında vüqarla iştirak etsinlər... Zəfər yollarını qanıyla suvaran, doğma torpaqları yağı tapdağından qurtarıb doğma torpağa qovuşan şəhidlərimizin ruhu şad olsun. Şükür ki, Polad iradəli Mübarizlərimizin qanı yerdə qalmadı. Gecə qaranlığında quldurcasına qətlə yetirilən dinc əhalinin, yüzə yaxın insanın, körpə balaların qanı yerdə qalmadı. Uçurulan məscidlərin, dağıdılan binaların, yandırılan meşələrin, güllələnən heykəllərin, susdurulan muğamların qisası alındı... Gözün aydın, tarixin sınaq saatında yumruq kimi birləşən xalqım... 82 yaşım var, Allaha, taleyimə, ordumuza, Ali Baş Komandana dua edirəm ki, uşaqlığımın, yeniyetməlik çağımın, ahıl illərimin şəhəri Şuşanın azad olunduğu günü görə bildim. Gözün aydın..."

Prezidentin ümummilli şüara çevrilmiş "Qarabağ - Azərbaycandır!" görkü bir gənc yazarın - Günel Mehrinin esse mətnindən videoçarxa adlayır və vizual məkandan Azərbaycanın hər guşəsinə yayılaraq, Vətənlə döyünən qəlbləri titrəyişə gətirir: "İndi bildim ki, hər yer Qarabağdır!.. İndi bildim ki, hər kəs qarabağlıdır... Yaralı əsgərini gülləbarandan çıxaranda şəhid olan Turqut həkimdir Qarabağ!.. Döyüş yoldaşlarını qorumaq üçün erməni zabitlərini əliyalın boğan Cəbrayıldır Qarabağ! İndi bildim ki, şəhidlərlə tükənmir, bütövləşir bu millət!.. İndi bildim ki, tək ön cəbhə deyil, arxa cəbhədir Qarabağ! Növbələrə düzülüb əsgərinə qan göndərən minlərdir Qarabağ! Son qəpiyini əsgərinə pay yollayan Hikmət babadır Qarabağ! Bayraq tikən Laçın nənədir Qarabağ! Bombalanan evindən bayrağını çıxaran gəncəli Xəyyamdır Qarabağ! Qarabağ - tək torpaq deyil, meşə deyil, dağ deyil! Qarabağ - namusdur, qeyrətdir, üz ağıdır! Qarabağ - narahat ruhların doğma məkanı, Üzeyirdir, Natəvandır, Bülbüldür - Qarabağ! Poladdır, Raqufdur, Mübarizdir - Qarabağ! İndi üzümü Məğribə və Məşriqə tutub rahat ürəklə deyirəm: - Ehey! Eşidirsən, dünya? Qarabağ - Azərbaycandır! Başını dik tut, Vətən, eşidirsən? Qarabağ - Azərbaycandır! Azərbaycandır - Qarabağ! " Sizə inamla deyirəm: Böyük Azərbaycan ədəbiyyatı bu qutsal ruhun təcəllası ilə, halal qanın qatbaqat yaddaşı ilə, milli varlığımızı kökündən çiçəyinədək dərk etməyin zəkası ilə yaradılacaqdır!

Cəbhədə əsgər kimi döyüşən gənc şair Emin Piri müharibə fenomeninə onun öz sərt reallığından baxsa da, insanlıq dəyərlərinin dilemması qarşısında seçim etmək tərəddüdünü də yaşayır: Qarşı səngərdəki düşmən ordusunun əsgəri Azərbaycan snayperinin hədəfindədir. Müharibə deyir - vur. Ədəbiyyat deyir - dayan: "...Onun (mobil telefonla kiminləsə danışan düşmən əsgərinin) özündənrazı, tərki dünya olaraq harda olmasını unutması adamın ağlına yalnız sevgilisini gətirə bilir. İnsan onun etdiklərini sevgilisi ilə danışanda edə bilər... Vuraq? Ani olaraq beynimin içindəki düşüncələr mənə imkan vermir... Bəlkə danışdığı adam anasıdır? Və həmin vurulsa... Ya da sevgilisi? Bu elə ən böyük sevgi qətliamı olar. Telefonun qarşısındakı şəxsin o vurulduğu an keçirəcəyi hissləri ağıla gətirmək belə mümkün deyil. Bəs, o əsgərin yerində biz olsaydıq? Danışdığımızsa sevgilimiz, anamızdırsa?.." Azərbaycan əsgəri, təbii ki, müharibə qanunları ilə hərəkət edib, düşməni vurur. Fəqət bu hissin özü - ədəbiyyatın, sənətin ulu qanunlarını varlığında yaşatdığından insan mənəviyyatını heç zaman tərk edə bilməz.

