Bu dünyada Müşfiq vardı - Mikayıl Müşfiqin doğum gününə - Vaqif YUSİFLİ

İyunun 5-də M.Müşfiq dünyaya gəlib

Vaqif YUSİFLİ

 

Vaqif Yusifli

filologiya elmləri doktoru, professor

 

Yadımdadır, deyərdilər,

Bu dünyada

Müşfiq adlı

Çox gözəl bir şair olub.

Hərəkəti, məhəbbəti,

Həqiqəti

şeir olub.

Şeir olub göylər kimi,

yerlər kimi aydın, açıq.

Hər kəlməsi gəncliyinin

vüqarına bir yaraşıq.

O ləbaləb dolu idi

Şeir ilə, sənət ilə;

Ölümdən də qorxmaz olan

qüdrət ilə.

Bu gün onun həyatında

Bir bahardır.

Bu dünyada Müşfiq vardı

Bu dünyada yenə vardır.

 

Gözəl şairimiz Əli Kərimin bu şeiri Mikayıl Müşfiqin sənət dünyasını, onun şeirə, poeziyaya tükənməz məhəbbətini əks etdirir və doğrudan da, Müşfiq sənəti Azərbaycan ədəbiyyatında əbədidir. Onu nə sağlığında rast gəldiyi təqiblər, nə də repressiya bizdən ayıra bilmədi.

Bu dünyada, elə bizim məmləkətdə şair çoxdu: dahi şairlər, istedadlı şairlər, nakam şairlər, məcnun şairlər... Mən Müşfiqi onların hər birinə aid edirəm. Müşfiq şeirin özü idi və subyektiv fikrimdir deyim - Azərbaycan poeziyasında Əli Kərim qədər həm şair taleyi, həm də şeirləri qədər Müşfiqi xatırladan ikinci bir şair tanımıram.

 

Keçən günlərimi xatırlayarkən

Sevdalı dillərin yadıma düşdü.

Xəyalın qarşımda canlandı, birdən

Göyərçin əllərin yadıma düşdü.

 

Bunu Müşfiq yazıb. Bəlkə də dünyanın heç bir şairi sevgilisinin əllərini göyərçinə-quşa bənzətməyib. Əgər bənzədiblərsə, bu, Müşfiqdən sonra olub.

 

Ovçuluq əsrimi əsrin, ey qadın?

Söylə övladısan hankı səyyadın,

Sən gözlərinləmi yoxsa ovladın

Göyərçin qəlbimi bir laçın kimi.

 

Yenə göyərçin. Və bəlkə də dünyanın heç bir şairi sevən qəlbi göyərçinə bənzətməyib. Bənzədiblərsə, bu, Müşfiqdən sonra olub.

Müşfiqin sevgi şeirlərini də elə o zərif göyərçinə bənzətmək olar.

Müşfiqin sevgi şeirlərində yaşarı duyğular, çırpıntılar görürük. Onun sevgi şeirləri adi sevgi şeirləri deyildi, onun sevgisi vüsala yetəndən sonra boyatlaşan, busənin dadını görəndən sonra tamını itirən sevgiyə oxşamırdı.

 

Onunçun çırpınır qolum-qanadım,

Onu yerdə deyil, göydə aradım,

Gör nə bədbəxtəm ki, axırda adım

Xırda uşaqların dilinə düşmüş.

 

Sən canı canandan ayrı tutmadın,

Odur ki, vəfasız deyildir adın.

O səni unutdu, sən unutmadın,

Yaşa məhəbbətim, yaşa ürəyim!

 

O səni unutdu, sən unutmadın. Əslində, Müşfiq əsrinin sevgi lirikası bu bircə misranın içinə sığışa bilər. Niyə söhbətə Müşfiqin sevgi şeirlərindən başladım. Bu gün sevgidən yazan şairlərimiz var ki, yaşanılmamış, duyulmamış hisslərini şeirə çevirirlər. Müşfiqin sevgi lirikasını oxusunlar...

