Qıfılın içində sınmış açar - Cavanşir Yusifli

Esse

"...Gözəl şeylər belə olur, bizi tərk edir, yeri qalır, qüssədən ölürük sonra..."

Yazının əvvəlində Şarl Bodlerin nəsrlə yazdığı "Saat" şeirini sitat verirəm. Bu mənim seçimimdir, Şarl Bodlerin poetik dünyaduyumunu səciyyələndirmək mənasında bunu xarakterik hesab edirəm...

"Çinlilər vaxtı pişiklərin gözlərindən oxuyurlar.

Bir dəfə bir missioner Nankin ətrafında gəzişərkən üzbəüz gəldiyi uşaqdan vaxtı soruşmalı olur, saatını unudub evdə qoymuşdu.

İlahi imperiyanın uşağı əvvəlcə karıxdı, ancaq az sonra özünü ələ aldı və dedi: "Bu dəqiqə!". Bir neçə saniyədən sonra qayıtdı, qolları arasında böyük bir pişik vardı, birdən gözlərini pişiyin gözlərinə dikdi: "Hardasa günortadır."

Doğrudan elə idi.

Adı özünə olduqca yaraşan Felinə baxanda, - yeri gəlmişkən deyim, göyçəklikdə tayı-bərabəri yoxdu onun, qəlbimin pənahı,  ruhumun sığalıdır, - dəxli yoxdu, gündüz, ya gecə olsun, aydınlıq və ya zil qaranlıq olsun, məftunedici gözlərinin dərinliyində saatı saniyəsinəcən dəqiqliklə görə bilirəm - geniş, göylər qədər əngin, saniyə və dəqiqələrə ayrılmamış vaxtı, - divar saatlarında qeyd edilməmiş hərəkətsiz zaman, həm də ah kimi yüngül, baxış qədər becid, yandırıcı həm də...

Və birdən hansısa zəhlətökən adam varid olsa, baxışım bu gözəl sferblatın üzərində gəzən zaman o adam məni narahat eləsə, hansısa ədəbsiz adam (dahi...), hansısa şərxəta gəlib məndən soruşsa ki, "belə diqqətlə hara baxırsan? Bunun gözlərində itiyinmi itib? Orada sən ölmüş, xərclənmiş, dağılıb kül olmuş zamanı gördünmü", - tərəddüd eləmədən cavab verərdim : " Bəli, görürəm, bu - ədəbiyyətdir..."

Hara belə diqqətlə baxırsan? Orada ölmüş, yerlə bir olmuş, dağılıb kül olmuş zamanı gördünmü?

Şarl Bodlerin ilk və son kitabı - "Şər çiçəkləri" nəşr ediləndə ədəbi aləmdə yer-yerdən oynamışdı, senzorlar kitabın yığışdırılıb qadağan edilməsinə qərar vermişdilər. Fransada bu hadisə ilk dəfə baş vermirdi. Flober də "Madam Bovari" romanına görə məhkəməyə verilmişdi. Hər iksi - Flober və Şarl Bodler eyni ildə 1821-ci ildə anadan olmuşdular. Bodlerin yeganə kitabını oxuyandan sonra Flober ona həyəcanlı məktub yazıb. 1857-ci il, 13 iyul tarixində Flober Bodlerə yazacaqdı: "...Əziz dost, kitabınızı acgözlüklə oxudum, su kimi başıma çəkdim, dodaqlarım islanmadı, yanan sobanın içinə düşən kağızı düşünün, indi isə, düz səkkiz gündü onu misra-misra, sözbəsöz, arxayınçılıqla oxuyuram, deyim ki, xoşuma gəlir, sevinirəm. Siz romantizmin damarlarına təzə qan vurub onu cavanlaşdırmısınız. Siz bir kimsəyə bənzəmirsiniz (bu, əsas keyfiyyətlərin ən əsasıdır). Üslub orijinallığı konsepsiyadan irəli gəlir. Misra bütünlüklə ideyadan hörülüb, az qalır partlasın, uçub getsin. Gözəl şeylər belə olur, bizi tərk edir, yeri qalır, qüssədən ölürük sonra...

Dilin incəliyi ilə birgə sizin sərtliyinizi sevdim,  bu hardasa hansısa əşyanın üzərinə ustalıqla çəkilmiş qızıl sədəf misalıdır...."

