Cavid QƏDİR
Kamal Abdullanın "Düma ilə Coys arasında" kitabını asta-asta, ləzzətlə oxudum.
Akademik İsa Həbibbəylinin ön sözü ilə başlayan kitabda bir çox vacib mətləblərə toxunulur, ədəbi məktəblərə, janrlara, yazıçı, şair, oxucu, eləcə də tənqidçilərə fərqli baxış sərgilənir...
Kamal Abdullanın yazılarında diqqət etdiyim əsas məqamlardan biri onun özünəməxsus, eyni zamanda, mənə fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri sayılan Jan Pol Sartrı xatırladan üslubu oldu. Mətni oxuduqca oxucu özünü labirintdə minotavrı axtaran Tesey kimi hiss edir. Bütün cümlələr dairəvidir. Səni gəldiyin yerə qaytarır, dairəvi dalanlarda ilişib qalırsan. Sonra xilasedici sap çıxır qarşına - müəllif əlindən tutub dalanlardan keçirir, döngələrdən adladır, nəhayət, yazının ideyasına, cümlə qalaqlarının altında gizlənən cövhərinə rastlayırsan. Sevincinə müəllif də qoşulur, birgə sevinirsiz. Bir də görürsən ki, hər şey bir-birinə qarışıb. Oxucusanmı, müəllifsənmi - bilmirsən? Amma aydın olan tək şey var, oxuduğun mətn sənin olmadığı qədər həm də sənin yazındı, sənin düşüncələrindi. Sadəcə, indiyədək görməmisən, bilməmisən...
Kamal Abdulla ədəbiyyata birbaşa bağlılığı olmayan anlayışları da çox ustalıqla mətnə çevirir, ədəbiyyatın bir hissəsi halına gətirir. Misal üçün, elə kitabdakı ilk esseni göstərmək olar: "Birun-əndərun oyunları". Adından göründüyü kimi, Şərq evlərinin quruluşunu göstərən bu iki söz Kamal Abdullanın yazıçı fantaziyası sayəsində sözün, mətnin qatlarına çevrilir. Onun görünən və görünməyən tərəflərini ehtiva edir.
Bu essedə diqqətimi çəkən daha bir məqam Məhəmməd Füzuli ilə bağlı hissə oldu. Ümumilikdə ədəbiyyatımızda qırğınlıq, dərdə, hüznə meyillilik ab-havası həmişə hökmran olub. K.Abdulla məhz buna qarşı çıxır. Onun fikrincə, Füzuli, qəm yox, çılğınlıq, mübarizə, hayqırış şairidir.
"Darıxan adamlar" essesində əslində ədəbiyyatımızda az qala qırmızı xətlə keçsə də, dərininə enilməyən, Kamal Abdullanın dili ilə desək, əndərununa baş çəkilməyən mövzudan - darıxmaqdan danışılır. Müəllifin sadaladığı kimi, Haqverdiyevin, Mirzə Cəlilin, Üzeyir bəyin bir neçə əsərində bu mövzu var. Amma əskik olan başqa şeydir: "Niyə?" sualı. Bu adamların darıxma səbəblərini heç kəs yazmayıb.
Yaxud "Don Kixotun ölümü" essesi necə gözəl başlayır - "Qafiyə mənə gözəl bir qadının mini ətəyini xatırladır. Qafiyə var, qulaq qafiyəsidir. Qafiyə var, söz kökünün qafiyəsidir. Ətək yuxarıya doğru qalxdığı kimi qafiyə də kökə doğru dartınır. Amma sözün kökünə müdaxilə edə bilmir" - şeir kimi...
"Minnətdar olmağı bacarmayan adamlar çoxdur. Minnətdar olmamaq üçün onların bir çıxış yolu var - sənə nifrət eləmək. Bunu nədənsə, asanlıqla bacarıb edirlər" - deyən müəllif ardınca romanlara mimika donları geydirir. "Nikbin roman", "qəzəbli roman", "qaşqabaqlı roman"... Bəs yaxşı, Kamal Abdullanın yaradıcılığını mimikaya sığdırsaq, nə alınar? Fikrimcə, "şübhəçi roman". Çünki kitab boyu müəllif qəlibləri sorğulayır, qəbul edilmiş bütün formaları yaxşı mənada laxlatmağa çalışır, özülünün möhkəmliyini yoxlayır.
Bundan başqa, kitabda "Aldanmış oxucu", "Yaşanmamış həyatın ilğımı", "Yol", "Bermud üçbucağı" kimi maraqlı esselər, eləcə də "Son söz və yaxud Qoca Rəmmal" yazısı yer alıb.
Müəllifin irəli sürdüyü diqqətçəkən fikirlərdən biri də elə kitabın adı ilə əlaqədardır. Kamal Abdullanın rəyincə, ədəbiyyat Dümada başlayıb Coysda bitir. Əyləncədən idraka doğru uzanan yolu göstərən bu aralıqda isə digər müəlliflər, yaxud "qara dəlik" yerləşir. Bütün yazıçılar, şairlər, dramaturqlar, elə Umberto Eko da, Kamal Abdulla da bu iki yazıçının arasındadır. Kimi Dümaya, kimi Coysa yaxın... Misal üçün, Ekonun fikrincə, Kamal Abdulla daha çox Coys tərəfdədir.
Etiraf edim ki, kitabın adını ilk eşidəndə məşhur riyazi məsələni xatırladım - "A nöqtəsi ilə B nöqtəsi arasında..." Bəs ədəbiyyatda da elə riyaziyyatda olduğu kimi "C nöqtəsi" də varsa?! Ədəbiyyat deyilən nəsnə hamımızın A-dan B-yə çatmağa can atdığımız dövrdə başımızı çevirib baxmadığımız həmin "C nöqtəsi"ndədirsə, yaxud elə həmin nöqtənin özüdürsə?!
Kitabı bütövlükdə incələyəndə, esseləri ətraflı şəkildə analiz edəndə azacıq oxumaqdan anlayışı olan oxucu (ən yaxşı oxucular elə müəlliflərdir, qalan hər kəs oxumağı məşq edir) bir məsələni mütləq düşünür: "Bəlkə elə bu kitab "A nöqtəsi"ndən "C nöqtəsi"nə burulan döngədir?"
Kamal Abdullanın da xatırlatdığı kimi, alman filosofu Fridrix Nitsşenin mənə tərs sillə kimi dəyən bir ifadəsi var: "Səhra böyüyür". Bu ifadəni açmaq sanballı araşdırma mövzusudur, bu, öz yerində...
"Düma ilə Coys arasında"nın son səhifəsini bitirib, kitabı qatlayanda ağlımda bir məsələ dolanırdı: Əgər bu cür araşdırma, ədəbi-tənqidi əsərlər həqiqətən anlaşılsa, öz oxucusunu tapsa, rəflərdən masalara ensə, o səhranın qarşısını yaşıl zolaq kimi kəsər... Əgər həqiqətən də Düma ilə Coys arasında "qara dəlik" varsa, bax, elə ordaca Nitsşe ilə rastlaşa bilərik. Aramızdakılardan Coysa ən yaxın olanı qabağa keçib, "Səhra daha böyümür" - deyə bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!