"Məncə" rubrikasından: Şairlər üçün "konspekt" - Fərid HÜSEYN

Fərid HÜSEYN

 

Vəfasız şair

Şairlər iki cür olur: Var şeirlərində oxucuların özlərini tapdığı şairlər, bir də var ki, poeziyası vasitəsilə özünü, sözünü axtartdıran şairlər. Məsələn, bizdə tərif üçün hansısa şairə deyirlər ki, oxucular sizin şeirlərinizdə özünü tapır. Hansı şairin ki, şeirlərində oxucular özünü tapır, zamanla həmin şairi oxucular sürətlə unudurlar. Deyək ki, mən bu gün bir şeirdə, sabah isə başqa bir poetik nümunədə özümü tapıram. Amma əsl şairlərin şeirlərində oxucular özlərini yox, axtardığı, dünyasının sakini olmaq istədiyi şairi tapır. Məsələn, oxucu nə zamansa beş dəqiqəlik də olsa Pasternak dünyasının sakini olmaq istəyirsə, yaxud Füzuli ecazına qapılmaq xiffəti çəkirsə, az müddətə də olsa həmin şairlər kimi var olmağı arzulayırsa, onda açıb həmin şairlərin şeirlər kitabını oxuyur. Yəni bu tipli böyük şairlər öz dünyagörüşünə oxucuda ehtiyac yaradırlar. Bir sözlə, böyük şair oxucunun onun şeirlərində özünü tapdığı şair yox, oxucuya öz dünyasını axtartdıran qələm əhlidir. Amma hansı şairdə ki, oxucular özlərini tapırlar, zamanla həmin şair unudulur, arxa plana keçir.

 

Ənənə problemi

Böyük şairlər yeniliyini ənənəyə tətbiq edənlərdir. Poeziyada yenilikçi olmaq üçün yeniliyi ənənədən ayrı düşünməlisən. Yenilik istəyi hətta təqlidçi şairlərin şeirlərində də var, amma təqlidçilər, yaxud "peşəkar ortabab"lar yeniliyi adətən, gizli qatda edirlər. Beləcə, hər təqlidçidə, hər ortababda yenilik işartı şəklində yaranır. Sadəcə yenilikçi şair özünə qədər başqalarında tör-töküntü şəklində olan yeniklərini bir yerə toplayır. Ən əsası, təqlidçilərdən və ortabablardan fərqli olaraq yenilikçi şair öz yeniliyinə, yaxud topladıqlarına ad verir. Sənəti qəbul etdiyin metoda əsaslanaraq adlandırmaq sənətkarlıq göstəricisidir. Orxan Vəli "Qərib" şeir axını ilə, əslində, Türkiyə ədəbiyyatında bunu etdi.

Öz poetik səsini, nəfəsini tanımaq

Şeirdə əsas məsələlərdən biri öz poetik nəfəsini tapmaq və onu başqa çoxsaylı səslərin arasında tanımaqdır. Bu, şair üçün çox çətin mərhələdir. İşin ən zor və nadir şairlərə müyəssər olan tərəfi fərdi intonasiyanı müəyyənləşdirməkdir ki, az söz adamı bunu tam reallaşdıra bilir. Amma şeirdə xüsusi intonasiya olmasa da, ən azı fərqli mövzu, onların özəl dünyagörüşündən irəli gələn müşahidələrlə zənginləşdirməsi və təqdimi əsasdır. Artıq bundan sonra fərdi üslub formalaşmağa başlayır. Şair öz səmimiyyət damarını tutub yazandan sonra artıq mövzularını da tanımağa başlayır, şeir ovqatına qapılmağın üçün həmin mövzular onu səsləyir, "gözünə görükür". Öz yaradıcı səsini tanımaq üçün əvvəlcə gərək içindəki digər poetik səsləri sakitləşdirə, yerbəyer edəsən.

