İlqar Fəhmi çağdaş ədəbiyyatımızda klassik poeziyanın bilicilərindən biri kimi tanınır. Bakının Zirə kəndində doğulan, gənclik illərindən bədii yaradıcılığa başlayan İ.Fəhmi o dövrdə Bakı və Abşeronda qaynar ədəbi müzakirələrin keçirildiyi əruz məclislərinin fəal üzvlərindən olub. Şair, yazıçı-publisist, kinodramaturq İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibidir. Şeir və nəsr kitablarının, neçə-neçə ekran əsərinin ssenari müəllifidir, pyesləri şəhərimizin teatrlarında tamaşaya qoyulub. Yaradıcılıq uğurlarına görə ədəbi mükafatlara layiq görülüb.
Onun yazdığı qəzəllər təkcə klassik şeir xiridarları üçün deyil, çoxlarının anladığı dillə hasilə gətirilmiş bədii nümunələrdir. "Ulduz" jurnalının baş redaktoru, tanınmış şair-publisist Qulu Ağsəsin fikrincə, "İlqar Fəhmi öz yaradıcılığında Şərqlə Qərbi, klassika ilə müasirliyi birləşdirən qələm adamıdır. Xoşbəxt o müəllifdir ki, elitar mədəniyyət yaradır, eyni zamanda onu kütləviləşdirə bilir. İlqar Fəhmi də belə ədiblərdəndir. O, bütün təbəqələrə nüfuz edə bilir". Dramaturq Əli Əmirli, İ.Fəhminin əsərlərinin məziyyətlərini belə qiymətləndirir: "Klassik janrda da müasir fikir deyə bilir, oxunaqlı əsərləri oxucuda maraq oyadır. Şərq və Qərb ədəbiyyatını gözəl bilir və uyğunlaşdırmağı bacarır".
Təbii ki, ədəbi tənqidçilər araşdırmalarında onun əsərlərinin bədii-estetik dəyəri, səciyyəvi xüsusiyyətləri barədə öz fikirlərini sərgiləyiblər. Qələmini əruzla yanaşı, müasir şeir formalarında da sınayıb. Məhsuldar yazan söz adamlarından, tanınmış imza sahiblərindən biri kimi dəyərləndirilən müəllifin dövrün suallarına, tələblərinə cavab verən poeziyasında heca vəznində yazılmış, dövrün ictimai-siyasi olaylarına münasibət bildirən poetik nümunələr də az deyil. İlqar Fəhmi həm yurd aydınlarımızdan biri kimi, həm də söz deməyə haqqı olan yazarlardandır. Yaşının az olmasına baxmayaraq, çoxşaxəli, zəngin yaradıcılığı, həyata baxışı, geniş dünyagörüşü ilə fərzanə insandır. Təbiiliyi, poetik bütövlüyü əsas məziyyətlər hesab edən şair əsərlərində şeiriyyətlə yanaşı, mahiyyətin, mənanın, mövzunun da fərqinə varır. Onun izhar etmə, harmoniya yaratmaq qabiliyyəti güclüdür. İlqar Fəhmi müşahidələrini içindən keçirərək poetikləşdirir, yeni biçimdə təqdim edir.
Əsəblərin tarıma çəkildiyi, bədnam qonşumuzun bizə diş qıcadığı, çirkin təxribatlarının ara vermədiyi bir dövr idi. Azğın ermənilərin torpaq iddialarının baş alıb getdiyi, sərhəd kəndlərimizdə qətl və qarətlərin törədildiyi, silahsız, dinc əhaliyə divan tutulduğu ilk vaxtlar və bu dövrün üzüntüləri yeniyetmə İlqarın da yaddaşına qara dumantək çökmüşdü. Nədən bu ağrı-acıyla üzləşmişdik? Arın-arxayınçılığın, biganə münasibətin altını çəkirdik yoxsa? İçimizdə at oynadan dərdimizə qahmar çıxan, ən çətin durumda bizi müdafiə edən, qəm-qüssəmizə şərik olan tapılacaqdımı? Belə sualların çoxu cavabsız qalmış, uzun illər çəkən Birinci Qarabağ savaşında uğur qazana bilməmişdik. Axı, təkcə erməni silahlıları ilə döyüşmürdük. Onlara tərəfgirlik edən güc dövlətləri ilə üz-üzə qalmışdıq.
Cəmi 44 gün çəkən Vətən müharibəmizin Zəfərlə bitməsi dünya hərb tarixində hələ çox xatırlanacaq. Müdrik Sərkərdəmizin dönməz iradəsinin, ordumuzun əzmkarlığının göstəricisi idi bu müharibə. Müzəffər ordumuz ruh yüksəkliyi, mübarizə əzmi ilə çağdaş günümüzdə tarix yazırdı. Bu qəhrəmanlıq tarixi əsgər oğulların hünəri ilə yazılırdı. İlqar Fəhmi Zəfər savaşımızın əks-səda doğurduğu günlərdə qələmə aldığı "Balaca kişilər" adlı şeirində cəbhələrdə ölüm-dirim savaşına atılmış əsgərlərimizin şücaətini tərənnüm edirdi:
O zəif deyilən, cılız deyilən
O xırda uşaqlar əsgərdi bu gün.
