Vaqif YUSİFLİ
Ədəbiyyatımız, bədii düşüncə tərzimiz son otuz ildə Qarabağ havası ilə nəfəs alır, elə bir qələm əhli tapmaq olmaz ki, onun yazılarında Qarabağdan, orada gedən ölüm-dirim savaşından, nəsillərə örnək olan qəhrəmanlarımızdan, şəhidlərimizdən, otuz illik həsrətin doğurduğu yurd sevgisindən, həm qələbəmizə inamdan, həm də nə gizlədək, ümidsizlikdən doğan psixoloji sarsıntıdan yazmasın. İndi - 44 günlük qalibiyyətimiz bütün bu yaralara məlhəm qoydu, Ali Baş Komandanın, Azərbaycan əsgərinin tarixi zəfəri bütün bunları unutdurur. Bu otuz il həm də ədəbiyyatımızın keçdiyi bir yoldur - elə bir yol ki, biz o yolla addım-addım qələbəyə doğru gedirdik.
Yazıçı-publisist Zemfira Məhərrəmli "Bədii düşüncədə Qarabağ" kitabında məhz ədəbiyyatımızın keçdiyi bu yolu bizə nümayiş etdirir. Təbii ki, kitabdakı bütün yazılar son otuz ildə ədəbiyyatımızın keçdiyi yolu tam şəkildə əhatə edə bilməz, ancaq məsələ burasındadır ki, Z.Məhərrəmli vaxtilə mətbuatda dərc etdirdiyi 31 oçerkində müxtəlif ədəbi nəsillərin yaradıcılığında Qarabağ mövzusunun işıqlandırılmasını nəzərə çarpdırır və tədqiqatçılarımız üçün bu oçerklər bir mənbə rolunu oynaya bilər.
Əlbəttə, ədəbiyyatımızda Qarabağ mövzusu və dəqiq desəm, Qarabağ obrazı XX əsrin doxsanıncı illərinə qədər də öz əksini tapmışdı. Z.Məhərrəmli kitabdakı ilk yazısında unudulmaz şairimiz Rəsul Rzanın Qarabağa, Şuşaya həsr etdiyi şeirlərdən söz açır, "Şuşam mənim" şeiri üzərində dayanır. Digər şeirlərini də xatırladır. Bu söhbətə bir əlavəm var: şairin "Ömürdən səhifələr" adlı bir şeiri var. Bu şeirdə şair Fransaya etdiyi səfərdən də söz açır. Orada at üstündə, özündən razı bir heykəl görür. Kimdir o?
Kimə oxşayır, Allah,
kimə?
Elə bil ki, qaba əl toxunan
İncə simə.
Gözlərində canlanır
Naxçıvanın, Arazın.
Əbədi susdurulmuş uşaqlar.
min-min azı.
Bağırmaq istəyirəm
- Hardan gəldi bura
bu dələduz!
Daşa dönmüş daş ürəkli quduz!
"Bəs o kimdir at üstündə, özündən razı" - Rəsul Rza bunu deyərkən cəllad Andraniki nəzərdə tuturdu. Sovet dövrü olsa da, R.Rza erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri unutmurdu. R.Rza "Qarabağım" - şeirlər silsiləsini qələmə almışdı - "Adın qədimdir, Xalqımın mübarizə tarixi kimi" misraları da R.Rzanın Qarabağ şeirləri üçün poetik epiqraf idi.
Z.Məhərrəmli Xəlil Rza Ulutürkün və Sabir Rüstəmxanlının şeir və poemalarında Vətən və Azadlıq paralelləri üzərində dayanır. Çünki hər iki Xalq şairinin poeziyasında Vətən və Azadlıq sözləri yüksək vətənpərvərlik idealını ifadə edirdi. Sabir Rüstəmxanlının "Vətən" şeirindən başlanan Azərbaycançılıq məfkurəsi onun "Qarabağa dönüş" poeması ilə tamamlanır.
