Dünya Tanrının kitabxanasıdır - Kənan Hacı

Umberto Ekonun "Qızılgülün adı" romanı üzərinə gəzişmələr

Dünyada elə yazıçılar var ki, onların yazdıqları insanın mahiyyəti və mövcudluğundan başqa həm də kainatın, yaranışın və hətta dünyadan əvvəlki dövrün "surətini çıxarmaq"dan ibarətdir. Yazıçının təxəyyülündəki surət əlbəttə ki, heç bir halda gerçəkliyi ifadə etmir. Bütün yazılanlar imitasiyadır. Aristotel "Poetika" əsərində istisnasız olaraq sənətin bütün növlərinin təməlində təqlid dayandığını qeyd edir. Ötən il dünyasını dəyişmiş İtaliya yazıçısı, böyük semiotik Umberto Ekonun "Qızılgülün adı" romanı haqqında düşüncələrimi yazmağa başlarkən Aristoteli xatırlamağımın özündə də bir hikmət var. Məsələ burasındadır ki, Ekonun romanda təsvir etdiyi kitabxanada qorunan və rahiblər üçün oxunması qadağan olunmuş kitablardan biri də məhz Aristotelin "Poetika" əsəridir.

Xatırlayıram, ikimininci illərin əvvəllərində dünyanın bir çox ünlü yazıçıları hələ də Azərbaycan oxucusu üçün əlçatmaz idi. İnternet də indiki kimi yayğın deyildi. Biz adlarını eşitdiyimiz yazıçıların əsərlərini əsasən rus saytlarından tapıb oxuyurduq. Umberto Ekonun yaradıcılığı ilə də ilk dəfə onda tanış olmuşdum. Elə tərcüməçiliyə marağım da həmin dövrdə yarandı və bizim dilimizdə əsərləri olmayan yazıçıların hekayələrini tərcümə etməyə başladım. Həmin hekayələrdən biri də Ekonun "Naməlum O" hekayəsi idi. Sonralar yazıçının hekayə və esselərindən ibarət kiçik bir kitabça da Azərbaycan dilində çap olundu. Kitaba həmin hekayənin adını seçmişdilər. Daha sonra "Qızılgülün adı"nı oxudum. Yeri gəlmişkən, əsəri iki dəfə (birinci dəfə rusca, ikinci dəfə bizim dildə) oxuduğumu da qeyd edim. Açığı, birinci oxunuşda çox çətinlik çəkmişdim, romanın alt qatlarına enmək mənə  əsərdəki kilsənin içində gizli sirri və ya qatili axtarmaq qədər müşkül görünürdü. Əsərin dalğasına düşmək olduqca çətin idi. Bəzən uzun-uzadı təsvirlər, izahatlar, ekzotik təsvirlər, təfərrüatlara varmaq hövsələmi daraldırdı. Dəfələrlə əsəri yarımçıq buraxıb İncili yenidən vərəqlədiyimi, Orta əsrlərlə bağlı çoxlu yazılar oxuduğumu, qeydlər apardığımı xatırlayıram. Çünki əsər başdan-başa kodlardan, şifrələrdən ibarətdir. Romanda müqəddəs mətnlərə, eləcə də məşhur əsərlərə göndərmələr var. Yazıçının harda nəyə işarə etdiyini bilmədən oxumaq yol hərəkəti qaydalarını bilmədən maşın sürməyə bənzəyir. Qəza və azmaq təhlükəsi qaçılmazdır. "Qızılgülün adı" birbaşa oxunmaq üçün deyil. Mən bu əsəri oxuyanda paralel olaraq Orta əsrlərdə xristian təriqətləri arasındakı konfliktlərlə bağlı xeyli araşdırma yazılarını tapıb oxudum. Eko "Gənc romançının etirafları" kitabında yazır ki, "mən bu əsəri iki ilə yazdım, çünki Orta əsrlərə dair hər hansı bir tədqiqat aparmağa ehtiyacım yox idi, bütün materiallar mənim əlimdə idi". Ekonun doktorluq dissertasiyası Orta əsrlər estetikasına olunub, o dövrə aid araşdırmalarını topladığı böyük divar şkafını açanda faktlar, məlumatlar sel kimi üstünə axırdı. O, ömrünün böyük bir hissəsini elmə həsr etmişdi və "Qızılgülün adı"nı yazanda əlli yaşın astanasında idi və bu əsər onun ilk romanı idi. O, romanın yazılma prosesi ilə bağlı sonralar belə demişdi: "Mən romanın hazırlıq illərini sanki sirli bir qəsrdə, yaxud belə demək mümkünsə, autistik tərki-dünya vəziyyətində keçirmişəm".

