Məti OSMANOĞLU
Bədii mətnlə oxucu arasında münasibətlərə qiymət və hökm vermək səlahiyyətinə sahib olan ən ədalətli hakim zamandır. Mixail Baxtin "nə Şekspirin özü, nə də onun müasirləri bizim indi tanıdığımız "dahi Şekspiri" tanıyırdılar" deyəndə, heç şübhəsiz, həm də bunu nəzərdə tuturdu.
Şekspirin dahilik taxtına ehtiramımıza kölgə salmaq fikrindən uzaq olmaqla bərabər, bunu da deməliyəm ki, Aqil Abbasın "Dolu" romanının Birinci Qarabağ müharibəsindən və İkinci Qarabağ müharibəsindən sonra oxucu-mətn münasibəti işığında təhlili mətn, oxucu və zaman münasibətlərinə aydınlıq gətirməyə, mətnin qavranılmasının zamandan və zamanın simasını müəyyənləşdirən hadisələrdən asılı olduğunu başa düşməyə yardımçı ola bilər. "Dolu" romanının yeni ictimai reallıqlar işığında təhlilinə əsasən bu qənaətə gəlmək olur ki, torpaqlarımızın işğaldan azad edilməsi müharibə mövzusuna həsr olunmuş mətn(lər)in oxucu ilə (eləcə də müəlliflə) münasibətlərinin şərhində yeni meyarlara yol açır.
Aqil Abbasın 2007-ci ildə tamamlayıb nəşr etdirdiyi roman müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsindən əvvəl, torpaqlarımızın düşmən işğalı altında olduğu dövrdə haqlı olaraq Qarabağ mövzusunda yazılmış ən yaxşı əsərlərdən biri kimi qiymətləndirildi. Xalq yazıçısı Elçinin qeyd etdiyi kimi, "Dolu" romanının meydana çıxması "Söz azadlığı" dövrü ədəbiyyatımızda əhəmiyyətli hadisə oldu, əsərin haqqında da az yazılmadı. Elçin müəllimin qaldırdığı bir sual isə açıq qaldı: "...ancaq yazılan o məqalələr "Söz azadlığı" dövrü tənqidimizin hadisələrinə çevrilə bildimi?".
Azərbaycan ədəbi fikrinin bu romana layiq olduğu həssaslıqla yanaşmadığının, romanın ciddi ədəbi hadisə kimi qəbul və təqdim edilmədiyinin arxasında, mənim qənaətimə görə, ictimai psixologiyanın Qarabağ travması, xalqımızın məğlubiyyət kompleksi dayanırdı. Natamamlıq kompleksinə qapılmış cəmiyyət üçün məğlubiyyətin anatomiyasını araşdırmaq zövq vermək əvəzinə daha çox işgəncə verə bilərdi və elə verirdi də...
Romanın epiqrafında oxucuya əsəri "bu, yazıçı təxəyyülündən başqa bir şey deyil" sözləri ilə təqdim edən müəllifin xəbərdarlığı (əslində, narahatlığı) da boşuna deyildi. Romanın əsas materialını konkret müşahidələr, müəllifin tanıdıqları, gördükləri və eşitdikləri təşkil etdiyinə görə "Dolu" müəllifin Dünyanın Ən Varlı Şəhəri kimi təqdim etdiyi konkret bir məkanın - Ağdamın süqutunun bədii salnaməsi kimi qəbul olundu və romanı həm təqdir edənlər, həm də ona tənqidi münasibət bildirənlər (əsər haqqında susanları da bura əlavə etmək olar) məhz bu dayaq nöqtəsindən çıxış edirdilər.
Akademik Nizami Cəfərovun "Dolu" romanını tarixi salnamələrlə bir araya gətirərək "müasir Qarabağnamə" adlandırması, əsərin uğurunu, "romanda yaradılmış sosial-etnoqrafik mənzərənin həddindən artıq dəqiq və həddindən artıq da analitik" olmasını Aqil Abbasın, ilk növbədə, "ümumiyyətlə, Qarabağ bölgəsinin ictimai-siyasi, sosial, coğrafi mühitini çox gözəl bilməsi, Qarabağın ən böyük intellektlərindən tutmuş, ...ən xuliqan gənclərinə qədər hamısını yaxşı tanıması" ilə əlaqələndirməsi zamanın mətnin dərkinə yüklədiyi impulslardan gəlirdi. Romanı təhlil edən professor Vaqif Yusifli və professor Cahangir Məmmədlinin də yazılarında Nizami Cəfərovun bu tezisinə istinad etmələri romanı Qarabağ müharibəsinin tarixi-xronikal mənzərəsi fonunda təhlil etmək yanaşmasının nəticəsi idi.
"Dolu"nu daha məhdud və dar bir məkanın - "Qarabağdan çox, Dünyanın Ən Varlı Şəhərinin rekviyemi" kimi oxuyan Aydın Canıyev isə bu şəhərin yenidən Ağdam olacağına inandığını yazmışdı: burada da bədii mətnin interpretasiyası tarixi xronika çərçivəsinə salınmışdı.
