"Melissa" - çəhrayı rəngli sevgi - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Sevinc Nuruqızının mətnlərini hər zaman həyatın özü kimi qavramışam. Hətta daha fərqli. Çünki həyatda çox zaman rastlaşmasaq da, bu mətnlərdə ümid işığı həmişə olub. Sənətin qayəsi, müstəsnalıq qazanmasının yolu deyilən amillə çox bağlıdır. Xüsusilə indi, dünyada dünyanı düşünənlərin sayının azaldığı bir dönəmdə. Bəlkə, buna görə yazıçının "Melissa" nağıl-povestinin bu hüdudları döyəclədiyini görüb etinasız qala bilmədim: nağıl kimi həyatdan bəhs etdiyinə görə deyil, həyatın min üzünü nağıllaşdırıb mətnə çevirdiyinə görə.

İnsan nağıllardakı uçan xalçaları kəşf etdi, Aya, ulduza ayaq açdı, elmi-texniki tərəqqi özünün yüksək həddinə çatdı. Lakin insana lazım olan əsas nəsnə - mənəvi-əxlaqi kamilləşmə mərhələsinə yol qət edilmədi. Nağıllarımızdakı dar və qaranlıq quyular uşaqlarımızın həyatın dibinə enişinin, zirzəmi həyatının dəyişməz simvolikasına çevrildi. "Melissa" povesti bu dar və qaranlıq zirzəmilərdə istismar edilən, əzilən, incidilən, heçə dönən uşaq ömürlərini də göstərir, çıxış yolu kimi leylək qanadında uzadılan əlin yaratdığı möcuzəni də. O zaman "Melissa" fantastik ədəbiyyatdır, yoxsa realist? Bir halda ki, burada real və irreal hadisələr bu qədər iç-içə qərarlaşıb. Xorxe Luis Borxes yazır ki, kainatın özünü hansı janra - realist, yoxsa fantastik - aid edəcəyimizi bilmədiyimiz üçün cavab oxucudan və onun məqsədindən asılıdır. Doğrudur. Bu əsəri uşaqlar nağıl kimi oxuya bilər, amma böyük mətləblərlə yüklənmiş "Melissa" bu mətləbləri doğuran səbəbləri, əsri narahat edən qlobal-mənəvi, ictimai-fəlsəfi problemlər sırasında alır.

Bəlkə, səhvimiz ondadır ki, nağıllara uşaq gözü ilə baxır, ondakı mesajları oxuya bilmirik. Bizi hər zaman sonluq maraqlandırır. Qəhrəman bütün çətinlikləri yarıb işıqlı dünyaya adladımı? Bununla qapanır məsələ. Bəs qaranlıq dünya? Əzablar, kədər, iztirab? Onlar nə üçünmüş belə? "Melissa" bu baxımdan, hər cür sosial-psixoloji-fəlsəfi planda düşündürür, oxucunun qarşısında növbənöv səhnələr açmaqla bəşəriyyətin bütün uşaqlarının nəsibi olan aqibətləri, yaşantıları göz önünə sərir.

"Melissa" povestində həyatın bütün rəngi var. Müəllif parçadan tikilmiş bir gəlinciyin yaşantıları fonunda həyatı anlatmağa, göstərməyə çalışır. Bunu əsərin daxilində özü də etiraf edir: "Bu əsəri yazmaqla sənə həyatın görmədiyin tərəflərini göstərmək istədim".

Əsərin fabulası belədir. Uzaq-uzaq diyarlardan gətirilən, çəhrayı saçlı Melissa adlı kuklanı vitrində görüb bəyənən Zöhrə adlı qızcığaz onu atasına aldırır. Onlar birlikdə xoşbəxt yaşayırlar. Köhnələn kuklanı yağışlı günlərin birində dəcəl bir oğlan təpiklə vurub çölə atır. Melissanın ağır həyat dramı o gündən başlayır. Əvvəl Xal adlı dalmatin köpəyin təkidi ilə varlı evə gətirilir. Ordan da çölə atılan Melissanı çəkməçi qoca kişi tapsa da, çox keçmir, Mikayıl (Mika) adlı uşaq onu vəfat edən bacısına oxşatdığı üçün oğurlayıb iztirab yaşayan anasına təskinlik olsun deyə, daxmalarına aparır. Melissanın burda da bəxti gətirmir. Mikayılın və başqa kimsəsiz küçə uşaqlarının Qaraçı qadın və Totu tərəfindən istismara və zülmə məruz qalmasına şahidlik edən Melissa bu dəfə də Totunun vasitəsilə lazımsız əşya kimi bir tərəfə tullanır. Bu dəfə parkda onu tapıb ailəsinə aparan süpürgəçi qadın olur. Bu qadının uşaqları ilə gözəl günlər yaşayan Melissanı bir gün Leylək öz qanadlarına alıb uzaqlara - balalarının yanına aparır. Nəhayət, Melissanın həsrətinə son qoyulur. Leylək yuvasının yerini dəyişən, onları elektrik naqilləri olmayan, daha təhlükəsiz yerə - öz həyətlərinə köçürməyə vəsilə olan ailəyə Leylək minnətdarlıq əlaməti olaraq Melissanı verir. Bu, illərdir Melissanı axtaran, onun yoxluğundan əzab çəkən, illər keçsə belə, sevimli gəlinciyini aramaqdan usanmayan və artıq iki övlad anası olan Zöhrənin ailəsi olur. 

