Hədiyyə ŞƏFAQƏT
"Əslində, dünyanın harası həbsxana deyil, hörmətli tamaşaçılar? İçinizdən özünü ən azad hesab edənləriniz belə, öz həbsxananızın həm nəzarətçisi, həm məhkumu deyilsinizmi?..".
***
Əziz Nesin barədə uzun-uzadı danışmaq fikrindən uzağam. Təkcə adının çəkilməsi kifayətdir. Osmanlı imperiyasından başlayıb Türkiyə Cümhuriyyəti dövründə bitən həyatı daxilinə sığışdıra bildiyi böyük bir ədəbi nəhəngliklə dünya ədəbiyyatının köksündə qurmağı çox arzuladığı dövlət kimidir Əziz Nesin - Azad, qorxmaz, əyilməz..
İti duyumu, həssaslığı, zəkası, sadə insanların qəlbinin dərinliyindəki işığın axtarışı və məhz o işığın sönməsinə səbəb olan kənar təsirlərlə barışmazlıq onun yaradıcılığının əvvəldən axıradək əsas qayəsidir. Onun yazıçı həyatını taleyin oyununun nəticəsi adlandıranlar ola bilər. Amma nə olur-olsun, məncə, bu tale məhz onun üçün hazırlanmışdı. Əziz Nesini bu yola aparıb çıxardan səbəblərin heç biri təsadüfi ola bilməzdi.
***
Əziz Nesin uzun həyatı boyunca həyatın hər üzünü görmüşdü. İçindəki həbsxanadan da, içində olduğu həbsxanadan da yaxşı xəbərdardı, faciəvi və heç nə yerinə qoyulmayan insanların həyat hekayələri onun, nəinki onun, çoxlarının düz gözünün içində baş verirdi. Baş verir və gizli-aşkar etirazlar doğururdu. Türkiyə ədəbiyyatının ağırlığını çiyinlərində daşıyan müəlliflərdən hansının mətninə baxsanız, bu etirazın əlamətlərini görə bilərsiniz. Kimsə etirazını birbaşa, kimsə dolayısıyla, kimsə poeziyada, kimsə nəsrdə, kimsə publisistikada göstərdiyi bir vaxtda Əziz Nesin satiranı seçmişdi:
"Mən göz yaşlarının içindən keçib gəldim, ağrı-acılarım məni satira yazarı elədi. Satira deyilincə xalqa xidmət edəcək şəkildə satiranı nəzərdə tutduğumu qeyd etməliyəm. Qısaca desəm, satira əsasən ehtiyac və yoxsulluq, həyatdan gələn bir qəzəb, kin, intiqam almaq üsuludur. Əlbəttə, hər kasıblıq görmüş, hər ağrılardan keçən insandan satirik yazıçı olmaz. Lakin sadaladığım şərtlər bəzən istedadlı insanı istər-istəməz bu istiqamətə yönəldir, onun istedadının bu sahədə təkmilləşməsinə təkan verir. Satirik güclü silaha sahibdir, o bu silahdan xalqının rifahı üçün istifadə etməyə başladısa, fəaliyyətini faydalı bir yola yönəltmiş olur. Məncə, satirik yazarın artıq öz həyatı yoxdur, o, içindən çıxdığı, tanış olduğu cəmiyyətlə eyniləşdiyindən yazdıqları həmin cəmiyyətin mənzərəsini əks etdirməli, onun dərdlərini dilə gətirməlidir...".
***
Əziz Nesinə Ankara radiosundan on iki hissəli bir radio tamaşa istəyi gəlmişdi, qəbul etməmişdi, "İşim çoxdur" demişdi, amma sonra razılaşmışdı. Onsuz da onun qovluğunda həmişə hazır hekayələr vardı. Amma onları toplamaq, bir nizama salmaq, ümumi bir hekayə ətrafında birləşdirmək lazımdı. Övladlarını da götürüb qəsəbəyə, dostlarından birinin evinə getmişdi, tamaşanın mətnini burada yazıb hazırlamağı düşünürdü.
