Vaqif YUSİFLİ
O, filosof idi, fəlsəfə elmləri namizədiydi. Moskvada - Qorki adına Ədəbiyyat İnstitutunun Tənqid şöbəsini fərqlənmə diplomu ilə bitirmişdi. Bakıya böyük arzularla qayıtmışdı. Beyni-başı yeni ideyalarla doluydu, məqsədi bu idi: "Mənim həyatda, elm və sənətdə pərəstiş etdiyim -elmin, sənətin qüdrəti ilə insanların şüurunu, duyğularını ülvi bir səviyyəyə qaldırmaq və onlara hökmran olmaq səlahiyyətidir. Bu hökmranlığı mən sevir, təqdir və tərənnüm edirəm". A.Əfəndiyev uzun müddət Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda çalışmışdı, ADU-da, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda estetikadan, dialektik və tarixi materializmdən, həmçinin Qərb və rus ədəbiyyatından mühazirələr oxumuşdu. Lakin o, Qərb ədəbiyyatını dərindən bilsə də, dünya fəlsəfi fikrinin qaynaqları ilə tanış olsa da, mənəvi varlığı bütünlüklə söz sənətinə, konkret desək, Azərbaycan ədəbiyyatına bağlı idi. Bununla yanaşı, qeyd edək ki, Azərbaycan ədəbi tənqidində ən çox mübahisə doğuran tənqidçi də Asif Əfəndiyev olmuşdu. Asif Əfəndiyev ədəbi tənqidə yeni üslub gətirdi və bunu danmaq olmaz.
Ədəbi tənqiddə üslubi yeniliyi necə başa düşmək olar? İlk növbədə, tənqidə yeni şəkil və janr vahidləri gətirəsən, tənqidin sxolastik usulundan imtina edəsən, onu həyatı dərk etməyin üsullarından biri kimi bədii ədəbiyyat qədər sevdirə biləsən. Ustad tənqidçi Yaşar Qarayev Asif Əfəndiyevi bir filosof tənqidçi kimi səciyyələndirərkən onun yaradıcılığını "tənqid poeziyası" kimi təqdir edirdi.
Asif Əfəndiyev fəlsəfədən ədəbiyyata və eyni zamanda, ədəbiyyatdan fəlsəfəyə keçid kimi səciyyələndirilən bir "ortaq" nöqtəyə üz tutdu. Təbii ki, burada sırf fəlsəfi fikrin aparıcı rolunu iddia etmək olmaz. Çünki o, fəlsəfi fikir tarixindən və ayrı-ayrı filosoflardan söz açanda da ədəbiyyatdan və söz ustadlarının hikmətlərindən danışıb. Asif Əfəndiyevin fəlsəfə ilə poeziyanın bir-birinə təsirini əks etdirən "Fəlsəfə və poeziya" essesi onun bütün məqalə və esseləri üçün estetik kredo hesab edilə bilər.
"Fəlsəfə və poeziya" essesi "oxu dərsi" kimi qavranılır və Asif Əfəndiyev digər məqalələrində yeri gəldikcə, bu "oxu dərsi"ndən istifadə edirdi. Fikrimizcə, geniş oxucu auditoriyasına dünya filosoflarının söz sənətinə münasibətini, daha doğrusu, fəlsəfə ilə poeziyanın qarşılıqlı əlaqəsini izah etmək baxımından bu "oxu dərsləri"nin faydası az deyildi. Ancaq A.Əfəndiyevin məqalə və esselərində əsas məqsəd təkcə "fəlsəfə dərsi" keçmək olmamışdır. Məqsəd Azərbaycan ədəbiyyatının keçmişi və müasir dövrü arasında körpüləri nəzərə çarpdırmaq və bu zamanlar arasında ədəbiyyatın yeniləşməsi prosesini izləmək idi. "Fəlsəfə və poeziya" yazısında belə bir bölmə də var: "Fəlsəfə, ya fəlsəfəçilik?"…Burada nəzəri müddəalar öz "praktiki" həllini tapır: "Azərbaycan poeziyası yaranışından fəlsəfi xarakter daşıyır" fikri bayatılarımızdan, nəğmələrimizdən, atalar sözlərimizdən, nağıllarımızdan başlamış, yazılı ədəbiyyatımızın tarixində iz buraxmış şəxsiyyətlərin əsərlərinə qədər davam edir. Bəzi sətirlərə diqqət yetirək:
"XIX əsr klassik alman estetikasındakı - insan vasitə deyil, məqsəddir - mütərəqqi mülahizəsi hələ XII əsrdə Nizami yaradıcılığının əsas istiqamətverici leytmotivlərindən biri olmuşdur".