"Melissa" povestinin struktural əsasında nağıl simvolikası, "Məlikməmməd" nağılındakı işıqlı-qaranlıq dünya, ağ qoç-qara qoç ikili modeli, xeyir-şər dualizmi dayanır. Ən böyük yaddaş mifdir, nağıllardır. Peşəkar bir uşaq yazarı olan Sevinc Nuruqızının bunu bədii təfəkkürü oyaq saxlama missiyası, milli-genetik düşüncəmizin daha dərin qatlarına enişi ilə reallaşdırır. Amma müəyyən intertekstual əlaqələr olsa da, istər struktur, istərsə də ideya planında "Melissa" tamam fərqli əsərdir. Əsər boyu oxunan ideyalardan biri bəşərin uzun bir yol gəlib düçar olduğu çağdaş bəla və problemlərin həllini ən dərin qatlarda axtarmaq məsələsidir.

Amma nağıllarımızdakı kimi səmti, yönü seçmək, işıq gələn-it hürən tərəflər arasında qalmaq çabası bu əsərdə yoxdur. Bu əsərdə qəhrəman öz taleyinin sahibi deyil. Onu hər dəfə seçirlər və gələcək tale, yol, aqibət seçən insanın kimliyinə bağlı amil olur.

 

Qeyd etdiyimiz kimi, "Melissa" povestinin strukturu binar model üzərindədir: işıqlı və qaranlıq dünya. Həyat Melissanı bu dünyaların hər birində sınayır. Gah işıqlı dünyaya salır, gah qaranlıq. Birinci dünyanı sevgi, mərhəmət, ağıl və işıq, ikincini isə şər, qaranlıq qüvvələr təmsil edir. Əsərdəki obrazlar da bu iki qütb arasında bölünür: kimsəsiz uşaqlara əzab verən Qaraçı arvad, hiyləgər Totu, Xal adlı itin sahibəsi, kinoloq-təlimçi və digər qütbdə Zöhrə, Xal, çəkməçi kişi, Mikayıl, özü yaralı olsa belə, sınıq avtobusdakı yaralı it üçün narahat olan balaca Zənci, süpürgəçi qadın və ailəsi. Bəs əsərdəki dərin dramatizm oxucuya necə ötürülür? Yazıçı bu durumu bizə Melissanın təfərrüatlı təsvirlərində göstərir. Müəllif Melissanın vasitəsilə bu həyatların heç birindən ötəri keçmir, hər birini fərdiləşdirir. Bu əsərdə təsvir informasiyası böyük rol oynayır.

Biz Melissaya nəfəs alan, iztirab çəkən, sevinən bir canlı kimi baxmağa başlayırıq. Ən başlıcası isə o, insanda özünə inam hissi aşılayır. İnsanın özü-özünü və dünyanı saldığı bəlalardan yeganə çıxış yolu sevgidir, sevgidədir. "Onun başqa gəlinciklərdən fərqi onda idi ki, Melissa sevə bilirdi. Hərdən ona elə gəlirdi ki, bu yerlərdən çox-çox uzaqlarda, içi cürbəcür kukla, parça kəsikləri, rəngbərəng saplar və sancaqlarla dolu olan bir emalatxanada nəğmə deyə-deyə onu hazırlayan qoca kuklaçı-qadın imkan tapıb onun pambıqla dolu bədəninə döyünən, nəfəs alıb-verən, balaca, lap balaca, tutaq ki, sərçə ürəyi boyda bir ürək yerləşdirə bilmişdi. Yoxsa Melissa onu qolları arasında sinəsinə sıxan qaragöz qızı, yaşadığı mənzili, o mənzildəki geniş, yumşaq döşəkli çarpayını bu qədər ürəkdən sevə bilməzdi... Hərdən Melissanın yadına dünyaya gəldiyi günün kəsik-kəsik hissələri, kino dili ilə desək, fraqmentləri düşürdü. O fraqmentlərin birində Melissanı düzəldən qoca kuklaçı-qadının oxuduğu nəğmə gizlənmişdi. Nəğmə hərflərə, hecalara, sözlərə bölünüb Melissanın zərif yaddaşının müxtəlif künclərinə səpələnmişdi:

Bu dünyada xoşbəxt olan

Çəhrayısaç gəlincik var.