Müşfiqi unutmaqmı olar? "Deyirlər ki, bizdən əbədi ayrılanlar gənc qalırlar. Müşfiqin mehriban surəti də mənim xəyalımda bu vaxta qədər cavan qalıb. Müşfiqi saçları ağarmış, üz-gözü qırışmış bir qoca kimi təsəvvürümə gətirə bilmirəm" - ustad Rəsul Rzanın Müşfiq məhəbbətindən doğub bu sözlər.

Poeziyada Müşfiq yolu var. O yol ancaq Müşfiqindir. O yolda Müşfiq sosializm cəmiyyətinin "gözəlliklərindən də" vəcdə gəldi, 28 Apreli də tərənnüm etdi, amma Müşfiq olaraq qaldı. O şeirləri yaza-yaza da adı qara siyahıya düşdü, beşilliklərə nəğmə yazdı, amma sovet zindanında son anda iniltisini, sonuncu hıçqırığını bir kimsə eşitmədi.

 

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

 

Bu misraları qələmə alanda ölümünə hələ beş il qalırdı. Hələ 29 yaşına çatmamışdı. Müşfiq qətlə yetirildi. Cismini Nargin adasına tulladılar. Yaşamaq-yaratmaq arzusu ilə çırpınan Müşfiq bəs neçin bu şeirini yazarkən həyəcan keçirmişdi? Bəlkə ölümünün...

 

Qarşımda dalğalı dərin bir ümman,

Ümmanı sarsıdır bir acı tufan.

Bəyaz köpükləri bir çiçək yapan,

Şeirdən, xülyadan necə əl çəkim?

 

İyirminci illərin axırları-otuzuncu illərin əvvəllərində "proletar mədəniyyəti" təbliğçiləri qədim incəsənət əsərlərinə, milli musiqi alətlərinə qarşı kampaniyaya başlamışdılar. Məsələn, tənqidçi-ədəbiyyatşünas, Maarif komissarı Mustafa Quliyev bir məqaləsində yazmışdı ki: "Bu aləti - tarı müdafiə etmək gülüncdür. Avropa musiqisi əvəzinə tar dərnəkləri təşkil etmək və türk musiqisi inkişafında tara əhəmiyyət verərək, onunla hesablaşmaq lazım deyildir. Tar öz-özlüyündə həyat səhnəsindən çıxacaqdır". Onun bu fikrini alqışlayanlar da oldu. O zaman bu qərarın əleyhinə ilk çıxış eləyən isə Müşfiq oldu.

 

Oxu, tar, oxu, tar,

Səsindən ən lətif şeirlər dinləyim.

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!

Səni kim unudar?

Ey geniş kütlənin acısı, şərbəti -

Alovlu sənəti!

 

İllər keçəcək, Müşfiqin müasiri olan Mirzə İbrahimov "Tar" şeirinin doğurduğu əks-səda haqqında yazacaq: "Tarı ilk dəfə Müşfiq Maarif evində neçə yüz adamın içində oxudu. Biz hamımız və bütün zal qeyri-adi, şiddətli bir dalğanın qanadlarında uçur kimi vəcdə gəlib Müşfiqi alqışlavdıq". Burada qeyd etməyi lazım bilirəm ki, Müşfiq klassik poeziyamızın alovlu təbliğatçısı idi. Onun müasiri Mir Mehdi Seyidzadə bir xatirəsində yazır ki, Müşfiq bir gün evimdə qonaq qaldı. Səhərə qədər Füzulidən şeirlər dedi, özü də necə...

Müşfiq dünya poeziyasına bələd olan şairlərdən idi. O, Azərbaycan sonetinin ən gözəl nümunələrini yaratdı. Onun şeirləri sənətkarlıq baxımından novatorluq keyfiyyətlərinə malik idi (Bu haqda ədəbiyyatşünas S.Quliyevin Müşfiqə həsr etdiyi monoqrafiyasında xeyli fikirlərlə qarşılaşırıq). Cəsarətlə demək olar ki, Müşfiq şeiri həm öz dövründə, həm də indi - yüksək sənət səviyyəsindədir. Onun şeirləri musiqiylə nəfəs alırdı.

