Hüseyn Cavid - 135
Xalq şairi Səməd Vurğunun böyük həqiqət ifadə edən maraqlı bir aforizmi var:
Böyük təbiətlər yaranır az-az,
Hər yerdə, hər zaman inci tapılmaz!
Zaman keçdikcə daha çox inanırsan ki, Hüseyn Cavid dünya ədəbiyyatı tarixində misilsiz xidmətlər göstərən böyük ədiblərdən biridir; onun əsərləri təkcə mənsub olduğu xalqa, millətə yox, yer üzünün bütün insanlarına məhəbbətlə, dünyanın özünə işıqla dolu bədii söz sənəti inciləridir - "hər yerdə hər zaman tapılmayan inciləri!"
Adını unutduğum bir çex müəllifinin çoxdan oxuduğum bir yazısında şair çalğıçıya bənzədilir; elə bir çalğıçıya ki, nədə çaldığını, nə çaldığını və kim üçün çaldığını yaxşı bilir.
Hüseyn Cavid belə bir sənətkardır. O, bədii sözün böyük ustası - şair, dramaturq, publisist və ədəbiyyat-sənət nəzəriyyəçisi kimi əlinə qələm aldığı ilk vaxtlardan yaradıcılığının bütün mərhələlərində nə yazdığının, niyə yazdığının və kim üçün yazdığının fərqində olmuşdur. Böyük sənətkar xalqına, millətinə və qövmünə qırılmaz məhəbbət və inam telləri ilə bağlı böyük bir türkçü idi. Türk dünyasının tarixi şücaətlərinə və mədəniyyətinə dərindən bələd idi; onun bu günü və gələcəyi naminə yazırdı. Hüseyn Cavid yaradıcılığında ardıcıl olaraq öz bədii-poetik ifadəsini tapmış olan türkçülük bir məfkurəvi əsas olaraq heç bir halda məhdudiyyətdən doğmadığı kimi məhdudiyyət də doğurmurdu və insan sevgisi, insanda insanlıq axtarışları, yüksək humanizm və ümumbəşəriliklə bağlı idi. Böyük şair-dramaturq yazanda da nəhayət etibarı ilə dinindən və irqindən asılı olmayaraq, bütün insanlar üçün yazırdı, məhəbbəti də, sevgisi də bütün insanlara aid idi. Şairin gözəl şeirlərindən birində məktəbli qız Gülbahara: "Sənin ən çox sevdiklərin kimdir?" - sualına qızcığazın verdiyi cavaba, ümumiyyətlə, bununla əlaqədar şeirdə diqqəti cəlb edən kiçik bir parçaya nəzər salaq:
Ən çox sevdiyim ilkin o Allah ki, yeri-göyü, insanları xəlq eylər!
- Sonra kimlər?
- Sonra onun göndərdiyi elçilər!
- Başqa sevdiklərin yoxmu?
- Kimdir onlar?
- Anam, babam, müəlliməm. Bir də bütün
İnsanlar!..
Bu parçada şairin bütün parlaqlığı ilə ifadə etdiyi fikir, insana yüksək sevgi, yüksək insan sevgisi sadəcə şairin lirik qəhrəmanı kiçik qızcığaza məxsus deyil, böyük şairin özünə də aiddir. Hüseyn Cavid ilk qələm təcrübələrindən başlayaraq bütün yaradıcılığı boyu insanda insanlıq axtarırdı. Bu axtarışı ilə böyük sənətkar insanlara daim insanlıqla, doğmalıqla yanaşmağın tərənnümçüsü idi. Cavidə görə insanlıqdan uzaq insan şər, fəsad yuvası idi - sözün əsl mənasında iblis idi - cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan iblis!.."
Hüseyn Cavid insana inanaraq yazırdı, bədii və ya publisist olsun, sözün kəsərinə və gücünə, insanda insanlığın varlığına inanaraq yazırdı; həmçinin insana inamla və məhəbbətlə yazırdı. Məhəbbət Hüseyn Cavid üçün ən böyük din idi - insanlar arasında keçilməz uçurumlar yaradan, ayrılıqlar, hicranlar, ələmlər törədən din yox! - birliklər törədən, insanları birləşdirən din! Hüseyn Cavid müasiri olan böyük türkçü İsmayıl bəy Qaspıralının dildə, fikirdə və işdə birlik çağırışına qoşulan ən böyük şair idi və yazırdı:
Səni qurtararsa, qurtarar birlik,
Çünki birlikdədir fəqət dirilik.