 

Assosativ poeziya

Əgər xaç görən kimi İsa Məsih, qardaş ölümü eşidən kimi Habil yadına düşürsə, deməli, əldə etdiyin bilgilər gördüklərinlə, yəni həqiqətlə sənin aranda sipər çəkib, qala hörüb. Yəni bildiklərin yalnız assosasiya doğurmağa xidmət edirsə, deməli, həqiqət sənin üçün əlavə, ancaq müqayisə imkanıdır. Şairin yaddaşı oxşar nəsnələrin qruplaşma nöqtəsi deyil. Məsələn, dənizdən yazırsa, qağayının da şeirdə olması vacib deyil. Şeirdə assosasiya natamamlığı bütünləşdirmək üçün həm də bir vasitədir. Şair vasitəni vacib saydıqca, poetik məqsəddən uzaq düşür.

 

Fəlsəfi şeir

Fəlsəfi şeir fəlsəfi mətn demək deyil. Klassik şeirdə fəlsəfə hansısa ideologiyanı, yaxud dünyagörüş formasını ifadə edirdi. Məsələn, İslam ideologiyası şairləri, renessans şairləri. Onlar əsas ideyalarından kənara çıxmırdılar. Bütün mövzular əsas əqidələrini ifadə etmək üçün idi. Çağdaş şeirdə "fəlsəfə" deyəndə daha çox aforistik təfəkkürün ifadə olunur. Lirik şair üçün şeirdə xəyal kifayətdir, ona görə də əksər liriklər şeirdə dayanıqlı fikirləri ifadə etmirlər. Məsələn, lirik şair bir şeirdə deyir ki, sevgi həyatın mənasıdır, başqa bir şeirdə deyir ki, eşq həyatımı lənətə çevirib. Çünki lirik özlüyündə həm nihilizmi, həm də səadəti xəyal kimi dərk edir. Çağdaş fəlsəfi, aforistik şeir liriklərin dəst-xəttini kor-koranə təkrarlayırlar. Yəni bir şeirdə ölümü əbədiyyəti qapı sanan "fəlsəfi şair", digər şeirində həyatın necə möhtəşəm olduğunu anlayaraq müdrikliyini şeirləşdirir. Nəticədə "qarışıq, çoxmövzulu lirika" fəlsəfi şeir adı ilə yanlış təqdim olunur.

 

Poeziyanın qərargahı

Nicanar Parranın şeirlərini oxuyandan sonra daha da əmin oldum ki, ədəbi dəbə aldanıb şeir yazmaq, əslində, öz poetik dünyanın, öz düşüncələrinin gələcəyinə inanmamaqdan doğur. Düşünürsən ki, sənin düşüncələrin gələcəkdə olmayacaq, sən başqa birinin dünyasında özünü gələcəyə, sabahlara daşımaq istəyirsən. Öz üslubunu tapmayan şair sanki daim qürbətdə olur. Necə ki qürbətdə qəribin əlinə bir xəritə düşür, orada gedəcəyi yerləri axtarır, ancaq o ünvanların heç biri onun daimi qalacağı yer deyil.

Bəyənmə

Yaradıcılığın ilkin dönəmində gənc şairlər ya həddən artıq çox şeirləri bəyənir, ya da özünə qədər yazılanların əksəri onlara mənasız görünür. Hətta təmsilçisi olduqları estetik mühitdən kənar hər şeir onlara darıxdırıcı gəlir. Bu dövr yaradıcılığın ən ədalətsiz dönəmidir. Yəni nəyi niyə sevdiyini, nədən niyə nifrət elədiyini bilmirsən. Sanki bir dayanmış saatı əlinə götürsən və dərhal dayandığını görüb kənara tullayırsan, onu düzəltmək, yaxud niyə yatdığını bilmək istəmirsən. Bu etapın pis cəhəti odur ki, bir şairin bir neçə şeirini bəyənməyəndə o şairin bütün irsini gözardı edir, onun üstündən xətt çəkirsən və beləcə, xeyli gərəkli şair sənin mütaliə dairəndən kənarda qalır.

 

Təsir və əks-təsir

Çox zaman təsirin qarşı tərəfi təqlidçiyə çevirdiyini iddia edirlər, ancaq məsələ bir sıra məqamlarda qismən fərqlidir. Belə ki, bəzən bir şairin təsirinə düşməklə, xeyli yersiz təsirlərdən qorunmuş olursan.

