"Onun yazacağını heç kim yazmayacaq" - “Unudulmazlar” silsiləsindən - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

1979-cu ilin 21 dekabr günü. Mən Ədəbiyyat İnstitutundan ayrılıb Yaşar Qarayevin və Elçin Əfəndiyevin xeyir-duası və Yazıçılar İttifaqının sədri İmran Qasımovun əmri ilə "Azərbaycan" jurnalına Tənqid şöbəsinin müdiri təyin olunmuşdum. Həmin gün yeni iş yerinin sevinciylə jurnala gəldim. İçəri girdim, amma baş redaktor Əkrəm Əylislini,  jurnalın əməkdaşları - İsi Məlikzadəni, İntiqam Qasımzadəni, Nadir Cabbarovu, Natiq Səfərovu, Tahir Hüseynovu, Dilsuzu, Nemət Veysəllini pərişan gördüm. Az-çox tanıdığım İntiqam Qasımzadəyə yanaşdım, "niyə kədərlisiniz", - deyə soruşdum. Dedi ki, Sabir Süleymanov - bu jurnalın əməkdaşı - vəfat edib. Mən də istər-istəməz bu pərişanlığa qatıldım. Mənə Sabir Süleymanovun oturduğu yeri təklif etdilər.

Mən Sabir Süleymanovu bir neçə dəfə görmüşdüm. Jurnala - çap olunmağa yazı gətirirdim. Sabir Süleymanov çox ciddi, qaraqabaq adama oxşayırdı, həmişə də nəyisə oxuyur, redaktə edirdi. Amma onunla heç bir ünsiyyətim olmasa da, əsərlərini oxumuşdum, hətta "Nəsrimizdə konflikt və xarakter" adlı namizədlik dissertasiyamda onun "Dan qaranlığı" povestindən də söz açmışdım.

İllər gəlib keçdi, hər gün işə gələndə, o yerdə oturanda Sabir Süleymanovdan, dünyasına qovuşmuş o insandan üzr istəyirdim.

Dünyanın faniliyi, ömrün vəfasızlığı, ölümün gözlə qaş arasında olmasından çox deyiblər, çox yazıblar. Ömür baharına səmum yeli əsən neçə gözəl insan dünyasını dəyişəndə, nədənsə, böyük sənətkarımız Cəfər Cabbarlının bu misralarını xatırlayıram:

 

Ölmək, o böyük körpünü hər kəs keçəcəkdir,

Bir badə ki, ondan bütün aləm içəcəkdir.

Hər süslü çiçək sonda saralmış quru yarpaq,

İnsan kimdir? Əvvəli torpaq, sonu torpaq...

 

Böyük ədib bu misraları qardaşı Hüseynqulunun qəbir daşına yazdırmışdı. Bu gün vaxtilə gördüyüm, bəziləri ilə lap dostluq etdiyim Yusif Səmədoğlunu, Vaqif Səmədoğlunu,  İsi Məlikzadəni, Fərman Kərimzadəni,  İsa İsmayılzadəni, Ələkbər Salahzadəni, Səməndər Rzayevi, Nüsrət Kəsəmənlini, Zəlimxan Yaqubu,  Eldar Baxışı, Şahmar Hüseynovu "nakam" deyib xatırlayırıq. Məmləkətimizin hər bölgəsində baş-başa verən şəhid qəbirləri də nakamlar xəzanıstanına dönüb.  Ancaq nakamların çoxu o yarımçıq ömürlə də dünyada bir iz qoydular.

Cəmi 42 il yaşamış yazıçı Sabir Süleymanov (1937-1979) da bütöv bir ömrü başa vura bilmədi.

Qısaca bu yarımçıq ömrün səhifələrini çevirək: "Sabir Süleymanov Cəbrayıl rayonunda doğulmuşdu. Orta məktəbi bitirəndən sonra APİ-də təhsil almışdı. İnstitutu bitirəndən sonra (1960) "Maarif" nəşriyyatında, Azərnəşrdə işləmişdir. Son iş yeri "Azərbaycan" jurnalı idi - Nəsr şöbəsinin müdiriydi. Ədəbi fəaliyyətə  "Qovaqlar" adlı ilk hekayəsi ilə başlamışdı (1958). Sağlığında beş kitabı çapdan çıxmışdı". 