Bir gün oğluyla birlikdə qəsəbəni gəzməyə çıxarkən qarda ayaqyalın oynayan qaraçı uşaqlarını görüb dayanır. Əziz Nesin ordunun təchizatını rastlaşdığı kasıb, ehtiyac içində, ac adamlara payladığı üçün qulluqdan qovulmuş adamdı, gördüyü mənzərə onun ürəyini ağrıtmaya bilərdimi? Qaraçı uşaqlarından biri ona yaxınlaşıb pul istəyərkən aralarında kiçik bir dialoq baş tutur və Əziz Nesin oğlanın adının Yaşar olduğunu öyrənir. Uşağın cır-cındır içində qalması, əl uzadıb ondan pul istəməsilə ürəyində "bu da yaşamaqdırmı", - sualı, bu sualdan isə artıq yazmağa başlayacağı tamaşanın adı yaranır.
Necə tanış, necə geniş sualdır, elə deyilmi? Nə üsyanlar yaranıb bu sualdan, nə faciələr baş verib. İnsan həyatı boyu bu sualı özünə neçə dəfə verir, görəsən? Bəs hansı cavabı tapır? Ümumiyyətlə, cavab varmı?
Əziz Nesin bu suala birbaşa cavab verməyi deyil, mənzərəni bütün açıqlığıyla eşitdirib, göstərib, çatdırıb düşündürməyi seçmişdi.
***
"İnsan təkcə danışdıqlarına görə deyil, susduqlarına görə də məsuliyyət daşıyır", - deyən Əziz Nesinin başına, bəlkə də dünyanın ən qəribə məhkumluq həyatı yaşamaq, İngiltərə krallığı şahzadəsi II Elizabet, İran şahı Rıza Pəhləvi, Misir kralı I Faruqun birgə şikayəti əsasında həbsdə yatmalı olmaq kimi bir hadisə belə gəlmişdi. Bundan əvvəl də, sonra da ədəbi və sosial fəaliyyətinə görə məhkəmə qarşısına çıxarılmış, aylarla həbsxanada qalmışdı. Əziz Nesin üçün bu, bir maneə deyildi, əksinə, həbsxana yoldaşlarının əhvalatları, taleləri onun müşahidəsini daha da zənginləşdirir, yazdığı mətnlərə inanılmaz həyatilik verirdi.
"Yaşar nə yaşar, nə yaşamaz" əsərinin sütununu təşkil edən əsas hekayəsini Əziz Nesin məhz həbsxanada tanış olduğu kamera yoldaşının başına gələnlər əsasında elə oradaykən yazmışdı. Qalırdı hissələri birləşdirmək, qurmaq - hər şey yerini tutduqdan sonra radio tamaşası istənən vaxtda təqdim edilmiş oldu.
***
"Necə başa salacağımı da bilmirəm. Siz indi məni burda, qarşınızda görürsünüz ha, gördüyünüzə inanmayın, əslində mən yoxam...".
Əziz Nesin olmadığına inandırılmış insanın başqalarını buna inandırmaq cəhdi, əslindəsə bu məqama gəlib çıxanadək illərlə özünü olmaqla olmamaq arasında axtaran, gah olduğunu qəbul etdirməyə ümidlənən, bu yolda aldadılan, haqqını aramaq istərkən "sən yoxsan" sözləriylə sinəsindən geri itələnən, amma rəsmi öhdəliklər qarşısında "varsan" deyilib ordan-bura, burdan-ora sürüklənən, yenə də ümidini son anacan itirməyən, özü ata olduqdan sonra övladının onunla eyni taleyi yaşamasını istəmədiyi üçün üz tutduğu dövlət idarəsində nəhayət, özündən çıxarılıb həbs edilən, ordan isə üstünə artıq heç kimin yox hesab edə bilməyəcəyi şəkildə gələcək biçilmiş halda çıxan insanın hekayəsini elə uzağa getmədən, həbsxanadaca canlandıraraq çatdırmağa başlayır.
