Adilə NƏZƏROVA
Səfər Alışarlının yeni "Sifət möcüzələri" povesti ədəbi mühitimiz və müasir ədəbi prosesin inkişafı baxımından dəyərləndirilə biləcək əsərlərdəndir. Povest yetkin ədəbi düşüncənin məhsulu olaraq özlüyündə bir sıra yüksək peşəkarlıq meyarlarını əks etdirir. Bədii inikas ölüm və həyat hadisələrinin qarşılıqlı manevrindən doğan ziddiyyətlərin konkret insan talelərində və sifətlərində təzahürü ilə reallaşdırılır. Müəllifin Azərbaycan oxucusuna yaxşı tanış olan ləngərli, bənzətmələrlə zəngin bədii təhkiyəsi və təsvirdə dəqiqliyi bir an belə unutmayan akvarel üslubu bu povestdə daha qabarıqdır. Əsər bir qəhrəmanın taleyi üzərində qurulsa da, böyük bir zamanın ictimai hadisələrinə toxunur. Burada zamanın təfsilatları yox, qəhrəmanın həyatının ayrı-ayrı epizodları sanki bir prizmadan süzülməklə əsərin ümumi ideyasını formalaşdırır. Bu ideya həyat, mübarizə və ölüm tandemlərinə şəxsi məsuliyyət hissinin çuğlaşması kimi ifadə oluna bilər.
Povest insana yaşamağın iki yolunu göstərir. Birinci yol heç nəyə möcüzə olaraq baxmadan yaşamaq, ikinci yol hər şeyə möcüzə kimi baxaraq yaşamaqdır. Eyni zamanda, nəyi itirirsən itir, ağlını itirmə, tövsiyəsidir.
Səfər Alışarlının obrazları adətən azdanışan olur. Müəllif obrazlarını onların vasitəsiz nitqi ilə deyil, düşüncələri ilə təqdim edir. Hərdən onları daha da möhkəmləndirmək, təhkiyəni əlvanlaşdırmaq üçün qısa dialoqlardan istifadə edir. Bu forma bir az da əsərdə "Qurani-Kərim"dən Yer kürəsi və dağlara aid verilmiş sitatı xatırladır: "Zəlzələlər sizi yırğalamasın deyə, dağları mıx kimi yerə çaldıq". Bəlkə də bu səbəbdəndir ki, oxucu da bu qəhrəmanlarla elə onların özü kimi - səssiz dialoqa girir. Əsər oxucunu illərin insan həyatından nələr aldığını və aldığının müqabilində nələr verdiyini düşünməyə vadar edir.
S.Alışarlı yetərincə peşəkar nasirdir ki, əsəri hər hansı bir sosial, mənəvi problemin qoyuluşuna və onun həllinə həsr etməsin. O, sözün müxtəlif məna və çalarları, gözü önündə durmuş adi mənzərələrlə ruhi təmasa, səssiz dialoqa girir. Özünə lazım olan mənanı hamının gözü qarşısında duran ən adi həyat həqiqətlərində tapmağa çalışır. Əsərin başlanğıcında bütöv bir səhifə qurbanlıq qoyunun yüksək ustalıqla təsvirini məhz bu qəbildən saymaq olar. Budur povestin ilk abzası: "Ləkdən qırpdığı otu gövşəyə-gövşəyə həyətdə şellənən qoyun bir azdan başının kəsiləcəyini bilmirdi. Bilsəydi, yəqin ki, buna öz etiraz səsini ucaltmağı bacarardı. Mələyib həyəcan təbili çalardı: mə-ə-ə-ə! Darvazaya kəllə atardı: da-a-anq! Havayı əziyyət çəkib yediyi otu yerə tüpürərdi: tfu! Onda dünya dərhal dəyişib ayrı cür olardı. Yoxsa ki, sənin başının kəsiləcəyini yer, göy - hamı bilsin, sən özün bilməyəsən və beləcə, ölümünə sayılı dəqiqələr qalmış həyətdə gic-gic gəzib ot gövşəyəsən. Qoyunlu, keçili dünya, əslində, ədalətsiz deyil, rabitəsizdir".
