Sabir Rüstəmxanlı - 75
Cavanşir YUSİFLİ
Filoloji fikirdə çox qəribə bir tendensiya var: kiməsə təbiət şairi, kiməsə sevgi şairi, kiməsə filosof-şair deyilir və bu nöqtədən başlayaraq şair oxucu üçün yadlaşır. Niyə? Çünki şeiri oxuyub onunla yaşayan oxucu filoloji fikirdə deyilənlərdən tam fərqli hissləri qəbul edir və onun qəlbində həmin mətnə qarşı bir bağlılıq, sevgi yaranır. Əslində, bütün şeirlər elə sevgi şeirləridir. Belə bir ifadə də var: vətəndaş(lıq-?) poeziyası. Ən qəribəsi budur. Bu "kateqoriyaya" daxil edilən şairlər arasında kimlər var? Məmməd Araz, Sabir Rüstəmxanlı, Xəlil Rza Ulutürk... Digər şairlərdə (məsələn, Eyvaz Borçalıda, Fikrət Qocada, Sərdar Əsəddə, Musa Yaqubda...) vətən hissi, onu sevmək, bədii mətndə onun adını bir sevgili adı kimi hifz etmək duyğusu yoxdurmu? Keçən əsrin 80-ci illərinin sonunda bir tədbirdə çox məşhur şairlərdən biri Əli Kərimdən əzbər şeirlər deyirdi, özü də ən gözəl parçaları. Sonda natiq irad elədi ki, heyif, milli damarı zəifdir. İnsan o tərifləri eşidib bu təsbitlə rastlaşanda sarsılır, ancaq məsələ bu deyil, məsələ yuxarıda vurğuladığımız kateqoriyalaşdırma ilə bir şairin poeziya, ədəbiyyat anlayışının daim "çəliklə gəzməsi"dir. Ancaq belə bir kateqoriyalaşdırma "damara" işlədiyindən zaman-zaman şairlər də onlara Tanrının verdiyi sərbəstliyi bir kənara atmış, dövr üçün aktual olan, amma oxucu üçün ağır və heç maraqlı olmayan mətnlər qoyub getmişlər. (Yəni vaxt olub ki, şairlər oxucu üçün yox, hansısa boşluğa şeir deyiblər...). Amma ən cəsarətli fikir və hisslərin olduğu bədii mətni də məhz poeziyanın azad havası ilə yazmaq və onu ilahi nurun adi gözlə heç görünməyən cizgiləri ilə naxışlamaq mümkündür. Yəni bu halda da vətən, millət, azadlıq... haqda mətnlər elə ən munis sevgi şeiri olur, başqa heç nə... Həm də ən qədim sevgi şeirinin damarlarından axan qanı hərəkətə gətirən bir nəsnə...
Məsələn, Sabir Rüstəmxanlının bu şeiri - sevgidən başqa nə var burda?
Bəlkə də, dünyada mən yoxam artıq,
Qarışıb payıza uçub getmişəm.
Sahibsiz adımdır ortada qalan,
Özümsə xəlvətcə köçüb getmişəm.
Sən adda adam da yaşamır bəlkə,
Özündən yadigar qoyub bu səsi,
Verdiyi əzabı unutdurmağa,
Beş-on söz eşidim sevgi əvəzi.
Bəlkə, bu özü də bir aldanışdır,
Bəlkə, gördüyüm də yuxudur elə.
Çoxdan itirdiyim nəğmələrimi,
Tale başqasına oxudu elə.
Könlümdə əbədi gəncliyin odu,
Bəs həsrət deyərək çağlayan nədir?
Yoxsansa, yoxluğun sevgisi olmaz,
Varsansa, bəs yolu bağlayan nədir?
Sonra, onun 18 yaşında yazdığı şeir:
Hadinin şeir bazarıdı,
Füzulinin dağıdılmış məzarıdı,
Taleyin ələnən ələyidi,
Durna lələyidi,
Araz hörüyündən kəməndə düşmüş Sevildi,
"Ənəlhəqq" harayıdı,
Ələsgərin sazıdı,
qədim əlyazmasıdı...
