Vaqif YUSİFLİ
"Camal Yusifzadə kimdir? Bilmirəm. Cavandır, ya oturuşmuşdur? Bilmirəm. Çoxdandır yazır, ya onun ilk şeiridir? Bilmirəm. Bildiyim budur ki, "Ədəbiyyat və incəsənət" qəzetinin 15 mart tarixli 11-ci (1825) nömrəsində Camal Yusifzadənin "Qışın nəğməsi" adlı bir şeiri dərc olunmuşdur. Şeir-nəğmə belə başlayır:
Qışam,
Qışam,
Qışam mən.
Bağçalara, bağlara
Qar olub qonmuşam mən.
Dəstəsindən ayrılmış
Bir ağ qaranquşam mən
Bahardan qalmışam mən.
Dovşanın qorxusuna,
Ayının yuxusuna
Quşbaşı yağmışam mən.
Necə yaxşı, təbii, obrazlı deyimlərdir. Qış sözünün təkrarında bir melodiya yaranır. Sağ ol, Camal. Deyirlər, bir güllə bahar olmaz. Ancaq bağçada bir gül də açılıbsa, bu, baharın yaxın sorağıdır".
Unudulmaz Xalq şairi Rəsul Rzanın 1967-ci ildə iki cavan şair (Camal Yusifzadə və Rəhman Babaxanlı) haqqında yazdığı bu məqalədə öncə Camal Yusifzadənin "Qışın nəğməsi" şeirindən söz açılır. O illərdə Camal Yusifzadə imzası hələ geniş oxucu kütlələrinə məlum deyildi, Amma Rəsul Rza Camalın elə bircə şeirindən onun gələcəyin istedadlı bir şairi olacağını təxmin eləmişdi və böyük şairin ümidləri çox tezliklə özünü doğrultdu.
İki ildən sonra -1969-cu ildə "Azərbaycan gəncləri" qəzetinin 15 aprel sayında Əli Kərimin "İntellekt və poeziya" yazısı dərc edildi və həmin yazıda Əli Kərim gənc şair Camal Yusifzadənin şeirlərindən böyük ürək açıqlığı ilə söz açır. Baxın: "Camal tamam-kamal bir şairdir və arzuladıqlarımın hamısının da öhdəsindən gəlmişdir. Camalda nə xoşuma gəldi. Onun elmi, savadı, həyata dərin meyli. Camal sözün yaxşı mənasında təmkinli şairdir, bu onun misralarını yersiz hay-küydən, pafosdan, obraz ədasından təmizləyir. Camal sözləri qənaətlə "xərcləyir", hökm vermir, heç nəyi sübut etməyə çalışmır. Məncə, (bəlkə də hələlik) Camalın ilk proqram şeiri "Dərinləşmək istəyirəm"dir.
Boğulsun içimdə
Xırda-xuruş tör-töküntü.
Bir məhəbbət dərinləşmək
İstəyirəm.
Çox gözəl arzudur. Bu misralardan əsl sənət eşqi ilə çırpınan bir ürəyin sədasını eşidirəm".
Altmışıncı illərin cavan bir şairi haqqında tanınmış Xalq şairinin səmimi ürək sözləri, onun "bağçada bir gül açılıbsa" inamı, bənzərsiz bir şairinsə etirafı çox nadir bir hadisə idi. Mən onda tələbə idim və o zamandan Camal Yusifzadənin qəzetlərdə dərc olunan heç bir şeirini gözdən qaçırmırdım. Nə idi məni Camalın şeirlərinə çəkən? Son dərəcə həzin, kövrək hisslərin ürək dililə nəql edilməsi, adi sözlərin, ifadələrin poetik düzümü... lirik notlar... elə hisslər ki, bunları sən də yaşamısan, yaşayırsan. Hiss, həyəcan dalğası, şeirin verdiyi emosional effekt (bəzən kədər doğursa da)... Və ən əsası, ana dilinin bir şeirdə yaratdığı rəngarəng söz ilmələri, naxışları. Hansı şeirlər idi? Anasının xatirəsinə həsr etdiyi "Ay qonşu, bu evin yiyəsi hanı?" şeirinin düz 51 yaşı var, amma elə bilirəm, hər nəsil üçün yenidən doğulur bu şeir.
