Mətanət VAHİD
Müasir dövrdə humanitar elmlərin müxtəlif sahələrində gender araşdırmaları əhəmiyyətli rola malikdir. Mədəniyyətin, tarix, ədəbiyyat, fəlsəfə və digər sənət sahələrinin inkişafında cinslərin rolunun araşdırılması cəmiyyətin inkişafının yeni aspektlərini öyrənməyə, baş verən proseslərin mahiyyətinə daha dərindən varmağa kömək edir. Gender araşdırmalarının obyektlərindən biri də qadın yaradıcılığı, o cümlədən qadın ədəbiyyatıdır.
Əvvəlki dövrlərə nisbətən XIX əsrdə qadınlar hər bir fəaliyyət istiqamətində olduğu kimi, ədəbiyyat sahəsində də müəyyən dərəcədə fəallaşdılar - istər Avropa, istərsə də Rusiya ədəbiyyatına nəzər salsaq, eyni mənzərəni müşahidə etmək mümkündür; Azərbaycan da bu baxımdan istisna deyil. Xüsusən, əsrin sonlarına doğru bu fəallıq getdikcə artmağa başladı: qadınlar təhsilə daha artıq maraq göstərir, hüquqlarını bacardıqları səviyyə və şəkildə tələb etməyə çalışır, bir sözlə, ölkədə baş verən siyasi, iqtisadi və mədəni inkişaf qadınların dünyagörüşünə təsirsiz ötüşmür, ictimai həyatda fəallığa sövq edir. Bu inkişafın əsasında qadının maariflənməsi durur. Azərbaycan ədəbiyyatında qadın nəsrinin yaranması isə dünya ədəbiyyatındakından xeyli sonralara - XX əsrin əvvəllərinə təsadüf edir.
Patriarxal cəmiyyətdə qadın üçün öncül olmaq, ilklərə imza atmaq çətin məsələdir. Qarşılaşdığı çətinliklərə rəğmən xalqına xidmət edərək ilklərdən olmağı bacaran xanımlardan biri də Səkinə Axundzadə olub. Əsərləri sayca çox olmasa da, (5 pyes, bir roman və bir neçə publisistik məqalə) Səkinə Axundzadə Azərbaycan ədəbiyyatında ilk qadın dramaturq, ilk qadın romançı ünvanına sahibdir. Həmin dövrdə o da, hekayə yaradıcılığına görə ilk qadın nasir ünvanına sahib olan Şəfiqə Əfəndizadə də dövrün intensiv yaradıcılıqla məşğul olan müəlliflərindən hesab olunurdular.
Çoxcəhətli yaradıcılığa malik olan Şəfiqə Əfəndizadə müxtəlif məktəblərdə pedaqoji fəaliyyət göstərmək və müntəzəm surətdə publisistik məqalələrlə mətbuatda çıxış etməklə yanaşı, bədii yaradıcılıqla da məşğul olurdu. Onun “Dəbistan”, “Məktəb”, “Dirilik” jurnallarında uşaq ədəbiyyatının ilk nümunələri sayılan “İki qızın söhbəti”, “Şəkər alması”, “İlk məhəbbət”, “Müəllim nədir?”, “Mükafat” və s. hekayələri dərc olunmuşdu. Sovet hakimiyyətinin ilk illərində isə “Şərq qadını” jurnalının redaksiya heyətinin üzvü, ədəbiyyat şöbəsinin məsul katibi idi.
Şəfiqə xanımın yaradıcılığında qadın azadlığı ən aktual və daha çox müraciət etdiyi mövzu olub; publisistik məqalələrində olduğu kimi, hekayələrində də tərbiyəvi mövzular, qadının cəmiyyətdə rolu, vətənpərvərlik üstünlük təşkil edib.