Yəqin ki, insanlar arasında sorğu keçirilsə, əksəriyyət itirilənlərin arasında ən dəyərlisinin sağlıq olduğunu deyər. Bəs bu itkinin qismən də olsa qarşısını necə ala bilərik, sualına əsərdə cavab tapırıq. Belə ki, müəllif əsərdə professor Gülməmmədovu rahat və sarsılmaz olaraq təqdim edir, səbəbini isə onun ömrü boyu eyni məkanda yaşaması ilə bağlayır. Qənaətinin izahını yenə obrazın dili ilə açıqlayır. Gülməmmədov deyir: "Bütün ömrünü doğulduğu evdə yaşayan insanla gündə bir ev, bir şəhər dəyişən insanın dünyaya baxışında və sağlamlığında böyük fərq olduğunu elm də təsdiq edir".
Bəzən düşünürük, necə olur ki, yaxın keçmişdə yaşadıqlarımızı doğru-düzgün xatırlamazkən, köhnə xatirələrimizi dünən olmuş kimi aydın şəkildə xatırlaya bilirik? Yaddaşın zaman qavrayışına təsiri nədir? Uşaqlığımızda və gəncliyimizdə uzun müddət kimi görünən bir ay və ya bir il yaşlandıqca niyə göz açıb yummaqla keçib gedir? Bu illüziyalar bəzən saniyə və dəqiqə, bəzən günlər, bəzən illər çəkir, bəzən də insan ömrünün uzun bir hissəsini əhatə edir. Ancaq saatlar və təqvimlər baxımından uzunluğu nə olur-olsun, hamısının bir ortaq cəhəti var: zaman təcrübəmizi şüurumuzda olanlarla əlaqələndirir. Bu işin mahiyyəti, yaşlandıqca illər ötdükcə hiss etdiyimiz "karvan getdi, mən yubandım"dır.
Və bu düşüncələr arasında Gülməmmədov yenidən söhbətə qayıdıb ağlımızdan keçənləri cavablayır:
"...doğma evdə hər şey - divarlar, qapılar, pəncərələr, döşəmə taxtasının tanış rəngi, otaqlardakı əşyaların iyi, hətta tavandakı balaca çat belə insanın uşaqlıq yaddaşını korlanmağa qoymur, onu daim diri saxlayır. Uşaqlıq yaddaşı insan həyatının özəyidir, orada ona dünyaya gəldiyi ilk anlardan başlayaraq təlqin edilmiş sevgi hissləri, xoş sifət ifadələri, səs nəvazişləri, eyni zamanda qadağalar silsiləsi - nəyin yaxşı, nəyin pis olması barədə ən adi təməl prinsipləri yaşayır. İnsan məhz bu keyfiyyətlərinə söykənərək formalaşmaqla sonrakı həyatını ya güclü, ya da zəif şəxsiyyət kimi yaşamağa məcbur olur".
Müəllifin əsəs məqsədi dəyişən insan sifətlərini və bu sifətlərin möcüzələrini açıb göstərməkdir. Gizli və açıq sifət möcüzələrini göstərəcək yol, məqam obrazların tükürpərdən dəyişiklikləri ilə üzə çıxır. Bununla yanaşı, əsər hazırda dünyanın qarşı-qarşıya qaldığı bir nömrəli pandemiya bəlasını da əks etdirir. Əsərin əsas mahiyyəti pandemiya mövzusu olmasa da, bu oxucunun nəzərində əsas məzmun kimi qalır. COVİD-19 pandemiyasının ciddiliyini tarixə daşıyacaq məlumat əsərdə bir neçə cümlə ilə qeyd olunur: "Morqda bir qəbiristanlıq üzvi material hazır idi. İçəridə xərək arabasını ən qısa marşrut üzrə işlətmək üçün də yerdən ən azı 6-7 meyit götürülüb yol açılmalı idi. Arabaların da, stolların da, pəncərəsiz divarlar boyu dövrələmə piştaxtaların da üstü doluydu".
Bədii əsərdə xarakterləri açmaq hadisələri konkretləşdirmək üçün bir vasitədir və əsərin inkişaf xəttidir. Burada müəllif pandemiyanın yaratdığı dəhşətlərin miqyasını göstərərkən, eyni zamanda insan xarakterini açır. Belə ki, meyitxananın təsviri orada adı çəkilən və çəkilməyən işçilərin xarakterini ortaya qoyurdu:
"Onları necə gəldi, hara gəldi atmışdılar. Bircə ayaq üstə qoyulanı yox idi. Sayca onlardan az görünən çılpaq ölüləri piştaxtaların üstündə yan-yana, qoşa uzatmışdılar. Bəzilərinin ayaqlarını digərinin ayaqları arasına axıradək soxmaqla qiymətli yerə bu üsulla da qənaət etmişdilər. Meyitlərin çoxluğu yox, məhz belə, baş-ayaq bir-birinə geydirilməsi xof doğururdu, sanki ölümün insan bədənində təcəllasının formaca tamam ayrı cür olmasının sirri açılırdı".