Bəs bu qədər dərin mənalarla yüklənmiş, ilk baxışda çətin anlaşılan romanın milyonlarla oxucu qazanmasının sirri nədədir? Çox maraqlıdır ki, böyük əksəriyyət, əsasən də hazırlıqsız oxucular bu romanı bir dedektiv əsər kimi oxuyurlar. Əsərin üst qatı dedektiv hadisədən ibarətdir. Monastırda miniatür  ustası kimi tanınan rahib Adelmo ölü vəziyyətdə tapılır, baş rahib bu ölüm hadisəsini araşdırmaq üçün keşiş Vilhelmi monastıra dəvət edir. O da köməkçisi Melkli Adso ilə bu cinayət işini açmaq üçün monastıra daxil olur. Onların gəlişindən sonra da bir neçə rahib müəmmalı şəkildə dünyasını dəyişir. Bütün sirlər kilsənin kitabxanasında gizlənir və Vilhelmlə Adso kitabxananın labirintlərində dolaşaraq sirri qoruyan, qadağan olunmuş kitabı əldə etməyə çalışırlar. Bu ölümlərin açarı kitabxanadadır, o açarı tapmaq isə çətindir. Hansısa gizli bir əl Vilhelm və Adso üçün kilsə daxilində maneələr yaradır. Onlar hər addımda maneə ilə üzləşirlər. Kilsə  kitabxanada elmi belə deyək, həbs edib. Kilsənin xalqın üzərində hakimiyyəti imperatorun hökmündən daha artıqdır, insanların taleyini kilsə müəyyənləşdirir. Eko XIII əsr İtaliyasında dinlə siyasətin toqquşması və toqquşmadan doğan faciələri bir monastır çərçivəsində ustalıqla təsvir edir. Bu monastır məbəddən daha çox şər səltənəti, qorxunc, vahiməli, insanlığa fəlakətlər gətirən şeytan yuvası təsiri bağışlayır. Ortaçağ insanının yaşam qaydaları və düşüncə qaynaqları oxucuya bir monastır modelində təqdim olunur. Eyni zamanda Ortaçağ estetikasının tarixinə də nəzər salmış oluruq.

Umberto Ekonun "Orta əsrlər estetikasında sənət və gözəllik" adlı bir kitabı var. Orta əsrlər mədəniyyətinin anlaşılması istiqamətində yazılmış ən mühüm əsərlərdəndir. Eko bu əsərində istinad nöqtəsi kimi Qərb xristianlığının ən böyük ilahiyyatçılarından və filosoflarından hesab olunan xristian kilsəsinin müqəddəs atası Avqustini seçir. Avqustinin təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil edib. Eko bu əsərində məhz Avqustinin fikirlərinə əsaslanır. "Qızılgülün adı"nda da Avqustinin şərti olaraq ayırdığı Göy səltənəti ilə Yer səltənətinin mübarizəsi, savaşı gedir. Tanrını təmsil edənlər iblisə uyub nəfslərinə yenik düşürlər. Monastrın iç-içə keçmiş otaqlarında Adso da bir qız tərəfindən günaha təhrik edilir və Adso şəhvət hissinə qalib gələ bilmir, günaha bulaşır. "Ağlım onun qüsurlar sığınacağı olduğunu deyir, şiddətli tamahımsa ona gözəlliklər bağçası kimi can atırdı".(Adso) Adso kilsə qanunlarının insan sevgisinə qadağa qoymasını daxilən qəbul edə bilmir, eyni zamanda eşq xəstəliyinə yoluxmaqdan dəhşətli dərəcədə qorxur. Kitabxanada əlinə keçən kitablarda bu xəstəliyin müalicə üsullarını öyrənməyə çalışır. Böyük Şərq filosofu və təbibi İbn Sinanın kitablarında eşq mərəzindən xilas olmağın yolları göstərilir. Amma Adsonun dini əqidəsi bu vasitələrdən yararlanmağa icazə vermir. İbn Sina eşq mərəzinin dərmanını vüsalda, sevgiliyə qovuşmaqda görürdü. 

Romandakı hipotezanın mücərrəd örnəyi labirintdir. Bu labirintlərin tipi isə fərqlidir. Yunan mifologiyasında Ariadna  labirintdən çıxmaq üçün Teseyə ip yumağı verir ki, onun köməkliyi ilə mağaradan çıxa bilsin. Eko da öz obrazlarına belə bir ip yumağı verir. Bu labirintin Minotavrı kimdir? Kitabı ələ keçirən rahiblər öldürülür. Adso ustadına belə bir sual verir: "Cinayətlər zəncirinin açarını müqəddəs kitabda axtarmağın lazım olduğunu necə bildin?" O, heyrətlə gözlərini bərəltdi: "Yühənnanın İncilində hər şeyin açarı var"! Paradoksal məqam: sonda məlum olur ki, qadağan olunmuş kitab komediyadan bəhs edir. Müqəddəs kitab isə gülməyi qadağan edir. Kor Jarqo bu səbəbdən kitaba zəhər sürtüb, ona toxunan şəxs bir neçə dəqiqə ərzində canını tapşırır.

Romanda Eko oxucuya "deməli, kitabxananın daxili quruluşu dünyanın cəhətlərinə uyğun gəlir?" deyə eyhamlı bir sual buraxır. Vilhelmlə Adsonun axtarışları yeddi gün davam edir və bu da Tanrının dünyanı yeddi günə yaratdığına bir işarədir.

İnsan yarandığı gündən Yaranışın sirrini tapmağa can atır, göylərin qapısı isə şair demiş, əbədi olaraq bağlıdır. Vilhelm sirrin bir addımlığında ikən kor Jarqo əlindəki mumu yerə atır və monastırı yanğın bürüyür. Keşiş və köməkçisi Adso güclə yanğından xilas olurlar.

Kitabın adına gəldikdə isə müəllif romanda qızılgüllə bağlı bir cümlə işlədir: "Ən adi qızılgül də həyat yolumuzu naxış kimi bəzəyir". Bir də belə bir cümlə: "Bir vaxtlar qızılgül olan indi ancaq adıyla mövcuddur; bizə qalan da yalnız bu adlardır".

Umberto Eko bu əsəriylə bizə bir həqiqəti açıqlayır: yaşadığımız dünya Tanrının kitabxanasıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!