Vaqif YUSİFLİ
Hər bir şairin elə öz sağlığında yazdığı "vəsiyyət" şeirləri olur, biri yazır ki, məni doğma kəndimdə, yol kənarında dəfn edərsiniz, birisi də yazır ki, son günlərimi kənddə, bir bulaq kənarında keçirmək istəyirəm və s. Başqa bir şair isə kəndə atasının, ya da anasının ölüm xəbərini eşidəndə yüyürür. O şairləri titrədən doğma kəndlərinin, doğulduqları yerin, məkanın həsrətidir. Ağasəfa də vaxtilə belə bir şeir yazmışdı:
Hər gecə yuxuma girdi dağ-dərə,
Hər gecə ulduzlar çağırdı məni...
Bu çılğın şəhərdə azı yüz kərə,
Tale yapdı məni, yoğurdu məni.
Üzü dağlaradır hər gün maşın da...
Bir ümid qaynayar, çağlar başımda:
Harda öləcəyəm, mən bu yaşımda?
Harda öləcəyəm?
Dağlar başında...
İndi Ağasəfa elə o dağlar başındadır və Xızının Qarabulaq kəndində doğulan Ağasəfa imzalı o şeirlərdə daha vəsiyyət ovqatı da çəkilib gedib, Qarabulağın dumanına qarışıb. Bir yoxsul komaya sığınıb sərin dağ havasını udasan, hər gün gördüyün çiçək ola, gül ola, gözün dolusu sevdiyin o gözəl mənzərələri seyr edəsən, heç ölüm barədə fikirləşməyə dəyərmi? Bu elə bir kənddir ki, oranın görkəmi çox-çox kəndlərdə gördüyümüz müasir sivilizasiynın görüntülərindən uzaqdır. Səksən yaşına doğru yürüməkdə olan Ağasəfa bu kəndin ağsaqqallarından sayılır. Dağ kişilərinin görkəmini, cüssəsini, adətən palıda bənzədiblər və kökü dərinliklərə, yaşı yüzdən o tərəfə gedib çıxan palıdlarla dağ kişilərinin, doğrudan da, bir bənzəyişi var. Amma Ağasəfa o dağ kişilərinə və palıdlara heç oxşamır, arıq, cansız bir adamdır. Amma bu arıq adamın içi, mənəvi dünyası dopdoludur, o arıq sinənin altındakı ürəkdə hər gün gördüyü, tamaşasından doymadığı dağların bulaqları çağlayır.
Dərələr keçmişəm, dağlar aşmışam,
Küləklər o ki var dəyib sinəmə.
Dağlara şirincə layla qoşmuşam,
Dağlar da başını əyib sinəmə.
Almışam döşümə ildırımları,
İndi bilmişəm ki, canım poladdır.
Hələ yol gedirəm Günəşə sarı,
Mənə torpaq arxa, səma qanaddır.
İşığın eşqi var dəli başımda,
Qəlbimi Günəşdə yoğuracağam.
Lap son nəfəsimdə...
Zirvə qaşında
Bir papaq qar kimi ağaracağam.
Ağasəfa Yəhyayev çox təvazökar insandır, heç bir fəxri adı da yoxdu, müəllimlik məvacibiylə dolanıb, həyətində bağ-bostan da becərir. Və onun təvazökarlığı şairliyində də hiss olunur, bəzi üzdəniraq həmkarları kimi yazıları barədə tənqidçilərdən, ya şair dostlarından tərif ummur. O bilir ki, bu poeziya ümmanında bir zərrə olmağı da yetər, təki bu zərrədə bir dəniz saflığı olsun.
Ağasəfanı "təbiət şairi", "torpaq şairi" kimi ənənəvi ifadələrlə təqdim etmək istəməzdik. Ancaq onun şeirlərində təbiətin təsviri, peyzaj lövhələri, insan-təbiət münasibətləri özünəməxsus poetik zərifliklə işlənib və bunları oxuduqca fikirləşirsən ki, qırx il şəhərdə yaşasa da, təbiət, doğulduğu kənd onun içində olub.
Sağ tərəfin dərin dərə, sol qaya,
Yol keçilməz, yol sıldırım, yol qaya.
Başın üstə çətir tutsun sal qaya,
Səpələnsin yaz yağışı dağlara...
***
Bəyaz qar, yumşaq qar, xoş gördük səni,
Körpə qar, uşaq qar, xoş gördük səni.
Büllur qar, işıq qar, xoş gördük səni,
Torpağa aşıq qar, xoş gördük səni.
***
Şimşəklərin bənzəri var qılınca,
Ağ buludu oxşatdım ağ balınca.
Qara bulud ağ buludun dalınca
Bu zirvədən o zirvəyə at çapır.
Hər bir oxucunun istənilən bir şairdən öz zövqünə görə seçdiyi, bəyəndiyi şeirlər olur. Əgər bizdən soruşsalar, Ağasəfanın hansı şeirini daha çox bəyənirsən. Cavabımız bu olar ki, onun sərbəst vəzndə yazdığı "Ay işığında Qarabağ etüdləri" şeirini... Bu, Ağasəfanın ən "romantik" şeiridir deyərdik.
Süzülür süzüm-süzüm
Quş nəğmələri
Arı şanından süzülən bal kimi.
Oxuyur quşlar... Yellənir, sallanır Ay
Ana laylasından
Uşaq yuxusuna girən qoğal kimi.