Sabir Rüstəmxanlı Azərbaycan poeziyasında, belə deyək, lokal hadisə deyil, yəni onun ortaya qoyduğu əsərlər tarixin hansı dönəmindəsə baş verən hadisələrin təsiri ilə meydana gəlməyib, o ümumi qaynaqdan və məcradan baş alıb gəlir: "Kitabi-Dədə Qorqud"dan, "Qutatqu-Bilik"dən, Şah İsmayıl Xətainin varsağılarından, Mirzə Ələkbər Sabirin kədərindən, Rəsul Rzanın, Mirəli Seyidovun milli düşüncəsindən, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Süleyman Rüstəmin həsrətli nəfəsindən. Bizim fikrimizcə, təkcə bu sadalanan mənbələri deyil, ümumən Azərbaycan ədəbiyyatını sistemli şəkildə mütaliə və tədqiq etdikdə onun yeri, ədəbiyyata gəlməsi və bunun səbəbləri aydın şəkildə görünür. Ədəbiyyat tarixini araşdırmağın mövcud ənənələri çərçivəsindən kənara çıxan kimi, ədəbi mətnlərin içindəki poetik enerjini ənənəvi araşdırmaya uyğun gəlməyən başqa bir bucaq altında öyrənməyə başlayanda... min illərin "daşlaşmış obrazları" hərəkətə gəlir, keçmişlə bugünün münasibətləri, gizli əlaqələri, bəzən çarpaz, bəzən də paralel gedən xətləri, onların rəngi, səsi və nəfəsi aydın təsəvvür və parlaq obraz formasında görünür. Məsələn, ədəbiyyat tarixində Mirzə Ələkbər Sabirin yeri və bu hadisə milli ədəbi prosesin özü haqqında orijinal mülahizələr doğurur. Mirzə Ələkbər Sabir bütün yaradıcılığı və poetik pafosu ilə daxilən, gah gizlin, əksər hallarda isə açıq şəkildə bütün ədəbiyyatın gedişatına qarşı bir oppozisiya yaradırdı. Burada təkcə söhbət onun Füzulinin qəzəllərinin "astar üzünü" çıxarmasından getmir, qəzəlin poetik enerjisinin görünməyən aləmini, yuxuda, xəyalda deyil, yalnız aşkarlıqda və ürəyi ağrıya-ağrıya keçdiyi yolları göstərməkdən danışılır. Sabirin yaradıcılığı ona qədərki və qəribədir həm də ondan sonrakı ədəbi prosesin gedişatını ən müxtəlif rakurslarda daxili və gizlin təhlildən keçirir və bununla da özündən sonrakı ədəbi prosesin inkişaf meyillərini müəyyənləşdirir.
Ona görə də ədəbiyyat tarixçiliyində "müasir ədəbiyyat haradan başlayır?" sualını verdikdə bu məqamı mütləq nəzərə almaq lazımdır. Bəli, bizdə müasir ədəbiyyat, ən yeni ədəbiyyat Mirzə Ələkbər Sabirlə başlayır, o, çağdaş ədəbiyyatın bütün önəmli hadisələrində iştirak edir. Sabirin tarixi-ədəbi prosesə və ədəbiyyatın özünə münasibəti bir növ məhək daşıdır və milli ədəbi düşüncədə həmişə "ayırdetmə" məqamı meydana çıxanda işin və məsuliyyətin ağırlığı Sabirin çiyinlərinə düşür. Milli ədəbi düşüncədə iki analogiyanı yada salmaq olar: M.F.Axundov və Sabir. Axundovun Füzuliyə münasibəti bəllidir, "Axundov nəyə