İlk yazı
Cavanşir YUSİFLİ
Bizə gəlib çatan bütün hadisə, əhvalat və sair gec-tez, yaxud elə dərhal, eşidilən kimi deformasiyaya uğrayır. Heç bir hadisə, əhvalat və sair bu şəkildə "emal" prosesindən keçməmiş qulaqla eşidilməz, gözlə görünməz. Bu mənada adına "hekayə" dediyimiz bədii mətn həmin emal prosesinin daxildə, yazan insanın iç dünyasında dəfələrlə emaldan keçməsi nəticəsində yaranır. Ancaq bir detalı unutmayaq, bizə "deformasiyaya" uğramış şəkildə çatan hər hansı hadisə, əhvalat və sair içimizdə, böyür-başımızda olan hadisə və əhvalatlarla aşkar-gizlin ünsiyyətə girir, onlarla təmas tapır və təmasda olduqları hadisə və əhvalatların sanki xüsusi məqsədlə seçdikləri detalını dəyişdikcə dəyişirlər, bu formada işləyən "dəyirman daşı", yəni əhvalat və informasiyanı bədii mətnə çevirən proses əbədi olaraq bədii mətnin girdabında gizli şəkildə qalır və fəaliyyət göstərir, ancaq bunu nə oxucu, nə də xüsusən müəllif bilir.
Hekayə yazmaqdan, bədii mətn yaratmaqdan məqsədlərdən ən əsası bizim tanıdığımız nəsnələri bizə əyani şəkildə göstərmək, onunla tanış etməkdir, ancaq bu tanışlıq elə bir formada həyata keçirilir ki, nasirin (hekayəçinin) yazmaq istədiyi nəsnə ilə oxucunun artıq bəlkə də əzbər bildiyi mətləb hər dəfə, hər bir oxucu üçün fərqli bucaqda "kəsilir" və beləcə bir tanış əhvalatdan bəlkə də minlərcə hekayə "quraşdırılır".
Görükdürmək, vizuallaşdırmaq, daş olsa belə istənilən əşyanın dilini açmaq, yaxud onu öz dilində dilləndirmək inersiyası hekayənin içindən qırmızı həyəcan xətti kimi keçir.
Günel Eyvazlının "Muxtar" hekayəsi bu mənada incələnməsi lazım olan mətnlərdəndir. Hekayə, qısa deyək, yaşamağın nə demək olduğunu anlamaq haqqındadır, həm də şərti-metaforik üslub çalarıyla. Çünki anlamaq, başa düşmək birbaşa nümunəylə olmur, bunun üçün insan dərin yuxuya getməli, hər gün gördüyü reallıqlardan ayrılıb qopmalı, bir sözlə, "dünyasını dəyişməlidir". Əsas olan budur.
Bəri başdan deyək ki, hekayə qədim mənbələrdə, xüsusən mif mətnlərində özünə yer alan, hər kəsin arzuladığı "dirilik suyu" metaforasının ifadə etdiyi məna ilə çarpazlaşaraq dünyaya gəlir, doğulur. Mif mətnlərində dirilik suyu axtaran adam, nəhayət, bir bulaq başına gəlib çıxır, orda saçı, saqqalı ağarıb tökülmüş, insandan çox quru ağaca, heykələ bənzəyən qoca bir kişini oturmuş vəziyyətdə görür. (Sırf hekayədəki heykəllər kimi, bu barədə sonra...). Gənc adam həmin dirilik suyundan içmək istədikdə, qoca ona "əlini saxla", - deyir, "mən içib bu günə qalmışam, artıq ölə də bilmirəm", - deyir. Hekayədə isə "dirilik suyu" başqa bir anlamda vurğulanır. Və orda da qədim mətnlərə istinad edilir. Sadəcə, tarixi mənbələrə işarə edilir və deyilir ki, "yadınızdadı, İsgəndərin dirilik suyunu axtarması?" yada salınan, işarə edilən mətnlə, yada salınmayan və heç bir işarə edilməyən, sadəcə, "kənardan təsir göstərən" mətn arasında bayaq dediyimiz çarpazlaşma, bir-birini kəsib-doğrama hadisəsi baş verir. Hekayənin quruluşu, yaradılmasının əsasında məhz bu proses durur. Məhz bu "kənardan təsir edən mətni" tanıyandan sonra təhkiyə çevrəsindəki digər əhvalat, olay və hadisələrin mənasına varmaq mümkündür. Hər bir bədii mətndə (bizim nümunədə hekayədə) əsas strukturyaradıcı, yaxud janrtörədici vahid kənardan təsir edən mətndir, yaxud mətnlərdir. Bu, hekayəni təhlil etməyə konkret yanaşmada filoloji səviyyəni bəlləyir.