Savaş dönəmində və sonra Azərbaycan ədəbi mediasının "Vətən Müharibəsi və ədəbiyyat" mövzusunda apardığı müzakirələr də ədəbi-humanitar düşüncəni bu alfa-problem üzərində toparlayır (Məsələn, "Ulduz" dərgisi ilə "525­ci qəzet"in birgə layihəsi - iştirakçılar: Azər Turan, Elnarə Akimova, Mətanət Vahid, İlqar Fəhmi, Elçin Mirzəbəyli, Cavid Zeynallı, Musa Urud, Günel Anarqızı, Rövşən İsax). Akademik İsa Həbibbəylinin "Bütövlüyün təntənəsi - Zəfərin isti izlərinin poeması", akademik Nizami Cəfərovun "Sözümüzün Ali Baş Komandanı", AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Tarixin Fürsəti", professor Nizaməddin Şəmsizadənin "Erməni faşizmi", professor Rüstəm Kamalın "Pənah xanın ruhu", Orxan Arasın "Müharibə ədəbiyyatı", Elxan Zal Qaraxanlının "Qarabağda Səlcuq şikəstəsi", Əsəd Cahangirin "Səs", Təranə Vahidin "Həsrət essesi", Sadıq Elcanlının "Müqəddəs qələbəyə and içirəm", Əlabbasın "Dərs", Mustafa Çəmənlinin "Cəbhə xatirələrim... İyirmi yeddi il sonra", Elnarə Akimovanın "Poeziyada Vətən", "Ermənilərin öldürdüyü uşaqlar", "Şuşada azan səsi", Südabə Ağabalayevanın "Xüsusi təyinatlı söz", İradə Musayevanın "Qarabağ", Səadət Şıxıyevanın "Nisgilli könüllərin tərcümanı Şuşa", Vahid Qazinin "Şuşalı foto", Tahirə Məmmədin "Qarabağ savaşı: Sözümüz və özümüz", Nüşabə Əsəd Məmmədlinin "Səadət anı", Rövşən Yerfinin "Şəhidlik zirvəsi", Mirmehdi Ağaoğlunun "Qarabağ müharibəsindəki əbabil quşları", Tural Turanın "Şuşanın səsi", Vüsal Nurunun "Ağdam olmaq", Cəlil Cavanşirin "Nostalgiyanın sonu: biz qayıdırıq", Sevinc Nuruqızının "Dağ başında şam Şuşa", Sərdar Aminin "Qədir əmi, Ağdam alındı!", Laura Cəbrayıllının "Allahın əsir mələyi", Günel Natiqin "Qarabağ mənim üçün...", Ramilə Qurbanlının "Pas atmış açarlar", Ramil Əhmədin "Qarabağa qayıdırıq, dünya gözəlləşir" və s. yazıları bütövlükdə mədəniyyətimizi, ədəbi-estetik düşüncəmizi Vətən Müharibəsinin necə təkanlaya bildiyinə və biləcəyinə Azərbaycanda yaradıcı insanların bəslədiyi inamın örnəyidir. Yazıçı İlqar Fəhminin deyimincə, "...məhz bu qələbədən sonra biz Azərbaycanda sözün həqiqi mənasında müharibə ədəbiyyatını görə biləcəyik..."

Xalqımızın 27 sentyabr - 10 noyabr 2020-ci il Vətən Müharibəsində çaldığı böyük qələbə bütün əlamətləri ilə Azərbaycanın tarixi-siyasi həyatında yeni bir fazanın başlanğıcıdır. Artıq indi Qafqazın ən qüdrətli respublikası Azərbaycan bütün bölgədə sülh və əməkdaşlıq dönəminin başladığını bəyan edərək, bu quruculuq prosesinin önündə getməkdə qərarlıdır. Dövlətlər və mədəniyyətlərarası münasibətlərin mahiyyətində əsaslı dəyişikliklərə yol açacaq transformasiyaların respublikamızın və eləcə də region ölkələrinin maraqlarına uyğun cərəyan etməsi üçün bizim beynəlxalq siyasi platformamızın mükəmməl humanitar təməlləri də olmalıdır. Bu o deməkdir ki, ədəbiyyatımızın Vətən Müharibəsini müstəsna tarixi fenomen kimi işğaldan öncə, işğal dönəmində və işğaldan sonra əksetdirmə strategiyası arasındakı fərqin dəqiq müəyyənliyi bəlli olmalıdır:

Vətən Müharibəsindəki Qələbə Anından başlayaraq, Azərbaycan ədəbiyyatı - qalib Azərbaycanın ədəbiyyatıdır! Çağdaş ədəbiyyatımız bu qalibiyyətin eyforiyasını yox, ağırlıq və məsuliyyətini, həm də əzəmət və qüdrətini yaşamalı, bədii mədəniyyətimizin tarixi-genetik özəlliyindən gələn müdriklik psixologiyasının dərinliklərini üzə çıxarmalıdır. Qüdrətli dövlətin qüdrətli ədəbiyyatının doğuluş anı yetişmişdir! Bundan sonra Azərbaycan bədii sözü böyük ədəbiyyatın estetik meyarlarlarını yalnız yüksəltmək, özünüdərk və zənginləşmə potensialını artırmaq haqqına sahibdir. Təkcə Qarabağ mövzusu çevrəsində deyil, dünya genişliyində. Gərək Azərbaycan yazıçısı - Azərbaycan Ordusunun əsgəri Şuşanı fəth etdiyi tək ədəbiyyatın Şuşa zirvəsini fəth etsin!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!