Uzaqdan, uzaqdan,
Çox-çox uzaqdan,
Darıxıb gəlmişəm, qaçıb gəlmişəm,
Ay qonşu, bu evin yiyəsi hanı?
Şeirimizdə ana itkisindən söz açan yüzlərlə şeirin içində bu şeirin yeri birincilərdəndir.
Külək şüşəsini döyür bu evin,
Sükut hay-küyünü qovur bu evin.
Zaman taxtasını ovur bu evin,
Ay qonşu. Bu evin yiyəsi hanı?
Qapıda soyumuş bir əl yeri var,
Həyətdə qurumuş ayaq yeri var.
Alça ağacının sol tərəfində
Külü laxtalanmış ocaq yeri var.
Camal Yusifzadə də müasiri olduğu şairlərin müraciət etdikləri mövzulara üz tuturdu, amma hər hansı nəsnəyə, predmetə tamam fərqli bir düşüncə tərzi ilə yanaşırdı. Hiss olunurdu ki, o, şeirə hamar yolla şütüyərək gəlməyib, hazırlıqlı gəlib. "Diplomlu şair" kimi gəlməyib. O illərdə Böyük Vətən müharibəsində həlak olan əsgərlərə kəndlərdə, şəhərlərdə abidələr ucaldılırdı, şairlər isə bunlardan təsirlənib şeirlər, poemalar yazır, qəhrəmanlığı tərənnüm edirdilər. Camal Yusifzadə də "Piskaryov"da dəfn olunan naməlum əsgərlərin xatirəsinə "Əsgər harayı" şeirini yazmışdı. Şeirdə tərənnüm, vəsf yox idi, sadəcə məzarda yatan naməlum əsgərin harayı səslənirdi:
Ehey, kim var orda?
Ehey, kimsən orda?
Eh, nə yaman darıxdım,
Görəsən, bayırda necədir hava?
Yağış yenə yağırmı?
Günəş yenə doğurmu?
Anam necədir görən?
Mən də yaşıdlarım kimi şairlərimizin sevgi şeirlərini oxuyurdum. Axtarırdım ki, bu şeirlərdə ah-nalə olmasın, elə duyğulardan söz açılsın ki, sənə sevgidə əsl həqiqətləri anlatsın. Camalın sevgi şeirlərində məhəbbətə ağıllı, düşüncəli bir yanaşma hiss etdim, bu şeirlərdə ayrılıq-hicran motivi ah-nalədən, hıçqırıqdan uzaq idi. "Ən sərt həqiqət belə məhəbbətlə deyilmirsə yalandı" deyirdi.
Əllərim əlində qalsa
Qaytarma mənə -
Nəyimə lazım?!
Belinə dolarsan
Mən olmayanda,
Saçına çəkərsən
Mən olmayanda!
Gözünü silərsən
Mən olmayanda!
Əllərim əlində qalsa
Qaytarma mənə -
Nəyimə lazım?
Əllərim əlində qalsa
Kədəri dörd əllə
Boğazlayarsan
mən olmayanda.
Vaxtilə Camala uğurlu yol yazan Əli Kərim demişdi: "Camal Yusifzadə bir atım barıtı olan şairlərdən deyil". Əli Kərim də hiss etmişdi ki, hələ ilk şeirlər kitabı işıq üzü görməsə də, bu cavan şairin daxilində güclü poetik enerji var". O, nədən yazır-yazsın, şablondan, trafaretdən uzaq olacaq. Məhəbbətdən söz açanda da...
Mənim yaşımda
heç kəs məhəbbətdən
üzülməyib hələ.
ölməyib hələ.
Mən də ölmərəm.
Məhəbbət həmişə
Uzaqdan gəlir -
Dünyanın o başından.
Göydən gəlir -
qardı, qar.
Yerdən çıxır -
güldü, gül.
Göydən baxır -
Aydı, Ay.
Yerdən axır,
çaydı, çay.