Öncə qeyd etdim ki, o jurnalda tanıdığım iki adam vardı - İntiqam Qasımzadə və Nemət Veysəlli. Onlarla hal-əhval tuturdum. Hərdən boş stulların birində əyləşir, redaksiya "mətbəxini" seyr edirdim. Buraya tanınmış yazıçılar gəlir, müxtəlif nəsildən olan yazarlar şeir, hekayə təqdim edirdilər. Həmişə üz-gözündən ciddilik yağan qaraşın bir kişinin başını əlləri içərisinə alıb dərin düşüncələrə daldığının şahidi olurdum. O qaraşın kişi Nəsr şöbəsinin müdiri Sabir Süleymanov idi. Öyrəndim ki, Sabir müəllim xəstədir, beyin nahiyəsindən tez-tez ağrıları olur.  Əlbəttə, təəssüflənirdim, onunla heç bir ünsiyyətim olmasa da, povest və hekayələri ilə tanış idim. Ölümündən sonra mən Sabir Süleymanovun çap olunmuş əsərlərini bir daha oxudum və "altmışıncılar" nəslinin sırasında onu da kəşf etdim. Sabir Süleymanovun özünəməxsus yazı tərzi, fərdi üslubu, həyat hadisələrinə yanaşma üsulu, obrazları son dərəcə real və inandırıcı təsviri ilə qarşılaşdım. Amma ona təəssüfləndim ki, bir-iki epizodik yazıdan başqa, bu istedadlı yazıçı haqqında o zamankı ədəbi tənqid ciddi bir söz demədi.

Cəmi 42 il. Bunun da son bir neçə ilini Sabir Süleymanov ölümlə üz-üzə qalmışdı. Sağlığında çap olunan beş kitabında beş povesti və iyirmidən çox hekayəsi toplanmışdı. Özü də bu əsərlərin çoxunu o, 60-cı illərdə qələmə almışdı. 60-cı illər isə Azərbaycan ədəbiyyatının inkişafında yeni bir mərhələnin yarandığı illər idi. Anar, Y.Səmədoğlu, İ.Məlikzadə, Elçin, Ə.Əylisli, F.Qoca, F.Sadıq, M.İbrahimbəyov,  F.Kərimzadə, S.Azəri, İ.İsmayılzadə, V.Səmədoğlu, Ə.Salahzadə, M.İsmayıl öz şeir və nəsr əsərləri ilə ədəbiyyatın daşlaşmış, ənənəvi stereotiplərini qırır, yeni cığırlar açırdılar. Sabir Süleymanov da bu yenilikçilər -"altmışıncılar" arasındaydı. O öz məxsusi yazı tərzi, fərdi üslubu və nəfəsiylə yaşıdlarından seçilirdi. Onun povestlərinin əksəriyyəti müharibə mövzusunda idi.  Xatırlayaq ki, o illərdə "altmışıncılar" bu mövzuya tez-tez müraciət edirdilər.  Çünki onların uşaqlığı müharibə illərinə düşmüşdü, atasızlığın bəlasını, ehtiyacın hər üzünü görmüşdülər. Sabir Süleymanovun "Qarayel" povestində  balaca Qiyasın dililə söylənilən həqiqətlər müharibə haqqında canlı, görümlü təəssüratlar yaradırdı. Müharibə təkcə döyüş bölgələrində, səngərlərdə getmirdi, həm də arxada, bu davadan əzab çəkən anaların, uşaqların, kimsəsiz qocaların  ürəyində gedirdi. İnsanlar bu dar gündə  sınağa çəkilirdi, müharibədən yayınan keçəl Xasay  kimiləri gecələr ərsiz qadınların  evlərinə hücum çəkir, gündüzlər isə onlara göz verib işıq vermirdilər. Yazıçının "Şaqul" povestinin qəhrəmanı da uşaqdır, atası müharibəyə getmiş, anasısa ölmüşdür. Bu zaman Seyid Nuru deyilən bir şəxs həmin bu uşağı - Savalanı "himayəsinə" almış, guya yetimə yiyə durmuşdur.  Əslində isə... Müharibənin nə demək olduğu Savalana Seyid Nurunun  mənfur sifətini, qeyri-insani hərəkətlərini  görəndə məlum olur.

