Sərvaz HÜSEYNOĞLU
"Xatirə tufanı oyatmayaq heç..."
Bu, görkəmli şair Çingiz Əlioğlunun 34 yaşının yaşantısıdır. İndi 2021-ci ildir. Çingiz müəllim mübarək qoşa rəqəmin, yəni 77-nin içindədir. Həmin misranın yazıldığı vaxtdan 43 illik vaxt, zaman məsafəsi ayırır bizi.
Əslində, "Xatirə tufanı oyatmayaq heç" yaşantısı onun ötüb-keçənlərə qarşı loyal davranışının şəkillənməsi yox, bütün halıyla, ağrı-acısı, təəssüfü, nisgili, üsyankarlığı ilə bir arada "altında közüm var, külümə dəymə" harayının ifadəsiydi. "Açma sən pərdəni, hər pərdədə var yüz əsrar" xəbərdarlığıydı.
Yazıldığı vaxtdan 43 il keçib. Və ən maraqlı cəhət odur ki, bu unudulmaz misra indi oxucu düşüncəsində daha çox xatirə tufanı oyatmağa, xatirə tufanı qoparmağa çəkilən kibrit çöpü effekti doğurur. O səbəbdən ki, çağdaş həyatımızın daha çox yaddaşlarda xatirə tufanları oyatmağa ehtiyacı var. Ruhu diksindirən, qəlbi titrədən, adamı özünə qaytara bilən xatirə tufanı acıyıq indi; hər cür biganəlikdən, unutqanlıqdan qurtulmaq naminə...
Qəribə təzaddı ki, əli "Xatirə tufanı oyatmayaq heç" yazan Çingiz Əlioğlunun qəlbi, ruhu, yaddaşı bütün ömrü boyu boynu bükük olub xatirələrə. Bir əli "Xatirə tufanı oyatmayaq heç" yazan şairin o biri əli (deməli, qəlbi, ruhu, yaddaşı) elə həmin illərdə "Yığış, qonaq gedək yağan yağışa" istəyinin rəsmini çəkirdi. Əslində, o yağış elə o xatirə tufanının bəlli ünvanıydı. O yer idi. Şair daha çox o yerdə yaşayırdı. Orda, "Yaşıl orman arası, yaşıl kənddən aşağı, hamının unutduğu" bir nəğmə yaşanan yerdə. O yerdə ki:
Kimdisə o nəğməni
Oxuyub getmişdi, bax, -
Ya dünən axşam çağı,
Ya da bir əsr qabaq...
Çingizin bütün yaradıcılığında, əslində, o gözəl nəğməni haçansa, bir vaxt oxuyub, sonra da qeyb olmuş bir gənc adamın ağrısı ürpərir... Onun "Xatirə tufanı oyatmayaq heç" düşüncəsi heç vəchlə unutqanlığa götürmür adamı. Daha çox o təəssüfü, ağrını yaşadır ki: "Unuda-unuda gəlmişik... Ərənlərin daş qoyduğu ilk yurdu, O yerin ilkin adını, ibtidasını, Ucalıq sözünün ilk mənasını unuda-unuda gəlmişik. Unutmadığımız çox az şey qalıb. Köhnə nağıllartək, əfsanələrtək, Sirli, möcüzəli hadisələrtək atalar-analar unudulurlar".
Təkcə adlarıdı yaddaşda qalan,
Unuda-unuda gedirik nə var...
Unutmadığımız
Çox az şey qalıb -
İşimiz-gücümüz, çörəyin adı,
Körpə təbəssümü, öpüşün dadı
Və bəzi bu kimi bir sıra şeylər.
Torpağın rəngini, suyun rəngini,
Ağacın, böcəyin daşın rəngini,
Kirpiyin rəngini, qaşın rəngini
Unuda-unuda gedirik elə...
Uzaqlaşdıqca yaxın olmağımızın gərəkliyini yaddaşa yansıdan vacib fikir axınlarıdı bu deyilənlər. Uzaqlaşdıqca yaxın olmağımızın vacibliyini anladan "Ataş kişi, a tufaqın dağılsın, Bu dağları yetim qoyub getmə sən!" - vəfadarlığına yol burdan başlayır, iz burdan keçir. Bu yerdən yaddaşın hücrələrinə "köz düşür, közərir köhnə yaralar":
Unuda bilmirəm... sevə bilmirəm...
Sənsiz darıxıram.
Sənlə tənhayam.
Belə anlaşılmaz,
Belə barışmaz
Tənhalıq içində qalıbdır yaxam.
...Unuda bilmirəm... sevə bilmirəm...
Ağlaya bilmirəm,
Gülə bilmirəm.
Bu sənli dünyada,
Neyləyim, sənsiz
Yaşaya bilmirəm, ölə bilmirəm...