Qəlbi sevgi ilə dolan

Çəhrayısaç gəlincik var.

Bəlkə də, Melissanın sevgisi elə bu sözlərdən yaranmışdı. Yəni ilk gündən, hələ saçları, başı, bədəni, qolları və ayaqları bir-birinə birləşməmişdən öncə eşitdiyi söz sevgi olmuşdu...".

"Melissa" povesti daha çox modernist nəql texnikasının elementləri üzərində qurulub. Əlbəttə, burada reallığın kəskin təsviri, gerçəkliyin izləri də var, klassik əsərlərə məxsus məntiq, səbəb-nəticə əlaqələri, qırılmayan xronologiya da. Amma burada səbəb-nəticə əlaqələri də, zaman amili də usta şəkildə sındırılır. Bu mənada, "Melissa"nı rahatlıqla kinopovest də adlandıra bilərik. Müəllif Melissanın adladığı bütün aşamalarda zamana vurğunu bilərəkdən unudur. Oxucu da bəlkə buna görə zaman amilinin mahiyyətinə varmır. Sadəcə, situasiyanın təsirinə qapılıb sərgüzəşti izləməyə çalışır. Müəllif təhkiyəsinin mənəvi, bədii, coğrafi sərhədlərini genişləndirərək uşaqlara aid olan bir çox problemləri ümumiləşdirir, bəşəriləşdirir, onu lokal çərçivədən çıxarıb bütün dünya üçün aktual olan "zaman və uşaqların durumu, davranışı" mövzusuna baxış yönəltməyə çalışır. Fransua Trüffonun belə bir fikri var ki, əgər əhvalatın özü emosionaldırsa, onu emosional danışmağa cəhd eləməyin, mümkün qədər soyuqqanlı danışın. Sevinc Nuruqızı povestdə bu yolu seçir. "Melissa" dinamikası, emosiyaları üzdə deyil, daxili qatda yaşanan mətndir.

Əsərin əsas məqsədi Melissanın - qəhrəmanın çətin, mürəkkəb situasiyadakı reaksiyasını, davranışını göstərməkdir. Və bu durumda məkan və zaman amili artıq arxa plana keçir, qəhrəmanın əhvalatı fonunda əhəmiyyətsizləşir. Modernist təhkiyə modelinə uyğun olaraq, əsərdə qəhrəmanların daxili dünyası ön plana çıxır. Bəlkə də, qəhrəmanın kukla - cansız personaj olaraq seçilməsi nahaq deyil. Yazıçı tiplər sərgisi yaradır və bu sərgidə Melissa susqun tamaşaçıdır. Əldən-ələ düşür, seçmir, seçilir, onun heç nə etməyə haqqı yoxdur, fəqət öz həyat ritmini pozmur. Maraqlıdır ki, bu cansız kuklanın müşayiəti ilə oxucu ətrafı görüb tanımağa başlayır. Yazıçının yaratdığı bu obraz konsepsiyasına əsasən qəhrəmanın daxildə yaşanan vəziyyəti, ruhi durumu anladılır, müəllif onun iç gerçəkliyinə fokuslanır. Melissanın emosiyası, reaksiyası baxışlarında, mimikalarında yox, içində, sükutundadır və vacib məqam odur ki, yazıçı bu daxili yaşantını tamaşaçıya ötürə bilir. Həm də buna güclü təəssürat yaratmaqla nail olur, tamaşaçıya təsir etmək üçün söz yığını ilə əsəri yükləmir, yüngül manera, banal macəraçılığa qaçmır. Hər həyat hekayətində qurduğu interyerlərin plastikasına, detalların seçiminə xüsusi önəm verir.

"Melissa" kamera əsəridir. Müəllif nəql etdiyi hadisələrin içində insana fokuslanmağa, onun taleyi, xisləti ilə bağlı məqamları göstərməyə və önə çəkməyə çalışır. Bunu yazıçının dünya uşaq ədəbiyyatının yeniliklərinə, çağdaş nəsr tendensiyalarına bələdliyi ilə əlaqələndirmək olar. Sevinc Nuruqızı uşaq ədəbiyyatının problemlərini, onların işlənmə səviyyəsini yaxşı bilir, müxtəlif ölkələrin uşaq ədəbiyyatında istifadə edilmiş müəyyən fəndləri, texnikaları, vizual ifadə vasitələrini, üslubları və işarələri bir araya gətirərək bir kuklanın timsalında təsirli həyat lövhəsi yaradır. İnsan ağrısı, insan amilini əsərin baş leytmotivinə çevirir. Bu məqamı bəzən situasiyaların, bəzən isə personajların dili ilə anladır: "Kaş kimsə məni də mıxlayaydı divara, deyəydi otur burda. Qulağın kar olsun, dilin lal, gözün kor. Bu dağılan, uçub-tökülən dünyanı görmə. Ağzına bir tikə qoyanda ac olanın dərdini çəkmə, bir şey alıb geyinəndə lüt olanın..."; yaxud "Elə bilirsən, sən gəldiyin ölkənin bütün insanları xoşbəxtdir? Yox. Səhv düşünürsən. Oranın da acı var, toxu var, xəstəsi, sağlamı var. Dünyanın hər yerində dərdin bir adı var, o da elə dərddir. Nə cür səslənir-səslənsin...".