Fəlsəfəsinin əsasında kainatın dəyişkən olması ideyası dayanan yunan filosofu Heraklit bunun izahını belə verirdi: "Eyni çaya girənlərin üzərinə həmişə fərqli sular axır" (və ya bir suya iki dəfə girmək mümkün deyil).
Demək ki, insan, təbiətin sayısız dəyişimi içində yaşadığı çevrədəki hər şeyin dəyişdiyini, qalıcı heç nəyin olmadığını gördükdə qalıcı - gerçək varlığın olmadığını düşünür və bu düşüncə ilə özü də bilmədən dəyişir. Dünən canlı və "var" olanların bu gün hərəkətsiz və "yox" oluşlarını görən Tarverdi və arıq, paxmel oğlan artıq yox olanlara hörmət etməyin gərəksiz olduğunu düşünürlər. Yəni mühit insanın şüurunu kütləşdirərək mədəni dəyərləri unutdurur, onları asanlıqla idarə olunan və manipulyasiya edilən özünə yad biri olaraq formalaşdırır.
Ölüm insanların xoşluqla qəbul etmədiyi yeganə gerçəklikdir. Bu gerçəklik onları həyatın dürlü oyunlarından, yalanlarından uzaqlaşdıraraq əslində kim olduqlarına güzgü tutur. "Sifət möcüzələri"ndə bu güzgü insan psixologiyasında gizlənən və ölüm zamanı aşkarlanan əsas sirri göstərir: "Elə bil meyitin üzündə onun bütün taleyi, bütün iztirab və sevinclərinin aydın təsviri, xəritəsi vardı və sağ insanlardan fərqli olaraq onun hansısa həyat sirrini bilməsi yarıaçıq ağzına, qapalı gözlərinə, alnının qırışlarına, dağınıq saçlarına baxdıqca daha aşkar görünürdü".
Bu təsvir insan varlığının daxilən dəyişik olmasını göstərir, bu dəyişiklik surətlərə vuraraq "surət möcüzələri"ni yaradır.
Povestdə hadisələr sondan əvvələ doğru nəql olunur. Bu, müəllifin bədii fantaziyasının gücündən və epizodların ardıcıllığını təyin etmə sərbəstliyindən irəli gəlir. Əsərin baş qəhrəmanı virusdan dünyasını dəyişən Yasin Vəliyevdir. O, oxucuya meyitxanada üstündə qırmızı flomasterlə familiyası, adı, atasının adı yazılan bozumtul kleyonka kisənin içində təqdim olunur. Yüksək dəqiqlikli çertyojlar müəssisəsində işləyən qəhrəmanı qaralan üzü, yumulu gözləri, azacıq aralı qalan ağzı ilə ilk sifət möcüzəsini həyatının sonunda, dəhşət doğuran səssiz, qaranlıq və kəsif qoxulu divarlar arasında görürük. Qəhrəmanın həyatının əvvəli isə Yasinin meyitini aparmağa gələn əmioğlusunun xatırlamaları ilə davam edir.
Dəyişik sifət möcüzələrini Yasinin tale ortaqları "İstanbulun fəthində şəhid olmuş kimi əlini irəli tuşlamış, dəli nərəsinin yarısı boğazında qırılıb qalmış ağzıaçıq, üzütüklü bir kişi"də, onun yanına uzadılmış "sapsarı ayaqlarının qırmızı laklı dırnaqları ilə seçilən, boyun-boğazının əti nazik çiyinlərini basmış kök bir qadın"da görürük. Eynilə digər təsvirlərdə:
"...kleyonka kisənin içində açılan hər yeni sifət indiyə qədər tanımadığı, görmədiyi başqa dünyanın bir əlamət və sirr parçasının ifadəçisi kimi təzə və maraqlı görünürdü. Ona elə gəlirdi ki, o sirli dünya bu real dünyanın virtual proyeksiyada tam əksidir və kisənin içindəki meyitlər ölüm anında çəkdiyi ağrıları bir daha yaşayaraq dirilməyi və çox primitiv qurulmuş bu həyata yenidən qayıtmağı qətiyyən istəməzlər".