"Füzuli orijinal və dərin məhəbbət konsepsiyası yaratmışdır: sevmək, sevilmək - müdriklik nişanəsidir. Məhəbbət insanı kamal əhli edir. "Ey Füzuli, qılmazım tərki-təriqi-eşqi kim, Bu fəzilət daxili-əhli-kəmal eylər məni". Füzulinin məhəbbət konsepsiyası bir tərəfdən, Qərb poeziyasının dahi nümayəndəsi Dantenin gözəllik idealı ilə, digər tərəfdən isə Füzulidən sonrakı dövrlərdə yaranmış məhəbbət konsepsiyaları ilə səsləşir".
"Nəsimi poeziyasında, biz sözün tam mənasında, ideal şəxsiyyət konsepsiyasını görürük".
"B.Vahabzadənin son dövrlərdə yazdığı şeirlərin əsas leytmotivi belədir: insan ömrünün mənası - bəşəriyyətə xidmət etməkdir. Bəxtiyar şeirindəki bədii ideyanın poetik ifadəsini qüdrətli S.Vurğun poeziyasının dalğalarından qopub gələn əks-səda adlandırsaq, zənnimcə, B.Vahabzadənin səmərəli və gərgin poetik axtarışlarının əhəmiyyətini azaltmış olmarıq!".
"Rəsul Rza poeziyasının əsas obyekti yer planeti, bəşəriyyətdir" desək, mübaliğəyə yol vermiş olmarıq. "İnsan hər şeyə cavabdehdir, - leytmotivi R.Rza poeziyasının ana xəttini təşkil edir. Onun fikrincə, bəşəriyyətin səadət yolu heç də hamarlanmış asfalt, güllərlə, çiçəklərlə bəzənmiş xalı deyil. Bu yolda yoxuşlarla, faciələrlə, çətinliklərlə rastlaşmalı oluruq".
Asif Əfəndiyevin məqalələrində 60-70-ci illər Azərbaycan nəsri və poeziyasının bir sıra nümunələrindən söz açılır. Özü də bu məqalələrin hər birində konkret problemlər qoyulurdu. Ümumiyyətlə, Asif Əfəndiyevin məqalə və esselərinin heç biri problemsiz deyildi. Bu onun tənqidçilik üslubunu müəyyənləşdirən xüsusiyyətlərdən biri idi. "Sənət və şəxsiyyət" məqaləsində Mühit və Şəxsiyyət probleminin bədii həllini İsa Hüseynovun "Yanar ürək", "Saz", "Tütək səsi", Anarın "Ağ liman", Sabir Əhmədovun "Görünməz dalğa", Əkrəm Əylislinin "Atalar və atasızlar", "Dağlara çən düşəndə" əsərlərində izləyir. O, sosializm cəmiyyətində hökm sürən mənəvi eybəcərliyin mahiyyətini mikromühitlərdə axtarır, şəxsiyyətlərin bu mühitdə faciəvi vəziyyətlərə düşdüyünü, "xalq həyatı adlanan axından" uzaqlaşdığını nəzərə çarpdırırdı. Haqqında söz açdığı ayrı-ayrı əsərlərin qəhrəmanları məhz mühitin qurbanları kimi qələmə verir. Təkcə İsa Hüseynovun "Kollu Koxa" povestinin qəhrəmanını "cəmiyyətin tənqidi təfəkkürünü, mənəvi təkmilləşmə qüdrətini" özündə əks etdirən obraz kimi təqdir edirdi. Təbii ki, onun Mühit və Şəxsiyyət problemi ilə bağlı bədii əsərlərə tətbiq etdiyi fikirlərin bir çoxu mübahisəli idi. Onun fikrincə, sosializm cəmiyyətində bir mikromühit var, bir də makromühit. Mikromühit eybəcərliklərlə doludur, burada işıqlı ideal axtarmaq mümkün deyil. Makromühitdə isə "təsvir olunan şəxsiyyət sosialist gerçəkliyi adlanan mühitdə yetişir ki, onun əsas istiqaməti, təmayülü hər cür durğunluğa, bəsitliyə, ətalətə, antihumanist meyillərə yaddır". Asif Əfəndiyev 60-70-ci illər nəsrində meydana çıxan, əvvəlki onilliklərin nəsrindən tamamilə seçilən fərqli xüsusiyyətlərə diqqət yetirirdi. Asif Əfəndiyevin bir tənqidçi kimi gücü və zəifliyi, obyektivliyi və subyektiv, mübahisəli fikirləri "Şeir və ənənə" məqaləsində daha aydın nəzərə çarpır. Bu məqalədə elə bil, iki Asif Əfəndiyev bir-birilə mübarizə