"Uşağın duası" - böyüklər üçün uşaq kitabı - "Biri var, biri yox" - Mətanət VAHİD

Mətanət VAHİD

 

Uşaq ədəbiyyatından bəhs edərkən 1) yeniyetmə yaşına qədər uşaqlar üçün yazılmış, 2) böyüklər üçün yazılsa da, həm də uşaqların oxuya biləcəyi və 3) qəhrəmanları uşaqlar olan əsərlər nəzərdə tutulur. Xüsusən son ikisində mətnin nə dərəcədə uşaq ədəbiyyatı nümunəsi olması məsələsi, demək olar ki, çox vaxt mübahisəli olaraq qalır. Fidan Nizaməddinqızının ötən ilin sonlarında çapdan çıxmış "Uşağın duası" kitabı da diqqətimi, ilk növbədə, bu cəhəti ilə cəlb etdi. Annotasiyada "geniş oxucu kütləsi üçün nəzərdə tutulur" ifadəsindən daha öncə kitabın uşaqlar üçün yazıldığı qeyd olunur. Lakin kitabı oxumağa başlayanda ilk təəssüratım bu oldu ki, "Uşağın duası" kitabındakı əksər mətnlər uşaqlar üçün yazılmayıb və sona qədər də bu qənaətim dəyişməz olaraq qaldı.

Uşaqlar haqqında, yaxud onların dilindən yazılması heç də bütün əsərləri uşaq mətninə çevirmir. İstər düşüncələrin ağırlığı, dərinliyi, istərsə də dil baxımından "Uşağın duası" daha çox böyüklər üçün yazılmış bir kitabdır - onlara uşaqları xatırlatmaq, balacaların dünyasına nüfuz edə bilmək, nə istədikləri barədə düşünmək, arzu və xəyalları ilə tanış olmaq üçün təsir göstərmək məqsədi daşıyır. Təəssüf ki, valideynlər övladları üçün bir tikə çörək qazanmaq məqsədilə əziyyətlərə qatlaşarkən bəzən onların mənəvi, psixoloji durumunu gözardı edir, uşaqlarla söhbət etməyi, düşüncə və xəyallarını paylaşmağı unudurlar. Fikrimcə, Fidanın kitabı böyüklərə uşaqların nə istədiyini göstərən mətnlər toplusudur. Məncə, müəllif altşüurda uşaqların düşüncə saflığına daha çox güvəndiyindən böyüklərə deyəcəklərinə onları, bir növ, vasitəçi edib.

Bu hekayələrin çoxunda dünyanı uşaqların gözü ilə görür, onların dilindən duyuruq. Çoxusu uşaq gündəliklərindən bir səhifəyə bənzəyən bu mətnlərin təhkiyəçiləri (bəlkə də, bütün hekayələrin bircə təhkiyəçisi) daim içindəki uşağın səsini eşidən böyüklərdir. Burada müəllifin əsas məqsədi uşağın danışdıqları əsasında böyükləri "tərbiyələndirmək", "maarifləndirmək", onların balacalara münasibətini, baxışını dəyişməkdir. Böyüklər həmişə hər şeyi uşaqlardan daha yaxşı bildiyini düşünür, onları yönləndirməkdən zövq alır. Fidan Nizaməddinqızının bu mətnlərində uşaq sanki sakitcə üsyan edir, "məni də görün, dinləyin, anlayın, duyun" deyir.

Dünya ədəbiyyatından uşaqlar haqqında yazılsa da, yalnız uşaqlara deyil, daha çox böyüklərə ünvanlanan onlarla əsər adı çəkmək olar. Lakin "Uşağın duası" kitabı mənə daha çox Anna Qavaldanın "35 kilo ümid" və Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsərini xatırlatdı - uşaqlar haqqında olsa da, böyükləri uşaq dünyasına, başqa sözlə, öz içinə yenidən boylanmağa vadar etdiyinə görə. Axı bütün böyüklər nə vaxtsa mütləq uşaq olub və bizim bir çoxumuz bu həyatı elə içimizdəki uşaqla birgə yaşayırıq.

"Uşağın duası" kitabındakı mətnlər mövzular üzrə qruplaşdırılmasa da, fəsillərə ayrılmasa da, onların bir qismi koronavirus pandemiyasından, bir neçəsi Qarabağ müharibəsindən bəhs edir, digərləri isə daha çox xatirələr üzərində qurulur. Kitabın ərsəyə gəldiyi ərəfədə iki böyük imtahan qarşısındaydıq: bu gün də davam etməkdə olan koronavirus pandemiyası və uzun müddətdir ki, gözlənilən və cəmi 44 gün sürərək, xalqımızın qələbəsi ilə bitən Vətən müharibəsi. Hər iki böyük imtahan insandan güclü iradə, güc, səbir istəyir. Fidan Nizaməddinqızı dünyanın hər cür bəlalardan xilasının iman, inanc variantını təklif edir, xilası "Uşaqların duası" hekayəsində də xüsusi vurğulandığı kimi, Yaradana ümidlə bağlanmaqda görür.