Hər bir şair zamanı bir cür görür, eyni nəsnələr bu baxış bucaqlarından keçdikcə dəyişir, tanınmaz hala düşür, dünya bu eyni şeylərin fərqli, tanınmaz hala düşmüş əksləriylə dolub-daşır, adi həyati əhvalat  - "hansısa əşyanın üstünə ustalıqla çəkilmiş qızıl sədəflər" halına düşənə qədər lay-lay "soyulur", göz-gözü görməyən dərinlikdə elə hadisələr baş verir ki, sonralar bunu yazan adam nə baş verdiyini özü də izah edə bilmir. Bunun analogiyası təqribən belə ola bilər ki, işıqlar söndükdə, zil qaranlıqda nəyisə yazmaq məcburiyyətində qaldıqda hərfləri görməməyin ruhunda bəzi şeylərin heç zaman olmadığı kimi aydınlaşmasına səbəb olur. Yəni, yazmaq istədiklərini sən əslində "gördüyün, inandığın yerlərdə" - ürəyində yazırsan. Ən doğru şey məncə məhz bu zaman yazıla bilər. Bəlkə də... Beləcə, adi həyatda saniyələrə, dəqiqələrə ayırdığımız zaman, hansısa fraqmentlərə böldüyümüz gerçəkliyi şair birləşdirir, tamın, dünyanın dərinliyindəki qaranlığı işıq zolaqlarına bələyib göstərir. Olsun ki, bu, məlum versiyalar içində ancaq biridir, həm də ən ümidsizi. Fikir verin:

Atamın kölgəsi evimizdə imiş.
Gün düşdü üstünə
üzünü gördüm....

Sonra:

... Adna axşamı -
müqəddəs gecə
Anam yemək çəkib sağına qoydu -
Sağında atamın dizini gördüm...
Ölüləri içinizdə dəfn edin! -
İçinizdə baş daşı yox, qəbir yox,
İçinizdə heç vaxt,
Heç kim itməyəcək!
Ölüləri ruhunuza dəfn edin -
Kölgələri mütləq evə gələcək!

Camal Yusifzadənin şeirlərində "ovqatın dramaturgiyası" ön plana keçir həmişə, belə olduğu üçündür ki, mətləb, yəni poetik sistemdə "görünən" məsələ özündən fərqli anım və assosiasiyalar doğurur. Camal əşyaların xarici görünüşünü önə çəkib, qabardıb belə demək olarsa, başqa mətləblərə "tilov atırdı", bunlar sıralandıqca ilkin əşya təkrir vasitəsi ilə yenidən önə çıxırdı. Ancaq yaddaşda qalmaq üçün deyil, sadəcə unudulmaq üçün. Bu yolla o, həyatın faniliyini, hər şeyin öz vaxtında çıxıb-gedəcəyini, unudulacağını ifadə edirdi. Poetik sistemdə təqdim olunan ilk görünüşdə xarici aləm (əşyalar...) ancaq özüdür, başqa heç nə yoxdur. XX əsrin fransız modernist şairi Öjen Gilevik də şeirlərində əşyaları bu şəkildə "sərgiləyirdi". Məsələn, əgər o, stuldan bəhs edirdisə, təqribən belə yaza bilərdi ki, "bu bir köhnə taxtadır / dincəlir indi/, işi-gücü ağacı unutmaqdı..." Qəfil bir hərəkətlə onlar (əşyalar) görünür və yoxa çıxırlar, hardasa unudulmaq zonasında gizlənirlər. Gilevikin bir şeirinə diqqət edin:

Görmüşdü bir dəfə
Fəvvarənin içində
Kölgəni içdiyini
Qurtum-qurtum,
Qaranəfəs…

Sonra "Gülüş" şeiri:

Gülüş qorxdu,
Rastına heç kəs
Çıxmayınca..

Başqa bir şeirinə də baxın:

Yarpaq gülə bilsəydi,
Çiçək olardı.…

Ard-arda misal çəkməkdən məqsəd hər iki şairdə əşyalara münasibəti qabartmaqdır. Yəni, əşyalar (ağaclar, güllər, yarpaqlar və sair) gözümüzə görsənsələr də, əslində başqa bir məkanda yerləşirlər, elə bir yerdə ki, oralara güzarımız düşmür. Onlar bizdən çox-çox fərqli varlıq koordinatlarında yerləşirlər, yaşayır və nəfəs alırlar, bəlkə elə bu səbəbdəndir ki, pişiyin gözlərinə baxan uşaq orda zamanı qırıq-qırıq, fraqmentlər şəklində deyil, tam görür, əbədiyyət kimi, yəni bu hardasa başqa aləmlərdən görünən zamandır. Tədqiqatçı Jan Piyer Rişar Gilevikin poetikası haqqında özünün "Modern poeziya haqqında on bir araşdırma" kitabında yazırdı: "... Real, gerçək olanın olsa-olsa "fasadını" görürük. Onlara baxmaq əslində maneəni görməkdir, çünki göz istər-istəməz gördüyü şeyə dirənib qalır...Belə çıxır ki, bu andan etibarən əşya orda, biz isə burdayıq, ondan kənardayıq və diqqətlə hər bir hənirtiyə diqqət kəsilirik. Ancaq nəyi dinşəyirik, nəyin gözdən qaçmamasına diqqət edirik? Şübhəsiz ki, nə olur-olsun, baxışımızdan, düşüncəmizdən qaçmağa məhkum əşyanın daxili ölçülərini. Ancaq bu təsadüfdə heç nə xəyallarımıza nüfuz edən hərəkətin qabağını kəsə, bu hərəkəti dayandıra bilmir. Qavrayış gücdən düşdükdə, təxəyyül onun yerini alır: o, başgicəlləndirici şəkildə zahirin  (gerçəkliyin-!) qabığını dəf edir, ondan kənara adlayıb bu zahirin xəyalda bəslənən çəyirdəyinə nüfuz edir. Ancaq heç nə alınmır, çünki bu çəyirdək özü-özünü gizlədib..." Bütün bu "əməliyyatlardan" məqsəd yəqin ki, həyatı olduğu kimi alıb olmadığı şəkildə təqdim etmək, elə bir sakit, təmkinli panorama yaratmaq ki, xəyalla gerçəkliyin kəsişdiyi nöqtə insanı, onun daxili aləmini dəqiq nişan verə bilsin. 

"Camalda nə xoşuma gəldi? Onun elmə, savada, həyata dərin meyli. Camal sözün yaxşı mənasında təmkinli şairdir. Bu onun misralarını yersiz hay-küydən, pafosdan, obraz ədasından təmizləyir. Adətən təmkinli sözü ilk baxışda laqeydlik, quruluq, soyuqluq assosiasiyası kimi səslənir. Mən xoşagəlimlik, necə olursa-olsun, ürəyə yol tapmaq məqsədini güdən yalançı davranış təmkinini yox, istiqanlı, kövrək təmkini nəzərdə tuturam. Bax, buna görədir ki, Camal sözləri qənaətlə xərcləyir, hökm vermir, heç nəyi sübut eləməyə çalışmır..

... İndi görün, ucalıqla bizim torpaq necə doğmalaşır, necə birləşir:

Salxım bulud torpaq dadır,
Mavi dəniz torpaqdadır...

Camalın bu şeirində məni ən çox sevindirən torpaqla göyün bağlı olması hissidir."

Bu sətirlər Camal Yusifzadəyə Əli Kərimin yazdığı "Uğurlu yol"dandır. Əli Kərim indi bizim yazmaq istədiklərimizi çox sadə şəkildə necə də dürüst ifadə edə bilib. Yeri gəlmişkən deyim ki, Gilevikin də "Ucalıqlar" şeiri var.

Məkana
Yüsəkliyə etibar etdim,
Orda yaxşıdı hər şey.
Elə mən də
O qədər yaxşı ki,
Yuxuda belə qorxmuram
Yıxılmaqdan
bəs yerin altı necə
bulaqlardan əvvəl yuxulamaq necə? …

Camalın şeirində yerlə göyün qovuşması qəribə, ancaq həm də çox sadə şəkildə verilib. Məsələ bunda - yəni, qəribəlik və sadəlikdə deyil məncə. Gerçəklik elə yöndən və tərəfdən rəsm edilir ki, obraz malik olduğu dinamikanı dərhal nümayiş etdirir, göz önündən hər şey öz şəklində və rəngində ötüb keçir. Camalın şeirində apaydın şeylər, nəsnələr son dərəcə təbii bir görüntü yaratdığı əsnada qəfildən hər şey bilinməzliyə, görünməzliyə... dirənir. Elə Gilevikin bu şeirində olduğu kimi: bəs yerin altı necə // bulaqlardan əvvəl yuxulamaq necə... Hər şey çox gözəldir, amma niyə, nə üçün gözəldir, bilinmir, sadəcə sənə onu sevmək və tamaşasına durmaq qalır. Camalda obraz əşyaları konkret çərçivə içində göstərir, zaman bu çərçivənin (bəlkə də maneənin-!) divarlarına aramsız şəkildə çarpan yağış kimidir. Bu yağış, onun əllə tutulmayacaq dərəcədə yumşaq nəbzi şeirdən-şeirə keçir, ilk an elə bilirsən ki, şair yalnız hansısa hadisəni təsvir edib, bunun heç nəyə, heç bir mətləbə dəxli yoxdu, yəni, bir şəhərin ömürlük yağışa düşməsi olsa-olsa, onun ümumi obrazını görükdürür.