Poeziyamızda Qarabağ həqiqətləri özündə bir çox mövzuları birləşdirir, əslində, bu həqiqətlər Azərbaycanın son otuz ildə keçdiyi tarixi yolun mənzərəsidir. Bu mənzərədə Z.Məhərrəmlinin, əsərləri barədə söz açdığı hər bir şairin özünün Qarabağ sevgisini duyuruq. Məsələn, Nurəngiz Günün Xocalı qurbanlarına həsr etdiyi şeirlər və poemalar bir böyük sevginin həm həzin, həm də qəzəbli poetik ifadəsidir. Xalq şairimiz Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından sonra Nurəngiz Günün "Xocalı simfoniyası" elegiyası şəhidlərimizin xatirəsinə həsr olunan və ədəbi yaddaşımızda əbədi yaşayacaq əsərlərdəndir. Z.Məhərrəmli Xalq şairi F.Qocanın bu əsərlə bağlı bir fikrini misal gətirir: "Xocalı simfoniyası"nda N.Gün elə bil öz içini yandırırdı. O misralar içdən gələn ah, nalə kimi, haray kimi səslənir".
Ah! Boğulur çocuqlar,
Yorulur torpağın altında...
Əlləri, qolları yorulur,
Heç bir anlamır çocuqlar!
Çocuqlar top-top oynamaq istəyir,
Torpağın altında.
Vaxtilə "Azərbaycan şeirinin Firuzəsi" adlandırdığım Firuzə Məmmədlinin yaradıcılığında da Qarabağ mövzusu önəmli yer tutur. Z.Məhərrəmlinin "zərif duyğular, kövrək ovqat və həzinlik poeziyası" kimi səciyyələndirdiyi F.Məmmədli poeziyası həm də öz döyüşkənliyi ilə seçilir və Z.Məhərrəmli Firuzə xanımın zəriflikdən döyüşkənliyə gedən poetik yolunu incələyir.
A yurdum, a yuvam, haqqım Qarabağ,
A köçkün, didərgin, qaçqın Qarabağ,
Bəxtimdə dərd adlı daşqın Qarabağ,
Bitsin, əsir ömrü sürməyin daha!
Dırnağım, dişimlə qaytarım səni,
Sözümlə, işimlə qaytarım səni,
Ulu keçmişimlə qaytarım səni,
Sabahın üstündə titrəyim daha
Bitsin, əsir ömrü sürməyim daha!
Z.Məhərrəmli ədəbiyyatımızda əsasən 90-cı illərdə öz imzasını təsdiq edən üç şairin - Rəşad Məcidin, Qulu Ağsəsin və İlham Qəhrəmanın Vətən - Qarabağ mövzulu şeirlərinə də ayrıca yazılar həsr edib. Deyim ki, bu şairlərin hər biri fərdi, özünəməxsus yaradıcılıq stili ilə seçilir. Və eyni mövzuya münasibətdə də bu özünəməxsusluq dərhal nəzərə çarpır. Rəşad Məcid Z.Məhərrəmlinin fikrincə: "daxili aləmini, ovqat və əhval-ruhiyyəsini" sakitliyin içindəki coşqu ilə ifadə edir. "Xarıbülbül" şeirində olduğu kimi:
Yenə köməyim ol, bu çətin anda,
Tapım o gördüyüm axarı, bülbül!
Qaytar o əvvəlki səadətimi,
Qaytar bəxş etdiyin baharı, bülbül!
Gəzim qarış-qarış, addımbaaddım,
O gözəl, o əziz diyarı, bülbül!
Xarıbülbül!
"Öz düşüncələrinin ağası, sabitqədəm söz adamı" Qulu Ağsəsin şeirlərində isə poetik mənalandırmalar, təşbihlər, metaforalar silsiləsi ilə diqqəti cəlb edir. Onun şeirlərində Qarabağ müharibəsinin dəhşətləri bir rəsm əsərinin müxtəlif görüntüləri kimi nəzərə çarpır.
