Azər TURAN
1944-cü ildə Tokioda 87 yaşlı Əbdürrəşid İbrahim vəfat etdi.
XX yüzilin əvvəllərində ona bəzən "əyni xirqəli, əli təsbehli klerikalist", bəzən "kadet", bəzən "monarxist", bəzən "anarxist", bəzən də millətçi deyiblər. Amma o, Rusiya tarixində daha çox müsəlmanların ilk siyasi partiyasının - "İttifaqi-müslimin"in yaradıcılarından biri, Rusiya türkləri arasında konstitusiyalı muxtariyyət ideyasını irəli sürən ilk siyasi xadim, Rusiya Müsəlmanları birinci qurultayının təşəbbüskarı kimi xatırlanır.
Türkiyədə həm də səyyah olaraq tanınır.
Yaponiyada islam dininin ilk bayraqdarı kimi yad edilir.
Ermənilər yüz il öncə ona pantürkist olduğuna görə hücum ediblər.
Sovet dövründə isə Əbdürrəşid İbrahimi Yaponiya xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edən casus olaraq tanıtdırmağa çalışıblar.
"Təşkilati-Məxsusə" ilə əlaqəsinin olması da istisna deyil.
Trablüsqərb müharibəsində Ənvər Paşanın yanındadır.
Balkan savaşı sırasında müsəlmanları cihada səsləyir.
1915-16-cı illərdə Avropada Əli bəy Hüseynzadə, Yusif Akçura, Şeyx Şamilin nəvəsi Şamil Spahi ilə bir yerdə "Turan heyəti"nin tərkibində Rusiya müsəlmanlarının qurtuluşu naminə mücadilə verib. Vyana, Berlin, Sofiya və Budapeştdə Avstriya, Almaniya, Bolqarıstan, Macarıstan dövlətlərinin prezidentləri, məclis sədrləri, baş nazirləri ilə görüşən, Rusiyadan ayrı bir Türkistan dövlətinin yaradılmasını, Qafqaz türklərinin müstəqilliyinin təmin olunmasını, Kazan və Krım xanlıqlarının bərpasını tələb edən, Rusiya türklərinin hüquqlarını müdafiə etmək tələbi ilə Amerika Prezidenti Vilsona məktub yazan böyüklərimizdən biri də odur.
Rusiya Dövlət Dumasında təmsil olunan bizimkilərdən biri "Turan heyəti"nin Avropa ölkələrinə gözlənilməz səfəri, heyətin Avropa dövlətlərinin başçıları ilə görüşləri barədə 1916-cı il iyunun 8-də Rusiya Xarici İşlər Nazirliyinə donos yazaraq Əli bəy Hüseynzadəni, Yusif Akçuranı və Əbdürrəşid İbrahimi macəraçı adlandırırdı.
Əbdürrəşid İbrahimi Lenin də, Sultan Əbdülhəmid də, Dalay Lama da tanıyırdı. 1917-ci ildə Stokholmda keçirilən sosialistlərin konqresində Əli bəy Hüseynzadə ilə yanaşı, o da məruzə etmişdi. Əbdürrəşidə görə, Nuh tufanından daha betər tufan Qərbin mədəni tufanı idi ki, Nuhun özünü də öz girdabında qərq etmək gücündəydi. Elə həmin 1917-ci ildə Hindistan müsəlmanlarının lideri Mövlana Bərəkətullahın Leninlə görüşünü də o təşkil etmişdi. Hələ üstəlik, Yaponiya imperatorunun Sultan Əbdülhəmidə məktub yazmasına vəsilə olmuşdu...