Şeir bizə həm də inanıb inanmamaq imkanı tanıyır, amma əksər insanlar şeirin xəyal gücünə meyil edirlər deyə, onun həqiqiliyi, həyatiliyi onları düşündürmür. Yalnız kənar təsirlərdən xilas olub hansısa yaradıcı bir istiqamət müəyyənləşdirəndən sonra şeirin gerçəkliyi, onun poetikası ilə həyatiliyinin qızıl ortasını ayırd etmək mümkün olur.

 

Şeirə inanmaq

Stefan Spenderin yazır ki, universitetdə oxuyanda "Şairin heç bir səlahiyyəti olmaya-olmaya qanunlar müəyyənləşdirən adam olduğunu düşünmürdüm". Şeir oxuyarkən şairin imkanlarına, gücünə, təqdimatına inanmaq lazımdır. Şairin təqdim etdiyi dünyanı qəbul etmək doğru yoldur, əks təqdirdə gənc şairin təmsil olunduğu estetik mühitdən dünyagörüşü istiqamətinə görə fərqlənən şeir ona absurd təsir bağışlayacaq. Şeiri onun təqdim etdiyi estetik dəyərə, gücə, fikrə inanaraq oxumalıyıq. Əks halda mifologiya da çizgi filmi təsiri bağışlayar.

 

Zövq həddi

Şair zövqünün pik nöqtəsi şeirin imkanlarından kənarda olanları görməkdir. Bu, zövqün ali dərəcəsidir. Yəni şairin zövqü elə yüksək mərhələyə çatır ki, o, fəlsəfi əsər oxuyanda onun mahiyyətindən anlayır ki, bunu şeirlə ifadə etmək olar, yoxsa yox. Yaxud elə hansısa nəsr əsərini oxuyanda bilir ki, bu bədii nümunədəki fikri nəsrlə ifadə etmək mümkündür, yoxsa mümkünsüz. Bunu ayırd etmək zövqün pik mərhələsidir, yəni artıq şeirin daxili dünyanda formalaşan imkanları ilə digər janrların da gücünü ayırd etmiş olursan.

 

Asan görünən mövzular

Rilkenin Herr Kapuus adlı bir gənc şairə məktubu var. Rilke cavab məktubunda çalışır ki, gənc şairin şeirlərinə münasibət bildirməsin, yaxşı, yoxsa pis olduğunu dilə gətirməsin. Bircə onu tapşırır ki, sənə şeir yazdıran səbəbi özün üçün aydınlaşdır. Əgər yazan adamların çoxuna bu bəlli olsa, ya qələmi biryolluq yerə qoyarlar, ya da yaradıcılıqla çox ciddi məşğul olarlar. O, gənc şairi saqındırır ki, bacardığın qədər məhəbbət şeirləri yazma. Çünki heç kəsin yaşamadığı məhəbbəti, yalnız özünə aid sevgini dadmağından əmin deyilsənsə, eşq mövzusunda qələmini yorma. Çünki dünyada çox məhəbbət şeirləri yazılıb və "o bazar"da at oynatmaq elə də asan məsələ deyil.

Yaxşı şeiri izah eləməyin əleyhinə çıxırdı Rilke. O, "Şeir öyrədənlər" adlı yazısında qeyd edirdi ki, gözəl şeir haqda çoxsaylı qənaətləri formalaşmış adamlara təəccüb edirəm. Onun fikrincə, poetik söz tamamilə faş edilmiş, açıq bilgiyə çevrilə bilməz. Ona görə də şeir haqqında fikir bildirəndə birmənalı mövqedə dayanmaq olmaz.

