Salam, Sabir Rüstəmxanlı yolu! - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Xalq şairi Sabir Rüstəmxanlının həyat və yaradıcılığı o qədər çoxşaxəli (poeziya, nəsr, publisistika ictimai-siyasi fəaliyyəti) və özünəməxsusdur ki, gərək hər bir sahə haqda ayrıca əsər yazıla. Bu kiçik yubiley yazısı geniş filoloji təhlil aparmaq imkanlarımızı məhdudlaşdırır. Yalnız sevdiyim şeirlərin yaddaşımdakı obrazı məni bir-iki xırda gəzişməyə həvəsləndirdi...

Sabir Rüstəmxanlı poeziyası artıq milli ədəbiyyatımızın deyil, həm də milli məfkurə tariximizin tərkib hissəsidir. S.Rüstəmxanlı poeziyası obraz-mövzu kataloquna və söyləmə-təhkiyə tipinə malikdir. Sevgi lirikasında klassik divan şeirinin havası da dolaşır:

 

Bayram niyyətində bəxtini sına,

Gecə gələrəmsə yuxuna, sağam.

Nəfəsim dəyməmiş yanaqlarına,

Şamın söləsiylə toxunacağam.

 

Gündəlik, aktual publisistik bir mövzunu ənənədən gələn qafiyə sənətkarlığı ilə (adam-atom, qışqırır-fışqırır) "ahəstə qandıra" da bilir:

 

Bir il Baykonurdan adam qışqırır,

Bir il Çernobıldan atom fışqırır...

 

XX əsrdə millətimizin istiqlal - özünüdərk mücadiləsi Azərbaycan poeziyasının imkanlarını və gücünü də ortaya qoydu. Sabir Rüstəmxanlı bu ağır, sevda Yolunun yolçusu oldu. "Yol" ona janr və deyim seçimini diqtə etdi. Xalqa deyiləcək söz mütləq müvafiq janrlardan keçməlidir (Böyük rus alimi M.M.Baxtin deyirdi ki, harda deyim varsa, orda janr var)

 

 

S.Rüstəmxanlının lirik dünyası epik dünya ilə iç-içədir. Onun poeziyasında keçmiş zaman bu günün və sabahın içində görüşdürülür. Millətimizin tarixi keçmişi və özünün ömür xatirəsi - iki mənəvi dəyər onun poeziyasında qoşalaşır. Bir yaddaş çayının iki qolu kimi. Hadisələrə, əhvalatlara, nəsnələrə müdrik, kənara çəkilib baxma səciyyəvidir. Süjetlilik və təsvir bu tipli şeirləri ibrət mətnlərinə - pritçalara çevirir (məsələn, "At haqqında iki əfsanə").

Sabir Rüstəmxanlı poeziyasının emosiya gücü ondadır ki, müəllif duyğularını ifadəsində mətnin bədbinliyə, neqativliyə, ucuz sentimentallığa yoluxmasına imkan vermir. Oxucuya sabaha ümid və inam hissi, bir nikbinlik aurası yansıyır. Və oxucu bu şeirlərin pafosuna inanır.

Deyirlər ki, şairlər zamanın tərcümanıdır. Amma Sabir Rüstəmxanlı məkanı yolçu, səyyah-coğrafiyaçı kimi, bir az da irəli gedib deyərdim ki, xəritəşünas kimi, sərhədçi kimi hiss edir. Və zaman onun poeziyasında ya məkanla vəhdətdə olur, ya da məkandan asılı olur. Məkan onun ruhunun yerini və mahiyyətini açıb göstərir. Bu mənada pritça ruhlu "Şəhər kənarında" şeirini oxumaq kifayətdir.

"Qapı" obrazı qədim səhərlərin metafizik mahiyyətini ifadə edir. Gəncənin taleyi hardasa Gəncə qapılarının taleyi deməkdir. Məşhur "Salam, Gəncə qapısı" şeiri artıq bir səhərin taleyi haqqında həm elegiyadır, həm də çağırış şeiridir. "Salam, Gəncə qapısı" ifadəsinin ritual təkrarlanması şeirə ovsun effekti gətirir. Həmin şeirin sonunda "güzgü prinsipi"ndən istifadə edərək, Gelati monastrında girov saxlanılan Gəncə qapılarını şair "könül qapıları" ilə müqayisə edir. Bu qapıların açılmasına (qaytarılmasına) ümidini itirmir.

 

Salam, Gəncə qapısı!

Ürəyimdə heç kimin

gözünə görünməyən

sehirli bir qapı var -

Sənin əksin, surətin!

 

Ürəyimdə heç kimin

gözünə görünməyən

Sehrli bir divar var -

Başına dolanıbdır

Bu ulu məmləkətin!

 

Sabir Rüstəmxanlı yaddaşının heyrətamiz etnoqrafik həssaslığı məkan hissiyyatından gəlir. Yurd yerləri onun yaddaşında muzey eksponatları, sənədli filmin kadrları kimi deyil, canlı, poetik obrazlar kimi vəsf olunur. Ümumiyyətlə, S.Rütəmxanlının vəsf etdiyi, xatırladığı bütün nəsnələr, predmetlər (məktəb zəngi, ələk, Gəncə qapısı...) mənəviyyatımızın simvolik işarələri kimi, mənalandırılır. Bu sıradan çox sevdiyim "Ələk" şeirinin (mətnin ortasından) iri bir parçanı seçib təqdim edirəm.

 

Xatirəmdə bahar güldü,

Xatirəmə gül bələndi.

Bir xırmanda vəl qoşuldu.

Sarı buğda təpələndi.

Evnə çağı

Qaranəfəs külək gəldi,

Soruqçular

əllərində kürək gəldi.