Cəlil Məmmədquluzadənin "Hacı İbrahimov" adlı məqaləsində belə bir replika var: "Aya, görəsən, İbrahimov yaponlarla hansı dildə danışır: çünki İbrahimov öz dilindən savayı bir qeyri dil bilmir, yaponlar da müsəlmanca bilmirlər", yaxud yenə də "Molla Nəsrəddin" Lağlalağı imzası ilə yazırdı ki, "molla Əbdürrəşid nə ingiliscə bilir, nə yaponca, və nə frəngcə. Və bu da aşkardır ki, üç dilin heç olmasa birini də bilməyən Yaponiya məclislərində hər nə danışsa qulaq verənlərin qulaqları taqqıldayacaq. Lakin molla Əbdürrəşidin əhvalatı özgədir: bu cənab nitqlərini türk dilində söyləyir və yaponiyalılara da mollanın nitqinin məzmununu bilmək lazım deyil, onlara molla Əbdürrəşidin məhz uzun saqqalı və əmmaməsi xoş gəlir". Doğrudanmı, Əbdürrəşid öz dilindən başqa dil bilmirdi, doğrudanmı, yaponlara Əbdürrəşidin məhz uzun saqqalı və əmmaməsi xoş gəlirdi? Buna cavab olaraq başqa bir sitatı xatırlatmağa ehtiyac var. Osmanlı sultanı Əbdülhəmid deyir: "Yapon İmperatorluq ailəsinə mənsub bir prins məni ziyarətə gəldi. İmperatorundan xüsusi bir məktub gətirmişdi. Məndən İslam dininin iman əsaslarını, qayəsini, fəlsəfəsini, ibadət qaydalarını izah edəcək bir dini-elmi heyət istəyirdi. Bunun səbəbi vardı. Orada İslamiyyəti yaymağı müqəddəs vəzifə sayan Əbdürrəşid İbrahim isimli, əslı kazanlı olan bir müsəlman var idi... Əbdürrəşid İbrahim bizim din adamlarımızdan fərqliydi. Türkcə, ərəbcə, farscadan başqa, rus dilini və yaponcanı bilirdi. Fransızca və latıncanı da öyrənmişdi".
1906-cı ilin mayında Tokiodan İsmayıl bəy Qaspıralıya da bu məzmunda bir məktub gəlmişdi. Tokioda fəaliyyət göstərən "Dini Tədqiqat Cəmiyyəti"nin 3-cü katibi Samuraku İsmayıl bəy Qaspıralıya yazırdı ki, Tokioya gələcək islam aliminin ilahiyyata, ərəb ədəbiyyatına aşina olması, Nəsrani, yəhudi və Budda dinlərini, ərəb, ingilis və fransız dillərini bilməsi vacib idi, yol xərci, aylıq maaş və s. tədqiqat cəmiyyətinin özü tərəfindən qarşılanacaqdı.
Əbdürrəşid İbrahimin Tokioda bu Tədqiqat Cəmiyyətində çəkilmiş bir şəkli var... Fotoşəkil hər şeyi təfərrüatı ilə ifadə edir. Guya yapon dilini bilmədiyinə görə kinayə hədəfinə çevirdikləri adam yapon topluluğunun arasında müəllim ədası ilə oturub. Onun timsalında panislamizm Tokioda elmi-tədqiqat sferalarına, imperator sarayına müdaxilə edirdi, Əbdürrəşid yapon şahzadələrlə təmas qurur, yaponların İslam dinini nəinki öyrənməsinə, hətta onu qəbul etməsinə cəhd edirdi. Eyni zamanda, Yaponiyada xristian missionerlərinin təbliğatına qarşı antipropaqanda təşkil edirdi. O, islamlaşmış Yaponiyanın bir gün müsəlman amili olaraq Avropanın önünə çıxacağına inanır və dünya düzəninin həm də bu mənada yenidən qurula biləcəyinə ümid edirdi. Və təkcə Əbdürrəşid İbrahim deyil, bütün Rusiya türkçüləri İslamın Yaponiyada dərindən yerləşməsində maraqlıydı. İsmayıl bəy Qaspıralı 1906-cı ilin iyununda Tokioda nəşr olunan "Çe Çu Ban" qəzetinə yazdığı cavab məktubunda qeyd edirdi ki, "İslamiyyətin səbəbilə deyil, insaniyyətim səbəbilə sizə ərz edirəm ki, ruhaniyyət ilə insaniyyəti özündə ən gözəl şəkildə birləşdirən, qaynaşdıran din, mənsub olduğum islam dinidir. Tədqiqini sizə əmanət edirəm".
Samuraylara kəlmeyi-şəhadət söylədən Əbdürrəşid yapon diplomatı Oharanı Əbubəkirə çevirməyi bacarmış, yapon islamşünası, təsəvvüf və buddizmi bir müstəvidə təhlil edən əsərləri ilə məşhur, "İslamda Varlıq düşüncəsi" kitabının müəllifi Tosixiko İdzutsunun müəllimi olmuşdu. İndi yüz illik bir uzaqlıqdan baxanda anlaşılan odur ki, Qazi Əbdürrəşid Osmanlı imperatorluğunun tənəzzül etdiyi, islam dünyasının imperialist Qərbin qarşısında əliyalın qaldığı bir dövrdə müsəlman bir yapon imperatorunun İslam xəlifəsi, bunun ardından Tokionun İslam xilafətinin mərkəzi ola biləcəyinin mümkünlüyünə inandığı üçün belə edirmiş.
