Vurğun gülüşü - Rüstəm Kamal - Rüstəm KAMAL

Rüstəm KAMAL

Başqa bir qüsur da ağrıdır bizi,
Bəzən unuduruq gülməyimizi.
S.Vurğun
M.Baxtın Rable haqqında kitabının bir fəslində ("Rable gülüş tarixində") A.Gertsenin sözlərini epiqraf kimi verir: "Gülüşün tarixini yazmaq hədsiz dərəcədə maraqlı olardı".
Şairlərin gülüşünü yazmaq bir çox sirli, gizli mətləbləri duymağımıza imkan verərdi və maraqlı, mistik mənalar tarixi alınardı.
Onlardan biri də "gülməyən" dahi şairimiz Səməd Vurğundur.
Şairin gülüş obrazını adı ilə bağlı xatirələrdə, əfsanələr əsasında bərpa etmək mümkündür. Yaddaşlarda daha çox onun poetik sözü, ağsaçlı, qartal baxışlı görkəmi, müdrik, kədərli baxışları qalıbdır. İnsanlar Səməd Vurğunun böyük şəxsiyyətindən məhəbbətlə söz açıblar. Amma gülüşünü qeydə almayıblar.
İnsanlar S.Vurğun hazırcavablığından, yumorundan danışarkən ona epik miqyas vermək istəyirlər. Onun gülüş doğuran hər sözünü, hər hərəkətini epik müdrikliyin təzahürü kimi qəbul ediblər.
Səməd Vurğun necə, nəyə və kimə gülürdü? Bu haqda xatirələr susur.
Yaradıcılıq taleyinə uşaqlığın acı xatirələri, XX əsrin dəhşətləri (repressiya, müharibə, stalinizm) möhürünü  vurmuş bir mütəfəkkirin gülməyini təsəvvür etmək çətindir. Ruhunda, canında satira cövhərinin olmadığını bir şerində etiraf edirdi.
Oxucum, etiraf edirəm qəlbən,
Satira gəlməyir mənim əlimdən.
Bəlkə də çatmayır buna qüdrətim,
Başqa bir ruhdadır şerim, sənətim.
Səməd Vurğunun Hüseyn Arif, Qabil kimi lətifələri yoxdur, çünki miqyas başqadır. Böyüklük və sadəlik, müdriklik və uşaqlıq bütövləşmişdi. Gülüş xətrinə söz deməyib. Hər atmacasında sətiraltı məna, incə işarə olurdu, mətləbə toxunurdu. Zarafatla deyilən söz, kəskin atmaca şairin iç həqiqətləri idi.
O, əsərlərində, sözündə-söhbətində gülüşün bütün ifadə imkanlarından aforizmlər, metaforalardan, hipirboladan istifadə edirdi.
"Vaqif" dramında təlxəklə Qacarın dialoqu ölümlə gülüşün mifoloji əlaqəsini göstərən bir səhnə var. Qılıncların, sözlərin toqquşduğu bir məqamda, ölüm məkanında təlxəyin gülüşü eşidilir.
"Qacar:
Təlxək, yenə hürürsən?
Təlxək:
(əyanları göstərərək)
- Şah sağ olsun, bu sürüyə
Bəs bir köpək deyil gərək? (hamı gülür).
Qacar:
- Təlxək, söylə, məni çoxmu sevirsən?
Təlxək:
Şahım yaranmadan qulunuzam mən…
Qacar:
- Bir de görüm, məni əsir alsalar,
Qaranlıq zindana tutub salsalar,
Neylərsən?
Təlxək:
- Neylərəm? Neylərəm: Aman!..
Keçərəm yolunda baş ilə candan…
Sizi zindanlara salsalar əgər,
İnsan boğazlaram düz otuz nəfər…
Qacar:
(ayağa qalxıb qızıl kəmərini göstərərək)
- Təlxək, kəmərimin qiymətidir bu.
Təlxək:
- Şahım! Elə mən də bilirəm bunu,
Kəmərdən qiymətli sizdə nə var ki?
(Gülüş)".
Səməd Vurğun hazırcavablığı istənilən məsələnin gözlənilməz, orijinal və eyni zamanda sadə həlli idi. Bu hazırcavablıq bəzən gülüşlə müşayiət olunmasa da, şübhəsiz, insana estetik ləzzət verir. (Seminariyada balaca Səmədin Firidun bəy Köçərli ilə dialoqunu xatırlayın).
Bir qrup Azərbaycan yazıçısı qatarla Moskvaya, yazıçıların plenumuna gedir.
"Bir gecə saat 12-də Mirmehdi ayağa durub getmək istəyəndə Məmməd Rahim soruşur:
- Mirmehdi, hara gedirsən?
- Saat on ikidir, yatmaq vaxtıdır.
Səməd Vurğun gülümsəyib deyir:
- Mirmehdi çocuq şairidir. Uşaqlar kimi axşamdan yatır".