 

Özünü aşma

Şairin bir mərhələdən başqa bir mərhələyə keçməsi, özünü aşması, fərqli mövzularda eyni uğuru qazanması çətindir. Bəzən bu, şairə baha başa gələ bilər. Cəmal Sürəyanın "Şairin özünü tanıması" adlı məqaləsində bu məsələyə aydınlıq gətirir. Deyir ki, şair bir mərhələdən başqa bir mərhələyə keçəndə içindəki özül ritmi, onu sevdirən əsas üstünlüyü tamamilə gözardı etməməlidir. Şair "şeirindəki ağırlıq nöqtəsi"ni tamamilə itirməməlidir. Cəmal Sürəya misal göstərir ki, Fazil Hüsnü Dağlarca bir vaxtlar çoxsaylı möhtəşəm şeirlər yazıb, onun qələmə aldığı reflektiv poetik nümunələr idi, onun şair kimi gücü məhz bu nöqtədə üzə çıxmışdı, birdən-birə ənənəvi üslubuna tam arxa çevirib, beynin imkanlarını sərgiləyən eksperimental şeirlərə adladı və bununla da ona uğur qazandıran, güclü edən əsas relsdən tamam uzaqlaşdı, nəticədə heç bir maraq doğurmayan, ucuz müdriklik təsiri bağışlayan, təqlidi fikri qabardan şeirlər yazdı. Əks arqument kimi Cəmal Sürəya Oktay Rıfatın yaradıcılığındakı keyfiyyətli dəyişikliyi də göstərir: "Bu şeirləri əvvəlkilərlə ziddiyyət təşkil edirmiş kimi görünsə də, amma bu şeirlərin ağırlıq nöqtəsində ciddi fərq yoxdur. Ona görə də seçkin oxucular, şeir xiridarları tərəfindən sevilir".

Yəni şair dəyişiklik naminə öz içindəki istinadgaha arxa çevirməməlidir. Şair öz gücünü mövzuda görməməlidir, gücünü mövzuya nə qədər reallaşdırdığını anlamalıdır.

 

Şeirin təkmilləşməsinə münasibət

Şeirin təkmilləşməsinə münasibət zaman-zaman fərqli olub. Bəzən şairlər əruzdan hecaya, hecadan sərbəstə keçməyi modernləşmə kimi təqdim edirlər. O, şeirin özünün keçdiyi yoldur, şair həmin cığırdan adlayıb təkmilləşdiyinə iddia edə bilməz. Turtut Uyar "Şeirin təkmilləşməsi haqqında" adlı məqaləsində yazır ki, şeirin inkişafını onun texniki tərəflərində görmək yanlışdır. Şairin düşüncə sistemi, yazdığı şeirin əhatəsi başqalaşmalıdır. Təkamülü məhz həmin məqamda axtarmaq lazımdır.

Şeirin təkmilləşməsinə olan iddia artdıqca ədəbi nəsillərin dəyişmə müddəti qısalır. Yəni hər gələn ədəbi nəsil mütləq nə iləsə fərqlənməyə çalışır və proses öz içinə qapanaraq tükənir.  Bu gün dünya texniki tərəflərə köklənib mənəvi tərəfləri unutduğu kimi, şeir də texniki məsələləri üstün tutub mənəvi gücünü itirə bilər, ona görə də ruhi təcrübənin gücünü dərindən duyaraq, daxilən dəyişərək şeirin təkmilləşmə keyfiyyətini artırmaq olar.

 

Tərif burulğanı

Şair üçün ən təhlükəli məsələlərdən biri də təriflərə uymaqdır. Tərif zamanla özünütanıma imkanını şairin əlindən alır, nəticədə belələri həqiqəti qiymətləndirmə imkanından uzaq düşürlər. Zaman keçdikcə həmin şairlər öz adları olan heç bir yerdə həqiqət payını axtarmır, adının qabağında ancaq tərifli sözlər, öymələr umur. Axtardığını tapanda yazıdan razı qalır, əks halda qarşı tərəfi neştərləyir. Bu mərhələ ona gətirib çıxarır ki, şair şeirini yalnız özünün doğru anladığını iddia edir.