60-70-ci illərdə "şeirdə intellektuallıq" və ya "intellektual şair" ifadələri ilə tez-tez qarşılaşırdıq. Əlbəttə, bu ifadələri həm o dövr üçün, həm də indiki şeirimiz üçün qondarma ifadələr hesab etmək olmaz. Qoy deyim: Bəziləri intellektuallığı şeirdə fikrin aparıcı rol oynamasında, bəziləri fikrin fəlsəfi axarında, bəziləri isə dövrün, zamanın bütün texniki nailiyyətlərinin şeirdə ifadəsi kimi yozurdular. Ancaq bu fikirlərin hamısı havaya sovruldu. Əsl intellektuallıq şeirin, poeziyanın kənarında, xaricində deyil, içində idi - gözlənilməz və heç kimin ağlına gəlməyən deyimlər, bənzətmələr, assosiativ təfəkkürdən doğan məcazlarda idi. Əli Kərimin, Ələkbər Salahzadənin, İsa İsmayılzadənin, Vaqif Səmədoğlunun poeziyasında olduğu kimi. Camalın "Cırtdanın əmisi oğlu", "Gecənin gecə söhbəti", "Dənizin səsi", "Küləyi döymək olmaz", "Sübh yuxusu", "Avara qorxu", "Səs" və başqa şeirlərini bu baxımdan xüsusilə fərqləndirmək olar.
Əlbəttə, Camal Yusifzadənin şeirlərini mən heç cür "izm"lərə, hardansa gələn cərəyanın təsirinə qoşmaq istəmirəm. Camal Yusifzadə sırf milli şairimizdir, folklorla, dastanlarımızla, xalqımızın etik, etnik düşüncə tərzi ilə bağlı olan, tariximizi, təbiətimizi, yaddaşımızı poetik obrazlarda təcəssüm etdirən bir şair idi. Öncə qeyd etdim ki, fərqli, özünəməxsus düşüncə tərzi ilə seçilirdi.
Camal poetik obraz ustası idi. Yalnız bir misal göstərim, Camalın doğulduğu Lənkəran haqqında onlarca, bəlkə yüzlərlə şeir yazılıb, Lənkəranı "Cənub mirvarisi" adlandırıblar. Amma C.Yusifzadənin "Bu şəhər yağışa düşüb ömürlük" şeirində Yağış obrazı vasitə olur Lənkəranın özünəməxsus poetik tablosu yaradılır:
Bu şəhər yağışa düşüb ömürlük,
Bu şəhər yağışda islanıb tamam.
Gözümü açanı
Dəniz görmüşəm;
Kükrəyən, çağlayan,
Təmiz görmüşəm.
Bu dəniz yağışa düşüb ömürlük,
Bu dəniz yağışda islanıb tamam.
Gözümü açanı
Meşə görmüşəm
Qızılı yarpağı,
Yaşıl talanı
Yuyulub-silinmiş
Şüşə görmüşəm.
Camal təbiəti, onun fəsillərini, (xüsusilə payızı), dənizi, küləyi çox sevirdi və əgər belə demək mümkünsə, təbiət onun içində idi. Öz ruhi aləmi ilə təbiətin qışı da, payızı da, dənizi də, ağacı da bir yerdəydi. Payızı məhəbbətə oxşadırdı: "Vallah, məhəbbətə oxşayır payız". "Sapsarı yarpaqlara Ölmək öyrədir payız! - Payızda sevmə, ay qız! - Köhnə şərabdı payız". "Payızdı da - Göz yaşardır məhəbbətin Kədər dolu tüstüsü". C.Yusifzadənin 75 yaşı münasibətilə elə bu qəzetdə dərc etdirdiyim məqalədə (27 avqust 2016) yazmışdım: "Fikrimcə, bütün bu payız duyğulu şeirlər yaşanılan ömrün, həyatın öz fəlsəfəsindən doğur. Ömrün payızı olumla ölüm arasında bir körpüdür".
Məhəbbət böyük dərdmiş -
Payıza bənzəyirmiş -
sapsarı yarpaqları,
bulanıq buludları,
uzun-uzun yolları.