XIX əsrin II yarısında Avropada, Belinskinin təbirincə desək, ədəbiyyat romana çevrilir. Azərbaycan ədəbiyyatında isə ədəbiyyatın “romanlaşma” prosesi, demək olar ki, heç vaxt gəlmədi. Rus və Avropa ədəbiyyatında qadın romanı XVIII əsrin sonlarında artıq çiçəkləndiyi və geniş yayıldığı halda, Azərbaycan ədəbiyyatında onun ilk nümunələrinə XX əsrin əvvəllərində rast gəlirik. Avropa ədəbiyyatından fərqli olaraq, türk dünyasında qadın nəsrinin tarixi XIX əsrin sonlarından o yana getmir. İlk türk qadın romançısı Fatma Aliyə Topuz hesab olunur və mənbələrin qeydinə inansaq, o yalnız Osmanlı imperiyasında deyil, bütün İslam dünyasında ilk qadın romançıdır.
Ədəbiyyatımızda qadın müəllifliyi ilə yazılan ilk roman isə Səkinə Axundzadənin “Şahzadə Əbülfəzl və Rəna xanım” əsəridir. Əsərin müqəddiməsində onun çap olunma tarixi qeyd edilmişdir: “Abuzər Orucovun nəşriyyatı. Hicri - 1326, miladi - 1918.” Lakin romanın yazılma tarixi daha əvvələ aid olunur; bu xüsusda tədqiqatçı N.Qəhrəmanlı yazır: “Şahzadə Əbülfəzl və Rəna xanım” 1918-ci ildə deyil, xeyli əvvəl opera ssenarisi kimi yazılmışdır. Hələ 9 yanvar 1914-cü il tarixli “Sədaye-həqq” qəzeti belə bir məlumat vermişdi ki, Hacıbala Şərifov Səkinə xanım Axundova ilə birlikdə “Şahzadə Əbülfəz” adlı opera yazmışdır. Lakin sonralar əsər haqqında məlumat verilməmişdir və belə güman etmək olar ki, opera hansı səbəbdənsə tamaşaya qoyulmamışdır. Belə olan surətdə çox ehtimal ki, 1912-1913-cü illərdə qələmə alınmış ssenari-libretto Səkinə xanım tərəfindən 1918-ci ildə “roman” adı ilə çap edilmişdir.”
Qeyd edək ki, Səkinə Axundzadənin bu romanını mərhum tədqiqatçı Nazif Qəhrəmanlı transfonliterasiya etmiş və 2005-ci ildə 140 illik yubileyinə töhfə kimi özünün ön sözü və həmin vaxta kimi yazılmış məqalələri bir yerə toplamaqla “Səkinə xanım Axundzadə - müəllim, teatr xadimi, dramaturq” adlı kitab çap etdirmişdir.
Bu günün ədəbi qiymətləndirməsi baxımından “Şahzadə Əbülfəzl və Rəna xanım” əsərinə yüksək dəyər vermək mümkün deyil - istər ideya-məzmun, istərsə də forma etibarilə onu “roman” adlandıra bilmərik. Lakin deyildiyi kimi, o dövrdə Azərbaycan qadını hər sahədə olduğu kimi, yaradıcılıq sahəsində də dünya qadınından çox geri qalırdı. Romanın bircə abzaslıq ön söz hissəsində müəllif elə bu məsələni nəzərdə tutaraq yazır: “Hər millətdə ərkəklərdən şair və ədib olduğu kimi məşhur şair və ədib xanımlar dəxi çoxdur ki, onların vücudu ilə fəxr olunur. Qafqaziyada oxumuş və iqtidarlı xanım qızlarımız son vaxtlarda get-gedə artmaqdadır. Lakin bu vaxtadək adam olmadığı üçün onlar yazmaqdan bəzi səbəblərə görə çəkinirlər. Onlara bir yol açmaq məqsədilə bu romanı layiq olmasa da, yazıb meydana qoydum. Qarelərdən rica edirəm ki, bu qiymətsiz əsərimdə səhv və xəta olursa, əfv etsinlər”. Sonda isə fars dilində bir beyt yazır, mənası belədir ki, dərvişin hədiyyəsi ancaq yaşıl yarpaqdır, nə yazıq ki, olanı budur. Göründüyü kimi, Səkinə xanım əsərinin qüsurlu olduğunu bilirdi və təvazökarlıqla onu oxucuların ixtiyarına buraxaraq əsas məqsədin roman yazmaq üçün qadın yazarlara “yol açmaq” olduğunu açıq bildirirdi.
