Cavanşir YUSİFLİ
1
Hər bir şair dünyanın və özünün xəyali son nöqtəsindən başlayır; bunu bilməsə də, şüuraltı yaşayır, amma ifadə edə, fikir, ideya formasına sala bilmir, aradan zaman keçməli, vaxt (qurşağı) dəyişməlidir ki, həmin ideya səs-səs, heca-heca və söz-söz yaransın, burda bir ömür boyu kiminçünsə bir səs, kiminçünsə bir heca, ən azman sənətkarlar üçünsə bircə söz yaranır və beləliklə dünya, yerlə göyün arası bircə sözə sığışır (sığınır). Özünün və dünyanın son nöqtəsindən gələn şair özünün və dünyanın əvvəlinə qayıdır və yenə eyni hadisə baş verir: fərağın oduna yanıb min bir əziyyətlə tapdığını sözə çevirə bilmir. Müəllifdən fərqli olaraq bəzi oxucular bu sözü oxuyur və həyatın nə qədər faciəli və mənasız, yaşamağın nə dərəcədə bihudə olduğunu dərindən hiss edir və sarsılırlar. Deməli, oxucu həm də müəllifin və daha çox onun yazdığı bədii mətnin davamıdır... Uilyam Bleykin şeirlərində məhz buna görə bütün dünya bir qum dənəsinə, əbədiyyət isə bir əlin ovcuna sığır... Şekspirin sonetləri məhz bu səbəbdən bir neçə əsas mövzunun zirvəsinin fəthi anlamına gəlir və bu məqamda həmin sonetlər şeir olmaqdan çıxıb teatr səhnəsində kölgələrin oyununa çevrilir, ancaq bunun müəllifə yox, oxucuya dəxli var, müəllifin yazdığını oxucu ondan fərqli görməzsə, şeir küydən boğular.
O başqa məsələ ki, bizdə çox-çox küydən boğulan şeirlər var və biz onları sevirik, çünki insan daha çox bilmədiyi, tanımadığı şeyi sevər, aldanışdan doğruya sarı addımlar, qorxa-qorxa... Şairlərsə qorxunu ancaq son anda - ölüm ayağında hiss edərlər...
Dünyanın son nöqtəsindən başlayan şair daim özüylə dünya, Allah, ölüm və eşq arasındakı sərhədi keçməyə can atar, ancaq həmişə sərhəddə saxlanılar, tutular və elə o sərhədin torpağına gömülər, sönməkdə olan şüuruyla keçdiyini xəyal edər, son dəfə... Bleyk buna görə deyirdi ki, sonsuzluq bircə qum dənəsinin içindədi.
2
Bəxtiyarın poeziyası narahat və ağrılı suallarla doludur, belə təsəvvür etmək olar: sanki illər, əsrlər boyu içində qarışmış yumağı səbrlə açmağa çalışır, hər dəfə ipi açdıqda yeni laylar qarşına çıxır, yəni Bəxtiyar dünyanı əkslərin mübarizəsində, onların dialektik şəkildə bir-birinə keçməsində görürdü, özü belə deyirdi: həsrətin ilkidir həsrətin sonu, sonra: görüş bitən kimi həsrət başlayır...
Bəxtiyar poeziyasında nigaranlıq xronotopu həyatdan doymamaq məsələsini qabardır, duyğunun, dünya və həyatı faciə ilə, dərdlə sevincin qəribə və çox təzadlı kəsişmə nöqtəsində dərk edən şairin xəyalı yerlə göyün arasında cövlan edir, Bəxtiyar poeziyasını anlamaq cəhdi daim bu xəyal haqqında düşünməyi zəruriləşdirir.
Sevgidən gəlirik bu dünyaya biz,
Doymamış gedirik,
Belədi qayda.
Sevgi şeirlərində də bitib-tükənməyən bir narahatlıq var:
Mən bir qəm daşıyam,
Qəlbinə dəydim,
Nə imiş bu dünya qəmsiz, kədırsiz?
Gördüyün yuxunu mən də görəydim
Səninlə bərabər, səndən xəbərsiz.
3
Bəxtiyar bütün yaradıcılığı boyu ən müxtəlif mənbələrdən öyrənib, onun şeirlərinin materiyasında şübhəsiz ki, didaktika da var, xüsusən 1943-cü ildən başlayan ilkin mərhələdə, daha sonrakı, yəni 60 və 70-ci illərdə fərd və zaman, şəxsiyyət və dünya qarşıdurması dəyişir, artıq 80-ci illərdən başlayaraq şair necə deyək, içinin ənginliyini ölçməyə, daha qəliz və bəlkə də cavabsız suallara cavab axtarır. Bu məlum mənbələr içində biri daim Bəxtiyar poeziyasının identifikasiya göstəricisi olub: Məhəmməd Füzuli,
Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi eşqdən etmə cüda məni.
