Zülfü Livaneli: Son ada - "Sığınmağa yerimiz qalmadımı" sualının romanı... - Hədiyyə ŞƏFAQƏT

Türkcə və məncə

Hədiyyə ŞƏFAQƏT

 

***

Zülfü Livanelinin "Son ada" romanı mənə çox toxundu. Fasilələrlə bir neçə dəfə oxudum. Livaneli bu romanda tamam fərqli meyarlar, tamam fərqli imkanlar meydana qoyur. Hər şey bir-birilə səsləşir. Ədəbiyyatda "Böyük qapıdan içəri keçmək" deyə bir möhtəşəm fikir var, böyük bir əsərə imza atmağa işarə edir. Zülfü Livaneli "Son ada" romanıyla bu qapıdan içəri keçdi.

Yaşar Kemal

***

Elə ikinci səhifəsindəcə: "...peşəkar və yaxşı bir yazıçı olmadığım üçün sizə hər şeyi təsvir etməklə çatdırmaq yolunu seçirəm. ...Bu səbəbdən posmodern, antiroman, yeni roman və başqa bu kimi dolaşıq çatdırma texnikasından xəbərsiz mənim kimi adi bir yazıçıya dözməyə məcbursunuz", - deyən Zülfü Livaneli bəhs etdiyi romanı 2008-ci ildə yazıb bitirdi. "Hansısa təsadüfi yollarla qırx ailə bu adaya sığınmışdıq. ...Buraya "Son ada" adı vermişdim. Bəli, bəli, "Son ada" - son sığınacaq, dünyanın son insani küncü..." - söyləyərək hekayəsinə başlayan qəhrəman elə ilk səhifələrdən də oxucusunun ürəyinə narahatlıq toxumları səpməyə nail olur.

Hər nə qədər dünyanın sonu barədə məşhur deyimi xatırlatsa da, adama elə gəlir, "Son ada" əslində dünyanın və həyatın düz göbəyində yer alır. Sanki dəniz ayrılıb, dərinliklərdən bütün kənar, artıq kifayət qədər çirkinləşmiş, siyasiləşmiş, mənəvi dəyərlərini itirmiş dünyadan xəbərsiz bir minidünya meydana çıxıb.

Bəs bu adanın sakinləri?

Yox, onlar göydəndüşmə deyillər, hərəsi bir yolla, müəllif "təsadüfən" deyərək şərh etməyə çalışsa da, əslində içində olduqları eybəcərliklərdən uzaqlaşmaq istədiklərindən bir gün dənizi keçib bu kiçik dünyada məskunlaşıblar.

 

***

Dünyadan qaçmaq, uzaqlaşmaq, tamam başqa bir dünya, mühit, həyat qurmaq fürsəti əldə etmiş olsaydıq hara üz tutardıq?

Bugünün oxucusu üçün həm kifayət qədər çətin, həm də kifayət qədər asan sual kimi görünsə də cavab tapmaq çox çətindir. Bu suala əminliklə cavab verməyimizə kömək edəcək səbəblər demək olar, yox olub getməkdədir. Barmağımızı dünyanın xəritəsində istənilən nöqtəyə qoyub, müəyyən şərtlərə görə hansısa yeri hansısa yerdən fərqləndirə, seçim edə bilərik. Amma Zülfü Livaneli bizə ümid vermir... roman boyunca dəfələrlə suallar səsləndirsə də bizi sual qarşısında da qoymur, birbaşa: "Son ada dağıldı", - deyir.

O adanı dağıtmışıq. Ağaclarını yandırmışıq, evləri yerlə-yeksandır, torpağı alovun altında bərəkətini itirib, o torpağın yenidən canlanması, üzümüzə gülümsəməsi, əlimizdən tutması uzun illər tələb edəcək və bizim, bu adanın məhvinə şahid olanların həyatı bu qədər uzun deyil.

***

"Son ada" kitab kimi çap edildikdən bir il sonra, 2009-cu ildə "Orxan Kamal roman mükafatı"na layiq görüldü. Mükafatın əsərə "Sosial problemlərə real yanaşmasını fantastik şəkildə əks etdirməkdə qazandığı uğura görə" verildiyi qeyd olunur.

