Uşaqlıq təhtəlşüur hadisəsi kimi: Məhəmmədhüseyn Şəhriyar və Osman Sarıvəlli - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Məhəmmədhüseyn Şəhriyarın ana dilinə qayıdışı uşaqlığa qayıdışdan başlayır. "Heydərbabaya salam" poemasında uşaqlıq xatirələrinin bərpası ilə dilin "mifoloji tektonikası" baş verir.

Uşaqlığa qayıdış yalnız mifik zamana və məkana qayıtmaqla mümkündür. Ona görə də gerçək Heydərbaba dağının adını mifik, mistik ad kimi çəkir.

Heydərbaba, sadəcə, gerçək dağ adı deyil, mistik varlığın adıdır. Əsərboyu Heydərbabaya edilən davamlı xitablar ovsun effektlidir: bu müqəddəs adı təkrar-təkrar dilinə gətirir, Heydərbabanın ruhunu çağırır. Məhz müqəddəs adın-ruhun çağırılması ilə Şəhriyarda hadisələri və insanları yenidən xatırlama-yaşama imkanı yaranır.

 

Heydərbaba, sənin üzün ağ olsun,

Dörd bir yanın bulaq olsun, bağ olsun,

Bizdən sora sənin başın sağ olsun,

Dünya qəzov-qədər, ölüm-itimdi,

Dünya boyu oğulsuzdu, yetimdi.

 

Onun arzusu Heydərbabanın qucağında yuxulamaqdır. Bu, klassik psixoanalizdə itirilmiş obyektə qovuşma istəyidir. Ana qucağı isə həmişə uşağın istək obyektidir.

 

Heydərbaba, gəldim səni yoxlayam,

Bir də yatam, qucağında yuxuluyam,

Ömrü qovam, bəlkə burda haxlıyam,

Uşaqlığa deyəm: bizə gəlsin bir,

Aydın günlər ağlar üzə gülsün bir!

 

Şəhriyar hara gedirsə, orda ölümün nəfəsini hiss edir. Şəhriyarın "Heydərbabası" əslində yoxluq, ölüm-itim dünyası haqqındadır. Kimdən xəbər tutmaq istəyirsə, kimi sorusursa, ya ölüb, ya da harasa qeyb olub.

 

Dedim, balam, o Məmdəsən nolubdu?

Məlum oldu tifil cavan ölübdü,

Nə var, nə var, burnundan qan gəlibdi,

Bir yer əsir, baxırsan Məmdəsən yox,

Bu kənddə bir burun qanı kəsən yox!

 

Dedim, deyin Müseyyibə nə gəldi?

Qulam, gördüm, ağlar göz ilə gəldi,

Dedi: o da bahalıq düşdü, öldü.

Dedim, yazıq bizlə hasıl bölənlər,

Bitməyəndə aclarından ölənlər...

 

Məlikniyaz itkin gedib yox olub,

Əmir Aslan səktə ilə yıxılıb,

Hərə qaçıb bir dərədə çıxılıb,

Çörək qəmi çıxıb xalqın ayına,

Hər kəs qalıb öz canının hayına.

 

Bütün obrazlar (çırağın sönməsi, qurd gözünün bərəlməsi, günün batması və s.) qaranlığın, zülmətin, yaxud ölümün metaforik simvolik işarələridir.

Çırağın sönməsi, ümumiyyətlə, əsərdə ən işlək ölüm metaforlarından biridir. Məsələn:

 

...Ondan sonra dönərgələr dönüblər,

Məhəbbətin çıraqları sönüblər.

Yaxud

 

Heydərbaba, yaru yoldaş döndülər,

Bir-bir məni çöldə qoyub çöndülər.

Çeşmələrim, çıraqlarım söndülər

Yaman yerdə gün döndü, axşam oldu,

Dünya mənə xərabəyi-Şam oldu.

 

Uşaqlıq xatirəsinin əsas zaman vahidi gecə, yaxud qaranlıqdır. Maraqlıdır: Şəhriyar uşaqlıq xatirələrini söylədikcə onun təhtəhşüurunda yalnız qaranlıqla, gecə ilə bağlı obrazlar oyanır. Qaranlıqda qurd gözünün parıldaması və ya bərəlməsi uşaqlığının ən sevimli detalı kimi yadında qalıb:

 

Kölgə düşdü, gün batdı, qaş qaraldı

Qurdun gözü qaranlıqda bərəldi...