13-cü bölümdə Çıraqlı kəndi yaxınlığında yoluna çıxan bir qadının xahişilə köməyinə tələsdiyi kişi xəstəxanaya getməkdən imtina edir. Onun vəziyyəti çox ağırdır, ancaq xəstəxanada minnətli baxışlardan, sözlərdənsə öz evində minnətsiz ölümü üstün tutur: "Başına toxunma torba papaq keçirmişdi, əlləri, üzü, bütün bədəni hiss olunacaq qədər şişmişdi. Səsi erkək şirin nəriltisi kimi çox aşağı oktavada durmuşdu. Danışanda nəfəsi çatdırmadığına görə sözlərin çoxu qırılıb boğazında, oradan da aşağıda qalır, dodaqları boş-boşuna tərpənirdi".
Kifayət qədər peşəkarlıqla təsvir olunmuş bu "İvan İliç canverməsi" qəhrəmana nə vaxtsa tələbəykən xəstəxanada yatanda çarpayı qonşusunun ölümünü xatırladır. Əslində, kişinin xəstəxanadan imtinasının səbəbi, bir növ, bu ölüm vasitəsilə həm fiziki, həm də metafiziki cövhərlə aydınlaşdırılmaqda davam edir: "Öləndən sonra qollarının ikisi də çarpayıdan kənara uzana qalmışdı. Dişləyib yaraladığı qanlı dilinin ucu açıq dodaqları arasında qapqara yad cisim kimi görünürdü. Ölənə yaxın kişi gücəndi, havada oynayan qolları bir anlığa dayanıb sanki bədəninin özünü torparlamasına kömək etmək istədilər. Onun əzgin, quru sifəti ağrı qırışlarında əyilib simmetriyasını itirdi. Birdən daha güclü xırıldayıb sakitləşdi, gözünün də biri ağzı kimi açıq qaldı. Sakitləşməyi, sifətinin bütün əzab-əziyyətləri dadmış və son ana qədər onlardan qurtula bilməmiş peşman möcüzəsilə o sanki öz keçmiş həyatına çağırış etmişdi: "Niyə?"".
Müəllifə görə, insanlar ancaq öldükləri vaxt həyatı boyu yaşadıqları dəhşətləri, ağrıları və sevincləri gizlədə bilmirlər. Həyatda olduqları müddətdə isə bunun çox hissəsini gizlədirlər. Bu, Şekspirın "Həyat bir səhnədir, insanlar aktyor" fikrini xatırladır.
Bu mövzuda əsərdə müəllifin gəldiyi nəticə budur ki, insan sirrə canı ağzından çıxan anlarda vaqif olduğu üçün ondan faydalana bilmir, nitqini itirdiyindən bu haqda kiməsə bir söz deməyə də imkan tapmır. Öldüyündə ona görə ağzı açıq qalır ki, həyatla ölüm arasında duran o yeganə, əsas sirri açsın, insanlara səhvlərindən gec də olsa nəticə çıxarmasını, doğru yola dönməsini desin. (Lakin bu, indiyədək heç kəsə nəsib olmamışdır.)
Səfər Alışarlının əsərləri təbiət, xüsusilə düşüncə təsvirlərilə zəngin fikir ədəbiyyatıdır. Bununla yanaşı, qeyd etmək istədiyim bir nüans da var ki, son illərdə yazdığı əsərlər süjet və kompozisiya baxımından bir qədər mürəkkəbdir. Məlumdur ki, təhkiyədə fikir və düşüncələrin uzunluğu müəllifin şəxsi dünyagörüşünün mənzərəsini yaradır. Amma bu, bəzən oxucunu, necə deyərlər, dağa-daşa salır.
Hərdən oxucuya elə gəlir ki, təşbehlərdə əlaqə azdır, bənzədilən tərəf bənzəyən tərəfdən fərqlidir. Lakin dərindən düşündükdə bu əlaqəsizliyin özündə də bir əlaqənin olduğunu görürsən. Nümunələrə diqqət edək:
l "Şərifov beş dəqiqənin içində futbol oyununu öz həyatından bir turp kimi çıxarıb kənara qoydu və boşalmış qara çalaya cinayət işinin bəzi budaqlarından şitil vurmağa çalışdı".
l "Ondan sonra bir təkəri güclü cırıldayan sanitar arabası gəldi. Sanki nasaz təkərin qeyri-adi cırıltısı deyirdi ki, bu dünyada hər dörd nəfərdən biri ayaqda dursa da, ölümcül xəstədir".