XX əsrdə Avropanın qadın yazarları üçün prioritet mövzu sevgi deyildi, onlar artıq din, siyasət, fəlsəfə də daxil olmaqla həyatın bütün sahələrinə yaradıcı münasibətlərini bildirməyə nail olmuşdular. Səkinə Axundzadənin pyesləri dövrümüzə qədər gəlib çatmasa da, onların əsasında hazırlanan tamaşalarla bağlı resenziyalardan bilirik ki, müəllif cəmiyyətdəki müəyyən problemləri qabartmağa çalışmış, savadsızlığı, insanlar arasındakı mənfi münasibətləri pisləmiş, maariflənməni təbliğ etmişdir. Lakin romanla bağlı bunu deyə bilmirik.
Ön sözdən sonra gələn kiçik müqəddimədə müəllif əsərini “insanların ruhunda böyük təsir buraxmaq” məqsədilə yazdığını qeyd edir. Buna görə də onu “roman tərzində” qələmə aldığını bildirir və əsərin qısa məzmun və ideyasını açıqlayaraq, bu qəhrəmanlar üçün saf sevgi və sədaqətin vacib olduğunu vurğulayır.
Əsər roman içində roman-nağıl texnikası ilə yazılıb. Kiçik təbiət təsviri ilə başlayan əsərdə əsas roman tərəkəmə qızının öz sevgilisinin yolunu gözləməsi və xiffət çəkməsi ilə başlayıb, qarının hekayə (nağıl) danışıb bitirməsindən dərhal sonra oğlanın gəlib çıxması, bir neçə gün sonra onların evlənib şad-xürrəm yaşaması ilə bitir. Əsərin adının da qarının danışdığı hekayə ilə bağlı olması onun əhəmiyyətini ön plana çəkir.
“Şahzadə Əbülfəzl və Rəna xanım” əsəri istər forma, istərsə də məzmun etibarilə həm nağıl, həm də dastanı xatırladır. Nəzərə alsaq ki, xüsusən orta əsr romanları “bir janr kimi öz stixiyasında nağıla və dastana xas olan amilləri üzvi şəkildə qovuşdurur”,- deyə bilərik ki, Səkinə xanım öz romanını janrın klassik nümunələrinin təsiri altında yazıb.
İkinci roman - qarının danışdığı hekayə Misir şahzadəsinin yatması və yuxuda Sərvinazın ona buta verilməsi ilə başlayır. Yeri gəlmişkən, tərəkəmə qızının nişanlısının toy etməyə imkanı çatmadığından “yeddi ildir ki, pul qazanmaq üçün diyarbadiyar düşməsi” də dastandan gəlmədir. Atasından izn alıb səfərə çıxan Əbülfəzl səhrada Rəna xanımla rastlaşır və aralarında böyük və sonsuz məhəbbət yaranır. Əbülfəzl yuxuda gördüyü Sərvinaza aşiq olsa da, reallıqda ondan daha əvvəl qarşılaşdığı Rənanı da elə ilk baxışdanca sevir. Daha doğrusu, bəlkə də, Rənanın özündən daha çox onun sevgisini və sədaqətini sevir. Rəna bir neçə ildir ki, elindən-obasından didərgin düşüb, onun həsrətinə dözməyib dünyasını dəyişən atasına rəğmən səhrada alaçıq qurub bir neçə xidmətçisi ilə yaşayır: bircə ümidi var ki, günün birində yuxuda aşiq olduğu Əbülfəzl gəlib buradan keçəcək və o da sevdiyinə qovuşacaq. Rəna xanım bütün çətinliklərdə Əbülfəzlin yanında olur, ondan kömək və məsləhətlərini əsirgəmir. Lakin oğlan həm də Sərvinazı sevdiyi üçün min cür əzab-əziyyətə qatlaşaraq, onunla evlənir və qızı götürüb Rənanın yanına gəlməsi faciənin başlanğıcını qoyur.