Gözümü açanı
Meşə görmüşəm;
Qızılı yarpağı,
Yaşıl talanı
Yuyulub-silinmiş
Şüşə görmüşəm.
Bu meşə yağışa düşüb ömürlük,
Bu meşə yağışda islanıb yaman.
Gözümü açanı
Duman görmüşəm.
Dumanı həmişə
Daman görmüşəm.
Görmüşəm tül kimi,
Əfsanə kimi;
Sərilib yuxuma,
Məhəbbətimə,
Aparıb huşumu
Sirli aləmə.

Şeirdə əsas olan ilk baxışdan duyulmayan, gözə sataşmayan keçidlərdir, məhz bu keçidlərdə, yuxarıda Gileviklə bağlı ifadə etdiyimiz kimi, əşyalar anidən peyda olur və qəfil yoxa çıxırlar, "unudulmaq zonasında" gizlənirlər. Məqsəd bəlkə də bu ani hərəkətlərlə əşyaların içindəki enerjini üzə çıxarmaq, ifadə etmək və bu enerjini məkana dağıtmaqdır, boya dolu qabın ani hərəkətdən aşıb məkana dağıldığı an yaratdığı paradoksal mənzərə kimi. Hadisələr elə qəribə keçidlər yaradır ki, onların hamısını bir hovur ovuclayıb fəhm etməyə nəfəsimiz çatmır, bizə tamaşa etmək qalır. Poetik inversiya - əşyaların anidən peyda olub qəfil yoxa çıxması hardasa aşıq poeziyasındakı "gözbağlayıcı" effektini yada salır. Xəstə Qasımda olduğu kimi: Ay ariflər, bir tərlanım uçubdu // Sağ əlimdən sol əlimə alınca // Onu tutan xeyrü-bəhrin görməsin // Mən yazığın naləsi var dalınca... Xəstə Qasımın bu parçasında obraz daxilindəki dinamika becidliyi, ani hərəkətliyi ifadə edir və bu bir göz qırpımında aşiq üfüq qaşına qalxıb buludların yerini dəyişdirir, ən çox sevdiyinin saçlarını belə oxşayır və bu bir göz qırpımının sonuncu damlasında yerə enib deyir:

Gümüş kəmər bağlayıbdı belinə,
Danışdıqca mail oldum dilinə,
Gül uzatdım nazlı yarın əlinə,
Canım aldı, gülü məndən alınca...

Sonuncu misrada həmin o bircə göz qırpımında yerləri dəyişdirilən buludlar öz yerlərinə qayıdırlar, bunu yuxuda gördüyümüz kimi xatırlayırıq. 

Camalın şeirlərini onun yetmişinci illərdən çıxmağa başlayan kitablarından izləmişəm. Ömrünün sonuna qədər yazdığı şeirləri (nəsr və dram əsərləri də daxil) yan-yana düzsək, onları mahiyyət etibarilə ayrı-ayrı kəsiklərdə yerləşdirsək, belə bir təəssürat yaranar bəlkə də: şair gözünün tutduğu, dərindən hiss etdiyi hər şeyi sınaqdan keçirib, Əli Kərim demişkən, obraz ədasına yol vermədən hər bir nəsnənin "şüalandırdığı" duyğunun "axırına çıxıb", yəni, şairlikdən sıyrılaraq adi bir insan ömrü yaşamaqla bizim üçün böyük bir sual qoyub gedib: belə bir insan olubmu, yaşayıbmı, bilirik, bilmirik, yox, bilmirik. Əli Kərimin "Xatirəsinə" şeirində də belə bir ovqat var idi: O, dünyada yox imiş// Gördüyüm kəs yuxuymuş// Nə siqaret çəkərmiş hey sümürə-sümürə//Nə də baş qaldırarmış//Xırda bir səs-səmirə....  

Camalsa titrək səslə deyirdi:

...Daha heç kim,
heç kim,
heç kim yoxdu
Mənimlə Allah arasında...

Titrək səs, pıçıltı, şairliyi, ilhamı içəridə saxlamaq, dustaq etmək, insanların üzünə gülə-gülə keçmişdə yaşamaq, öz-özünə danışmaq...

Son verilişində özü deyirdi: "Keçmişi qaytarmaq mümkün deyil, bəli, bu, fiziki baxımdan mümkün deyil, ancaq həyat göstərir ki, insan daim keçmişiylə yaşayır, özü-özüylə danışır...."

Camalın bu halını sanki ondan əvvəl dünyayada yaşamış və köçmüş Gilevik hiss eləmişdi:

Həmişə qorxub,
Titrəyib qorxudan
Açar
O qapıya düşməsin.
Ya da
Qıfılın içində sınsın


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!