Məscid - minbərdən,
kəhriz - çinardan,
qəbir - başdaşından,
mina - kadrdan
hündürdü.
Və Qulu Ağsəsin ən gözəl şeirləri sırasına işğaldan azad edilmiş Ağdama həsr olunan şeirini də xatırladır Z.Məhərrəmli.
Müəllif İ.Qəhrəmanın, Q.Nəcəfzadənin və E.Zalın Vətən - Qarabağ mövzulu şeirlərini də fərdi deyim-duyum tərzlərinin bənzərsizliyi ilə təhlil hədəfinə çevirir. Deyir ki, İlham Qəhrəman "Bu gecə gözümdən getmədi Laçın" silsiləli misraları ilə təkcə yurd həsrətini ifadə etmir, həm də poeziyamızda Laçın obrazını ərsəyə gətirir. "Kövrək duyğular" şairi İ.Qəhrəman Laçınlı şeirlərini bir ümid, zəfər, qələbə misraları ilə bitirir:
Sudan çıxan balıq kimi
Ağzımı açıb yumaram.
Bir əsgər çıxmır yuxumdan -
Əldə bayraq, dildə "Urra Laçın".
Şairin yuxusu çin oldu.
Z.Məhərrəmlinin kitabında "Qarabağ - Zəfər savaşımız" bölməsi artıq dilimizdə əbədi bir çevrilən "Qarabağ Azərbaycandır!" həqiqətini ifadə edən şeirlərdən söz açır. Unudulmaz Xalq şairimiz Fikrət Qocanın bir şeiri sanki o bölmədəki bütün şeirlər üçün bir çağırış sayıla bilərdi:
Gəlin bizi alın! - deyir.
Gəlin zəfər çalın! - deyir.
Azərbaycanın ən uca Şuşa səhnəsindən,
"Qarabağ şikəstəsi"nin səsindən
Yadları salın!
Qarabağı alın - deyir.
Bu yazıfnın müəllifi (V.Yusifli) elə bu "Ədəbiyyat qəzeti"ndə "Poeziya susmur" adlı böyük bir məqalə dərc etdirmişdi. Z.Məhərrəmlinin haqqında söz açdığı bir sıra müəlliflərin (Zəlimxan Yaqub, Vaqif Bəhmənli, İlqar Fəhmi, Nəzakət Məmmədli) Vətən - Qarabağ mövzulu şeirləri barədə müəyyən fikir söyləmişdik. Amma, təbii ki, hər bir müəllifin eyni şairlərə, eyni mövzuya öz münasibəti var və bu baxımdın yanaşsaq, Z.Məhərrəmli bu şairlərin hər biri haqqında öz sözünü deyə bilir.
Z.Məhərrəmli Moskvada yaşayan həmyerlimiz, istedadlı şairə Afaq Şıxlının Vətən mövzusunda yazdığı şeirlərini çox gözəl təhlil edir. O, yazıda belə bir həqiqəti sübut edir ki, Vətəndən uzaqda yaşamaq Vətənə, öz kökünə, xalqına daha da sevgilərlə qovuşmaq deməkdir. Hərçənd ki, çoxları belə düşünmür:
Yaraların necə dərin,
Ağlasığmaz bu dərdlərin,
Dəhşətlərin öhdəsindən necə gəldin,
Anam mənim!
Z.Məhərrəmli müasir nəsrimizdə, publisistikamızda da Qarabağ həqiqətlərini əks etdirən əsərlər haqqında yazıları ilə mətbuatda çıxış edib və o yazılar heç də faktların sıralanması deyil, Qarabağ ruhunun - Azərbaycançılıq ideyasının nəsrimizdə və publisistikamızda ədəbi hadisəyə çevrilə biləcək nümunələridir. Haqlı olaraq birinci elə Anar müəllimin məlum hadisələrlə bağlı publisistik yazılarından başlayır. Bu fikri tam həqiqətdir ki: "Bəli, Qarabağ mövzusu bu gün də yazarın sanki vizit vərəqəsidir. Anarın biganəliyə yad olan döyüşən qələmi bu gün də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verir. Başqa sözlə, müəllifin azğın düşmənə qarşı bu inadkar, qanlı savaşı indi də davam edir".
