Rəng və ahəngdən danışıq dilinəcən... - Sədaqət HƏSƏNOVA

 

Söz öz sahibinin səsidi, məncə,

Hər söz sahibinin ruhunu geyir.

Elxan Yurdoğlu

 

Azərbaycan ədəbi dilinin inkişafında, onun yeni üslub faktları ilə zənginləşməsində müəyyən qədər rolu olan şairlərdən biri də Naxçıvan ədəbi mühitinin gənc nümayəndəsi Elxan Yurdoğludur. Əlinə qələm alandan bəri imzası və ifadə tərzi ilə seçilən şair bədii dilimizə öz payını verməyə çalışan sənətkar kimi diqqəti cəlb edir. Onun əsərlərini oxuyarkən düşünürsən ki, doğrudan da, M.Adilovun dediyi kimi "şeir mahnıdan törəmişdir və məhz mahnının musiqisindən ayrılan nöqtədən şeir başlayır":

 

Elə hey gedərəm, yollar yol gedər,

Yollar yedəyində yorar yolçunu.

Beləcə, ömrümü verərəm hədər,

Baxaram, ölüm də açıb ovcunu.        

 

Burada y səsinin alliterasiyası şairin bədii duyumunu göstərir. Əsərdə samit səslər elə bir bədii mühitə düşür ki, yeni musiqili səslənmə keyfiyyəti yarada bilir.

Ədəbi aləmdə bir çox dəyərlərin şairi vardır: qəlb şairi (M.Füzuli), dəniz şairi, küləklər şairi, məhəbbət şairi (Nəbi Xəzri), "daşların baş nəğməkarı" (Əliağa Kürçaylı), rənglərin uzmanı, sərrafı (Rəsul Rza), Naxçıvanın Səməd Vurğunu (İslam Səfərli) və başqaları kimi. Poeziyada bu ənənə nəsilbənəsil davam edir. Bu yol uzun yoldur və hər bir qələm sahibinin imzasını fərdi cığıra salır. Elxanda da belə bir istiqamət sezilir. Onu "yollar şairi" kimi dəyərləndirmək olar. Yollar Elxanın dilində xüsusi bir obrazdır. Bu obraz bilərəkdənmi, ya bilmədən, məqsədli və ya məqsədsiz şəkildə yaranıb? Bilinmir. Lakin bu bir gerçəklikdir ki, yollar şeirin sehrinə salınaraq maraqlı bir obraza çevrilib:

 

Biz yolları bitirmədən, yollar bizi bitirdi,

Bu yollarda kim nə tapdı, kimlər kimi itirdi?

Yollar yoran yuxularım üzüqoylu yetirdi

Cavab verdi sualıma: Yol yoldaşın yollardır.

 

İnsan daim yol gedir, insan daim səfərdədir, yolçudur. Bu ömür yoludur, ya fikir yoludur, fərq etməz, hər halda, yoldur. Yollar insanın ömür dostlarındandır. Elxanın fikrincə, yollar insan həyatının bəzəyidir:

 

Bu yolun qısası yox,

Yaxını, kəsəsi yox.

Geriyə dönəsi yox,

Gedək yol bitənəcən,

Yolları ötənəcən.

 

Getmək barışdı, bil, gəl,

Haqqa varışdı, bil, gəl,

Qorxma, tanışdı, bil, gəl,

Gedək yol bitənəcən,

O haqqa yetənəcən.

 

Şeir canlı danışıq dilinin bütün xüsusiyyətlərini əks etdirsə də, dilin fonetik imkanlarından istifadə üsuluna görə hər bir qələm sahibinin "öz dili" meydana çıxır. Bu baxımdan, haqqında söz açdığımız Elxan Yurdoğlunun aşağıdakı misraları da maraqlıdır:

 

Dağların daş dilini duya bilirlər,

Quşların quş dilini duya bilirlər.

Doğma qardaş dilini duya bilirlər,

Biri getdi, biri köçdü, biri qaldı.