 

Bu gecə nə qədər xoş gecədir,

Bir qara qız kimi tellicədir.

Yer işıq, göy işıq,

Hər tərəf yaraşıq.

Sevgilim, dayanma, sahilə gəl

Seyr elə gəl.

 

Müşfiq Azərbaycan şairləri içərisində ən çox yaddaşı, hafizəsi olan şairdir. Onun həyat yoldaşı Dilbər Axundzadə yazır ki, Müşfiq türk klassik və müasir şeirini, Azərbaycan şairlərinin şeirlərini əzbər bilirdi. Hətta yanında bir şeir oxuyanda, Müşfiq o şeiri əzbər deyirdi. Müşfiq Cavidlə, Əhməd Cavadla dost idi, onlardan öyrənirdi. Cavid Müşfiqi çox sevirdi.

Müşfiq haqqında düşünəndə bir də otuzuncu illərin o təlatümlü, o mürəkkəb, qarmaqarışıq, sinfi ideologiyanın hakim sürdüyü çağların Müşfiqi durur gözlərimiz qarşısında. Müşfiq əslində, Azərbaycan sovet poeziyasının banilərindən biri, öz şeir və poemalarında Şura inqilabını, bu inqilabdan doğan sevinci, əməkçi insanların həyatını, gələcəyə inamını əks etdirən şair idi, amma niyə o, repressiyanın qurbanı oldu? Niyə onun şair dostlarından biri, öz istedadına görə Müşfiqdən qat-qat zəif olan Məmməd Rahim "Ədəbiyyat qəzeti"ndə (21 avqust, 1937) "Kontrrevolusionist, kontrabançı" məqaləsi ilə çıxış etməli və Müşfiqi quruluşa zidd şair hesab etməliydi? Və illər keçəndən, Müşfiq bəraət alandan sonra "Şairin əziz surəti" məqaləsini yazıb, guya günahını yumalıydı? Əslində, Müşfiqə qarşı bu ədalətsizlik otuzuncu illərin əvvəllərində başlamışdı. Əlbəttə, Müşfiqin qətlə yetirilməsinin səbəbləri məlumdur. Onun həbs edilməsinin sonra "troyka"nın qərarı ilə qətlə yetirilməsinin səbəbləri məlumdur. Bu barədə onun 1 nömrəli tədqiqatçısı və təbliğatçısı, Müşfiq əsərlərinin nəşrini oxuculara mükəmməl çatdıran Gülhüseyn Hüseynoğlunun o məqalələrində kifayət qədər faktlarla rastlaşa bilərsiniz.

Təbii ki, Müşfiq unudulmadı. Xalq şairi, Müşfiqin dostu Rəsul Rza "Qızılgül olmayaydı" poemasında Müşfiqin unudulmaz obrazını yaratdı. Müşfiqanə şeirlər yarandı, onun yaradıcılığı haqqında məqalələr, tədqiqat əsərləri (burada G.Hüseynoğlu ilə yanaşı ədəbiyyatşünas Safurə Quliyevanın da zəhmətini unutmaq olmaz) yazıldı.

Sözümü M.Müşfiqin "Əbədiyyət nəğməsi" şeirindən onun gələcəyə, poeziyaya, sənətə böyük məhəbbətini əks etdirən bu misralarla bitirmək istəyirəm.

 

Bu dumanlı dağın başı mən olsam,

Dibinin ağlayan daşı mən olsam.

Hal bilən, dil bilən qara gözlərin

Qələmim deyir ki, qaşı mən olsam,

Ellərin ürəyi kövrəkləşəndə,

Dolu gözlərinin yaşı mən olsam,

Bəzi adamları bilməyim deyə,

Hisslərim korşalıb, naşı mən olsam,

Bir sərxoş ölümün əlindən düşüb

Nə zaman qırılan kaşı mən olsam,

Şair yeni-yeni sözlər bulacaq

Kainat olduqca şeir olacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!