Nənəni nəticəsinə xeyir-dua verməyə apardım. Sabahısı nəticəsinin toyu olacaqdı. Nənə keçmişlərdən danışdı, bir armudu stəkan çay da içdi. Nənə, adətən, bir məclisdə yarım saatdan çox otura bilmir. Qısa bir vaxtdan sonra "bəsdi, durun, gedək" deyir.
Nənə bu dəfə gözlənilmədən mənə: "Bir şeir de, gedək" dedi. Tanımayanlara nənənin bu sözü təəccüblü görünsə də, bilənlər bilirdi ki, uzun illər aynalı corablar toxuya-toxuya Məhəmmədhüseyn Şəhriyardan, Səməd Vurğundan, Mikayıl Müşfiqdən, Məmməd Arazdan, Söhrab Tahirdən... şeirlər deyən nənədir. Ucqar dağ kəndində cəmi dörd sinif bitirən nənə o şeirləri də eşidib əzbərləmişdi. Araya söz saldım ki, bəlkə nənə şeir sifarişini unuda, amma, deyəsən, nənə fikrimi duydu: "Nədi, demək istəmirsən?". Naəlac qalıb şeir dedim.
Evə qayıdandan sonra: "İndi gəl sənə nə qədər şeir istəyirsən oxuyum", - deyə bu dəfə Allahşükür Ağanın "Ləpir", "Əgər...", "Ayaqların xatirəsinə", "Bir şamın içindən", "Tankçı", "Ağlamaq", "Payız istiləri", "Sənin gülüşlərin", "Buludlar dəyir uşaqlara", "Qoca", "Top atmaq kimi", "Çiçəklər, əllər ", "Dünya", "Qartalım", "Ayaqlarımın qandalıdı araba", " Çayda balıq nağılı", "Gəl belə danışaq, kədərli dostum", "Ay dünya...", "Saatın min dəfə bir olub", "İtmiş gecə", "Skamyalar", "Pəncərədən gözəl görünür payız...", "Səs salmayın", "Bayıl türməsi" şeirlərini oxudum. Nə isə, əməlli-başlı bir poeziya buketi... Amma nənə də, nənəyə baxan qızı da (o da natamam orta təhsilli idi) bir dəfə "bəsdi" demədilər. Az qala nəfəsini çəkmədən dinlədilər. Sadəcə, arada heyranlıqlarını bildirən səsləri gəldi.
***
...Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi...
***
...Bacalardan qalxan tüstülər
meşələrin ahıdır, bəlkə.
Ona görə özlərini dumana bənzətməklə
Ovunmaq istədilər bir az...
Ağacların gələcəyidir tüstülər,
Hər gün meşələrin üstündə dayanıb,
Əl eləyirlər,
bir az susurlar.
Yenə dumanda bir az göz yaşı var,
Bir az yaşla sevinir adamın gözü.
Amma
Göz yaşı da yanıb
Bu tüstülərin.
Adamın gözündən dartıb
Yaşı da çıxarır hələ.
Biz neylədik, insanlar,
Göz yaşlarını yandırıb
Qızınmaqmı olar?
***
...Gərək yağmayaydın, qar,
yazıq deyildinmi?
yazığın gələydi
barı özünə.
İndi üstündə bir maralın qanı
sürünür
Qırmızı
Şərf kimi...
Şeirləri oxuyarkən nənə də, qızı da necə təsirlənmişdilərsə: "Bu daha Allahın möcüzəsidi. Bu elə-belə şair deyil, alim şairdi" dedilər.
- Adı nədi? - soruşdu nənə.
- Allahşükür Ağa.
- Allahşükürü Allah saxlasın!
- Neçə yaşı var?
- Otuz yaşı olur.
- Görüm onu otuzluq lampa kimi yansın! Nə qəşəng sözləri var! Uşaq süd şüşəsini qucaqlamışdı e, onu bir də oxu!..
...Mən isə poeziya qoxusu hər misrada az qala yüz ağaclıqdan adamı vuran şeirlərini oxuduqca yazdıqlarımdan utandım, Ağa!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!