 

Elxanın "O ağacı kəsdilər" adlı şeirində belə bir ifadə var: "Tənha şairin söz yolunu kəsməyin, Yolu düz yeriyənin düz yolunu kəsməyin". Bu misralarındakı s, z və y samitlərinin ahəngi səslərin poetik qüdrətini ortaya qoya bilir. Buradan belə bir fikir qətiləşir: Poetik dildə səslərin rəngi və ahəngi adi danışıq dilindəkindən yüksək olur.

Elxan Yurdoğlunun dilində onun öz qələminə xas olan bir sıra fərqli fikirlərlə qarşılaşmaq olar:

 

Şair başına gələr

Sevdanın ən betəri.

 

Həsrətin sağ əl kimi

Misralara çəkilib.

 

Ümumxalq dilində "başa gəlmək", "sağ əlin başıma" kimi frazem və deyimlər Elxanın qələmində məxsuslaşır, şair onlara "əl gəzdirərək" bədii-estetik səciyyəsini ortaya qoya bilir.

 

Bir vaxt uşaq idi, oğlum, atan da,

Uşaqtək sevindi səni tapanda.

Yat, səhər dünyanı qoyub sapanda

Qonşu həyətinə atarıq, oğlum.

 

Elxan Yurdoğlunun daxili monoloqları, insanın içini, düşüncələr aləmini əks etdirmək bacarığı şeir mühitində bədiilik faktoru kimi diqqəti çəkir. Belə məqamları fikrin təzəliyi müşayiət edə bilir:

 

Küçə işıqları dar ağacıdı,

Asıblar şəhərin qaranlığını.

 

"Qaranlığın asılması" ədəbi-bədii dilimizdə təzə-tər ifadələrdəndir. Şairin payız fəsli haqqındakı "ayrılığın intihar fəsli" ifadəsi də bu baxımdan dəyərlidir.

Çağdaş problemlərin keçmişin işığında təcəssüm etdirilməsi Elxan Yurdoğlunun yaradıcılıq impulslarından biridir. Onun "Uşaqlıq ən dahi avamlıq imiş" misrasında həm hikmətli fikir, həm də yeni ifadə diqqəti cəlb edir.

 

Yadımda saxlayardım bir-bir söhbətləri

- Şifahi qəzetlər idi təndir söhbətləri.

 

Elxanın əsərlərində gördüklərinə, duyduqlarına seçkin prizmadan yanaşma halları vardır. Onun insanlara, hadisələrə, obyektlərə qiymət verməsi də fərqlidir. Yuxarıdakı misrada təndir söhbətlərinin "şifahi qəzetlər" adlandırılması belələrindəndir. Vətəni haqqındakı aşağıdakı misralarda Naxçıvanın qədimliyi, duz yurdu olması, tarixi qeyrəti bir araya gətirilmişdir:

 

Sən ki mənim Nuh babamın

Süfrəsinə duz vermisən.

Danışanda susub tarix -

Tarixə sən söz vermisən.

Bütün əyri sualların

Cavabını düz vermisən.

 

Bu cəhətdən aşağıdakı fikir də orijinallığı ilə seçilir:

Araz mənim lal axışlı, dərd baxışlı duzlu yaram.

İlk baxışda buradakı sözlər adi görünə bilər. Lakin "dərd baxışlı" ismi birləşməsi ilə tarixi gerçəkliklər yada salınır, "duzlu" sözü "yara"nın epiteti kimi onun acı verdiyini, sağalmadığını göstərir.

Elxan Yurdoğlu yaradıcılığında heca vəznində maraqlı şeirlərə yer verilsə də, sərbəst şeirə müraciət də davamlıdır. Bədii ovqatın canlandırılmasında sərbəst şeirin əhəmiyyəti böyükdür. Çünki bu şeir formasında qafiyə gözəlliyi ikinci plandadır, burada məna əsasdır. Məna bolluğu sözün bədii tutumunu, sanbalını çoxaldır, çəkisini ağırlaşdırır. Lakin, sözsüz ki, hecanın axarına düşən misralar ritmi ilə daha yüksəkdə dayanır:

 

Min il, milyon ildi deyilən fikri

Sözünlə rəngləyib təzə çıxartdın.

 

Fikirləri sözlə rəngləmək və rənglədikcə təzələmək fikrini Elxana şamil etmək ona yaraşır:

 

Sözün hansı ruhda sirr gizlədibsə

Oxuyan heyrətdən tilsimə düşür.