Ağasəfa həm də satirik təbli şairdir. Kitablarındakı şeirlərin bir qismi həmişə satirik şeirlər olur. Böyük Sabirdən, bizim satirik şeirin ənənələrindən süzülən işıq bu şeirlərdə açıq hiss olunur. Bu satirik şeirlərdə günümüzün, çağımızın artıq əngələ, maneəyə çevrilmiş mənfi, neqativ halları tənqid atəşinə tutulur. Bu şeirlərin bir qismi (hansı ki, iki, üç, dörd misradan ibarətdir) hədəfi daha düzgün nişan alan snayper güllələrini xatırladır. Lap ulu Sabirin kiçikhəcmli taziyanələri kimi. Deyir ki: "Bir əl gördüm, Uzanıb məzardan çölə. Öyrəncəli əldir, Alacağı qalıb, Rüşvət gözləyir hələ". Deyir ki: "Kağız-kuğuz Qalaq-qalaq, "papka-papka". Əvvəl daşbaş alırdılar, İndi "şapka".
Çoxlu satirik şeirlərin müəllifi olsa da, Ağasəfa lirik şairdir və bu lirika onun son iki kitabında toplanan səkkiz poemasında da aşkar nəzərə çarpır. Lirik qəhrəmanın düşüncələri formasında qələmə alınan bu poemalar Ağasəfanın həyata, gerçəkliyə daha geniş, daha əhatəli münasibətini ifadə edir. Məsələn, çoxdan yazdığı "Yarpaqlar tökülür" (Meşəbəyinin düşüncələri) lirik poeması insan və təbiət doğmalığını əks etdirir. Nakam bir eşqin faciəsini yaşayan meşəbəyi sevdiyi qızın bu meşədə qoyub getdiyi izlərinin xatirəsilə yaşayır, birisi kəkliyə güllə atanda, birisi nərgizi tapdalayanda, başqa birisi bir quşa qəsd edəndə o qızı xatırlayır. Bu poema dərdin, kədərin içində işıq, sevinc, səadət axtarışına həsr olunmuşdu. "Günəşin dalınca gedən oğullar" adlı poemasında isə Ağasəfa müharibədən qayıtmayan oğulları yad edir, anaların intizarını lirik, həzin misralarla əks etdirirdi.
Ağasəfanın şeirlərində bir şair obrazı var - Müşfiq. O, Müşfiqi çox sevir. Bu sevgini izhar eləmək üçün təkcə ithaf, tərənnüm şeirləri yazmaq, ya da Müşfiq sənətinin gözəllikləri ilə öyünmək azdır. "Qanlı imza" poemasında Ağasəfa 37-ci ildə Müşfiqi bada verənlərdən birinin ölümünü təsvir edir.
Orada, o dağlar qoynunda şəhərdən, qaynar ədəbi mühitdən çox-çox uzaqda da əsl poeziya yaratmaq olar. Orada "çeşmələr önündə qocaman dağlara baş əyib kasıb sərçələri dənləmək", bir komaya sığınıb gecələr Ay işığını doyunca seyr eləmək nə böyük səadətmiş. Amma heyif ki, çoxumuz bu səadətdən məhrumuq.
Quzeydə qar xonçası,
Güney yaşıl səməni.
Sil qəlbimdən bu yası,
İlahi, bu gün məni
Pərvazlanan quş elə.
Ağasəfa, əgər belə demək mümkünsə, Musa Yaqub tipli bir şairdir, o mənada ki, kənddə yaşasa da, qaynar ədəbi mühitdən heç də uzaqlaşmamışdır, qəzet və jurnallarda yeni şeirləri ilə diqqəti cəlb edir. Şeirlərində lap Musa Yaqubda olduğu kimi, qətiyyən geriləmə və "qocalıq" hiss olunmur. Əvvəlki illərdə olduğu kimi, Ağasəfa hər şeirində yeni söz deməyə, müraciət etdiyi mövzuya poetik rəng qatmağı bacarır. "Oyandı qoca vulkan" şeirini Məmməd Arazın "Nə yatmısan, qoca vulkan, səninləyəm" çağırışına cavab kimi qələmə alıb. M.Araz "Ayağa dur, Azərbaycan" şeirində xalqı, Azərbaycan oğullarını mübarizəyə səsləyirdi, Ağasəfa isə artıq qoca vulkanın oyandığını car çəkir:
Oyandı qoca vulkan,
Çıxdı alov içindən
İgidlər simurq kimi.
Azərbaycan göründü
Havada yumruq kimi.
Oyandı qoca vulkan,
Oyandı Məmməd Araz.
Şəhidlərin qanından
Qarabağ başlan-başa
Çiçəkləyəcək bu yaz.
Yeni şeirləri də göstərir ki, Ağasəfa öz şairlik kredosuna sadiq qalır - nədən yazır-yazsın, şair poeziya dilində danışmalıdır, şeirə həyat həqiqətinin poetik ifadəsi kimi yanaşmalıdır. Ağasəfa bu həqiqəti son illərdə yazdığı "Ən sonuncu partlayış", "Qarabulaqda səhər duamı", "Ağacların vəfatı", "Gecə doğulan şeirlər", "Kiçiklərin böyüklüyü" və s. şeirlərində də ifadə edir.
Beləliklə, mən sizə Xızı rayonunun Qarabulaq kəndində, uca dağlar qoynunda yaşayan gözəl bir şair haqqında söz açdım. O şair - Ağasəfa müasir poeziyamızda da öz səsi, nəfəsi və tükənməz yaşam enerjisi ilə seçilir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!