Sondan əvvələ, əvvəldən yenidən sona irəliləyən hadisələrin içində bu qədər cılız səbəblər, kiçik vəzifəli məmurların məsuliyyətsizliyi, ətrafdakı insanların küt soyuqqanlılığı və heyrətamiz dərəcədə dərin amansızlığının ortasında atılmış bir insan faciəsi qarşısında bəzən qəzəblənir, bəzən kövrəlirsən. Sadə həyatların içində dolaşıb qaldığı cahillik, mütilik, bürokratiyanın laqeyd statistik soyuqluğu - insan həyatının bir təsadüfdən, özündən asılı olmayan bir səbəbdən necə məhv edildiyini görürsən.
Sən görürsən, amma onlar görmürlər. Kimlər ki görməliydilər, onlar.
Əziz Nesin kor gözlər barədə kədərli və kəskin bir əsər yaradır. Onun gülüş doğuran sözləri, ifadələri, cümlələrinin altında necə dərin, dünyanı yaxşı bir yerə çevirməyin mümkünsüzlüyü altında əzab çəkən bir ürək döyünür.
Bir dəfə müsahibəsində: "Mən ədalətli bir dövlət qurmaq istəyirdim" demişdi. Çox güman bu dövlətdə Yaşar Yaşamazlar olmayacaqdılar ...daha doğrusu, var olacaqdılar..
***
"- Sənin oğlun Yaşar 1896-cı ildə doğulub. Deməli, 1915-ci ildə Çanaqqalada şəhid olarkən 19 yaşı varmış, - deyə məmur izah etdi.
Atamın gözləri bərələ qaldı:
- Nəəə", - deyə qışqırdı, oğlum 1996-ci ildəmi doğulub? Többəəə! Yaxşı, mənim neçənci ildə doğulduğuma baxsana? Mən 1997-ci ildə, deməli, oğlumdan bir il sonramı doğulmuşam?
Sonra atam növbədə gözləyənlərə tərəf dönüb:
- Ay camaat, içinizdə oğlundan bir il sonra doğulan bir ata varmı, - deyə soruşdu".
Şübhəsiz, olmamalıydı, amma kim bilir, bəlkə də vardı? Əziz Nesinin təsvir etdiyi hekayələrin içində necə desən, nə qədər desən ömür boyu davam edəcək qorxulu yuxuya bənzər talelər sönüb gedirdi. Hər şey necə də asan görünürdü, hansısa əlin kiçik bir işarəsiylə bütün qarışıqlıq aradan qaldırıla bilərdi, amma edilməmişdi.
Yaşar Yaşamazın məktəb yaşına çatdığı məqamda adi diqqətsizlikdən, məsuliyyətsizlikdən zibilqabına atılan həyatı heç kimi maraqlandırmırdı. İnsan bu əsərin fonunda qarışqa kimi gücsüz, köməksiz, ayaq altda qalıb əzilməyi an məsələsi kimi asan görünür.
***
Əziz Nesin əsaslı solçuydu, əsərlərində romantik duyğulara yer vermirdi, Yaşar Yaşamazın hekayəsində də məsələyə daha ciddi, daha zalımcasına, bütün çılpaqlığıyla yanaşır və eybəcərlikləri qamçılayırdı. Onun qamçısı həm əzənin, həm əzilənin başı üstündə eyni kəskinliklə dolanırdı. Cəmiyyətin, kütlənin və tək-tək fərdlərin mənəvi dəyərləri itirməsiylə hələ də təmizliyini, saflığını, ən əsası da kor ümidini itirməyənlər arasındakı uçurumun dərinliyini göstərərkən körpü qurmağı boynuna götürmürdü. Harda səhv edildiyini xırdalığına kimi təsvir edir, çıxış yolu barədəsə mənasız xəyallara qapılmırdı. Onun fikrincə, Yaşarların özlərinin yaşayıb yaşamayacaqları barədə fikirləşib bir qərara gəlməkləri lazımdır.
***
"- Yaxşı, axı səni dəlixanaya sala bilməzlər ki... Necə salırlar!