Və ya:
İdeal arxasınca qoş, çırpın.
İdealsız nicat ümidi mahal,
İttihad iştə ən böyük ideal!
Nəhayət:
İştə birlik, dildə, fikirdə birlik!
İş, fikir, dil birliyi olmayınca, əvət pək çətindir cahanda dirilik!
Hüseyn Cavid məhəbbət və gözəllik şairidir. "İdiot" romanında Fyodor Dostoyevskinin qəhrəmanı: "Dünyanı gözəllik xilas edəcək," -deyir. Hüseyn Cavid və onun işıqlı ideallarla yaşayan qəhrəmanları dünyanın nicatını məhəbbət və gözəllikdə görürlər. Bu fikir şair-dramaturqun "Afət" pyesində personajların birinin dili ilə belə verilir: "Bütün cahanı xilas edə biləcək iki qüvvət var, yalnız iki böyük qüvvət var; o da gözəllik və məhəbbətdən ibarətdir". Sevgi və gözəllik filosof şairin Tanrısı səviyyəsində bir mövqedə yüksək bir zirvədə qərar tutmuşdur. Odur ki, şair bütün səmimiyyəti ilə insana məhəbbətdən yazır və sənətə dair baxışlarını bir sənətkar kimi belə ifadə edirdi: "Mənim Tanrım gözəllikdir, sevgidir". "Şeyx Sənan" şeirində oxuyuruq: "Sən əhli eşq üçün bir Kəbə yapdırdın məhəbbətdən - "Şeyx Sənan" pyesi isə məhəbbətdən ucaldılmış möhtəşəm bir abidədir.
İnsana məhəbbətin zəiflədiyi və ya insanda məhəbbətin yoxa çıxdığı məqamlarda şairə görə "sevdasız başlarda əqrəblər gəzər", "Məhəbbətsiz bütün mənayi-xilqət heçdir. Məhəbbətdir, əvət, məqsəd bu pürəfsanə xilqətdən!"
Məhəbbət Hüseyn Cavidin sevərək qələmə aldığı mövzu, janr və üslubca müxtəlif olan bütün əsərlərində aydın ifadəsini tapmış mühüm bir məsələdir. Məhəbbət böyük şairin görüş və baxışlarında olduqca geniş bir məna və anlam kəsb edir. Hüseyn Cavid müəllim və publisist kimi hələ 1910-cu ildə qələmə aldığı "Naxçıvana nə lazımdır?" məqaləsində doğma ana dilinə olan məhəbbətini belə ifadə edirdi: "Hər gün üç dərs rusca, bir dərs türkcə oxunsa, o yarım-yanlış türkcədən heç bir fayda olmaz… Dilsiz bir millət yaşamaz, çapıq və münqəzir olur. Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır". Hüseyn Cavidə görə bu gün millətin məktəbi və ədəbiyyatı necədirsə, gələcəyi də elə olacaqdır. Hüseyn Cavid böyük şair, dramaturq olduğu kimi, həm də böyük müəllim idi. O, böyük müəllim kimi məktəbin və ədəbiyyatın böyük məsuliyyət daşımalı olduğunu dönə-dönə xatırladırdı. Yazırdı ki, "Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün bu tərəqqiyyati-ciddiyyətləri həp ibtidai məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün "ən doğru meyar, ən kəsdirmə yol kimi qiymətləndirən şair rus-yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini, bəzi mütəfəkkirlərin müddəalarını xatırladaraq, yapon ibtidai məktəb müəllimlərinin yapon vətənpərvərləri yetişdirmə bacarığında görürdü; bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. "Həsbi-hal" adlı məqalələr silsiləsinin ikincisində "filosofi-şəhir Herbert Spenser"dən nümunə gətirərək göstərirdi ki: "Tərbiyənin qayəsi bizi mükəmməl surətdə yaşamağa hazırlamaqdır". Hüseyn Cavid bu sözləri qələmə aldığı illərdə yaxşı bilirdi ki, təlim-tərbiyə prosesində müəllim mühüm rola malikdir. O, eyni zamanda yalnız məktəbdəki şagirdləri tərbiyə etməklə kifayətlənməməli, mümkün qədər "öz nüfuzunu -sözlərinin əhəmiyyətini təmim və tövsiyəyə çalışmalıdır". Çünki şairə görə indiki halda "bizim yalnız məktəblərimiz deyil, bütün həyati-ictimaiyyəmiz belə saf, parlaq bir tərbiyəyə möhtacdır". Cavidə görə, "bu yolla söyləyənə baxma, söylədiyinə bax" düsturuna uyanlar yanılırlar. Çünki hər söz sahibinin sözü ilk öncə onun ruhu ilə, vicdanı ilə uzlaşmalıdır. Mütəfəkkir qələm sahibi bir ərəb ədibindən misal gətirib yazır ki, "qəlbdən çıxan sözlər daima qəlbə nüfuz edə bilir. Qəlbin xəbəri olmayıb da ağızdan fırlayı verən sözlər dinləyənin bu qulağından girib, o birindən çıxıb gedir.