 

Yaxud

 

Yaz gecəsi çayda sular şırıldar,

Daş-qayada seldə aşıb xarılldar,

Qaranlıqda qurdun gözü parıldar,

İtlər, gördün, qurdu seçib ulaşdı,

Qurd da, gördün, qalxıb gədikdən aşdı.

 

Ya da

 

Mirzə Tağıynan gecə getdik çaya

Mən baxıram seldə boğulmuş aya,

Birdən işıq düşdü o tay bağçaya.

"Eyvay-dedik, - qurddu". Qayıtdıq qaçdıq

Heç bilmədik nə vaxt küllükdən aşdıq.

 

"Heydərbaba"da mətn məkanı bütövlükdə kişilərin məkanıdır. Hətta Heydərbaba dağı kişi başlanğıcına malikdir:

 

Heydərbaba, mərd oğullar doğginən,

Namərdlərin burunların ovginən,

Gədiklərdə qurdları tut, boğginən...

 

Şair daha çox köhnə kişiləri - Mirzə Tağını, Mirqafarı, Mirsalehi, Mirəzizi, Mirməmmədi, Mirheydəri, Mirəbdülü, Molla İbrahimi... xatırlayır:

 

Ahılların yetmiş kəfən çürüdüb,

Cahılların dünya qəmi kiridib...

 

Yaxud

 

Köhnələrin sür-sümüyü dartılıb,

Qurtulanın çul-çuxası yırtılıb,

Molla İbrahim lap əriyib, qurtulub...

 

Yeri gəlmişkən: "Köhnələrin sür-sümüyü dartılıb" deyimi mənə maraqlı frazeoloji ifadə kimi gəldi. "Kitabi-Dədə Qorqud"da ananın ölümcül yaralanmış Buğaca dediyi sözlər yadıma düşür: "Ol ikicə sünuğucun uzun olmuş".

Poemada ritorik suallar da ölümlə bağlı olur. Şəhriyarın ritorik suallarında üzüntü notları səslənir və bu da inkarın, yoxluğun effektini gücləndirir. Ümumiyyətlə, ritorik suallar ağı janrının səciyyəvi əlamətidir və adətən bu suallar mərhumun özünə ünvanlanır.

 

Xoşginabı yaman günə kim salıb?

Seyidlərdən kim qırılıb, kim qalıb?

A Mirqafar, dam-daşını kim alıb?

Bulaq yenə gəlib gölü doldurur?

Ya quruyub, baxçaları soldurur?

 

Əsərin məna-motiv məkanı qaranlıq stixiyası ilə sıx bağlı olduğundan karvanın yol azması da gecə obrazının fonunda verilir.

Heydərbaba, qarlı dağlar aşanda,

Gecə karvan yolun azıb çaşanda...

 

Ömrün və dünyanın faniliyi "karvan", "karvan yolu" metaforları ilə təqdim olunur ki, bu da ənənəvi Şərq fəlsəfəsindən gəlir.

 

Mən gördüyüm karvan çatıb köçübdü,

Ayrılığın şərbətini içibdi,

Ömrümüzün köçü burdan keçibdi,

Keçib gedib gedər-gəlməz yollara,

Tozu qonub bu daşlara, kollara.

 

Yaxud

 

Zaman keçir, üfüqlərdə toz qalır,

Karvan kimi uzaqlarda toz salır...

 

Şəhriyar uşaqlığını yuxu kimi danışır. Ona görə də uşaqlıq dünyası axirət dünyasının, "alt dünya"nın mifoloji məkanı kimi qurulur. "Bu dünya"dan köçmüş adamların "tale mətnlərini" söyləyib, özünü də (elə bizi də)! sanki "ölüm səltənətinə" daxil edir.

Osman Sarıvəllinin "Gətir, oğlum, gətir" əsəri xatirə ovqatlı uzun şeirdir. O.Sarıvəllidə uşaqlıq işıqlı, pozitiv başlanğıca malikdir. O.Sarıvəllidə işıq mənəvi dəyər simvoludur, ayrıca metafizik gerçəklikdir. Şeirin xatirə - məna məkanı işıqla doludur. Uşaqlıq illərinə qayıdış Şəhriyar üçün dərin hüzn-kədəri, yaşamaqdırsa, Osman Sarıvəlli üçün isə sevinc hissidir, könül rahatlığıdır.