Camal Yusifzadənin son illərdəki şeirləri ("Azərbaycan" jurnalı 2011 № 3, 2015 № 3) dünyaya, həyata, insan talelərinə həssas bir münasibətin şahidi oluruq. O, ömrün-günün, yaşanılan hisslərin, duyğuların izinə düşür, gerçəkləşməyən arzuların artıq xülyaya dönməsindən söz açır. Bu şeirlərdə kədərdən, üzücü hisslərdən əsər-əlamət yoxdur. Sanki XXI əsrin Camal Yusifzadəsilə XX əsrin Camal Yusifzadəsi arasında dialoq başlanır, olanlara, ötənlərə, keçmişə bu günün həqiqətlərindən boylanır, dəyişilən dünyanın insan mənzərələrini göz önünə gətirir: "Hamı sabahdan qorxur, Allahdan qorxan yoxdur!!! Bəndeyi-həqirə. Külli-aləmə Allahlıq eləmək çətindi, Allah, çətindi, Allah!!". Əli Kərimin "Qorxu, ürəyinə yol tapsa qorxu, insan da ölməyə başlar o gündən" fikrini Camal qorxu ilə bağlı bir neçə şeirində ardıcıllaşdırır: "Dünyaya qorxunun gözüylə baxma. Nə mən arzunun sonuyam, nə sən sevdanın ilki. Dünyaya qorxunun gözüylə baxma - Dünyaya özümüz gəlməmişik ki!". Xoşbəxtlik haqqında düşüncələrinə xitam verir: "Kədərli olsa da, ağır olsa da, Mənə kədərimin, Ümidlərimin külü qalacaq!.. Xoşbəxtlik əbədi olmayır ancaq".
Camal Yusifzadə uzun müddət Azərbaycan Televiziyasının Ədəbi dram verilişləri redaksiyasında çalışırdı və bir sıra ən gözəl televiziya verilişlərinin müəllifi olmuşdu. Onun dramaturgiya sahəsində də çalışmaları vardı, neçə pyesi teatrların səhnəsində tamaşaya qoyulmuşu. Ancaq Şair Camal Yusifzadə daha öndə idi.
Çox təəssüf ki, ədəbi tənqid (mən və Cavanşir Yusifli istisna olmaqla) Camal Yusifzadənin yaradıcılığı haqqında geniş söhbət aparmadı. Amma yaradıcılığı ədəbi tənqidin geniş dairəsindən uzaq düşsə də, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinə düşməsə belə, Camal Yusifzadənin müasir poeziyamızda yeri itmir.
Heyif, çox heyif ki, Camal Qarabağın işğaldan azad olunmasını görmədi. Amma o da bunu arzulayırdı:
Göy üzündən
Yer üzünə qar gəlir,
Kişilikdən danışmaq
Yaman mənə ar gəlir.
Ümidi vağam olan
Torpağım oy, daşım oy!
Ovcumun arasında
Havalanmış başım oy.
Payızın başı üstdən
Birər-birər qar gəlir...
Niyə belə soyuqdu?
Vətən mənə dar gəlir!
Vətən mənə dar gəlir.
2001-ci ildə çap etdirdiyi "Hara gedim?" (Seyran Səxavətə ünvanlanıb) şeiri C.Yusifzadənin vaxtilə yazdığı - Vətənə həsr elədiyi şeirlərinin məntiqi davamı kimi səslənir. Camal şair dostuna üz tutub deyir ki, havam çatmır Bakıda. Hara gedim? Hayana? Turanamı? İranamı? Londonamı? Parisəmi? Dubayamı? Yox, heç birinə getmək olmaz..
Bəlkə?..Bəlkə Qarabağa?:
Silahla, tək!
Kim öləcək biz getməsək?
Bəlkə gedək?
Çətin olmaz orda ölmək!
Camal Yusifzadənin 80 illiyi münasibətilə qələmə aldığım bu yazıda mən mərhum bir şairdən yox, mənim üçün ölməyən, mənən diri qalan bir şairdən söz açdım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!