Sabir Süleymanovun müharibə mövzusunda ən gözəl əsəri isə "Dan qaranlığı" povestiydi. Povestin qəhrəmanı Məhəmməd kişi müharibə illərində bir kəndin  arxası, ağsaqqalıydı, kolxoza sədrlik edirdi. O, nə qədər ağır, məşəqqətli günlər görür, böyük oğlu müharibədə həlak olur, amma bütün bunlara dözür, kəndi də bu dözümüylə, təmkiniylə ağır sınaqdan çıxara bilir. Amma onun ikinci oğlu Qədir isə tamam başqa bir ruhda böyüyür, atasının təmizliyinə, saflığına gülür, işlədiyi yerdə oğurluq edir, arvadını döyür, incidir, işi çətinə düşəndə isə atasına deyir ki, onda olan qiymətli qəməni satsın, onu xilas etsin. Qəmə isə kişilik, mərdlik simvoludur - onu bivec oğula sərf etməkdənsə, aparıb muzeyə qoymaq daha yaxşıdır və Məhəmməd kişi belə də edir.

Amma mənim Sabir Süleymanovdan ən çox bəyəndiyim əsər "Çinar kəhrizinin suyu" povestidir.  "Bəzən gecənin bir aləmində gözətçilər onun səsini Çinar kəhrizindən eşidərdilər. Onda Ceyhun nərə çəkməzdi. Kiməsə işarə ilə, eyhamla söz qandırmazdı. Ucadan, hündürdən qışqıraraq dərdini, arzusunu istəyini, sevincini, zümzüməsini gecələrin sükutuna, sakitliyinə qatan çinar kəhrizinə bildirərdi. Növbədə olarkən susayıb özünü kəhrizə verər, sudan ovuc-ovuc içib ürəyinin yanğısını söndürər, sonra da kəhrizin daş pillələrini qalxa-qalxa hamının eşidəcəyi səslə deyərdi: "Oxqay, ay çinar kəhrizinin suyu! Sənə qurban olum, ay Çinar kəhrizinin suyu!". Povestdə yalnız bircə dəfə görünən, sonra naməlum bir ölümə qurban gedən Ceyhunun bu sözləri simvolik bir məna daşıyır. İnsanları o müqəddəs suya tapınmağa, o su kimi təmiz və saf olmağa səsləyən Ceyhun (yanğınsöndürən maşınının sürücüsü) öz vəzifəsini yerinə yetirərkən həlak olur. "Ceyhun elə bil yatmışdı. Elə bil bu saat səs-küyə oyanıb başını qaldıracaq, arxada qalan çinar ağacına üz tutub deyəcəkdi: "Oxqay, ay çinar kəhrizinin suyu! Sənə qurban olum, ay Çinar kəhrizinin suyu!". Povestin qəhrəmanı gözətçi Sərxandır, maddi ehtiyac üzündən bir mağazaya keşik çəkir və bu balaca budkada neçə insanla üzləşir və getdikcə insanları daha yaxşı tanıyır.

Sabir Süleymanovun hekayələri də onun istedadlı nasir olduğundan xəbər verirdi.  Məsələn, "Keçiddə" hekayəsində gül kimi arvadını tərk edib başqasına uyan Çərkəz adlı birisinin düşdüyü tragikomik vəziyyət təsvir edilir. Onun xəbəri olmur ki, kənddə atasız qoyduğu qızı böyüyüb, indi toyu çalınır. Çərkəz toy maşınlarının qabağını kəsib nəmər tələb edir. Əvəzində isə ona papaq verirlər. Yəni demək istəyirlər ki, "kişi ol".

Bəli, Sabir Süleymanov cəmi 42 il yaşadı, o, nə Qarabağ müharibəsindən xəbər tutdu, nə də Azərbaycanın müstəqilliyindən. İndi məzarı orda - Cəbrayıldadır, bəlkə də o məzar bizi haraylayır.

Bu yazını qələmə alarkən Xalq yazıçısı Elçinin Sabir Süleymanovun "Çinar kəhrizinin suyu" kitabına (1985) yazdığı müqəddimə ilə tanış oldum. Elçin müəllim böyük ürək ağrısıyla deyir: "Nə vaxt redaksiyaya gedirdinsə, görürdün ki, Sabir qələmi əlinə alıb qarşısındakı əsəri redaktə edir, hərdənbir də əlini saxlayıb başağrısından şikayətlənirdi (elə həmin başağrısı da apardı onu). Əlbəttə, ədəbiyyat həmişə yazılacaq, ədəbiyyata həmişə yeni qüvvələr gələcək, bunlardan bəzisi  Sabirdən istedadsız olacaq, bəzisi isə əksinə, Sabirdən daha artıq istedadlı olacaq... Bütün bunlarla bərabər, Sabirin yazacağını heç kim yazmayacaq".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!