Fridrix Nitsşe və lal Gerasim: dilimizin ucundakı Allah... - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Hadisə Turin (İtaliya) şəhərində baş verib. Belə rəvayət edirlər ki, 3 yanvar 1889-cu ildə alman filosofu Fridrix Nitsşe Turində olarkən gəzmək, ya da poçtdan məktubları götürmək üçün qaldığı 6 N-li evdən çıxır. Bu zaman dəhşətli bir hadisənin şahidi olur; küçənin ortasında bir çarvadar atını qamçılayır.

Amma at yerindən tərpənmir ki, tərpənmir. Çarvadar əsəbləşir və şiddəti gücləndirir.

Ətrafdakılar atın yanından biganəliklə keçib gedirlər.

Çarvadar şallaqlamaqda davam edir, at isə susur...

At lal, "dilsiz-ağızsız" varlıqdır: nə ağrısını, nə də dərdini anlada bilmir.

Bu müdhiş ağrı-şiddət səhnəsindən təsirlənmiş filosof qaçaraq atın boynunu qucaqlayır, ağlayıb göz yaşları ilə atın yalmanını isladır.

Bu lopabığ almanın qəribə hərəkətlərindən çarvadar da çaşıb qalır. 6 N-li evin sahibi sakitcə onun qoluna girib evə aparır. Həmin gün Nitsşe bərk xəstələnib yatağa düşür. Günlərlə bir kəlmə də olsun dinib-danışmır...  

Bu hadisənin süjeti iki motivdən ibarətdir. Nitsşenin Allahın dilsiz-ağızsız heyvanına rəhmdilliyi və birdən-birə susması. Sual olunur: filosofun susması ilə rəhmdilliyi arasında hansı əlaqə ola bilər? O niyə ağlayırdı? Bu, artıq Allahın sirridir.

Bəlkə, Nitsşe "Nəşəli elm" əsərindəki 125-ci aforizmində bəyan etdiyi həqiqəti anlamışdı: "Allah ölüb və biz insanlar, onu öldürmüşük".

Nitsşenin başına gəlmiş bu hadisə yadıma iki epizodu saldı.

Qazaxda, Kosalar kəndində yaşamış mərhum yazıçı - publisist Heydər Qasımlı "Qanlı papaq" (2006) romanında personajlardan biri - nankor, qədirbilməz, satqın və hiyləgər Sarı Məmiş Alay bəyin Qanıq adlı itini şərləyib (guya erkəyin quyruğunu götürüb aparıb) döyür. Əslində "Allahını unutmuş" Sarı Məmiş iti döyməklə vaxtilə ona qucaq açmış, çörək vermiş bəyin özünə, ailəsinə qarşı kor nifrətini, mənfur xislətini gerçəkləşdirirdi:

"Biçarə it Sarı Məmişin dəyənəyindən qorunmaq üçün başını qolları arasında gizlədib, özünü çəpərin altına dürtmüşdü.

Alay bəy Qanıq iti indi-indi gördü və özünü Sarı Məmişə yetirib əlindən dəyənəyi kənara qolazladı. Sonra da hirsli-hirsli sinəsindən itələdi. (...)

- Neynəyib bu it sənə, a kişi? Niyə Allahını yadına salmırsan?".

- İ.S.Turgenevin "Mumu" hekayəsinin qəhrəmanı Gerasim laldır. Allah və insanlarla  ünsiyyətə girməsi üçün dili yoxdur.

Gerasim lal olduğu üçün onun kasıblığı da, yalqızlığı da metafizik məna kəsb edir. Moskvada zəngin xanımın həyətində, bir komada yaşayır. Bu komaya - onun dilsiz, lal dünyasına Allahın girməsi mümkünsüzdür. Sözdən, dildən məhrum olmaq Allahdan məhrum olmaqdır.

Bir gün Gerasim çay qırağı ilə gəzərkən suda boğulan küçüyü görüb xilas edir və  komasına gətirir. İki dilsiz varlıq - Gerasim və Mumu bir yerdə yaşamağa başlayır. Gerasim bütün mehrini Mumuya salır.

Xanım əvvəlcə küçüyü saxlamağına razılıq versə də, sonra fikri-əhvalı dəyişir. İtin hürməsini, yuxusuna haram qatmasını, bağçada çiçəkləri ayaqlamasını  bəhanə edib, Mumunu rədd etməyi əmr edir.  Və evin qulluqçusu Stepan gizlincə Mumunu Oxotniçiy ryadda bir alıcıya sırıyır. 

Gerasim az qala Moskvanın yarısını gəzir, axtarmadığı tin-bucaq qalmır. Gerasimin dili yoxdur ki, özünümüdafiə və özünüifadə etsin, arzu-istəklərini, dərdini-azarını kimsəyə anlada bilmir.

Dərdini mimika-jestlərlə anlatmağa çalışır, əllərilə yerdə Mumunun şəklini çəkir  - insanlar bu əcayib-qəraib hərəkətlərə baxıb gülüşür.

İki gün sonra Mumu qaçıb gəlir.

Harınlaşmış xanımın təhdidlərindən bezmiş Gerasim bayram qaftanını geyinir.  Mumunun boynuna ip bağlayıb yeməkxanaya aparır. Bir boşqab şi (sup) alır, içinə çörək doğrayır.

Taleyindən xəbərsiz Mumunun başı yeməyə qarışır. Gerasim gözünü ondan çəkmir. Bu zaman onun gözündən iki damla göz yaşı yuvarlanır, biri itin alnına, o biri də xörəyə düşür.

Və əhvalatın sonunu bilirsiniz - Gerasim Mumunun boğazına daş bağlayıb suya atır...

Hekayənin qandonduran uzun məzmunundan sonra Jak Lakandan sitat gətirmək istəyirəm. Məşhur fransız psixoanalitiki qeyd edirdi ki, insan dili yox, dil insanı yaradıb. Dil insan varlığının vacib hissəsidir. Lakan bu anlayışı ifadə etmək üçün iki sözün birləşməsini - "parletre" neologizmini yaradır: insanın mahiyyəti varlıqla (etre) nitqin, sözün (parole) vəhdətindən ibarətdir. (Onu da etiraf edim ki, həmin neologizmi Azərbaycan dilinə tərcümə etmək mənə çətin gəldi...)

J.Lakan on birinci Seminarında göstərir ki, "ateizmin əsl formulu heç də "Allah ölüb" deyil. Allah təhtəlşüurdur - ateizmin əsl formulu budur" - deyəndə məhz bu sözləri şərh edirdi. Təhtəlşüur da dildir. Allah təhtəlşüurda yaşayır. Əgər Allah təhtəlşüurdadırsa, deməli, dilin özündə mövcuddur. Təsadüfi deyil ki, M.Haydegger dili "varlıq evi" adlandırırdı. Bu "varlıq ev"ində insanlarla bərabər, Allah da məskunlaşıbdı...

Biz yalnız  danışanda Allahımızı yaradırıq və bu akt spontan, özümüzdən asılı almadan baş verir.

Bəlkə, Nitsşe çavvadar atının boynunu qucaqlayıb ağlayanda da, lal Gerasim Mumunu suda batıranda da həmin sözdən imtina etmişdi?!

Bəlkə, Nitsşe dildən yalnız bu üsulla - susmaqla, ya da bu anlamı içindən qovmaqla ilə qurtulmaq istəyirdi?!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!