Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair Fərid Hüseynin Moldovada "Yaddaşın vəfa borcu" ("İnchinare memoriei") adlı kitabı "Quadrat" nəşriyyatında çap olunub. Həmin kitab barədə filologiya elmləri doktoru Qriqore Kiperin yazısını təqdim edirik.
Qriqore Kiper
filologiya elmləri doktoru
Fərid Hüseynin bu kitabda toplanmış şeirləri bir neçə bölmədə təqdim olunur. Məzmuna görə, bu cür təsnifatlaşdırma, ilk növbədə eksperimenti xatırladır, eyni zamanda, oxucuda hərtərəfli fikir formalaşdırır. Kitabda əvvəldən axıra qədər üç məqam diqqət çəkir: dini nəfəs, elegiya tonu və meditasiyaya güclü meyillilik.
Kitabda "Şəhərlər və şeirlər" bölməsində ziyarət edilmiş və ədəbi hafizədə həssaslıqda iz qoyan Rusiya, Misir, Türkiyə, İngiltərə kimi bir neçə ölkə poetik detallarla xatırlanır. Bu şeirlər, sadəcə, dərin meditasiya və müəllifin addım-addım kəşf etdiyi ruhani düşüncə üçün vasitə deyil, müəllifin öz həssaslığını çatdırmaq üçün poetik vasitədir. Moskvaya, Qahirəyə, İstanbula xəyali və ya real səyahətlər şairin düşüncəsindəki yeni xüsusiyyətləri meydana çıxarır. Kitabdakı şeirlər müxtəlif tarixi, siyasi, mədəni xarakterli sentimental, deşifrə edilmiş və ya hermetik eyhamlarla doludur. Amma bütün hallarda bu şeirlərdə müəllifin şahid olduğu və eyni zamanda Vətənində qoyub gəldikləri qarşısında qəlb çırpıntıları hiss edilir.
Şair şeirlərin birində deyir: "Bəzən böyük şəhərlərə hansısa xatirələrin ardınca gedirsən" - və bununla da oxucuda yaranan suallara cavab vermiş olur.
Klarnet ustası, barmaqlarına yox,
papağına atılan quruşlara baxıb çaldıqca,
ovurdlarına yığdığı ağrını üfürürdü alətə.
Sənin dərdini saydıqca,
barmaqlarını unudursan, İstanbul,
canını unudursan...
Fərid Hüseynin şeirlərində əxlaqi-mənəvi və dini ölçülər bir-birini əvəzləyir. Və bütün bunlar lakonik şəkildə nəql edilir, biz oxucular şeirdəki şifrələri özümüz açmalı oluruq. Halbuki şair açıq şəkildə bəyan edir: "Təşbehsiz gözəllikləri sevirəm". O, şeirlərində əsas, simvolik fiqur kimi müşahidə etdiyimiz Yaradana məlum sirləri açan mediuma (ruhlar aləmi ilə əlaqəyə keçə və ölülərlə canlılar arasında əlaqə qura bildiyini iddia edən şəxs) çevrilir.
Fərid Hüseyn poeziyasının özünəməxsus cəhətlərindən biri də onun aforizmlərlə özünüifadəsidir. Şair təsvirlərdən qaçır, fikrini aforistik ifadələrlə izhar edir: "Bədənim bir qadından qalmış xatirədi ancaq", "Korun qaranlığı danışmasıdı bu şeir..." və s. Eliptik (yığcam) və eyhamlı özünüifadə şairi hayku yazmağa sövq etməyə bilməzdi.
Növbəti bölmə "Həbsxana haykuları" poetik silsiləsidir. Bu, uzun bir şeirdir və təbii ki, burada azadlıqla məhbəs həyatının mübarizəsindən bəhs edir. Obyektiv lirizm üslubunda yazılan şeir dünya və çox da poetik olmayan ətraf mühiti şeirləşdirir.
Ardınca "Liriklər və antiliriklər" bölməsi gəlir. Bu şeirlər Şərq üslubunda yazılıb, mövzular müasirləşdirilib və bu poetik nümunələr intertekst elementləri ilə zəngindir. Bu şeirlərdəki müxtəlif həyat problemləri və gözəl müşahidələr Orta Şərqdən əxz edilmiş ənənələrdir. Əgər mövzular müasirləşdirilməsəydi biz bu şeirləri oxuyarkən özümüzü Buxarada və ya Səmərqənddə hiss edərdik:
Qatarla yaşadığın şəhərdən uzaqlaşdıqca,
relslər uzunu uzandıqca təklik,
sonuncu gülüşün qəlpə kimi gəzinir canımda -
insan bədbəxt olanda xatirələri də bədbəxt olur.
"Liriklər və antiliriklər" bölməsi ruhun fəryadı və bir-birinə zidd olan, həm də bir-birini tamamlayan bioqrafik elementlərlə zəngindir.
"Qəlbin tərbiyə dərsləri" adlı axırıncı bölmədə şairin böyük poetik istedadla yazdığı, baş vermiş/verməmiş hansısa faktlar haqqında gəldiyi nəticələrdən bəhs edən şeirləri toplanıb. Sanki şair bir anlıq dayanıb, ətrafına və özünə baxmağa başlayıb. Bu vacib fasilə, şairi anlamaq baxımından oxuculara lazımdır. Aldığınız bu dərslər bizi, sadəcə qəhərləndirir:
Gördüm, Allah göstərənlərin hamısını gördüm,
şöhrətin həm də ipi başqasının əlində olan çərpələngliyini,
sevilməyin aktyorluq hünəri,
nifrət qazanmağın peyğəmbərliyini,
eşq mahnılarının motor səsinə çevrildiyini də,
xatirələrin içimdə qəlpə kimi gəzindiyini də gördüm,
ondan sonrasa,
havanın əmrindən çıxmayan ağaclartək
taleyin bir dediyini iki eləmədim.
Fərid Hüseyn yaxşı şairdir. Kifayət qədər uğurla yaratdığı atmosferdə öz şeirlərini təqdim edə və oxucuya oxutdura bilir, kitabı mütaliə edənlərdə ciddi poetik təəssürat və fon yaratmağı bacarır.
Rumın dilindən tərcümə edən:
Jalə İsmayıl
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!