Çingiz Əlioğlu poeziyamıza irrasional və rasional düşüncə, yeni baxış tərzinin poetik ifadələrini gətirən, bu texnologiyanın sintezini özünəməxsus ustalıqla tətbiq edə bilən ilklərdəndir. O, çağdaş ədəbi həyatımızda sürrealizm, abstraksionizm, avanqardizm, modern və başqa fikir axını müxtəlifliyinin nəfəsini dərindən hiss edən nadir şairlərimizdəndi. Alliterasiya, istiarə, bədii təzad, epifora, litota kimi nəzəri anlayışlardan sıx istifadə etməsi Ç.Əlioğlu üslubunun özünəməxsus mənzərəsini şəkilləyən başlıca məziyyətlərdi. Bunun belə olmasını bilmək üçün onun "Qobustan ritmləri" poeması daxil olmaqla, çoxsaylı şeirlərinin saya-hesaba gəlməz misralarına göz yetirməlisən. Eyni zamanda bilməlisən ki, Çingiz Əlioğlu çağdaş dünya poeziyasına, fərqli ədəbi-bədii fikir axınlarının nədənliyinə, fərqli üslub və texnologiyalara yaxından bələd olan, bu barədə mötəbər fikir yürüdə bilən seçilmişlərdəndir. Bu sahədə onun ancaq ardıcılları ola bilər. Görkəmli türkoloq alim, akademik Tofiq Hacıyevin qeyd etdiyi kimi, "Çingiz öz şeirlərinin səs dalğalarında oxucusunu bugünün orbitindən çıxarıb, türkün qoç doğduğu dövrə apara bilən" söz adamıdı. "Çingizin yenilikçiliyi ancaq itonasiyada, forma və bəzi yekcinsliyindən uzaq olmasında deyil, onun yeniliyi şeir deyilən yaradıcılığın müxtəlif tərkib hissələrində görünür. Bu iş söz və ifadə sistemini də, hətta adicə qafiyə quruculuğunu da ifadə edir"... Görkəmli alimin bu dəqiq müşahidələrini professor Nizaməddin Şəmsizadənin fikirləri izləyir ki: "Çingiz Əlioğlu ekstravaqant şairdir. O, poeziyada eksperiment aparmağı və eksperimentdən vaxtından ayrılmağı da bacarır... Çingiz ən yaxın sələfi Ə.Kərim kimi poeziyaya ağılla yüksəlmiş sözün poetik gözəlliyini gətirdi... Çingizin şeirlərində məğlub edilmiş milli yaddaşın tragik harayı var...".
Və Çingiz Əlioğlu bu tragik harayın hər bir qapalı hücrəsinə məhz xatirə gözlüklərindən, nəfəsciklərindən nəzər yetirir, onu eşidir.
Elə filmlər var ki, sən ona ömrün-günün ən fərqli məqamlarında dönüb-dönüb yenidən baxırsan. Kadrları sonsuz maraqla izləyirsən. Və yalnız ən son kadrda başa düşürsən, anlayırsan ki, bu, sənin öncələrdən dönə-dönə izlədiyin köhnə bir filmmiş.
Çingizin şeirləri məhz o filmlər kimidir. Hər dəfə yeni bir ovqatıyla çəkir diqqətini. Sənə yeni, təptəzə bir ömür yaşadır. İllər öncənin tanışlığı üzə çıxana qədər fərq edirsən ki, yepyeni, gözlənilməz duyğularla, səs çalarları, üslub bənzərsizliyilə süslənmiş bir şeir oxuyursan. Onun şeirləri hər dəfə təptəzə, yeni ovqatıyla açılan səhər kimidir. Və bu yeni səhər izləyicilərini daha çox xatirə, yaddaş tufanı oyatmağa götürür. Ötənlərə vəfalı bir şair kimi, onun şeirləri özünün iç dünyasında bütün keçdiyi yerlərə pünhan şəkildə götürdüyü Çingizləri bir-bir göz önünə gətirir. Bu qərib, bir-birindən ayrı düşmüş, dünyanın fərqli guşələrinə səpələnmiş, bir-birindən xəbərsiz Çingizləri bir araya gətirməyə cəhd edir. Bu Çingizlərsiz yaşamaq adama ağır gəlir. Bu Çingizlərin haqqını, yerini, varlığını heç cür, heç vəchlə unutmaq istəmirsən. Milyon etmək, min eləmək, yer üzünə səpələmək, çoxaltmaq istəyi keçir könlündən. Bilirsən ki, bu Çingizlərin oyadacağı xatirə tufanlarında həyat, mübarizə, yaxşılıq və istedad aydınlığı var...
Unudulmaz "Köhnə daxmaların tirləri kimi bir azca köntöydü xasiyyətimiz " misralarını xatırlayıram. "Kənd uşaqları"nın özünəməxsus xarakterini belə təqdim edirdi Ç.Əlioğlu... Ancaq mən tanışlığımızın ilk anlarından yönü bəri Çingiz Əlioğluda belə bir "köntöylük" görmədim. Ağayana, aristokrat görkəmi və davranışı, bu gözəlim dünyada məhz ona məxsus olan ifadəyəgəlməz təbəssümü, şair-sənətkar ədası, qayğıkeşliyilə əziz oldu ətrafına. Ən böyük mənaları səslər arasında aradı. Ən gözəl mətləbləri səssizliyin dililə anlatdı. Sözsüz şeirlərin dilini bildi. Yəni həmişə şeirin, sənətin yanında oldu... Heç unutmuram, ədəbi tədbirlərin birində tanınmış bir şairin davranışından çox rəncidə oldu. Sıxıldı. Fasilə zamanı mən ona həmin şairin şeirlərini oxudum. Nadir itiyini tapıbmış kimi sevindi. "Sərvaz, topla o şeirləri, gətir, kitab halında özüm çap etdirəcəm. Seçimi sənə tapşırıram" - dedi. Bir anın içində unutdu sıxıntısını... Sonra o, Balakən rayonu ərazisinin ən hündür guşəsində salınmış parka aparan bütün pilləkənləri dayanmadan öz ağayana addımlarıyla sonacan qalxdı, qalxdı...
Ömrü boyu axına, üzü küləyə qarşı gedə bilən qalib bir sənətkarın yerişi, qalxınışıydı bu! Qürurla baxırdım və ürəyimdən doğma duyğular keçirdi: "Dayan, bu an necəsənsə!".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!