Yeni və sürətlə dəyişən reallıqlar ayrı-ayrı insanları və ictimai qurumları operativliyə, düşüncə və əməldə çevikliyə sövq edir. Məsələn, keçən il pandemiyanın elan olunmasından bir ay ötər-ötməz dünyada 50-dən artıq humanitar təşkilatın iştirakı ilə 6-11 yaşlı uşaqlar üçün "Mənim qəhrəmanım sənsən" adlı hekayələr toplusu hazırlandı. Buradakı hekayələr yüzlərlə valideyn, müəllim və uşağın pandemiya ilə mübarizə üsulları əsasında yazıçı Helen Patuk tərəfindən qələmə alınmışdı. Başqalarının təcrübələri əsasında ərsəyə gəlmiş kitabın məqsədi balacaları virusdan və daha da çoxu, pandemiya dönəmindəki neqativ emosiyalardan qorumaq idi. Qısa müddətdə kitab türk, rus, ispan, ərəb, fransız, alman dilləri də daxil olmaqla, 9 dilə tərcümə olunub dünya uşaqlarına çatdırıldı.

Neçə-neçə ölkələrdə koronavirusa qalib gəlməyin yolları ilə bağlı uşaqlar üçün əyləncəli, ümid və işıq dolu, nikbin əhvali-ruhiyyəyə köklənmiş kitablar çap olundu. "Uşağın duası" kitabındakı koronavirus mövzusundakı hekayələr isə xüsusən uşaqların bu dönəmi, izolyasiya mərhələsini necə keçirməsinin, həmin dövrdəki maddi sıxıntıların, mənəvi-psixoloji sarsıntıların təsvirindən ibarətdir. F.Nizaməddinqızı bu hekayələrdə daha çox həyatın sərt üzünü göstərir. Bu mətnlərdə bütün dünyanı saran pandemiya fonunda cəmiyyətin, həmçinin bəşəriyyətin problemləri, təhsil sistemimizdəki çatışmazlıqlar, valideynlərin davranışındakı qüsurlar qabardılır, müəllif onlara uşaq gözü ilə baxmağa çalışır.

Kitabdakı bütün mətnlər üçün həlledici məqam humanizmlə, daha da çoxu, empatiya duyğusu ilə bağlıdır - güclü emosiyalar yaradır, düşündürür və yəqin ki, hər bir böyük özünün uşaqkən bu və ya digər məsələ ilə bağlı hiss və düşüncələrini yada salır. Eyni zamanda uşaqlara, övladlarına bir daha bir başqa nəzərlə baxmağa sövq edir. "Uşağın duası" toplusu, hər şeydən öncə, insanlara duyarlı olmağı, özünü başqasının yerinə qoya bilməyi təlqin edir.

Fidanın hekayələrində yeri gəldikcə müxtəlif əfsanələr, rəvayətlər xatırlanaraq, bu üsulla mənəvi-əxlaqi dəyərlərə vurğu edilir. Mənəvi dəyərlər aşılayan hekayələrdən biri yenə uşağın dilindən xatirə kimi yazılan "Babamın gözləri"dir. Uşağın babası müəllim olduğundan onlar 3 il ərzində məktəb yolunu birlikdə gedib gəlirlər və baba yol boyunca yerdə gördüyü çörək parçalarını götürüb öpüb gözü üstünə qoyur. Bir gün baba xəstələnir, artıq nəvə məktəbə onunla birlikdə gedə bilmir. Birdən fərqində olur ki, babası kimi yerdə gördüyü çörək, şirniyyat parçalarını qaldırıb öpüb gözü üstünə qoyur: "Babam o qədər mənim yanımda yerdən çörəkləri götürüb öpüb gözünə qoymuşdu ki, indi yollara tökülmüş çörəkləri görəndə elə bilirəm ki, onlar babamın gözləridir." Burada bir diqqətçəkən məqam da var: uşaq danışır ki, babam bütün məktəb yolu boyunca mənə çoxlu öyüd-nəsihət verərdi. Amma uşaq üçün babasının əməli nümunə idi, o, babası etdiyi zaman hövsələsinin daraldığı hərəkəti qeyri-iradi təkrarlayır. Hekayə belə bir doğru qənaəti aşılayır ki, əslində, böyüklər uşaqlara öyüd-nəsihətlə yox, öz nümunələrində tərbiyə verirlər.

Atası müharibədə şəhid olmuş balacanın vətənpərvərliyini, ata sevgisini əks etdirən "Son gediş" hekayəsini kövrəlmədən oxumaq olmur. Fikrimcə, Fidan bu hekayədə vətən sevgisini, şəhadəti, sədaqəti anlatmağın uğurlu bədii həllini verə bilib. "Məsum dilənçi" hekayəsində küçələrdə zorla diləndirilən körpələrin ümumiləşmiş taleyindən bəhs olunur. Onların məcburən küçələrə düşürülməsi, istismar olunması məsələsi aktuallaşdırılır.