Əbdürrəşid İbrahim İstanbulda Mehmet Akifin "Sirati-müstəqim" dərgisinin əsas yazarlarından biriydi, Yaponiyadan yazdığı yazılar da bu dərgidə çap olunurdu. Qəribədir ki, "Molla Nəsrəddin" (guya "Tərcüman" qəzetinə istinad edərək buna da kinayə edib: "Aya, görən molla Əbdürrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində?". Replika Əbdürrəşid İbrahimin "Sirati-müstəqim" dərgisində dərc olunan "Aləmi-islam və Yaponiyada intişari-islamiyyət" əsəriylə bağlıydı. O zaman Mehmet Akif Ərsoy bu yazını "Qayət mühüm bir əsər" başlığı ilə təqdim etmişdi.
Yenə də elə həmin illərdə Mehmet Akif özünün şah əsərlərindən olan "Süleymaniyyə kürsüsündə" poemasını yazır. İslam aləminin problemlərini anladan "Süleymaniyyə kürsüsü"nün qəhrəmanı Əbdürrəşid İbrahimdir. Poema Əbdürrəşidin dilindən yazılmışdır. Süleymaniyyə kürsüsündə - minbərdə moizə edən bu cazibəli sima, bəmbəyaz saqqallı, ağ əbalı, geniş alınlı, səmavi baxışlı, nur üzlü abid qiyafətcə üləmadır, amma şəriət məsələlərindən danışmır, dediyim kimi, islam aləminin dərdlərini dilə gətirir. 1912-ci ildə yazılmış bu əsərdə Əbdürrəşidin fikirləri elə yazıldığı dövrdə Türkiyədə islamçılarla qərbçilərin fikir ayrılıqlarını şiddətləndirmişdi. Poemada Tevfiq Fikrətin ünvanına deyilmiş belə ittihamlar var idi:
Sərsəri, hiç birinin məsləyi yok, məşrəbi yok;
Feyləsof həpsi; fəqət pək çoxunun məktəbi yok!
Şimdi Allaha söyər... Sonra biraz bol para ver:
Hiç utanmaz, Protestanlara zangoçluk edər!
Bu misralar Fikrətin yeddi il əvvəl yazdığı "Tarixi-qədim"inə, ümumiyyətlə, Tevfik Fikrətin pozitivizminə cavab idi. "Süleymaniyyə kürsüsündə"n sonra Tevfik Fikrət məşhur "Tarixi-qədimə zeyl"i yazmış və Mehmet Akifi "Molla Sırat" olmaqda suçlamışdı. Görünən də odur ki, 1912-ci ildə Mehmet Akifin Tevfik Fikrət barədə Əbdürrəşid İbrahimin diliylə dediyi sözlər və 1914-cü ildə Tevfik Fikrətin ona verdiyi cavab hətta indiyə qədər türk fikir həyatını bu və ya digər şəkildə ilgiləndirməkdə davam edir...
"Süleymaniyyə kürsüsündə" şeirindən üç il öncə Cəlil Məmmədquluzadə Əbdürrəşid İbrahimi hədəfə alan məqaləsində yazırdı ki, "Molla Əbdürrəşid əfəndi gedib gəzib, gəzib axırda başlayır ki, dünyada nə qədər ki, gözü bağlı tayfalar var, onların hamısından başı qapazlı, ayağı patavalı, ağzı doşablı, qulaqları kar və beyinləri çürük müsəlman tayfalarıdır". Və Mirzə Cəlil "Vaxt" qəzetindən, eyni zamanda Əbdürrəşid İbrahimovdan təvəqqe edirdi ki, "təzə sözləri varsa, danışsınlar, xalq qulaq assın. Bunlar köhnə sözdür".
Amma əslində, Əbdürrəşidin dedikləri köhnə söz deyildi. Mehmet Akif "Süleymaniyyə kürsüsündə" Əbdürrəşid İbrahimin "Aləmi-İslam" əsərinə istinadən onun dilindən İstanbul möminlərinə səslənirdi ki, Avropa mədəniyyəti Yaponiyaya əxlaqı ilə deyil, yalnız fənniylə girə bilmişdir. Əbdürrəşid müsəlmanlara İslam qardaşlığı ideyasını təlim edirdi:
Heç sıxılmazmısınız Həzrəti-Peyğəmbərdən,
Ki uzaqlardakı bir mömini incitsə dikən,
Qəlbi-pakində duyarmış o müsibətdən acı?