Lakin romanı oxuduqdan sonra Livanelinin real hadisələrə elə real yanaşması və həqiqətə uyğun, özünün dediyi kimi, bəzək-düzəksiz, ədəbiyyata xas vasitələrdən yan keçərək çatdırması fikrinə gəldim. Baş verənlərin təsvirində fantastik, qeyri-real heç nə yoxdur. Bəlkə də bu şərh əsərdə əslində baş verməmiş, necə deyərlər, "həyatdan götürülməmiş" hadisələrin təsvirinə görə verilib?

Yenə də doğru hesab etmirəm.

"Son ada"da baş verənlər dünyanın hər yerində hər addımbaşı rast gəlinən, yaşanılan, insanlara əzab verən, onları dünyanın, həyatın küncünə sıxılmağa məcbur edən halların bir yerdə, cəm halında göstərilməsidir.

"Son ada" dünyanı cənginə alan aclıq, yoxsulluq, təbii fəlakətlər, müharibələr, siyasi çəkişmələr, iqtisadi böhranlar, qırğınlar, qaçqınlıq, xəstəlik, səfalət - böyük bir ümidsizlik qarşısında "Niyə?" sualına amansızcasına verilən cavabdır. Üstəlik, elə son ada kimi dünyanın ortasında dayanıb heç bir ümid verməyən, əksinə, bəşəriyyətin diqqətini səbəblərə çəkmək istəyən soyuqqanlı bir cavab. Livaneli hər birimizi xəbərdar edir - açıq gözlər olmadan bu dövranda bir heç kimi əriyib axacağıq. Amma bu əriyib axmağın qarşısını alacaq heç bir yol göstərmir, hara qaçırıqsa qaçaq, sığınırıqsa sığınaq dünyanın (insanların) Son adasının dincliyi, xoşbəxtliyi hər an pozulmaq təhlükəsi altındadır və bizi bu təhlükədən açıq gözlərdən başqa heç bir səbəb yardım xilas edə bilməz.

***

Zülfü Livaneli hazırda həm Türkiyənin, həm də dünyanın müxtəlif nüfuzlu ədəbiyyat və musiqi fəaliyyəti baxımından mükafatlara layiq görülmüş şəxslərindən biridir. Ümumiyyətlə, bu sözləri Türkiyənin bir çox ədəbiyyat adamlarına aid etmək olar. Bəzən kənardan baxanda bu ad-san, şöhrət, bəzi hallarda kitablardan gələn qazanc, dünyanın müxtəlif ölkələrində müxtəlif dillərində yayılan əsərlər cəlbedici bir həsəd belə yarada bilər.

Lakin...

Türkiyə ədəbiyyatı, istər poeziya olsun, istər nəsr, həmişə baş verənlər qarşısında açıq həssaslıq göstərir. Kiçikli-böyüklü hadisələrə reaksiya verilməsi, münasibət bildirilməsi çox gecikmir. Türk müəllif əsasən heç bir halda özünü cəmiyyətin, bəşəriyyətin, dünyanı narahat edən hadisələrin çölündə görmür, istənilən ictimai, siyasi, qlobal və ya məhəlli hadisəyə həm isti-isti, həm də sonradan soyuqqanlı baxışla cavab verir. Türkiyə ədəbiyyatı ölkənin, həmçinin dünyanın gedişatına baxışlarını ortaya qoyacaq cəsarət və ürəyə sahibdir. Bir çox əsərlərin həm dövrlərə, həm fikirlərə, həm tərzlərə görə müqayisəli oxusu oxucuda istənilən hadisə barədə özünün də düşünə biləcəyi, bir fikir formalaşdıra biləcəyi zəmin yaradır. Cəmiyyətin formalaşmasında, bir yol tutmasında, ölkəyə və ümumilikdə dünyaya sağlam münasibətin yaranmasında rol oynayır. Çox güman, elə bu səbəbdən, Türkiyə ədəbiyyatı nümunələri hətta ən "türkcə" halıyla da məhəlli sədləri aşıb keçərək hər yerdə insan qəlbinin, fərdlərin, həmçinin geniş mənada müxtəlif mədəniyyətə sahib cəmiyyətlərin içərisində oxucusunu tapa bilir.

Heç nə asanlıqla başa gəlmir, amma etmək də mümkündür...