Dəyirmanlar gur işlədi,

Dəstərxanda ələk gəldi,

Təndirlərin külfəsində

od işardı,

talaq-talaq çörək gəldi.

 

Örnək gətirdiyimiz parçada mətnboyu fellərin qafiyələnməsinə, mənaca və məntiqcə bir-birinə bağlanmasına baxın. Sarı buğdanın dəyirmandan süfrəyə qədər gələn yolu keçən proses necə dəqiq və məhəbbətlə təsvir olunub. Mövzu özünə uyğun deyim tipini və deyim tərzini tapanda mükəmməl olur!

Adicə, kotan parçasından olan bir məktəb zəngi fəlsəfi ümumiləşdirmələr və xatirə yaşantıları üçün poetik bəhanə olur:

 

O nəydi? Sığalı torpaqdan alan

Sınıq bir kotanın polad tiyəsi

Uşaq duyğumuzu təşvişə salan

Arzudan göyərən səs fəvvarəsi!

 

(Elə burdaca kiçik bir qeydimi - muşahidəmi yazmağa fürsət tapıram: Böyük sələfi Mola Pənah Vaqif kimi, S.Rüstəmxanlı da hadisələrin, nəsnələrin mahiyyətini feli sifətlə ifadə olunmuş epitetlərlə verməyi sevir).

Yurd landşaftı və poeziya "nəğmə duyğusunda" birləşir. Qəribədir: şairin təsvirində yurd obrazlarının səsini-nəğməsini eşidirsən (və görürsən!) "Yardımlının ay dumanlı dağları" deyəndə, çox güman ki, şairin içindən bir ağız oxumaq da keçib. İnanırsan ki, fəlsəfi məzmunlu "Zirvənin dərdi" şeirində bu misralar onun içindən "oxuya-oxuya" çıxıb:

 

Meşə yarpaq-yarpaq əlləri ilə

Sərinlik səpəydi yolların üstdə.

Çəməndə şeh əmən körpə çığırlar

Qıvrılıb yataydı qollarım üstdə.

 

S.Rüstəmxanlı poeziyasında "yol çeşidləri"nin zənginliyi və işlənmə tezliyi doğrudan da, heyrət doğurur: el yolu, məktəb yolları, dağ yolu, Azərbaycanın yolları. Yardımlının yolları... Şair içdən gələn ən yaxşı epitetləri "yol"a yaraşdırır. Sözünün məcaz metaforik miqyası da yol obrazı ilə bağlı olur:

 

Gedər yaddaşımın mənzilinə

Uzaq xatirənin sərnişinləri

 

Uşaqlıq xatirələrinin süjeti "yollar" üstündə qururlar. Yaddaşında ilk növbədə kənd yolunun gecə nişanələri boylanır:

 

Evlərdən boylanın işıqlar - harın,

Yolunda qaranlıq hədəsi vardı.

Gecəyə düşəndə qəbristanların

Daşları dalımca addımlayardı.

 

"Yol" onun şeirlərinin baş qəhrəmanıdır. Yol bəzən zaman vahidini əvəz edə bilir. Məsələn:

 

Evə qayıdıram qaş qaralanda,

Dağlardan ahəstə yel əsən zaman.

Gələn qaranlıqdan qorxuya düşən

Yollar obalara tələsən zaman.

 

"Sənə ucqar söylədilər" şeirində yurd yerinin təqdimatı yoldan başlayır. Yolların xatirəsi yolların xəritəsi olur:

 

Yada düşdü yolları,

Xoca döngə,

Deman yolu -

Tarixin tutqun yolu, duman yolu.

Karvanların bol yolları,

Get-gəlişin sel yolları...

 

Şübhəsiz, bu "yolların" arasında "Dağ yolu" ən unudulmaz obrazdır. Ona görə də gözündə-könlündə bəslədiyi ən mübhəm, ən şirin detallar dağ yolu ilə bağlı xatirəsindən süzülüb gəlir.

 

Ağaran dağ yolu çılpaq budaqtək

Yenə təkəmseyrək meyvə gətirir.

 

Yeri gəlmişkən, "Yardımlı yollarında" şeirinin bir zərif misrası hələ də yadımdadır: "suların sinəsində kölgə olub axırıq". Dərələrdə axan dağ çayına baxışı yalnız bu cür tutub saxlamaq olar!

Sevgi şeirlərində də ayrılığı yolun itməsi kimi düşünməsi təsadüf olmamalıdır:  "Sənsiz itib yolum..." Onun təhtəlşüurunda ayrılıq yolun sonu kimi deyil, görüş ərəfəsi, başlanğıca dönüşdür. (Bəlkə şeirlərində "salam" etiket-xitab formulunun işləkliyi bu üzdəndir!)

 

Adını köksünə həkk eləmişdim

Bilmirəm, ağrısı dərindədirmi?

Salam, çinar qardaş, nəğməm darıxır,

Sənin mahnıların yerindədirmi?

 

Sabir Rüstəmxanlı poeziyasının ruhuna məsuliyyət ideyası hakimdir: Vətəndaş məsuliyyəti, şair məsuliyyəti. Ölkəyə, millətə, milli-mənəvi dəyərlərə görə və nəhayət milli poeziya (ədəbiyyat) qarşısında məsuliyyət hissi. Əslində, sevən insan istər-istəməyə hər şeyə görə, bütün sevdiklərinə görə məsuliyyət daşıyır. Sabir Rüstəmxanlı bu məfkurə Yolunun və ömür yolunun məsuliyyətini şərəflə daşıya bildi. Özü demişkən:

 

Tanrı bizi yollar üçün yaradıb,

Yol bitəndə - köy çəkəcək özünə.

 

75 illik Yolunuz mübarək, Sabir müəllim!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!