Sizdən əlbətdə olur ruhi-Nəbi davaçı.
Seyid Cəmaləddin Əfqanidən sonra ümmət fəlsəfəsini XX yüzildə hərəkətə gətirən Əbdürrəşid İbrahim 1907-ci ildə yazdığı "Min bir hədisi-şərif şərhi" kitabında "millətimiz ümmətimizdir" düşüncəsini təlim edirdi.
Rus-yapon müharibəsindən sonra onun panislamist görüşləri erməniləri də narahat etmiş, hətta ermənilər Əbdürrəşidin Bakıda "Həyat" qəzetində dərc olunmuş bir məqaləsini təhrif edərək Moskvada təkrar (təhrif olunmuş şəkildə) dərc etdirmişdilər. Məqalənin Moskva mətbuatında çap olunmuş təhrif variantında ruslar həm siyasi, həm də mənəvi baxımdan təhqir olunurdu. Məsələ elə həmin ərəfədə Bakıda geniş müzakirə olunmuş və Əli bəy Hüseynzadə bu münasibətlə yazmışdı ki, "Lakin Moskvada nəşr edilən "Novosti dnya" qəzetəsinə nə deyirsiniz ki, əslən və qətən qəzetəmizdə görünməyən və qəzetəmizin heç bir ibarəsilə, ya cümləsilə münasibət alamayan qayət çirkin bir sözü özündən icad edib bizlərə isnad edərək "yaxşı adımızı yaman eyliyor"... Elə buna görə də məqalənin əsli yenidən ruscaya tərcümə edilərək Rusiyanın müxtəlif qəzet redaksiyalarına göndərilmişdi.
1905-ci il aprelin 8-də müsəlmanların siyasi birliyinin perspektivləri, Rusiya Müsəlmanlarının birinci qurultayının keçirilməsi, "İttifaqi-müslimin" partiyasının yaradılması, Rusiya türklərinin ittifaqı ilə bağlı söhbətlər Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Sədri Məqsudi Arsal və başqaları ilə birgə Əbdürrəşidin Peterbuqdakı evində müzakirə olunmuşdu. O vaxta qədər o, Avropa və Asiyanın bir sıra ölkələrini gəzsə də, hələlik səyyah kimi tanınmırdı, Orenburq Müsəlmanları Ruhani İdarəsinin qazisi olsa da, səhnədə heç qatı dinçi kimi də görünmürdü, Əbdürrəşid, hələlik milli çıxarları düşünən, muxtariyyət tələb edən ("Avtonomiya yaki idarei muxtariyyət" əsəri) siyasi xadimdir. Sonralar, yəni 1915-16-cı illərdə də Avropa ölkələrini səyyah, yaxud ruhani rəhbər kimi deyil, diplomat olaraq gəzmişdi. Demək ki, səyyahlığının da, ruhaniliyinin də bir alt yapısı olmamış deyildi. Səyyahın Hindistanda Mövlana Bərəkətullahın, Yaponiyada imperator ailəsinin, ya da Trablüsqərb müharibəsində Ənvər Paşanın yanında nə işi? Yaxud ruhani Stokholmda Sosialistlərin Beynəlxalq Konqresində nədən danışacaqdı?
Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım mənə bir şəkil göstərmişdi... Şəkildə 1918-ci ilin oktyabrıdır. Əbdürrəşid İbrahim Əli bəy Hüseynzadə ilə yanaşı əyləşib. İkisinin arxasında ayaqüstə dayanan Fuad Köprülüdür. Şəkil Odessada çəkilib. Rusiya türklərinin problemlərini müzakirə etmək üçün İsveçrəyə gedirlər. Yola düşməzdən əvvəl Almaniyanın Ukraynadakı səfiri Baron Mumla görüşüblər.
"Yapon dilini bilməyən" Əbdürrəşid İbrahimov Yaponiyanın mənəvi həyatına elə dərindən nüfuz etdi ki, sonunda 1938-ci ildə inşa etdirdiyi Tokio məscidinin ilk imamı da özü oldu.
Yorğun həyatı Yaponiyada sona çatdı.
Məzarı Tokioda ziyarətgah halındadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!