Demək ki, sözün "təsirbəxş olması üçün söz söyləyənin eyi bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata malik olması icab edir. Tərbiyə, məktəb millətin gələcəyinə gedən yolu aydınlaşdırır, ovqatını qaydaya salır. Bu işdə fəlsəfə və ədəbiyyatın da rolu vardır. Böyük mütəfəkkir və qüdrətli sənətkar kimi Hüseyn Cavid bu gün də mövzu və problematikasının aktuallığına görə xüsusi əhəmiyyət kəsb edən, sovet dönəmində isə ideoloji cəhətdən qüsurlu hesab edilərək haqqında bəhs açmağa və çap olunmağa qadağa qoyulan "Müharibə və ədəbiyyat" məqaləsində böyük Lev Tolstoyun belə yarımdəli deyə tənqid etdiyi Fridrix Nitsşenin almanların əhval-ruhiyyəsinə təsirindən söz açır. Nəzərə çatdırmağa müvəffəq olur ki, Nitsşe fəlsəfəsinin daxili mənası zahirinə bənzəmir; bu fəlsəfə daxilən daha səmimi bir mərhəmət və məhəbbət ifadə edir ki, məhz bu cəhətinə görə Nitsşeni nəinki almanlar, hətta ruslar, o cümlədən "mətin üsluba, dərin düşüncəyə malik olan Dostoyevski" - o böyük dahi və ruhşünas da xüsusi olaraq qiymətləndirir.
Hüseyn Cavid ədəbiyyata da millətin əhval- ruhiyyəsinin inikası kimi baxırdı. Yazırdı ki, bu günün ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə öz təsirini göstərəcəkdir. Bundan heç cür sərf-nəzər etmək olmaz. Ədəbiyyat ruhları əzə də bilər, "gevşəliklər", "səfalət" doğura da bilər. Eyni zamanda ədəbiyyat - məsələn, türk ədəbiyyatında Namiq Kamal, Rza Tevfiq, Əbdülhəq Hamid, Tevfiq Fikrət kimi qələm və söz sahibləri milli ənənələrə, milli duyğulara əsaslanaraq "köhnəlikdən, müqəllikdən sıyrılmağa" xalqına kömək edə bilər.
Hüseyn Cavid Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində "sənətkaranə bir dirilik, mahiranə bir incəlik" görür və bu cəhətinə görə "Ölülər"i yüksək qiymətləndirirdi. Ədəbiyyat ölü bir sükutu yaymaqdan uzaq olmalıdır. Dirilik, oyadıcılıq ədəbiyyatın görə biləcəyi ən mühüm işlərdəndir. Hüseyn Cavid irsi bu vəzifəni bu gün də yerinə yetirməkdədir.
Şair "Qüruba qarşı" şeirində yazırdı:
Könüllər qan, çiçəklər qan,
Bütün çöllər, çəmənlər qan,
Dənizlər qan, buludlar qan,
Hava qan, iştə hər yer qan...
Dünya qanlı vuruş meydanıdır...
"Dəniz tamaşası" şeirində isə fırtınada gəmi sərnişinlərinin vahimədən çırpındıqları halda, gəmidəkilər arasında hamıdan öz qorxmazlığı ilə fərqlənən qoca türkü diqqət mərkəzinə çəkir. Çöhrəsində Turanın şanlı tarixi və keçmiş ənənəsindən izlər əks olunan qoca türk öz son duasını edir:
Ey böyük Tanrı! Ey böyük Yaradan!