Hər yazıçının yaradıcılığında müəyyən sayda fikirlər var ki, onlar nə hekayələrə, nə romanlara, nə kitablara sığır. Nəinki kitablardan, yazıçının ömrünü aşıb, ədəbiyyatın tarixindən sıyrılıb günümüzə qədər dəyərini qoruyan fikirlər, hikmətlər kitab rəflərində ömürlərini davam etdirərək müəllifini də yaşadır. Həyat davam etdikcə hekayələr, romanlar yazılmağa davam edəcək, yenə də hər kitabın arasından sıyrılıb dövrünü aşan bir neçə belə fikir müəllifini yaşadacaqdır. Səfər Alışarlının əsərlərində belə cümlələr saysızdır. "Sifət möcüzələri"ndə də eynilə. Həmin cümlələrdən bir neçəsini diqqətə çatdıraq:
l "Özgənin fikir və qənaətlərini çatdırmaq missiyası altında adamın üzü də özgələşir və o sifətin möcüzəsi olmur".
l "Müharibənin yaxşı cəhəti yoxdur. Əgər onun çoxlu sayda dəhşətli cəhətləri içindən bir yaxşısını axtarıb tapmaq mümkün olsaydı, o da yəqin ki, müharibənin insanlar arasında bütün hesabları silməsi olardı".
l "Bu dünyada satılmayan heç nə yoxdur. Əgər varsa, ya sövdələşmənin vaxtı, ya da məzənnəsi düzgün müəyyən edilməyib".
l "İnsanın düşüncəsi də, bədəni də daim inkişaf edir, - biri müdrikləşdikcə yuxarı meyillənir, o biri köhnəldikcə aşağı enir".
l "Müəyyən yaşdan sonra adamı dörd məsələ daha çox maraqlandırır: mal-mülk toplamaq, kef eləmək, başqaları tərəfindən təriflənmək və əbədi şöhrət qazanmaq".
l "İnsan həyatı bir-birinə zidd olan dörd ünsürün qarışığından hörülmüş nazik bir sap kimidir, onun uzun müddət müxtəlif təsirlərə, o cümlədən ziyansız, faydalı təsirlərə də eyni dərəcədə davam gətirəcəyinə tam əmin olmaq mümkün deyil".
l "Öz xatirələri ilə əlləşən insan bazarda alınıb-satılan hər şeylə maraqlansa, onun yaxşı bacardığı vacib işləri görməyə vaxtı qalmaz və ömrünü lazımsız cəfəngiyat içində çarpışmalara sərf edər".
l "Müharibə təkcə adamların yox, güllərin də məkanını dəyişir. Məkanı dəyişmiş güllər ölüm qoxuyur".
l "...Deməli, hamısı mənasızmış. Zeytunların cəzası ölüm yox, bu susuz, daşlı, qumlu torpağın verə biləcəyi şirənin ən azına qane olmaqla çox yaşamaqdır. Min il ömür sürüb sulara qərq olmuş Nuh peyğəmbəri zeytun budağı ilə müjdələyən xilas etsə də, bağışlamamışdı, öldürmüşdü".
l "Bütün gözəl xanımlar "ər" sözünün böyründə sanki şeirdən mahnıya çevrilərək sürətlə köhnəlir".
S.Alışarlı bu əsəri insanda sifət möcüzələrinin yaranma səbəblərini göstərmək, o səbəblərin mənfi olanlarını kəsib atmaq, həyatın sonunda sifətdəki sonuncu möcüzənin razılığı, rahatlığı təcəssüm edirməsi niyyətilə yazıb. Əsərdə Tofiqin dili ilə dediyi: "Niyyətin təmizliyi borcun dərəcəsindən asılı olaraq yola çıxmış adamın uğuruna mütləq təsir edir" - fikri onun doğru bildiklərini deməklə borcundan çıxmaq istəyi, yaxud da həyatda gördüyü ona əziyyət verən, hiss və duyğularını təlatümünə gətirən sifət möcüzələrini yazmaqla sıxıntılardan qurtarma istəyidir. Müəllifin xoş niyyəindən asılı olmayaraq, insanın həyatını necə yaşamasının öz əlində olmadığını da "Quran"dan gətirdiyi bir ayə ilə qeyd edir: "Möhkəm olsun, zəlzələlər sizi yırğalamasın deyə, dağları mıx kimi yerə çaldıq. Əmanəti yerə, göylərə, dağlara təklif etdik, onlar qorxub götürmədilər. İnsan onu boynuna götürdü. O, həqiqətən özünə zülm edən bir cahil idi".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!