aparır. O, şeirimizin 30-60-cı illər mənzərəsinə "sovet poeziyasının yarım əsrdən çox inkişaf prosesində özünəməxsus güclü və zəngin poetik ənənələrin yaranması" prosesi kimi baxır. S.Vurğunun, S.Rüstəmin, R.Rzanın, B.Vahabzadənin yaradıcılığına məhz poetik ənənələrin (həyata dialektik münasibət, insana, dünyaya inam fikri, fəlsəfi genişlik, xalq şeiri ilə üzvi əlaqə, insan və zaman, dünya və şəxsiyyət kimi problemlərin sənətdə başlıca motivlərdən birinə çevrilməsi, ideallarımıza yad təmayüllərə qarşı tənqidi münasibət, milli müəyyənlik, ümumbəşərilik və milliliyin dialektik vəhdəti) uğurlu təcəssümü kimi yanaşır. Təbii ki, sovet dövrü Azərbaycan poeziyasına qiymət verərkən onun müsbət cəhətləri ilə yanaşı, həmin mərhələdə şüarçılığın, sxematizmin, səthiliyin özünü göstərdiyini unutmaq olmaz, amma A.Əfəndiyev poeziyada yaranan yeni keyfiyyətlərdən söz açır, Səməd Vurğunun "Düşüncələr" şeirini fəlsəfi lirikanın ən uğurlu nümunəsi kimi nəzərə çarpdırır. Həmin şeirdə Azərbaycan poeziyası üçün səciyyəvi olan humanizm, fəlsəfi idrak, estetik genişlik keyfiyyətlərindən söz açır. S.Rüstəmin və R.Rzanın şeirlərində də özünəməxsus poetik xüsusiyyətləri, hər birinin yaradıcılığında başlıca problematikanı müəyyənləşdirmək tənqidçi üçün heç də çətin olmur. Amma o yerdə ki, fəlsəfi məsələlərin izahı gəlir, bunların poeziya tətbiqi bəzən uğursuzluqla nəticələnir. Xüsusilə, Rəsul Rza poeziyasına qarşı bəzi məqamlarda "hücum taktikası" heç də özünü doğrultmur. Tənqidçi yazır ki, "bütün nöqsanları ilə birlikdə Rəsul Rza şeiri ədəbiyyatda əlamətdar hadisədir. Poeziyamızın fəlsəfi dərinliyinin artması, estetik vüsətinin genişlənməsi başqa şairlərlə yanaşı, Rəsul Rzanın adı ilə də qırılmaz şəkildə bağlıdır". Amma az sonra o, Rəsul Rzanın "Rənglər" silsiləli şeirlərini "əcaib assosiasiyalar" meyli kimi tənqid edir. Halbuki, "Rənglər" silsiləsi şeirimizdə yeniliyin, modern təfəkkür tərzinin ifadəsiydi. Ümumiyyətlə, poeziyamızda yeni meyillər: ənənəvi ifadə vasitələrindən və şablonlardan uzaqlaşmaq, dünya poeziyasında baş verən yeni tendensiyalara qoşulmaq şeirimizdə maraqlı hadisə idi. Ancaq A.Əfəndiyev və eləcə də bir çox şair və tənqidçilər bütün bu yenilikləri qəbul etmək istəmirdilər. Əlbəttə, Asif Əfəndiyevin 60-70-ci illərdə Azərbaycan ədəbi tənqidində rolunu qətiyyən azaltmaq fikrində deyilik. Etiraf olunmalıdır ki, onun məqalələri bir sıra qüsurlarına baxmayaraq həmin illərin ədəbi tənqidində xüsusi yer tuturdu və geniş oxucu auditoriyası üçün hətta sensasiya doğururdu. "Sənət və özünüdərketmə" ədəbi-tənqidi etüdlərində A.Əfəndiyev "İdeallaşdırma və realizm", "Əsl və zahiri müasirlik", "Təsvir və təhlil", "Məhəbbət və zaman", "Həyat faktı və bədii həqiqət", "Mən, başqası və dünya", "Müqəddəslik", "Tarix və şəxsiyyət" başlıqları altında ayrı-ayrı nəsr əsərlərini təhlil edir, əslində, bu başlıqların hər biri ədəbi tənqidi məşğul edən problemlər idi. O, Süleyman Rəhimovun "Kəsilməyən kişnərti" povestində nağılvari təfəkkürün ideallaşdırma, mücərrədləşdirmə yolu ilə bədii ifadəsini təqdir edir, əsərdə realist nəsr ilə nağıl poetikasının vəhdətini yazıçının bədii uğuru kimi qiymətləndirir. "Müasirlik - mürəkkəb problemdir. Sənət tarixi zahiri və əsl müasirlik tanıyır". A.