Amma bu da var ki, müəllif məişət - uşaqların ağır sosial həyat şəraitini ana xəttə çevirmir. Çünki burada məqsəd hansı şəraitdə yaşamasından asılı olmayaraq, insan olaraq qala bilmənin mesajını verməkdir. Məsələn, süpürgəçi qadının ailəsindəki mehribanlığı görən Melissa düşünür: "Belə bir çətin zamanda bu insanlar necə olub ki, daxillərində bunca gözəllik saxlaya biliblər".

Yaxud çəkməçinin evindəki rahatlığı belə əlaqələndirir: "Qoca çəkməçinin fasiləsiz çəkdiyi tütünün iyindən nəfəsi daralır, rəngi qaralırdı. Amma Melissa bədbəxt deyildi. Heç də... bəzən o niyə özünü bədbəxt hiss etmədiyi haqqında saatlarla düşünürdü. Xalla birlikdə yaşadığı parıldayan ev hara, qapqara, taxta, dəmir və faner parçalarından tikilmiş yamaq-yamaq çəkməçi budkası hara?! Melissa anlamağa başlamışdı ki, xoşbəxt olmaq üçün yaşadığın yer deyil, əhatəndə olan insanlar daha böyük rol oynayır. Düzdür, qoca çəkməçi acıdil və sərt adam idi. Bəlkə heç özü də bilmirdi ki, Melissaya nə qədər ağrı verir. Melissa əmin idi ki, bilsə, ona bircə dənə də olsa, iynə batırmaz. Amma qəlbində böyük bir sevgi vardı".

Bu vurğunu Melissanın özünün obrazının üzərinə keçirib başqa anlamlar da kəsb etmək mümkündür: insan harda yaşamasından, hansı çətinliklə üzləşməsindən asılı olmayaraq ruhən güclü, sarsılmaz olmalıdır. Əsərin ötürdüyü bütün vurğular bu amillərin üzərindədir: sevgi, inam və xeyirxahlıq! 

Qəhrəmanın bütün hallarda əzmkarlığını, iradəsini itirməməsi əsərdə vacib məqamdır. Yazıçı qəhrəmanın xarakteri fonunda inamı poetikləşdirir, idealizə edir. Əsərdə rəng seçiminin də müəyyən simvolik çalar daşıması nəzərdən qaçmır. Çəhrayı saçlı Melissa... Müəllif, bəlkə də, əsərdə yaşanan gərgin, ağır, qüssəli, soyuq atmosferi hər dəfə qəhrəmanın saçının rəngindəki isti çalarla nizamlayır.

Herbert Uells öz avtobioqrafiyasında yazır ki, "o, yarısəfil, vərəmli gənc Kentdən Londona gələndə özünü dəhşətli dərəcədə tənha hiss etdi. Və öz tənhalığını çatdırmaq üçün "Görünməz adam"ı yazdı. Bu kitabın mənbəyi məhz tənhalıqdır. Başqa sözlə, fantastik ədəbiyyatın mənbələri də istənilən digər ədəbiyyatın mənbələri ilə eynidir; emosiya". Melissanın daxili qatda yaşanan emosiyalarının mənbəyinin də belə bir tənhalıqdan hasilə gəlməsini düşünmək üçün əsər hər cür əsas verir. Diqqət eləsək, o, daim darıxır. Gah onu hazırlayan qoca kuklaçı qadın üçün, gah onu böyük şüşəli mağazada görüb atasına aldıran, illərlə sevib əzizləyən sevimli Zöhrəsi üçün, gah varlı sahibəsindən fərqli olaraq, içində mərhəmətli ürək gəzirən Xal üçün və s. Bəlkə sevgi üçün?! Əsas qayə də məhz bu nöqtədədir. Axı yer üzünü sevgi tərk etdikcə insan darıxmağa, özünü tənha hiss etməyə başlayır. Buna görə vaxtilə Feyerbax "məhəbbət dini" yaratmaq fikrini irəli sürmüşdü. Amma nə cahanda kamal qalib gəlir, nə də gözəllik və sevgi dünyanı xilas edir. Ədəbiyyatsa nə zamansa hər şeyin düzələcəyinə inanır və mətnlərin timsalında inandırır.

Çəhrayı rəngli sevginin rəmzinə çevrilmiş "Melissa" kimi!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!