“Xosrov və Şirin”də Şirinin ərinin qəbri üzərində özünü öldürməsi məhəbbətin ölümdən daha güclü olduğu ideyasını aşılayır; kökləri Şərq klassik ədəbiyyatına bağlı olan “Tristan və İzolda” əsərində Tristan sevgilisinin hicranına dözə bilməyib ölür, İzolda da onun yanındaca qüssədən canını tapşırır və s. Şahzadə Əbüfəzl Sərvinazla bərabər gəldiyindən Rəna xanım onun hicranına dözə bilməyəcəyini deyərək intihar edir. Qırılmış muncuq kimi ölümlər bir-birinin ardınca gəlir: Əbülfəzl də intihar edir və Sərvinazın ürəyi partlayıb ölür - üçü də bir məqbərədə dəfn edilir.
Əbülfəzl qızların ikisini də eyni dərəcədə sevir, Rəna xanım isə əslində, qısqanclıqdan şahzadənin ikinci sevgilisi olmasını və üçünün birlikdə yaşamasını qəbul edə bilmir və beləliklə, necə deyərlər, “iki sevda çəkən” şahzadənin də, sevdiyi qadınların da sonu faciəvi olur. Şahzadənin Rənaya olan münasibəti sevgidən daha artıq dostluqdur, lakin o, qətiyyən Rənanın sevgisindən imtina etmir, geri gələcəyinə söz verib Sərvinazın yanına gedir. Əbülfəzl ikili sevda yaşayır. Dastanlarda olduğu kimi, Sərvinaz Misir şahzadəsinə, şahzadə də Rənaya buta verilir.
Nəzm və nəsrin növbələşməsinin müşahidə olunduğu bu əsərdə 260 misradan artıq şeir parçasının bir qismində formanın pozulduğuna rast gəlsək də, qoşma və gəraylıların çoxu Səkinə xanımın həm də bir şair kimi potensialından söz açmağa imkan verir.
Çərxi-fələk məni qoydu arada,
Həsrət qaldım, yetişmədim murada.
Cansız cəsəd qala bilməz dünyada,
Getmə, gözəl yarım, mən də gəlirəm.
Uşaqlıqdan seyr elədim cahanı,
Eşq odundan çəkdim ahü-fəğanı,
Səndən sonra istəmirəm dünyanı,
Getmə, gözəl yarım, mən də gəlirəm...
Romanda xüsusən Rəna xanımın dilindən verilən, ədəbiyyatımızda müxtəlif nümunələri olan, ən yaxşısını Vaqifin yazdığı “Qurban olduğum” rədifli şeirlərinə nəzirə olaraq yazılmış beş bəndlik qoşma maraq doğurur. Bununla belə, romandakı qoşmaların bir neçəsində də rədif, qafiyə, heca pozuntusu müşahidə olunur. Məsələn, “Salam olsun sənə nazənin dilbər” misrası ilə başlayan qoşmada ilk bəndin I və III misrasında “varmı ola”, 2-ci və 3-cü bəndlərin sonunda isə “ağlaram” rədifi işlənir və s. Bu şəkildə ritm, qafiyə, rədif pozuqluqlarına çox yol verilir.
Beləliklə, “Şahzadə Əbülfəzl və Rəna xanım” romanı haqqında çox şey deyilə bilinəcək yüksək sənət nümunəsi olmasa da, romana doğru uzun yol gələn Azərbaycan qadınının üzünə bir qapı açdığını deyə bilərik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!