 

Bəşəri dəyərlərə aludəçilik

Bəzən dünyəvi şeir deyəndə çoxları qlobal məsələlərin poetik şərhi kimi başa düşürlər. Məsələn, uşaq ölümlərinin, müharibələrin, qadına qarşı zorakılığın əleyhinə yazılan şeirlər. Yaradıcılığının ilkin dönəmində bu mövzularda yazmaq bəzən şairdə yersiz aludəçilik yaradır. Şairin fərdi dünyagörüşünü, iztirablarını ifadə edən şeirlər yaranmamış, hansısa yad təsirlərlə ümumi mövzulara keçid uğurlu olmur, nəticədə yersiz, cansıxıcı, senton poeziya nümunələri meydana gəlir. Edib Cansevər bu tipli şeirlərə can atan ədəbi gənclik haqqında deyirdi ki, "bugünkü cavan şairlərin çoxlu şeirləri var, amma özləri yoxdur". Yəni şair fərdiyyətinin üzə çıxması üçün birinci şəxsi məsələləri, dünyagörüşünə daha yaxın problemləri işıqlandırmalı, sonra bəşəri müşkülləri çözmək cəsarətini nümayiş etdirməlidir.

 

Zövq hesablaşması

Uğurlu şeirlər yazmaq yolunda vacib məsələlərdən biri ədəbi mühitin zövqü ilə müəyyən qədər hesablaşmamaqdır. Əksərən 10, yaxud 20 ildən bir ədəbi mühitin tendensiyaları bir qədər dəyişir. Ədəbi mühitə can atan istedad sahibləri uğur qazanmaq üçün onun meyarları ilə birə-bir hesablaşmağa meyil göstərirlər. Bu halda nə baş verir? Ədəbi mühitdə zövq formalaşdıran, söz sahibi olan yaradıcı şəxslər yeni nəsil şairlərini öz tərəflərinə çəkmək, onların oxşar düşərgədə, estetikada təmsil olunmalarını istəyirlər, nəticədə yeni istedadların fərdi xüsusiyyətləri üzə çıxa bilmir, ən yaxşı halda onların əsərləri keyfiyyətli təqlid kimi zühur edir. Ona görə də gənc şairlər öz fərdi istedadlarını püxtələşdirmək üçün ədəbi mühitin zövqü ilə tam mənada hesablaşmamalıdırlar. Zamanla ədəbi mühitin ülgülərindən, meyarlarından yan keçib, öz fərdi, poetik ifadə biçimini formalaşdırmaq, elə bilirəm, ən doğru yoldur.

 

Yeni sözlər

Şeirdə işlədilən yeni sözlər çox zaman qəbul edilmir. Çünki şeirdəki yeni sözün gərək təfəkkürdə xatirəsi olsun.  Şeir özünə  daha çox ürəkdə  təkrarlanan, təfəkkürdə xatirəyə çevrilmiş sözləri yararlı hesab edir. Ancaq qədim dövrdə şeir vasitəsilə yeni sözləri dilə qazandırmaq mümkün idi. Çünki onda şeir təkcə ədəbiyyatın yox, bütövlükdə xalqın dili demək idi. Hətta elmi əsərlər də bəzən şeirlə yazılırdı. Ona görə indi tam mənada dili ədəbiyyat vasitəsilə yeniləmək dövrü deyil.

 

Klassiklərə münasibət

Yəni klassika "tərpənməz daş" deyil, klassika canlıdır və oxucularla qarşılıqlı münasibətdədir. Bu gün hansısa ölkədə ədəbiyyatın zəif olması klassik əsərlərə də təsir edir, sanki onların da gücünü azaldır. Ona görə də dahilərin dəyəri ölkələrin ədəbiyyatlarının gücünə görə dəyişir. Şekspirin dəyəri ölkələrin düşüncə səviyyəsinə görə dəyişir.

 

Ən... Ən...