"Heydərbabaya salam"da öz keçmişi ilə görüşə Şəhriyar özü gedirdisə, amma "Gətir oğlum, gətir" şeirində Osman Sarıvəlli öz yerinə oğlunu göndərir. Oğlu uşaq Osmanın başqa "oxşarı"dır. Həmin "uşaqlıq güzgüsündə" də özünün uşaqlıq təcrübəsini sanki təkrarlamaq istəyir: "Elə sənin kimi uşaq idik biz", - deyir. Hətta uşaqlıq predmetləri oğlunun yaşından hesablayaraq yada salır:

 

Afərin yaşından otuz il əvvəl,

Dişləri tökülmüş iki taxta vəl.

 

Şairin uşaqlıq xatirəsi göz yaddaşından doğulur. Onun üçün uşaqlıq xatirəsi hər şeyi yenidən görməkdir, yenidən olduğu kimi görmək imkanıdır. O.Sarıvəlli gözün xatirələrini danışır.

 

Görürəm, səfalı bir yaz axşamı,

Çinarın dibinə yığışır hamı...

 

O.Sarıvəlli oğlunu özünün uşaqlıq dünyasını göndərməklə hər şeyi necə varsa, elə də görmək və yerində tapmaq ümidindədir.

O.Sarıvəlli də uşaqlıq yaddaşının hər epizodu, hər detalı təsdiq intonasiyası ilə təqdim olunur. Şairin təhtəlşüuru, sanki inkar kateqoriyasını tanımır.

Şəhriyardan fərqli olaraq, Osman Sarıvəllinin təhtəlşüur xatirə obrazları itkiləri, yoxluğu və ölümü qəbul etmir.

O.Sarıvəllinin xatirə yaddaşı üçün nəsnənin, canlının balacalığı, kiçikliyi maraqlıdır. Xitab formullarında əzizləmə-oxşama ovqatı bu düşüncədən gəlir: "Bilmədim, ey körpəm, mənalı nədir?", yaxud: "Quzum, bu misaldır, başa düş məni" və s. Şəhriyarda isə tamam əksinədir - Heydərbabadan tutmuş bütün personajlara qədər yaşlı, qocalmış varlıqlar üstünlük təşkil edir. Məsələn: "Mirmustafa dayı, ucaboy baba..." və b.

O.Sarıvəlli təbiət nəsnələrinin sadalamaqla yaddaşında ömür məkanının hüdudlarını sahmana salırdı. Şair oğluna otların, çiçəklərin adlarını ona görə sadalayır ki, məhz bu adların mövcudluğu ilə özünün də mövcudluğunu təsdiqləmiş olsun. Mövcudluq, var olma hissi isə insan ömrünə (və iç dünyasına) mütləq fərqli bir "pozitivlik aurası" gətirir.

 

Bir gün bu yerlərə dönüb gələrkən

Topla xumar gözlü bənövşələrdən!

Bir az gecikdinmi nanə, üzərrik,

Özəkli baldırğan, çiçəkli yemlik,

Kişnik, kəklikotu, çopanəppəyi

Lalə, xoruzgülü, tərə-göbələk,

Albalı, qarağat, moruq, çiyələk.

Bunlar şirin nemət, şirin diləkdir,

Sevməyən sevməsin, mənə gərəkdir!

 

Yaxud

 

Qara qoç, boz qoyun, göy təpəl quzu,

Ağ ceyran dırnağı, maral buynuzu,

Qıvrovul quyruğu, tovuz lələyi,

Bir aslan pəncəsi, bir şir biləyi,

İti qırğı gözü, tərlan qanadı,

Min bir çiçək adı, min bir gül adı.

 

Göründüyü kimi, uşaqlıq mifologiyası M.H.Şəhriyarın və O.Sarıvəllinin təfəkkür tipinin fərqliliyini ortaya qoyur. O.Sarıvəlli inanırdı, uşaq vaxtı sevdiyi bütün nəsnələr hələ də mövcuddur - mütləq oğlunun qarşısına çıxacaq. Ona görə də oğlundan dönə-dönə xahiş edirdi. "Gətir, çox sevdiyim nə varsa, gətir!"

Şəhriyarın yaddaş təcrübəsində, təhtəlşüurunda uşaqlıq xatirəsi əslində unudulmaq aktına çevrilir: yəni "Heydərbabaya salam"da özü də ruhlar səltənətinə qovuşurdu və orda qeyb olurdu...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!