Şuşa - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

Ömrümdə, bu yaşımacan  iki dəfə Şuşaya getmək istəyim olub. 1973-cü ildə, kənddə müəllim işləyirdim, mənə rayon maarif şöbəsinin həmkarlar ittifaqından putyovka verdilər ki, get, yay istirahətini Şuşada keçir. Amma gedə bilmədim, xəstələndim. 1984-cü ildə, "Azərbaycan" jurnalı "Qarabağ səhifəsi" hazırlayırdı, mən də jurnalın bir əməkdaşı kimi o dəstədə idim, Füzulidə, Ağdamda oldum, çox kəndləri gəzdim, əmək adamları ilə görüşdüm, bu iki rayonun ədəbi-mədəni həyatı ilə tanış oldum, amma yenə Şuşaya gedə bilmədim, təcili Bakıya çağırdılar.

Əslində, Şuşaya getməsəm də, Azərbaycanın təriflərə sığmayan bu gözəl məkanında olmasam da, Şuşa mənim içimdə idi. "Qarabağnamələr"i oxumuşdum, bədii və sənədli əsərlərdə Şuşa və şuşalıların obrazları ilə tanış olmuşdum, onun qədim abidələri, Vaqifin, Natəvanın gəzdiyi yerləri xəyalən mən də gəzmişdim. Bu Musiqi konservatoriyasının tarixinə bələd idim: başda Üzeyir bəy olmaqla  Hacı Hüsü, Sadıqcan, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Segah İslam, Zülfü Adıgözəlov, Bülbül, Qurban Pirimiov, Seyid Şuşinski, Xan Şuşinski kimi ölməz musiqi dühalarının yaradıcılığına bələd idim. Ədəbi yaddaşıma həkk olunan "Məclisi-üns" və "Məclisi-fəramuşan" şairlər məclisi üzvlərinin yaradıcılığını izləmişdim. Və belə bir qənaətə gəlmişdim ki, Şuşa şeir-sənət məkanı nəinki Azərbaycanın, nəinki Şərqin, hətta dünya mədəniyyətinin bənzərsiz bir parçasıdır.

Amma oxumaq, məlumat əldə etmək, bilgilənmək başqa, Şuşanı görmək, romantik duyğularını reallığa çevirmək başqa. Nəhayət, mənə də qismət oldu ki, Vaqif Poeziya Günlərində iştirak edim. Amma çətindir 29-31 avqust günlərində Şuşada keçirdiyim o gözəl anlar, hətta dəqiqələr haqqında təəssüratlarımı dolğunluğu ilə ifadə etmək. Buna azacıq cəhd edəcəyəm. Şuşa, əgər belə demək mümkünsə, qənirsiz bir gözələ bənzəyir. Necə ki, klassik poeziyada və aşıq şeirində gözəlin tərifi bitmir-tükənmir, Şuşa gözəli də elə.

Mənim doğulduğum Masallı rayonunun Ərkivan kəndində adı Vaqif qoyulan ilk adamlardan biriyəm. Səməd Vurğunun "Vaqif" pyesinin təsiri, şöhrəti o dərəcəyə çatmışdı ki, Azərbaycanın bütün kəndləri və şəhərlərində yeni doğulan oğlan uşaqlarına Vaqif adını qoyurdular.

Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Onun poeziyası təkcə bir şairin mənəvi aləmi deyil, həm də estetik fikrimizin güzgüsüdür. Şuşa deyəndə, onun tarixini izləyəndə yada düşən ilk şəxslərdən biri Vaqifdir. Şair-diplomat, ictimai xadim Vaqif... Onun şərəfinə ucaldılan məqbərə, həm də Azərbaycan poeziyasının şərəfinə ucaldılan bir abidədir. Ulu öndər Heydər Əliyevin 1982-ci ilin 14 yanvarında - o soyuq qış günündə - Şuşada Vaqifin şərəfinə keçirdiyi o təntənəli mərasim Vaqif Poeziya Günlərinin stimuluna çevrildi. Şuşa öz ədəbi ənənələrinin yeni bir dövrünə qədəm qoydu. Amma erməni vandalları, bütün tarix boyu bizə düşmənçilik edən, insan olmayan ermənilər Şuşanı da, Vaqifin məqbərəsini də dağıtdılar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vaqif Poeziya Günlərinin açılışında dedi ki, Şuşa heç bir vaxt əyilmədi, sınmadı, öz qürurunu saxladı. Hörmətli Prezidentin təmirdən sonra Vaqif məqbərəsi önündəki çıxışı Şuşaya və oraya toplaşan Azərbaycan ziyalılarına bir qətiyyət, bir əminlik çağırışı idi. Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanımın Şuşa ilə bağlı gördüyü işlər isə göz qabağında idi. Şuşa öz tarixinin, əgər belə demək mümkünsə, pleyada mərhəsinə qədəm qoyur. Doğrudur, hələ görülməli çox işlər var, Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə heç bir şübhə yoxdur... Amma Şuşa elə bu görkəmdə də cazibəlidir.

Biz incəsənət adamları böyük bir heyranlıqla Şuşanın əlçatmaz qayalarını (Azərbaycan igidlərinin o qayaları aşıb düşmənlərə qan uddurduqlarını unutmuruq, Şuşada həlak olan şəhidlərimizi də, qazilərimizi də unutmuruq), tarixi abidələrini (onların bərpa edilib öz əvvəlki görkəminə  çox tezliklə qayıdacağına da inanırıq), muzeylərini, təzə tikililərini ("Qarabağ" otelini və s.), Cıdır düzünü, Üzeyirin, Natəvanın, Bülbülün heykəllərini, bir sözlə, tarixi və real, təbii Şuşa  mənzərələrini qarış-qarış gəzdik. Şuşa mənim içimdəki, ruhumdakı Şuşa ilə qovuşdu.

Mən Şuşanın axşamlarını da seyr etdim. Xan əminin oxuduğu mahnını xatırladım: "Şuşada axşamlar yanan ulduzlar"... Bir də Məmməd Arazın "Şuşada bir gecə" şeirini...

 

Gecənin qoynunda yanır dağ şəhər,

Fəzadan asılı, çilçıraq şəhər.

Dağlar öz ovcunda yandırıb onu,

Ulduzlar qoynuna qaldırıb onu.

Bu dağlar vüqarı, bu dağlar gücü.

Bu gecə kəşf etdim bir Şuşa bürcü

Bir Şuşa bürcü, tamaşa bürcü.

 

Vaqif Poeziya Günlərində müasir Azərbaycan şeirinin şanlı qələbəmizlə, şəhidlərimizin və qazilərimizin igidliyilə, Qarabağımızın və Şuşamızın tərənnümü ilə bağlı şeirlərini də dinlədik. Və hiss etdik ki, müasir Azərbaycan poeziyası işğal dövründəki təbii sıxıntılardan, pessimizmdən xilas olur, indi qələbədən doğan sevinci, yüksək əhval-ruhiyyəni, nikbinliyi öz sinirinə çəkir.

Bakıdan Şuşaya yol alanda və Şuşadan Bakıya geri qayıdanda mənim ürəyimi sıxan vaxtilə işğal olunmuş ərazilərdə və elə Şuşanın özündə dağıdılmış, xarabalığa çevrilmiş evlər oldu. Amma bəlkə bir il sonra Şuşaya növbəti dəfə gəlsəm, başqa, ürəkaçan bir mənzərə ilə rastlaşacağıma heç bir şübhəm yoxdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!