Əfəndiyev Həsən Seyidbəylinin "Tərsanə" romanını zahiri müasirlik tendensiyası kimi qiymətləndirir. Onun fikrincə, əsərin baş qəhrəmanı Ələsgər Adalı kifayət qədər güclü xarakterdir, "sirli, orijinal, romantik xislətlidir, rasional insandır". "Ələsgər müəllim həm adi, sıravi bir adam təsiri bağışlayırdı, həm də güclü, zəkalı, mətin bir insana, alimə oxşayırdı". Amma bu qəhrəman A.Əfəndiyevi qane etmir. O, yazıçıdan "masştablı kolliziya" tələb edirdi. Tənqidçi həmin kolliziya vasitəsilə qəhrəmanların ardıcıl mübarizəsini görmək istəyirdi. Əlbəttə, o, müəyyən dərəcədə bu istəyində haqlı idi, A.Əfəndiyevin iki məqaləsi - "Tarix və şəxsiyyət" və "Cahandar ağa və onun faciəsi" - 70-ci illər tənqidinin ən uğurlu nümunələridir desək, yanılmarıq. O, baş verən tarixi hadisələrdə insanların rolunu, tarixi prosesə münasibətini ön plana çəkir, "Qarlı aşırım"da Kərbəlayı İsmayılın həyat idealını ("Qoy kərbəlayılar kərbəlayı kimi, rəiyyətlər rəiyyət kimi qalsınlar"), Abbasqulu bəyin həyat devizini ("Mənim camaatsız bir günüm də olmasın") onların xarakterik insani xüsusiyyətləri kimi təhlil edir. "Qarlı aşırım" A.Əfəndiyevin "masştablı kolliziya" prinsipinə tam cavab verir. Kərbəlayı İsmayıl - Abbasqulu bəy, Kərbəlayı İsmayıl - Qəmlo, Abbasqulu bəy - Talıbov təzadları təsvir olunan tarixi dövrün (20-ci illərin) mənzərəsini dolğun əks etdirir. İsmayıl Şıxlının "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağanı "ciddi, əhəmiyyətli, sanballı bir kəşf" kimi qiymətləndirən A.Əfəndiyev bu obrazın faciəsini tarix tərəfindən məhvə məhkum edilən şəxsiyyətin faciəsi kimi qiymətləndirir. "Cahandar ağanı hiddətləndirən yeni həyat tərzinin onun bağlı olduğu ideala yadlığı, düşmənçiliyi, yabançılığıdır… Onun həyat idealı məhdud, fəaliyyəti birtərəfli və qeyri-kamil, qayəsi ibtidaidir. Lakin o, qəribə bir şeiriyyəti, qəribə bir gözəlliyi və ahəngi də özüylə bərabər Kürün dalğalarına tapşırdı".
Asif Əfəndiyev ədəbi tənqiddə esse janrının da ilk nümunələrini yaratdı. "Qəm və üsyan", "Sənətdə gənclik və sənətin əbədi gəncliyi", "Məcnunluq", "Koroğlular və Həmzələr", "Nizamilik", "Xaqanilik", "Nəsimilik" - bu yazılar elmi təfəkkürün bədii təfəkkürlə vəhdətini əks etdirir.
Çox maraqlı, həm də paradoksal bir haldır ki, "Azərbaycan ədəbiyyatında sosializm realizminin ilk tarixi və təşəkkülü" monoqrafiyasının və bir sıra məqalələrində də sovet ədəbiyyatı - sosializm realizmi ədəbi cərəyanının təbliğçisi olan Asif Əfəndiyev 1981-ci ildən bir vaxtlar müdafiə etdiyi prinsiplərdən tamamilə uzaqlaşdı, hətta Sovet dövləti tərəfindən verilən bütün diplomlardan da imtina etdi, "Ocaq" adlı bir cəmiyyət yaratdı, ətrafına özü kimi düşünən insanları topladı. Özünə "Asif Ata" təxəllüsü götürdü.
Əlbəttə, biz onun ədəbi-tənqidi-fəlsəfi səpkidə qələmə aldığı və indiki çağda da tənqid tariximizin maraqlı bir səhifəsini təşkil edən məqalələrini, esselərini sevə-sevə oxuyuruq.
Sonda: Asif Əfəndiyev bir ədəbiyyat tənqidçisi kimi, hətta bəzi səhvlərinə baxmayaraq filosof Asif Əfəndiyevdən üstün idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!