 

Yaxud:

 

Sən ruh adamısan, ruhun adamdı,

Fikirlər söz kimi ruhuna damdı.

 

"Sözün ruhda sirr gizlətməsi", "ruha dammaq" Elxanın bədii icadlarından biridir. Şairin dilində qədim ümumtürk vahidlərindən olan arınmaq, yaslanmaq feillərinin aktiv mövqeyi diqqəti çəkir. Dilin maraqlı milli sözlərindən olan bu leksik-qrammatik örnəklər hazırda dilimizin fəal leksikasını tərk etsə də, üslub məqamları ilə işləkdir:

Bütün günahlardan arınar,

düşməninə sarılar

bu səsi dinləyən.

 

Həmçinin:

 

Olmaz hər çiçəyə mənnən arı da,

Ki, gül günahını mənnən arıda.

 

Və yaxud:

 

Son anında bilmədim, kölgəsində kim vardı,

Gövdəsinə yaslanıb danışmadım, susmadım,

Bizi bir-birimizdən bilərək ayrı salıb

O ağacı kəsdilər.

 

Elxan Yurdoğlunun poetik dilindəki səs naxışları fonoloji vasitələrin imkanlarına işıq tutmaqdan başqa, dilin şeiriyyətini dərindən duymaqda enerji daşıyıcılarındandır:

 

Canını alarsan, sözə can verib,

Sözə can verənə söz də can verib.

 

Bədii dildə xitabların da üslub keyfiyyətləri çoxdur. Maraqlıdır ki, bəzən şairlərin xüsusi müraciət obyektlərinə rast gəlirik. Bu mənada, Elxan Yurdoğlunun dilindəki "adam", "qadın" müraciətləri fərdiliyi ilə seçiləndir:

 

Çalış üst-başınla tanınmayasan,

Göz üstə qaşınla tanınmayasan.

Cavanlıq yaşınla tanınmayasan,

Səni tanısınlar sözündən, adam!

 

Eləcə də:

 

Məndən yaz sevgisi ummaqdan əl çək,

Səni payız kimi sevirəm, qadın.

 

Elxan Yurdoğlunun dilindəki sükutu utandırmaq, söz toxumu, gül-çiçək dili, söz adamı, səsə baş qoymaq, söz adlı dərd, həsrətin boyunun uzanması, kələ-kötür xəyallar, rəngli pıçıltılar, dəli ürək, dünyaya etiraz ehtiras, ölümə ərk eləmək, yorğun söz, sözün ana yurdu, ayrılığın cib dəsmalı, peşmanlığın dizlərini qucaqlamaq, kədərin göy qurşağı və s. kimi onlarca dil-üslub faktları şairin öz qələminə məxsusdur.

"Qalxanda da, enəndə də Sözə sığınmışam" deyən şairin dilində hikmət ifadə edən misralar da yetəri qədərdir:

 

Hər şəhid bu vətən torpaqlarına

Bir qeyrət toxumu kimi əkilər.

Qan ilə sulanıb Vətən cücərdər,

Cənnət gülü olar qəbirdəkilər.

 

Eləcə də, bu misralara diqqət edək: "Həyat imtahanlar zalıdı", "Etiraf  uduzar utancaqlığa", "Axşamlar yuxuları oğurlayar xəyallar" və s.

20 il bundan əvvəl Naxçıvan Dövlət Universitetinin auditoriyalarında dərs dediyim balacaboy, qaraşın tələbəmin söz yaradıcılığını, istedadını o vaxtlardan təqdir edir, bəyənir, hərdən dərs zamanı şeirlərini dinləyirdim. Bu gün isə istedadlı şair, zəhmətkeş folklorşünas alim kimi tanınan Elxan Yurdoğlu haqqında, onun şeirlərinin dil-üslub xüsusiyyətlərindən söz açmaq müəllimi olaraq mənim üçün qürurvericidir. Özünəməxsus dil faktları ilə poetik nümunələr ortaya qoyan şair-alim tələbəmə bundan sonra da yeni yaradıcılıq uğurları arzulayıram.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!