Bəs nəsrdə necə? Bəzən iddia olunur ki, Qarabağ mövzusuna müraciətdə nəsrimiz poeziyadan və publisistikadan geridə qalır. Bu fikirlə tam razılaşmaq olmaz. Qarabağ hadisələrinə aid onlarca hekayənin adını çəkmək olar. Elə Z.Məhərrəmli Təranə Vahidin, E.Hüseynbəylinin və Vahid Məhərrəmovun silsilə hekayələrindən söz açır ki, bu hekayələr Qarabağ həqiqətlərini ifadə edir. Ancaq o da məlumdur ki, nəsrin povest və roman kimi janrları poeziya ilə müqayisədə birdən-birə yaranmır. Şair üçün öz hissi, duyğusu, baş verən hadisəyə qarşı münasibəti elə bir və ya bir neçə günün içində bəlli olar. Amma yazıçı gərək müşahidə apara, baş verən hadisənin mahiyyətinə dərindən bələd ola, yaradacağı obrazları yaxından tanıya... Məsələn, Xalq yazıçısı Elçin "Bayraqdar" povestini, "Qarabağ şikəstəsi" və "Sarı gəlin" hekayələrini 2000-ci illərin əvvəllərində yazmışdır. Və bu əsərlərdə belə bir həqiqət nəzərə çarpır ki, Qarabağ sevgisi təkcə milli yox, həm də bəşəri bir duyğudur.
Elçin Hüseynbəylinin "Gözünə gün düşür", "Qocanın axdığı gün", "Atəş səsləri qulağında" hekayələri, Rafiq Şamiloğlunun "Bəlalı dünya" romanı, eləcə də öncə adını çəkdiyimiz T.Vahidin, E.Hüseynbəylinin və V.Məhərrəmovun hekayələri, Nüşabə Məmmədlinin "Zəngulə", Fazil Güneyin "Qara qan" əsərləri Qarabağ hadisələrini nəsrdə canlandıran nümunələrdir.
Ancaq təəssüflə qeyd ediləsidir ki, nəsrimizdə - konkret desək, roman janrında Qarabağ həqiqətlərini əks etdirən və müharibə dövrünün, yaşadığımız ağrı-acıların, döyüş-savaş-igidlik-qəhrəmanlıq lövhələrini dolğun əks edirən romanların sayı o qədər də çox deyil. Sabir Əhmədlinin "Axirət sevdası", Aqil Abbasın "Dolu", Hüseynbala Mirələmovun "Dağlarda atılan güllə" romanları bu boşluğu nisbətən aradan qaldırır. Son illərdə Vüsal Nurunun "Qaraqaşlı", S.Aranın "Yerevana gedən yollar" romanları çap olunub, ümid edək ki, Qarabağ həqiqətlərini əks etdirən belə romanlarla tez-tez rastlaşaq...
Bu yazıda yazıçı-publisist Zemfira Məhərrəmlinin "Bədii düşüncədə Qarabağ" kitabında gedən yazılardan (hamısından olmasa da) söz açdıq. Təbii ki, onun müraciət etmədiyi və edə bilmədiyi müəlliflər və əsərlər az deyil. Kitaba ön söz yazan Azər Turan haqlı olaraq yazır ki: "Qarabağ savaşı və ağrıları barədə yazılmış əsərlərə həsr olunan bu kitabda, əfsus ki, savaşın içindən keçmiş müəlliflərə və onların bədii nümunələrinə ya heç rast gəlinmir, ya da az (Emin Pirinin şeirləri) təsadüf olunur". Arzu edək ki, ikinci belə bir kitab yazsa, müəllif bu boşluğu da aradan qaldırar. Bu, bir publisistin düşüncələriydi...
Bu qədər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!