 

*** 

"Son ada" qırx evdən və bu evlərdə yaşayan, bir-birilərilə dil tapmış, bir-birlərilə dostlaşmış insanlardan, qağayılardan, dənizdən, yaşıllıqdan, açıq səmadan ibarət bir dünya deməkdir. Sözsüz, əl-ələ verilib yaşanılan bu dünyanın təsvirinin sətiraltında müəllifin qorxularıyla bərabər arzuları da yatır və o bu qorxunun nədən ibarət olduğunu elə ilk səhifələrdəcə göstərməyə başlayır.

Hər şeyi dağıdıb tökən, hər şeyi bir qaranlıq xaosa sürükləyən səbəbin sağlam gövdəyə düşən yara toxumu kimi necə böyüyüb yayıldığı, xərçəng kimi bütün həyati orqanları - ağacları, qağayıları, heyvanları, şübhəsiz, bununla birlikdə arzuları, xoşbəxtlikləri, dostluqları, gözəllikləri cənginə aldığı anbaan təsvir edilir.

***

Livaneli həm insana, onun psixologiyasına, həm də cəmiyyətə və kütlə düşüncəsinə kifayət qədər bələd olan müəllifdir. Son adada bir-birinin ardınca sıralanan bədbəxtliklərin ortasında imkan tapıb: "Amma nə gizlədim, bu baş verən çirkin hadisələr bir yandan da hamını canlandırmış, ətaləti yerindən oynatmışdı, sanki hamı bunun üçün darıxmışdı" da deyə bilir. İnsanın naməlumluğun həm o üzündə, həm bu üzündə (Adaya yerləşən yeni idarəedici və ada sakinləri) hansı boşluqlarla hansı yolu tuta biləcəyini, insanı tərk etməyən heyvani ehtirasın mənəvi yoxsulluqla birləşincə hər yeri necə cəhənnəmə çevirə biləcəyini, doğru olanla olmayanın mübarizəsində qələbənin hansı tərəfdə zəfər çalacağının heç bir mənəvi dəyərlə ehtimal etməyin mümkün ola bilməyəcəyini üzümüzə çırpır. Son adada insan həm sadəliyilə, sevgi və mərhəmətilə, həm ən mürəkkəb ziddiyyətlərilə, nifrətilə bizi hədələyir. 

Livaneli birbaşa olmasa da: "İnsanı tanı" deyir və bizi xəbərdar edir. Həmçinin göstərir ki, dünyanı fəlakətə çəkən təkcə cahillik, savadsızlıq, amansızlıq deyil, həm də qorxudur. Dəfələrlə eyni nöqtəsinə qayıdaraq həm fəlakət yaradanların, həm fəlakətdən əzab çəkənlərin daxilində kök salmış qorxunu göstərir. Əsəri dilindən təqdim edən "Mən" də bu baxımdan hamıyla eynidir. Lakin müəllif qəhrəmanlarsız da keçinmir, Yazıcı və Laranın dilindən demək istədiklərini bir başqa yolla çatdırır. Son ada, həmçinin həm mənfi, həm müsbət obrazlarda bir şəxsin müxtəlif şəxslərdə inikasıdır.

 

***

"Son ada" iki, bəlkə də əzəli və əbədi səbəbin - ticari və mənəvi dəyərlərin üzləşməsidir. Həyatımız boyu baş verən, indi də baş verməkdə olan, qəsdən törədilmiş və ya birbaşa olmasa da dolayı yolla səbəb olduğumuz yanğınların, daşqınların, quraqlıqların və başqa halların haralardasa kimlərinsə dar düşüncə içində bəslənən, bizi də, elə özlərini də sona yaxınlaşdıran var-dövlət hərisliyinə necə xidmət etdiyini bir daha düşünməli oluruq. Qarşımızda açılan mənzərədə dünənin ağıllı, mərhəmətli, təbiətlə iç-içə yaşayan, təmiz qəlbli insanları pulun parıltısı qarşısında bir-bir aşınmaya məruz qalaraq kütləşir.

"Son ada" bu baxımdan həm də oturduğu budağa balta çalanların romanıdır. Gəl ki, o budaqda təkcə onlar deyil, hamımız oturmuşuq.