Hekayə təlqin edir ki, insanlararası münasibətlərdə, elm aləmində, kəşflər dünyasında, ayağını, addımını hara atsan orda... boşluqlar var. Hər gün hamı neçə-neçə heykəlin yanından keçir, bəlkə heç baxmır da, amma heykəlin ona baxdığı haqqında da qəti düşünmür. Ancaq heykəllər içəridən, başqa bir dünyadan hökmən böyür-başından keçən insanları izləyir, o qədər izləyir ki, danışmağı yox, susmağı üstün tuturlar. Muxtar öz aləmində bir kəşf edib. Yaxud düşünür ki, nəyisə, insanların həyatını dəyişəcək, onları həyatın mənası haqqında çox fərqli düşünməyə məcbur edəcək nəyisə icad edib. Elmlər Akademiyasında elmi kəşflərlə bağlı şöbənin işçisinin Muxtara dediyi kəskin sözlərin hamısı bir yerdə həmin o "boşluq" sözünü, onun bütün parametrlərini ifadə edir, amma üzdən, zahiri yön və profildən. Qəti şəkildə deyir ki, belə boş-boş şeylərlə yanıma gəlmə, sənin dediklərinin hamısı boşboğazlıqdı. Mən indi iclasa gedirəm. Muxtarsa deyir: "Boş-boşuna keçirilən müzakirələr, iclaslar. Doldurursuz bir zal adamı, ağzınıza gələni danışırsız. Nə elm var, nə də kəşf. Boş-boş sözlər var ortalıqda, vəssalam. Özünüz də bilirsiniz ki, boşboğazlıqdır, başqa heç nə. Guya iş görürlər. Simpozium, təşkilat, yığıncaq. Havalı sizsiniz, deyim, xəbəriniz olsun. Kimi aldadırsız axı? Bezmədiniz vaxt öldürməkdən?". Sonra Muxtarın özü havalanır. Metrodakı ani hadisə (bir anın içində məmləkətin bütün mənəvi ağrılarını, insan iztirabını dibinəcən göstərən olay...) çıxılmazlıq ovqatını ifadə edir. Ancaq təkcə ifadə etmir, həm də dünya və gerçəkliyin radikal şəkildə dəyişməsinin vacib olduğunu vurğulayır. Muxtar düşünür ki, "...İçində olan boşluğu hara getsən belə, yenə də doldura bilməyəcəksən. "Ən yaxşısı, bağırmaq, qışqırmaq, üsyan etmək... yox, yaxud əlini bu acı həqiqətlə kəsib intihara boyun əymək yox, susmaqdır, o heykəllər kimi. Heykəllərsə dirilməli, ayaq açıb yeriməli, duruşu, sözü, üsyanı, eşqi... hər şeyi dəyişməlidir. Gördüyünüz kimi, mətnin içində bir səngiməyən burulğan var, sadəcə, bircə dalğanın ətəyindən yapışmaq kifayət edir.
Dünya bir göz qırpımında dəyişir, dəyişməsəydi, hər şey yerlə bir olardı, çünki üzdən dolu, təmkinli, elmli, ucalarda qərar tutmuş kimi görünən toplum həyatı əslində yer-yerdən boşluqlarla doludur. Bəs bu şərti-metaforik dəyişmənin, ölülərin dirilib balıq kimi sahilə tökülüşməsinin səbəbi nədir, bu hadisə nəyin hesabına baş verə bilir? Hekayənin daxilindəki əksliklərin yan-yanaşı olması və daha çox kənardan bədii mətnin müxtəlif semantik yuvalarına təsir edən mətnlərin hesabına. Bu kontekstdə hekayə mətni bir neçə variant da irəli sürür. Muxtar havalandığı üçün daş-divarla danışdığını kəsdirir, metroda "Memar Əcəmi"yə getməliykən hər təsadüfdə "Elmlər Akademiyası"na düşməsi, yəni bayaqkı elmi kəşflərə baxan şöbəyə tuş gəlməsi də təsadüfi deyildir. Memar Əbubəkr oğlu Əcəmi orta əsərlərdən bu günə diri qalmış dahi sənətkardır. Onun Möminə Xatun abidəsi üzərinə yazdığı sözlər (təxminən belə: dünya fanidir, biz gedəcəyik, bunlar xatirə qalacaq...) dəhşətli bir savaşın işindən çıxsalar da təzə-tər, sanki bu gün deyilmiş, indicə yazılmış təsiri