Elə texnoloji inkişaf dövründə yaşayırıq ki, insanların əksəriyyəti həyatı reallıqdan çox, virtual aləmdə keçirirlər. Xüsusən uşaqlar telefona, kompüterə, sosial şəbəkələrə aludə olurlarsa, onların reallığa "qayıtması" çətinləşir. Günümüzün bu bəşəriyyəti sarmış daha bir problemi "Nabələd" hekayəsində Nicatın simasında əks olunur. Bu hekayələrdə heç də bütün valideynlər ideal, həmişə uşaq mətnlərində təsvir olunduğu kimi qayğıkeş və təmənnasız ata-analar deyillər ("Portağal bayramı"). Bu hekayələr bəzən nağıl dili ilə yazılsa da, reallığı bütün çılpaqlığı ilə əks etdirir.

"Uşağın duası" kitabındakı hekayələrin protoqonisti ən çox uşaqlıq xatirələrini bölüşür. Bunların ən şirini  nənəli, babalı xatirələrdir. Təndirlə assosiasiya olunan nənə ("Təndirin yoxluğu ilə nənəmin də yoxluğunu qəbul etdim. Nənəm sağ olsaydı, təndiri dağılmazdı."), yaxşı əməlləri ilə nümunə olan baba və s. Artıq böyümüş nəvənin nənə-babasına mənəvi bağlılığı üzə çıxır: onlar daha həyatda olmasalar da, onun ömür yolunda, xarakterində izini qoyan xatirələri var və bu xatirələr işıqlıdır.

Şərqiyyə nənənin xatirələrindən doğulan "Ağdama gedən qatarlar" hekayəsi onun nəvələri Kənanla Sənanın yalnız böyüklərdən eşidib, xəyalını qurduğu Ağdama getmək arzusu üzərində qurulub. Yeri gəlmişkən, bu kitab Azərbaycan xalqının mənfur erməni faşizmi üzərindəki möhtəşəm qələbəsindən az əvvəl ərsəyə gəlib. Və nə gözəldir ki, biz Ağdamla bağlı bu nisgilli hekayəni oxuyarkən artıq əvvəlki kimi kədərlənmirik, hər birimizin o doğma yurd yerlərinə getmək arzumuz xəyaldan daha çox, gerçəyə yaxındır. Hekayə ilə bağlı isə onu qeyd edim ki, burada unutmamaq, unutdurmamaq məqsədilə doğma Ağdam haqqında ətraflı məlumat verilir. Lakin məlumatlar hekayə janrının ölçülərini aşır, statikləşir.

Ümumiyyətlə, "Uşağın duası" kitabında "hekayələr" adı altında toplanmış bu mətnlərin bəziləri təhkiyə boyunca intonasiyasını dəyişir, tamamilə publisistik üsluba keçid alır ("Kukla teatrında", "Ağdama gedən qatarlar", "Niyyət" və s.), sona yaxın isə yenidən əvvəlki ahənginə qayıdır. Fikrimcə, bu, müəllifin problem situasiyaya olan münasibətindən irəli gələn məqamdır. Xüsusən müharibə və koronavirus pandemiyası ilə bağlı fikirləri mətndə bədii həll şəklində deyil, əksərən publisistik düşüncə şəklində meydana çıxır.

Bəs kitab niyə "Uşağın duası" adlanır? Fidanın hekayələrində inanc məsələsi üzərinə xüsusi vurğu edilir. Mental təfəkkürümüzdə uşaq duasının Allaha daha yaxşı çatacağı düşüncəsi yer alır. Dua ümiddir, inamdır, insanın mənəvi həyatının böyük bir parçası, imanın təzahürüdür. Dua, hər şeydən çox, sevgi aktıdır. Dua anında insan Yaradanla ən səmimi, içdən ünsiyyətdə ola bilir, Ona sevgisini bildirə, ruhunu təslim edə bilir. Dua addımdır, ruhun qanadlanmasıdır. Dua - məhz bu anlarda Yaradanın sənə mütləq "qulaq kəsildiyi"nə inamdır, bu üzdən yalnız bəndənin müraciəti deyil, həm də bəndəyə müraciət kimi qarşılıqlı aktdır. Dua etmək artıq iman gətirmiş olmaq deməkdir; insan inanmadığından, ümidlə sarıla bilmədiyindən nəsə istəyə bilməz. Yəqin bu üzdəndir ki, etiraf və istəklərin ən səmimisi olan dua insanların ən səmimisi olan uşaq dilində - qəlbində ən uca məqamındadır. Bu kitabdakı bəzi mətnlər məhz belə bir içdən, səmimi sevgini, ruhaniyyət və təslimiyyəti təlqin edir. "Uşağın duası" deyir ki, insanın xilası sevgidə, ümiddə, inamda və imandadır. Kitabın müəllifi deyir ki, mənən böyümək, ucalmaq istəyirsənsə, dünyaya bir də dön uşaq nəzərləri ilə bax, içindəki uşağı zorla böyütməyə çalışma.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!