 

***

"Son ada"da keçən on iki il bəlkə də sonu görünməyən, yüzillik, minillik bir tarixdir. Romanın sətirləri altında yatan bir məna da diqqətimizi qəhrəmanlıq və qurban məsələsinə çəkmək məqsədi güdür: "Hər bir dəyişiklik qurban istər". Tarixin istənilən faciəsi zamanı təbiət-insan-mənəviyyat üçlü qarşıdurmasında həqiqi və yalançı qəhrəmanlar peyda olduğu kimi, burada da dükançının lal oğlu kimi həqiqi və adanı xarabazara çevirmiş şəxsin yalançı qəhrəmanlığı ortaya çıxır. Lakin müəllif yalançı qəhrəmanlığın dəbdəbəli təqdimatını soyuqqanlı şəkildə təsvir etdiyi kimi, lal oğlanın həqiqi qəhrəmanlığını da tərifləməkdən uzaqdır, onun hərəkətinin özü bir aşınmanın, dağılmanın gətirib çıxartdığı səbəbdir və yenə də tək-tək qurbanların verilməsi prosesindən başqa bir şey deyil. Çünki Livanelinin də dediyi kimi: "Heç nə dəyişmir". Yəni dünyanın, bizim dünyamızın xilası üçün istənilən ifrat ehtirasın çılğınlığı da növbəti faciələr, göz yaşları, ağrı-acı, bədbəxtlik deməkdir.

 

***

"Son ada"da tez-tez təkrarlanan bir sual var: Pislik hardan doğur? Nədir pisliyi yaradan?

Bu yerdə Livaneli eynilə mənim qapıldığım utopik düşüncəyə qapılır: "Pislik yoxdur, xislət var". Bir yerdə insanları müxtəlif varlıqlara bənzədir və onların xislətini bənzədikləri heyvanlarla bağlayır. Bəlkə də bu, sadəcə, güzgü effektidir, çünki insan bənzədiyi varlığa xas davranış nümayiş etdirməz, əksinə, göstərdiyi davranışa görə hansısa varlıqlarla müqayisə olunar.

Digər tərəfdən, Son adada baş verənlər təkcə insanların öz aralarında baş tutan qarşıdurmaların fonunda təbiətin fitrətdən gələn dürüstlüklə özünü qorumasına, tənzimləməsinə, təzələməyinə diqqət cəlb etmir, həmçinin təbiətin insan əməlləri qarşısında hansı cavabla çıxa, necə qisas ala biləcəyini sadə və dəqiq dillə ifadə edir. "Son ada" özümüzü nə qədər ağıllı, savadlı hesab etsək, dünyaya hakim olduğumuzu düşünsək də, əslində, təbiətin, təbii nizamın, təbii qanunauyğunluqların qarşısında tamamilə köməksiz olduğumuzu deyir.

"Olan sizə olacaq" - təbiətin cavabı budur, - "mənsə özümü daha ədalətlə xilas etməyin yoluna sahibəm".

 

***

Müəllif Son adanı həm yaralı, övladları ora-bura səpələnmiş, bir-iki fədakarın ümidinə qalmış, qarşısında uzun bir bərpa zamanı dayanmış halda xilas edir, həm vaxtında və yerində göstərilməyən cəsarətin sonrakı ağrısını, ancaq bu gün, ancaq dar dairə, ancaq öz ətrafı, bir az da ancaq öz kəndi, şəhəri, öz ölkəsi üçün çalışıb vuruşmağın doğru olmadığını, bunun nələrə yol aça biləcəyini və xilasa kifayət etməyəcəyini göstərir, həm də əsərinə son sətirlərdə son adanın, son sığınacağın, son ümidin tənəzzülünü amansız laqeydliklə:

"Sevgili dostum! Bir dəfə Volterin kitabında İstanbuldakı bağbanın dinclik axtarışında olan Kandidə verdiyi: "Bağçanı yetişdir!" öyüdünü misal çəkərək, mənə: "Hekayəni danış!" - demişdin, xatırlayırsanmı? - "Sadəcə hekayəni danış!". Mən də elə etdim, son Adanı itirməyimizin hekayəsini çatdırdım", - deməklə göstərərək son nöqtəni qoyur...

Qoyur, amma deyəsən, ürəyi gəlmir, bir epiloq əlavə edərək özünü ovundurmağa çalışır.

Amma mən onun bu sözlərini dünyaya çağırış kimi görmək istəyirəm:

"Bağçanı yetişdir! Özünü yetişdir! Dünyanı - kainatda sığına biləcəyimiz Son Adanı qoru!".

 

9 sentyabr 2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!