Şairin hər atmacası, hər incə işarəsi və zərif yumoru müdrik gülüşün ifadəsidir. Müdrik gülüş (atmaca, məzə, lətifə) müdrik insanın gülüşüdür. Xalq yazıçısı Qılman İlkin xatirələrində şairin bu xarakterini xüsusi vurğulayır: "Səməd Vurğunun hərəkət və atmacalarındakı, rəftar və düşüncə tərzindəki qeyri-adilik əlamətləri arasında onun zəka və kamalı gizlənmişdi. Onun hazırcavablığı, atmacaları adamı dərindən düşündürür. Burda məzə və gülüş xarici əlamətdir. Səmədin hər məzəsinin mahiyyətindəki güclü ehtiram və dərin müşahidəsini, kəskin düşüncə tərzini sezməmək mümkün deyil".
Daha bir xatirə örnəyi: “Otuzuncu illərdə Əbulhəsən kolxoz quruluşundan "ZİS" adlı roman yazmışdı. Yazıçılar İttifaqında romanın müzakirəsi keçirilirdi. Müzakirədə çıxış edən Səməd Vurğun deyir:
- Yoldaşlar, Əbülhəsən "Yoxuşlar"ı başa çıxa bilməyib, mindi "ZİS"ə. Məqsədinə maşın sürətilə çatmaq istəyir. Mən də ona uğurlar arzulayıram və deyirəm ki:
"Dünyanı qopar"dı söz otağında
"Yoxuşlar"da qalıb cavan çağında.
Bu yolu çıxmağa ona "ZİS" verin,
Könlünü açmağa şən məclis verin".
Vurğun gülüşünün nüvəsi metaforadır, bənzətmədir. Həssas həyat müşahidələri gözlənilməz metaforalar yaradırdı. 1941-ci ilin fevralında Azərbaycan Yazıçılar İttifaqının ədəbi tənqidlə konfransına göndərdiyi məktubda bir bənzətmə zalda gülüşlə qarşılanır:
"Yay vaxtı Buzovna dənizində çimirdilər. Orada cəsur oğlanlar və qızlar dənizin ortalarına, dalğası yerlərinə qədər üzürdülər. Belə bir vaxtda 30-35 yaşlı bir kişi də dəniz kənarına gəldi. O da soyundu. Lakin dənizə ayaqları islanıncaya qədər girdi, oradaca əyləşərək, əlləri ilə başına su töküb çimməyə başladı. Təsəvvür edin ki, nə qədər gülməli vəziyyətdir. Yəqin ki, bu adam evə qayıtdığı zaman arvadının qabağında kişilənib deyəcək ki, mən də dənizdə çimdim. (Gülüş).
Məncə, bir çox yazıçılarımız var ki, bu qorxaq adama bənzədiklərindən, onlar ictimai həyat dənizinin qırağındaca əyləşmək, əl-üzlərini yumaqla məşğuldular. (Gülüş)".
Lətifə sovet totalitar cəmiyyətində şifahi formada mövcud ola bilərdi. Repressiyaların tüğyan etdiyi, şəxsiyyətə pərəstiş kultunun vurhavur vaxtında zarafatlar etmək, lətifələr, atmacalı sözlər danışmaq qorxulu və təhlükəli idi. Lətifəni eposla yalnız şifahilik və anonimlik birləşdirmirdi, aralarında daha dərin əlaqələr mövcuddur. Görkəmli rus filosofu A.Losev "Mif dialektikası"nda yazırdı ki, lətifə haqqında, yaxud ümumiyyətlə, insan deyimi haqqında ən mücərrəd təsəvvürdən belə nəticə hasil olur ki, bunlar sadəcə sözlər və sözlərdir. Bu çox vaxt dəhşətli sözlərdir, onların təsiri tamam mifik və magikdir". Lətifə qədim epos kimi, miflə əlaqədardır.
Vurğun gülüşündə həyat eşqi, yaşamaq sevdası, ümid işığı vardı. Bu gülüş insanda ümidsizlik, bədbinlik yaratmır. Ən ağır vaxtlarında (Kreml xəstəxanasından həyat yoldaşı Xavər xanıma yazdığı məktublarda) zarafatından qalmırdı.
Bununla bəlkə xəstə şair həm də özünə ürək-dirək verirdi, sağalacağına inanırdı, ölümə meydan oxuyurdu ("Ölüm sevinməyin qoy…")? Zarafat, gülüş ölüm qorxusundan müdafiə vasitəsi idi.
Səməd Vurğun gülüşü əslində, "ömür dedikləri" adlı bir sirrin mənasını anlamaq imkanıdır. Nədənsə həmişə düşünmüşəm və inanmışam ki, müdriklər, filosoflar dünyadan köçəndə onların üzündə mütləq bu dünyaya kinayəli gülüşün ifadəsi olur. Tələbəlik illərində, Tartu Universitetinin tarix muzeyində böyük alman filosofu İ.Kantın ölüm maskasını görmüşdüm. Keniqsberqli müdrikin üzündə donub qalmış sarkastik gülüşü hələ də yadımdadır.
Çox güman ki, Səməd Vurğun da bu dünya ilə gülüşlə vidalaşıbdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!