görə Füzuli poetikasının işarələri ilə düşmənçilik edirdi" sualı müasir tənqid və ədəbiyyatşünaslıqda yetərincə çözülsə də, hadisənin köklü şərhi, bizə belə gəlir ki, başa çatmamışdır. Axundovun gerçəkliyə münasibəti, bu münasibəti təşkil edən işarələrin mürəkkəb şəkildə çulğaşması həm də ziddiyyət doğururdu, Axundovun tarixi ədəbi prosesə və bədii düşüncənin inkişaf stixiyasına münasibətinin özündə müəyyən ziddiyyət vardı. Axundov haradasa ədəbi düşüncənin inkişaf stixiyasının nəticəsi olmaqdan çox, ona qarşı duran, bütün ənənəyə qarşı oppozisiya yaradan, ədəbiyyatın sosial sifətini dəyişdirməyə çalışan bir fiqur idi. Füzulidə poetik hərarətin ifratlığı, qəribə gəlməsin bütün məkanı dondurmuşdu, hər yer qalın buzlarla örtülmüşdü. Bu məkana gəlib düşən adamın sürüşməkdən başqa çarəsi qalmırdı. Füzulini qorumaq, onu "yaddaş muzeyində" xətasız-bəlasız qoruyub saxlamaq üçün hər şey inkar olunmalıydı. Sabir bu "buzları" son damlasına qədər əritdi, illər boyu hökm sürən donuşluğu açdı, janrın içində donub qalmış düşüncənin kosmosla əlaqəsini bərpa etdi. Sonrakı dövrlərdə hər şey Sabirin proqramı və "resepti" üzrə getdi.
Bu proqram çərçivəsində yaşayan şairlərdən milli yazıçı obrazı ən qabarıq görünənlərdən biri də Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı hər şeydən öncə haqqında danışdığımız pozitiv, başqa sözlə desək, enerjisi, fəaliyyət stixiyası və inersiyası aşıb-daşan bir ənənənin övladıdır; onun mətnlərində şifahi nitqin enerjisi qəribə dinamika ilə meydana çıxır, mətndə hökm sürən sakitlik, təmkinli intonasiya "əhvalatın" uzun, bəlkə də, sonsuz zaman çərəyində açılmasına işarə edir. Gecə məlum auditoriya qarşısında çıxış edən aşıq (söyləyici) bir azdan dan yerinin söküləcəyini unudur və əhvalatı heç bitməyən şəkildə nəql edir. İş elə gətirib ki, poetikaları etibarilə bir-birinə uyğun gəlməyən iki şairin oxuduğu bədii mətnləri nağıllamaq tərzlərini müşahidə etmişəm: Adil Mirseyid və Sabir Rüstəmxanlı. Sabirin dünya ədəbiyyatını yerli-yataqlı bilməyindən çox, oxuduğu mətni (daha çox roman...) danışmaq, çatdırmaq (nağıl bitməyəcək tonda -!) tərzi məni təəccübləndirib. Bu cizgi onun bütün mətnlərində var, dağlardan axıb gələn çayın düzəndə sakitləşməsi, arxayınlığı necədirsə, o mətnlərdə oxucu ilə ünsiyyət üslubu da elədir.
Sabirin bədii-milli təfəkküründəki kamillik, təfərrüatlara varmayıb, nüvədən - əsas olan elementdən yapışmaq, onu çözmək qabiliyyəti və fəhmi yenə də əsas etibarilə Sabir və Mirzə Cəlil ənənəsindən, onların milli düşüncə qatından gəlir.