Hər bəladan əsirgə yurdumuzu!
Kamran eylə şanlı ordumuzu!
Görkəmli cavidşünasların yazdıqları kimi həyat mübarizəsi və dirilik Cavidin bütün əsərlərində əksini tapan məsələlərdəndir.
Şair 1916-cı ildə "Hərb və fəlakət" adlı şeirini yazıb çap etdirmişdir. "Anadolu hərbzadələrinə yardım münasibətilə" yazılmış bu irihəcmli şeir 1916-1917-ci illərdə müxtəlif toplularda və dövri mətbuat orqanlarında bir neçə dəfə çap olunmuşdur. Əsər 1918-ci ildə "Bakı ətrafı fəhlə, qırmızı əsgər, kəndli və matros şurasının "Əxbar" qəzetinin 17 iyun nömrəsində "Haqqını sən mübarizə ilə alarsan, yaxud həqiqi bir insanpərvərin ümumi zəiflərə xitabı" (Q.Məmmədli) qeydi ilə çap olunmuşdur. Bu qeydin verilməsi təsadüfi deyil, əsərin ifadə etdiyi mübarizə ruhunun inam doğura biləcək gücü ilə əlaqədardır. Üç hissədən ibarət olan şeirin bundan əvvəlki nəşrlərdən fərqli olaraq ikinci hissəsinin tamamilə ixtisar edilməsi, şairin sovet dövrü nəşrində də belə naqis verilməsi təəccüblü görünmür, lakin təəssüf doğurur. Çünki haqqında söz gedən hissədə "türklərin anlı-şanlı tarixindən" bəhs olunur. Sovet dönəmində hakim kommunist ideologiyasının hökm sürdüyü bir şəraitdə türkün şanlı keçmişindən söz açmaq olmazdı. Hüseyn Cavidə isə bir sənətkar kimi belə bir söz açmağa oxucunu öz keçmişinə qürurla baxmağa və həyat mübarizəsinə çağırışla əlaqədar müharibənin törətdiyi fəlakətlərdən milli ruhun düşgünləşməsinə yol verməmək üçün söz demək lazım idi. Böyük sənətkar şair -dramaturq kimi, həmçinin təfəkkür adamı-filosof, publisist kimi, yəni yaradıcılığının bütün sahələrində, həmçinin bütün yardıcılığı boyu sözünü bütün kəskinliyi və dolğunluğu ilə cəsarətlə demişdir:
Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur. -
Və ya:
Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Mədəniyyət, mədəniyyət, mədəniyyət! - inamı ilə daim haqq və həqiqət, gözəllik axtarışında olmuş, insanda insanlıq eşqi ilə yazıb-yaratmışdır.
Hüseyn Caviddə işıqsız, hərarətsiz, enerjisiz söz yoxdur. Onun yaratdığı obrazlar da bədiilik baxımından güclü və zəif deyə iki yerə bölünə bilməz. Böyük şairin qüvvətli aforizmləri, dərin mənalı sözləri əsas aparıcı obrazları kimi, bəzən epizodik obrazların da dilindən deyilir. Misal üçün, "Peyğəmbər" pyesində verilmiş dillər əzbəri olan:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü. - misraları baş rəisin dilindən verilmişdir.
Böyük sənətkarların mövqeyi cəmiyyətin fövqündə, insanlar arasında və ya insanın daxilində, içində ola bilər.
Çap olunmuş on beş pyesin, "Telli saz", "Şəhla", "Attila", "Koroğlu" kimi hələ də tapılmamış dörd dramın, onlarla şeir və poemanın, olduqca dəyərli nəzəri və publisist məqalələrin müəllifi kimi şöhrət qazanmış Hüseyn Cavidin sənətkar mövqeyi həmişə həm cəmiyyətin fövqündə, həm insanlar arasında, həm də hər birimizin daxilində - içində olmuşdur. Bu böyük şairin yazıb-yaratdığı illərlə də belə olmuşdur, indi də belədir. Böyük Cavid bizim həm klassikimiz, həm də müasirimizdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!