Poeziyada "ən çox", "hamıdan çox", "hər kəsdən güclü" kimi ifadələri heç zaman sevməmiş və onların dürüst olmadıqlarını düşünmüşəm. Çünki "nə hamıdan güclü"nün kim olduğunu bilə bilərik, nə "ən çox"un qədərini dəqiq söyləmək mümkündür, nə də "hamıdan çox" barədə qəti fikir yürütmək asandır. Bütün bu cür ifadələr şeirdə subyektivizmi gücləndirən amillərdəndir, daha çox dünyaya dar çərçivədən baxanlar üçün məqbul miqyaslar, ölçülərdir. Amma Vaqif Bayatlı Odərin şeirlərində "hamıdan çox", "ən aydın göy üzü", "Allahın ən çox sevdiyi" kimi ifadələr maksimalizm kimi səslənmir, ifratavarma təsiri bağışlamır, ən əsası ikrah doğurmur. Çünki onun poetik dünyası bizim dünyamızdan fərqlənir və o öz dünyasından çıxış edərək nəyin "ən çox" olduğunu, kimin "ən çox sevdiyini", haranın "ən uca" olduğunu deyir, nəticədə ona məxsus olan aləmin bələdçisi rolunda çıxış edir. Və o bizi rəngarəng poeziyası ilə növbəti dəfə fərqli düşünməyə vadar edir ki, poeziyada maksimalizm meyilləri ikrah doğurmaya, şərti mahiyyət daşımaya bilər.

 

Əla metod

Muratan Munqanın "Tənha opera" adlı şeiri var. Şeir bir ilə yazılıb (1986-87). Şeirdəki hadisələr, yaşantılar da həmin ilin reallığının ifadəsidir. Müəllif bir neçə yerdə yazır: "Bu şeirə başlayanda harda idim, indi hardayam?". Bu sətirlər şeir yazıldığı müddətdə keçilən yolu göstərməklə bərabər, həm poetik nümunənin mahiyyətini açır, həm də onun yazılma texnikasını aydınlaşdırır. Zaman insanı, münasibətləri dəyişdiyi kimi, şeirin nəzərdə tutulan axınını da fərqli məcraya yönəldir. Beləcə, şeir özü sanki insanların arasındakı prosesi göstərir və "canlı bağlantı" effektinə çevrilir. Çox qəribə poetik texnikadı...

 

Qiyamət günü

Həm elm, həm də sənətin meyarı dini meyardır. Necə ki, din insanları iki yerə bölür: axirət, yəni əbədi dünya üçün yaşayanlar və fani, ötəri dünya naminə əlləşib-vuruşanlar. Əslində, sənətdə də, elmdə də, ədəbiyyatda da bu bölgü keçərlidir. Bu gün üçün yazıb-yaradan, araşdıranlar da var, gələcək üçün, əbədiyyət naminə yazıb-yaradan, araşdıran da. Sadəcə, dindən fərqli olaraq, elm, sənət və ədəbiyyatda Qiyamət günü, - Haqq-hesab vədəsi demək olar, hər əsrdə baş verir. Poeziya Qiyamət gününə daha yaxındır...

 

Oxucusuz şeir

Əslində, çox şey fərdlər üçündür. Amma bunu açıq şəkildə deyib ürəkləri sındırmırlar. Məsələn, müəllim bilir ki, dərsi anlayan iki tələbədir, onlar elmin dalıyca gedəcək, amma bildiyini hər kəsə öyrədir. Dindar bilir ki, məsciddəkilərdən bir neçə nəfərinin sözü və əməli birdir, amma din adamı bildiyini hamıya çatdırır. Şair bilir ki, min oxucudan 2-3 oxucu onu özü kimi duyacaq, amma o, yazdığını hamıya çatdırır. Kütləviliyin məqsədi hər kəsə nəyisə aşılamaq deyil, kütləviliyin məsədi ələməkdir. Seçim əbədidir, insan fani... Bu məntiqlə şeirin oxucularının azlığından şikayətlənməyə dəyməz...

 

Məmməd Araz sözü

Uşaqkən güc, ixtiyar, seçim haqqını böyüklərdə, başqalarında görüb onlara baxaraq "dünya sənin" deyirsən, böyüyürsən güc, seçim, iqtidar öz əlinə keçir, "dünya mənim" söyləyirsən, nəhayət, qocalırsan, gücün, iqtidarın, seçim haqqının son nöqtəsini yetişib "dünya heç kəsin" çarəsizliyi ilə barışırsan.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!