Ancaq bu hadisə bəzən deklarativ formada əyaniləşir, çünki ardıcıl şəkildə, nəfəs dərmədən çox zəngin və tam olaraq bilinməyən mənbədən öyrənməyin bu kimi fəsadları da olur. Bədii mətnlərində Məhəmməd Füzulini "yenidən yaratmaq" cəhdləri ən mükəmməl formada yəqin ki, "Muğam" poemasında əksini tapıb, çünki Bəxtiyar Vahabzadə poeziyası daha çox lirik ricətlərə gediləndə, fikirlə hissin (hiss, duyğu yanğınlarının -!) gözlənilmədən qovuşduğu anda boyaboy görünür. Həm də qəribədir, Füzuliyə ən çox (maksimum) "yaxınlaşdığı" məqamların mətnləri əruzun intəhasız ərazisində daha gözəl görünür. Bunu, yəni bədii mətnlərində Füzuli fərağının obrazını yaratmağın nə olduğunu Bəxtiyar çox yaxşı bilirdi və buna görə özünün şərti ilə ölümündən sonra efirə gedəcək son müsahibəsində jurnalistin sualına "Yox, mən böyük şair deyiləm, mən adi bir şairəm, heç zaman öyrənməkdən usanmadım, hamını, hər şeyi sevdim, bircə özümə həsrət qaldım", - deyir. Bu anlamda Bəxtiyarın lirik qəhrəmanı həyatı həsrətdən öyrənir, "həsrətə möhtacam" deyir, onun fikrincə, toyun, büsatın rəngi və dadı birdir, yəni toydu çalınıb keçir, həsrətsə gözlərimizə min rəng çəkir, sevgilisinə deyir ki, yaxşı ki, ayrıyıq, bu dərd bizə həyatın dərin qatlarını göstərir. Böyük bir ustaddan bir ömür boyu öyrənib onun gülüstanına bir barmaq rəng qata bilməmək də səadətdir!..
Bəxtiyarın ədəbi özkeçmişində bir maraqlı nüans da var: Səməd Vurğunu sevib (dəlicəsinə) ondan ayrılmaq istəyi və bu istək əvvəl-axır baş tutur. Çünki sevmək və vurulmağın tərkibində o munis nəsnədən daim qopmaq istəyi də yaşayır. əks təqdirdə, cazibə yoxa çıxardı. Buna görə keçən əsrin altmışıncı illərində poeziyanın üfüqlərində yeni bir Bəxtiyar göründü.
Yanımda olanda uzaqdasan sən,
Mən səni görmürəm olduğun kimi.
Səndən ayrıldımmı,
Hər yerdə sənsən,
Mən görə bilmirəm, vallah heç kimi.
Bəxtiyar poeziyasında bir xətt var: özüm üçün darıxmışam... Bu mətləb Bəxtiyar poeziyasında aydınlaşdırıcı rakursdur, hər şeyin, müvafiq kontekstdə araşdırılan məsələlər üçün mərkəzi nöqtədir. Bütün kateqoriyalardan olan insanların zaman-zaman Bəxtiyar şeiri üçün darıxması (məsələn, həyatda başına hadisə gələn, yaxyd sadəcə həyatın faniliyini dərk edən insan... ürəyini deşən suallarla bağlı məhz şairin hansısa kitabında nələrinsə olmasını zənn edir...) onu sxematik çərçivəli filosof-şair olmaq qədərindən qurtarır. Bəxtiyar şeiri dünyaya açılan heyrətli gözdür, daim özünü axtaran, ömründəki parça-parça "mən"ləri qovuşdurmaq yanğısıyla yaşayan şair həqiqətdən vaz keçib heyrətin ilğımlarında qalması ən çözülməz bir sirdir.
Kal alma kimi bir üzü torpağa düşüncə
Gördüm ki,
Yatır hər otun altında düşüncə.
Göylərdə fələklər düşünür
Yerdə çiçəklər
Gördüm
Düşünür güllərə qonmuş kəpənəklər.
Torpaq da,
Ağaclar da,
Hər şey yaranıb
Varlığa çevrilmədən öncə
Başdan başa mənalı, müəmmalı düşüncə...
Bu isə Çingiz Aytmatovun Bəxtiyara yönəlik fikridir: ...sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarsan, xalqın canlı dil memarlığına öz töhfəni verə bilərsən...
4
Bəxtiyar şeirinin kompozisiyası necədir? Onun şeirdə hifz olunan xarakteri bu suala cavabda gizlidir. Zənnimcə, görünsə də, görünməsə də hər bir şeirinin başında bir bayatı gəlir, məsələn, "Üçüncü göz - könül gözü" şeirində olduğu kimi:
Göy üzü damar damar,
Göydən yerə nur damar...
Bu niyə belədir? Yəqin ki, bunun bir əsası var. Şair naturası etibarilə özüylə mübarizədən və qanlı, ən amansız döyüşlərdən yaranır, bir qolu S.Vurğun mənbəyindın gələn Bəxtiyar var gücüylə bu ənənədən qopmaq, çox orijinal, belə deyək, gözlərə sürmə çəkən, ürəklərə od salan mətnlər yaratmaq istəyib, həmişə də buna nail olmadığını etiraf edib. Ancaq ənənədən qopub orijinal üslub yaratmaq eşqi bircə an da olsun sönməyib, imkanla imkansızlıq arasındakı bu mübarizədə şübhəsiz ki, ənənə, özü də onun ən zərif parçaları bədii mətnin alt laylarına nüfuz edib, bu şeirləri oxuyanda mən həmişə qəzada batacaq gəminin xilas olunmasının şahidi oluram, xilas şübhəsiz ki, orijinal üslubda görünmək cəhdləriylə bədii mətnin ən dərin qatlarına nüfuz edən həmin zərif parçaların bir məqamda qovuşmasıdır, bu mühakimələr sırası göz açıb yumunca gözəl bir zümzüməyə çevrilir.