bağışlayır. Bu da kənardakı mətndir. Və ən güclü mətn. Muxtar keçmişə, onun sirli-sehrli sənət dünyasına, o dar küçələrin qoynunda iz salmış təkrarsız dahilərin ardınca irəliləmək istəyir, ancaq dəli bir istəklə qoşduğu yol qəfildən dönüb Akademiyaya gedir, çıxış yolu yoxdur və elə buna görə də möcüzə baş verir. Muxtar havalıykən ağlına qəribə şeylər gəlir, "...Elə bilirəm dağ, daş, divar - hər şey mənimlə danışır bu gün. Cəfər Cabbarlı əlini qoynundan götürüb, Rəşid Behbudov kimi qollarını yana açıb oxumaq istəyir. Təsəvvür edirsiz? "Nə gözəlsən, nə qəşəngsən, bu axşam sən əziz dost". Hələ Ədəbiyyat Muzeyinin önündə sıralanan heykəlləri demirəm. Elə bil hamısı sıçrayıb yerə atlanmaq istəyir. Vahidin başına dırmanan xırda adamlar da yerə tökülmək istəyir. Lap elə Vahidin özü də, mənimtək bədənsiz baş kimi qalmaqdan bezib kimi görünür gözlərimə. Elə bilirəm, o da hamı kimi əli, ayağı, bədəni yerində olmasını xəyal edir. Yerimək istəyir, qaçmaq istəyir, danışmaq istəyir. Mən isə ümidsizliyin acısından məhz indi çıxış yolu kimi gördüyüm intihara getmək istəyirdim. Amma yox, ən yaxşısı sükutdur. Bəlkə danışmağı tərgidim? Ölməyə nə var ki. Susum. Onsuz da sözün qiyməti gözdən elə düşüb ki, hamı necə istəyir elə də xərcləyir onu. Ah...". Möcüzəni beləcə susmaq gerçəkləşdirir, orda bu günə gələnəcən bir kəlmə də danışa bilməzsən, yolsa uzaqdır, möcüzədən reallığa qədər, aradan qara bulud, toz-duman keçir...
Hekayə mətninə təsir edən kənar mətnlərdən biri də Mirzə Cəlilin "Ölülər" pyesidir. Daha doğrusu, pyesdən gerçəklikdə qalmış Şeyx Nəsrullah - ölü diriltmək məsələsi. Bu kənar təsir - kənar mətn müdaxiləsi əslində, janrtörədici keyfiyyətə malikdir və belə olduğu üçün də bütün əhvalat və bədii mətləbin həllində önəmli rola malikdir. Məsələ Şeyx Nəsrullah rolunu ifa etmək deyil, onun köynəyindən, onun cildindən çıxıb keçmişin və daha çox bugünün ağrılı suallarına cavab aramaqdır. Yəni bəzən ən dəhşətli, insanların bəlkə də qorxudan, sarsıntı keçirmək qorxusundan yadına salmadıqları sualların cavabını bəlləmək elə həyatın mənasını aramaq qədər önəmli və əhəmiyyətlidir. Məhz bu məqamda iç və kənar mətnlər çarpazlaşmır, paralel gedir və bu "paralel aldatma" metodu hekayənin kompozisiyasında, onun fəlsəfi yükünün açımında çarpazlaşmadan daha becid rol oynayır. Doğrudan da, insanları diriltmək üçün elmi iş aparan, kağızlar qaralayan, bu məqsədlə həblər hazırlayan adam Şeyx Nəsrullah deyilsə, bəs kimdir? Amma ... məqsəd və niyyət fərqlidir, əsas olan da budur. "...Əsrin Şeyx Nəsrullahı olmaq istəyirsən? Bir də ki, sən Allahın işinə niyə qarışırsan axı. A balam, sənin nəyinə lazımdır ölənləri diriltmək?
- Bu, Allah işinə qarışmaq deyil. Bu, sorğu-sualdı. Niyələri soruşmaqdır.
- Ay adam, nəyinə lazımdır axı?
- Məsələn, nakam getmiş insanların, bu dünyada missiyası yarımçıq kəsilən adamların geriyə dönməsini istərdim. Siz istəmirsiz?
- Vallah, havalanmısan sən. Cəfəng-cəfəng fikirlərlə vaxtımı alırsan".
Dənizdən adamlar gəlir, dalğaları yara-yara. Bəs o kimdir? Pencəyinin yaxasında rəqəmlər: min yüz doqquz...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!