Geyinib ruhuna mərdlik libasın
Düşmənə gücünü göstərdi bu gün...
Əsgər paltarını geyinəndə də
Bilmirdi güllədən köksü deşilər.
Qəfil böyüdülər, tez böyüdülər
Balaca kişilər, cavan kişilər...
Şair isti ocağından, boya-başa çatdığı ev-eşiyindən, ata-ana himayəsindən yenicə aralı düşən, əsgər forması geyib, çətinliklərlə dolu hərb həyatı yaşayan, səngərdən-səngərə atılan bu cılız balaların Vətən savaşında "torpaqdan güc alıb düşmən üzərinə yürüməsini", yağı önündə "sərt qayatək" duruş gətirməsini, əlbəyaxa vuruşlarda qatil ermənilərə qan uddurmasını yaddaşa həkk olan poetik lövhələrlə təsvir edir. İdrakla yazılmış bu poetik nümunələrdə şair sözün gücü ilə döyüş səhnələrinin şəklini çəkir, görüntüsünü, mənzərəsini yaradır. Həmin şeiri oxuyan rəssam bu igidlik dastanının təbii mənzərəsini öz fırçası ilə məharətlə çəkə və həyati bir tablo yarada bilər:
Güllələr altında mərmi səsində
Səngərdən dikəlib qalxan saniyə
Əlləri bir dəmir məngənə oldu
Düşmən boğazından yapışsın deyə.
Səngərdən dikəlib qalxan saniyə,
Ölümün gözünə baxan saniyə
Balaca kişilər yoxa çıxdılar,
Yeri parçalayıb əzəmətiylə
Torpaqdan elə bil divlər qalxdılar.
"Dava-dava" oynayan dünənki uşaqların bu gün başı üstündən zəhmli, ölüm saçan raket mərmiləri uçuşur. "O başqa "oyun"du, bu başqa "oyun" deyən şair "dəmir ayaqlı", "polad biləkli", şir ürəkli oğullarımızın haqq savaşımızda ölümün gözünə dik baxaraq, kafirin cəzasını verdiyini, köksünü güllələrə sipər etsə belə, odlu cəbhələrdən dönmədiyini dilə gətirir. Ömrünün sevib-sevilən, bir gözələ könül verən çağında "gözləri sevgiylə dolan" gənclərin indi bu savaşda düşməni qarsan, yandırıb-yaxan, qeyzlə dolu baxışları alov saçır:
Dünən sevgilərlə dolmuşdu gözü,
Qəzəbli gözündən bu gün qan sızır.
Dünən qızlar üçün "sms" yazan
Bu gün öz qanıyla "şücaət" yazır...
"On səkkiz, on doqquz, iyirmi yaşda, arzusu ürəkdə, niyyəti başda olan balaca kişilər, cavan kişilər"in, "dar gündə Vətənə həyan kişilərin" ? əsgərlərimizin rəşadətini vəsf edən bu şeirdə daha sonra oxuyuruq:
Ucalır, yüksəlir buludlaracan,
Ona güllə çatmır, mərmi yetişmir.
Səngərdən hücuma qalxan saniyə
Uşaqlar dəyişir, Vətən dəyişmir.
Müəllifin fikrincə, Zəfər savaşında Vətənimiz düşmənin strateji nöqtələrini sərrast nişan alan, hədəfi iti görən qartal baxışlı, aslan pəncəli, güclü oğullarımıza güvənib. İşğal altında olan torpaqlarımızı buxovdan, qandaldan bu əsgər oğullar qurtarıb:
Başları üstündə uca Allahı,
Ayaqlar dəmirdi, ürəklər polad...
Dikəlib səngərdən, açıb silahı
Yüyürüb qaçanda düşmən üstünə,
Gözlərə heç bir şey görünmür daha,
Yol gedir Zəfərlə dolu sabaha...
Qələm yoldaşları kimi, İlqar Fəhmi də yurd yerlərimizin hər qarışı uğrunda çarpışan, şirin canından keçən igidlərimizin, ağır yaralansa da, döyüşlərə atılan qazilərimizin torpağa səpələnmiş al qanıyla yazılan hünərinin, habelə ürəyimizdə ehtişam, fəxr-fəxarət duyğusu yaradan xalq və ordu birliyinin, möhtəşəm vəhdətin şahidiydi. Xalqımız bütün dünyaya, bizi dəstəkləyən və dəstəkləməyən dövlətlərə haqq işimiz naminə bir yumruqtək birləşmək nümunəsi göstərmişdi. Həyata nikbin baxışı ilə seçilən şair haqqında söz açdığımız, böyük Qələbəmizi canlandıran bu şeirini həmin coşqu, əzəmət və ehtişamla qələmə alıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!