Sabir Rüstəmxanlının şeirlərində və ümumiyyətlə onun deyim tərzində bir sirayətedicilik xüsusiyyəti var. Söz və ifadələrin, obrazların, onların müvafiq kontekstdə yaratdığı şəbəkənin canlılığı, necə deyərlər, bədii-metaforik kommunikasiyaya can atması, sözün içində yuvalanan məna savaşının üzə çıxmaq ehtirası Sabir Rüstəmxanlı şeirinin "forma dağınıqlığından" da boyaboy görünür. Necə deyərlər, misranın, bəndin sonu gəlsə də, orada yuvalanan mənanın savaşı, bir-birilə qovğası bitmək bilmir, hiss, duyğu hansısa yolu qət etdikdən sonra nəfəs dərməyi yaddan çıxarır, ehtiras bir də qaynayır, belə bir təzyiq altında sözün "qabığı soyulur", heç bir metaforik vahid, element, komponent şərtiləşməyə, bir məkana bağlanıb donmağa macal tapmır... Obrazların yaranması, fonetik, morfoloji və sintaksis səviyyədə özünü göstərməsi (ifadə planını dəyişməyə meyillənməsi...), bu hadisənin mətnin bütün qatlarında ifadə olunma mexanizmi gözümüzün qabağında baş versə də elə bil ki, bədii mətn strukturuna hazır şəkildə daxil olur, bu strukturlar elə bil ki, hazır qəliblər şəklində çoxdan hazırlanıbmış, demək yerinə düşər ki, bunun özü də təbiidir. Məlumdur ki, şeirdə poetik obraz bir dil işarəsinin başqa bir işarə kontekstində qəfildən, gözlənilmədən, belə deyək, planlaşdırılmadan mənalandırılmasıdır ki, burada ən müxtəlif işarələrin arasındakı qarşılıqlı cazibə və itələmə qüvvəsi parlaq şəkildə meydana çıxır. Bu prosesin özü, yəni cazibə ilə itələmənin eyni zamanda, həm də bir göz qırpımında baş verməsi prosesin özünə diqqət yetirməyə macal verir, elə bir təəssürat yaranır ki, bu mətn əsrlər boyu yol gəlirmiş, yəqin ki, prosesin gedişatında elə ən doğru olanı budur, qəfildən nəyinsə baş verməsi illər boyu davam edən, şüuraltına yığılıb qalan nəsnələrin bətnində katalizator rolunu oynayır. Bunun nəticəsində min illər boyu ümumi kontekstə bağlı olan işarə bu ümumiliyin buxovundan qurtulur, hər şey - işarənin bütün aspektləri yeni modusda reallaşır və yeni cazibə sahəsi yaradır.
Sabir Rüstəmxanlının "Ömür kitabı"nı, "Vətən", "Ana dili", "Xətai yurdu", "Göy Tanrı", "Cavad xan" əsərlərini insanlara sevdirən də təkcə dövrün, tarixin, etnik təfəkkürün aktual məsələləri yox, həm də bu cəhətdir. Bu əsərlərdə ruhun sərbəstliyi sənə də sirayət edir, yenə də Sabirin atası Xudu kişinin sözləri yada düşür: bu şeyləri necə yadında saxlayıbsan, elə bil, heç kənddən ayrılmayıbsan... Sabirin, belə olduğu üçündür ki, tarixi səpkidə yazdığı əsərlərində də mənbələrin məntiqindən çox, içindəki təbiət stixiyası duyulur. Bütün mənbələri ələk-vələk eləyəndən sonra yenə ulusuna qayıdır, atasının sözlərini yazır: "...Göyün gücünə, qutsallığına inamın keçmiş çağlardan bəri türklərin ruhuna yabançı olmadığını, min illər boyu ulusun günəşə, göyə bağlı olduğunu, bu inancı öncələr də yaymaq istəyənlərin gəlib-getdiyini türk içində çoxları bilirdi. Uslu Xoca bu barədə yetirməsilə çox danışmışdı. Ancaq Oğuzun Göy Tanrı inancı - bütövdü, insanın içini işıqla, ümidlə doldururdu, ikifikirliliyə yer qoymurdu - ya hə, ya yox! Birini seçəcəksən! O, içində uydurma yer inanclarına - daş, ağac, saxsı bütlərə qəribə, bəzən hətta izah oluna bilməyən bir nifrət duyur, onlara ikrahla baxırdı. Məgər dünya görmürmü ki, bunlar yaradan ola bilməzlər, özləri yaradılmışlardır, yönəldən ola bilməzlər - çünki özləri yönəldilənlərdir. Göyün şimşəyi - ağacı qurudur, yağmuru - çayları daşırır, ulduzu - yol göstərir, günəşi - yazı-qışı doğurur, yer üzünə can verir..." ("Göy Tanrı" romanı).
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!