Yaşar:
- Sala bilməzlər, - dedi, - salmamalıydılar. Çünki mən ölmüşəm. Ölmüşəm, amma məni dəli hesab etdikləri üçün öldüyümə inanmırlar. "Mən Çanaqqalada şəhid olmuşam", - dedikcə dəli sözü hesab edib dəyənəyi ilişdirirlər, soyuq suyu əndərirlər başımdan aşağı. "Di etməyin, mən şəhid adamam", - deyirəm, xeyiri yoxdur...
Bax belə, qardaşlar, məktəbə gedəcəyəm, deyirlər ölmüsən, əsgərə çağıranda "sağsan" deyirlər. Mirasımı almaq istəyirəm, "ölmüsən" deyirlər, atamın vergi borcunu almağa gələndə "sağsan" deyirlər. "Yaxşı, sağamsa şəxsiyyət vəsiqəmi verin", - deyirəm, "yoox, sən sağ deyilsən", deyirlər. Dəlixanaya salmaq istəyəndə "sağsan" deyirlər...".
***
İnsan yoxdur. Var, amma yoxdur. Amma bu onun aldadılmasına, süründürməsinə, haqqı çatanları almamasına, haqqının tapdanmasına, zəhmətinin talanmasına, qorxa-qorxa yaşamasına, heç yerdə insan yerinə qoyulmamasına səbəb olan adamları maraqlandırıb eləmir. Yaşar elə bu "yaşayır"la "yaşamır" hökmü arasında lazım gələndə ələ alınıb, lazım gəlməyəndə kənara atılan əşyadır - Heç kimdir.
Əziz Nesinin göstərdiyi "heç kim" "nəsin?" - sualının hansı cavablara aparıb çıxara biləcəyinin başqalarının əlində olması kimi acı həqiqətin üzümüzə çırpılmasıdır.
Həqiqətin nəhayət cana doyub, səbrini itirib Yaşar Yaşamaz kimi girdiyi cəza qapısından Karakaplı Nizami bəy kimi çıxmasıdır...
***
"Yaşar nə yaşar, nə yaşamaz" radiotamaşa kimi hazırlandıqdan sonra inanılmaz şöhrət qazanır. Ardınca müəllifdən teatr pyesi kimi işlənməsi istənilir. Yüz dəfələrlə səhnəyə qoyulur, səsləndirilir, ssenari halına salınması xahiş edilir.
1977-ci ildə əsərin artıq mağazalardan kitab şəklində axtarıldığı xəbərini alan Əziz Nesin Yaşar Yaşamazın hekayəsini romanlaşdırır. Roman 1978-ci ildə Madaralı Roman Mükafatını alır. Türk ədəbiyyatında bürokratiyanın ən əhəmiyyətli tənqidindən ibarət olan "Yaşar nə yaşar, nə yaşamaz" kitabı 150 minə yaxın nüsxəylə təxminən 40 dəfə nəşr edilib.
Bəs dünyaya neçə Yaşar Yaşamaz gəlib?
Əziz Nesin Yaşar Yaşamazın uzun hekayəsi boyunca bəlkə də başqa-başqa adamların başına gəlmiş işləri bir adamın çiyinlərinə yükləyərək onu o divardan bu divara, o dalandan bu dalana, o qaranlıqdan bu qaranlığa çırpmaqla, həmçinin yolunu onlarca adamla kəsişdirərək onların başına gələnlərin də Yaşar Yaşamazın başına gələnlərin müxtəlif formalarda təkrarlanmasından ibarət olduğunu ifadə etməklə sərhədsiz xaosun içindəki vurnuxmanın başlanğıcda mənasız, yersiz, əhəmiyyətsiz bir səbəbdən yarandığını göstərib, "əslində, bütün bunlar olmaya, bu cəhənnəm əzabları yaşanmaya da bilərdi", - deyib.
Əziz Nesin sonda Yaşar Yaşamazı Yaşar Yaşayana çevirə bilərdi, çevirməyib.
Vardır bil bildiyi, mütləq vardır.
05 avqust 2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!