Kompozisiyayla bağlı ikinci məsələ Bəxtiyarın şeirlərindəki gizli epizm, yaxud daxili süjet xəttinin daim izlənməsidir. Yuxarıdakı üçüncü göz şeirində açıq aydın süjet xətti var, şeir bir tərəfdən başda gələn bayatının açımına dönür, digər tərəfdən isə bu şərh olmaq "mərəzindən" imtina edərək əsas mətləbi lirik düşüncə və təxəyyül güzgüsündə göstərir, dünyanın başdan-başa şeir, nəğmə olması vurğulanır. "Gecikmə" şeirində isə belə bir açıq süjet xətti yoxdur, şeirə qədər başına gələn bütün əhvalatları danışıb yorulan bir adamın etirafları səslənir. Bəxtiyar bütün şeirlərində elə bu gecikmədən bəhs edir, gah təəssüflə, gah da içdən gələn kədərlə.
Bu süjetli nəhrin sirri həm də adi səbəblə bağlıdır: şair elə ilk misradan sırf yaşantıya köklənir. Bu hisslər o qədər dolu və rənglidir ki, onlar misralara düzüləndə hekayə təsiri bağışlayır, sanki hansısa olmuş əhvalat, hansısa nəsr fraqmenti şeirin dilinə köçürülüb. Və məqsəd aydındır: nəsr stixiyasını arxada qoymaq, onu ötüb keçmək, elə bir ortam yaratmaq ki, hər şey şeirin mistik tülünə (gecəylə gündüzün tən ortasındakı duman...) bürünmüş kimi olsun...
Yatmaq istəyirəm, sənsizliyini
Yuxu dənizində batırım deyə.
Yuxumsa kölgəmi öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Həsrətin asılıb kirpiklərimdən
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda...
Yaşantı o qədər dərindir ki, yaddaşı şırımlarla yaşayır, hər şey mələs narı əllə parçaladıqda ordan ağ köynəyə düşən qan kimi diri və canlı, vizual və bitib tükənməzdir:
Yoxluğun duz səpir yaramın üstə
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın...
Bəxtiyar Vahabzadə əksər şeirlərində "Mən kiməm?" sualına cavab vermək ümidiylə sonda bundan vaz keçir, çünki zamanın yaradıb ortaya atdığı ehtiyac elə zaman boyunca hər bir şeirin içinə, qəlbinə kömülər. Atəşdən köynək geyib soyuq, bumbuz iqlimin həsrətiylə yaşamaq sadəcə qismət və taledir. Bütün ömrü boyu özünə, "mən kiməm" nidasına mizan-tərəzi quran şair bütövləşmə həsrətini yaşayır. Hər bir şair yaradıcılığının sonunda axtarıb tapmadığı bir sözə dönür, bizim yaddaşımızda konkret adla əbədiləşən yazar üfüqlərin qaşında həmin o sözün içindəki mənanı ifadə edir. Məsələn, həsrət...
Mənim qismətimdir alatoranlıq
Gecəylə gündüzün arasındayam,
Qurulur içimdə mizan-tərəzi,
O gözlə, bu gözün arasındayam.
Burada başqa, son dərəcə maraqlı bir nüans da olmamış deyildir: bəlli konseptlərin sınırlarını genişləndirmək cəhdi... Özünü bir neçə "kadr"da görmək, bu kadrların bitişə bildiyi konturların silindiyi ömür yolunda özünə həsrət qalmaq, olmazın iztirab çəkərək özü üçün darıxmaq... indi kəşf edilən bir konsept deyildir. Ancaq bu konseptə dünyaya indicə gələn məna kimi sahib durub onu içinin bütün, bəlkə də ən qaranlıq dərinlikdəki nöqtələrlə görüşdürmək arzusu məlum olan, hər yandan görünən rəngi yeni, tam orijinal rəng kimi görükdürür. Poeziya bu mənada həm də məlumu naməluma, bilinəni bilinməyənə çevirən bir "qurğudur".
Bəxtiyar, sinəndən neçə "mən" keçir
Biri dərdli keçir, biri şən keçir,
Məftilli çəpərlər sinəmdən keçir.
Bakıyla Təbrizin arasındayam...
Bəxtiyar şair temperamenti, çılğınlığı, cavan vaxtı çıxan kitablarındakı fotoları, ən uzaq və ümidsiz arzulara çatmaq dəliliyi ilə və başqa nəhayətsiz cizgiləriylə bu məmləkətin bəlkə də ilk və son şairi idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!