Ağdamda doğulub böyümüş İradə Musayevanın romanla bağlı sərt tənqidi qeydləri əsərdə konkret tarixi məkanda baş vermiş proseslərin arxasında duran səbəbin axtarılması ilə bağlı idi. İradə xanımın nəzərində Ağdamın süqutu Aqil Abbasın gördüyündən və düşündüyündən fərqli səbəblər üzündən baş vermişdi və məsələnin şərtini bu cür qəbul edəndə Ağdamı içindən tanıyan tənqidçinin mülahizələri əsassız hesab edilə bilməz. Ağdamı taleyində daşıyan iki ziyalının şəhərin süqutuna səbəb axtarışındakı yanaşma fərqliliyi də, zənnimcə, tamamilə təbiidir...
Ancaq "Dolu" romanına Ağdamın süqutu mövzusunda deyil, müharibə mövzusunda yazılmış bədii mətn, yazıçı "uydurması" kimi yanaşanda mənzərə xeyli dəyişir. Qələbədən sonra şəxsən mənim nəzərimdə Aqil Abbasın müharibə vaxtı Ağdamda gördükləri deyil, mətndə göstərdikləri, daha doğrusu, yazıçı təxəyyülünün ifadəsi daha çox maraq doğurur. Romanı yazıçının bədii təxəyyülündən doğan "uydurma" kimi oxuyanda Dünyanın Ən Varlı Şəhərinin hüdudları böyüyür, məkan Qarabağdan kənara yayılır, bütün Azərbaycanı əhatə edir. Roman bu gün Azərbaycan tarixinin dramatik bir dövrünün subyektiv yazıçı düşüncələri ilə təqdim olunmuş bədii obrazı kimi qavranılır və bu, əsərə əlavə dəyər gətirir.
Konkret bir məkanın süqutunun xronikal təqdimatı və yaralanmış, dolu döymüş Vətənin bədii obrazı bir-birindən ciddi şəkildə fərqlənən anlayışlardır və bədii mətnin qavranılması baxımından bu fərq mətnə də fərqli yanaşmağı tələb edir.
Əslində, "Mən Dünyanın Ən Varlı Şəhəri deyəndə Azərbaycanın bir şəhərini göstərsəm də, bir şəhərini nəzərdə tutmamışam" deyən müəllifin lap əvvəldən təqdim etmək istədiyi Azərbaycanın obrazını yaratmaq idi. Görünür, buna görə romandakı adların əksəriyyəti şərti ümumiləşdirmələr kimi verilib: Komandir, Katib, Rəis, Tarix Müəllimi, Drakon, Pələng, Pələngin Anası, Qeyrət Dağarcığı, Əsgər Köynəkli Sürücü, Dünyanın Ən Gözəl Ölüsü, At Belində Olan Adam, İkinci, Bordağa Bağlanmış Buğaya Dönən Məmurlar və s...
Mətnin qavranılmasındakı xüsusiləşdirmə, coğrafi məkanın və adların konkretləşdirilməsi isə mətnin təhrikindən gəlir. "Bura gələn vəzifəlilər Sovet qanunları ilə deyil, bu şəhərin qanunları ilə yaşamalıydılar. Bu şəhərin öz Fantoması vardı. Zorrosu, Şakası, Caqası, Ştirlitsi də, hələ də dağlarda yaşayan Qaçaq Nəbiləri də".
Daha maraqlısı da budur ki, Dünyanın Ən Varlı Şəhərinin öz əfsanələri var və həmin əfsanələri yaradan insanlar bəzən reallıqdan çox bu əfsanələrin içində yaşayır, öz yaratdıqları əfsanənin "janr tələblərinə" tabe olur, əfsanənin qəhrəmanları kimi davranırlar. Romanda həyatın reallığı ilə əfsanənin sərhədləri bir-birinə qarışır və beləliklə, müəllifin bizə təqdim etdiyi mətn epik yaddaş ilə müasir "şəhər folklorunun" sintezi kimi qavranılır. Bu mənada, romandakı hadisələrin ən qaynar çağında, ən ağır günlərdə Ağdama rəhbərlik eləmiş Sadıq Murtuzayevin Vahid Qazinin "Ruhlar şəhəri" kitabı haqqında rəyində maraqlı bir məqama nəzər yetirmək yersiz olmaz: "Müəllifin (Vahid Qazinin - M.O.) bir cümlə ilə toxunduğu Ağdam bazarı haqqında hər yerdə gəzib-dolaşan, əfsanəyə çevrilən söhbətləri mən də xatırlayıram. Məsələn, "atom bombası varsa, demək Ağdam bazarında tapmaq olar". Sadıq müəllim bu "şəhər əfsanəsinin" yaranmasının səbəbini ağdamlıların işgüzarlığı, qurub-yaratmaq potensialı ilə bağlayır. Aqil Abbasın romanında isə bu, Dünyanın Ən Varlı Şəhərinin yazılmamış qanunlarının müddəaları ilə izah olunur. "Söz gəzirdi ki, Dünyanın Bu Ən Varlı Şəhərinin bazarında atom bombası da satılır. Uşaqlar da zarafatla deyirdilər:
- Bombamız var ey, müştərisi olmadığından üzə çıxarmırıq".
Müharibə hər şeyi alt-üst eləyənə qədər insanlar öz əfsanə həyatlarını yaşayır, yeni-yeni əfsanələr yaradırlar. Maqadandakı cəza müəssisəsindən qayıtmış, heç kimə tabe olmayan, "o boyda Sovet hökumətinin asıb-kəsən vaxtı bu şəhərdə açıq-açığına silahla gəzən" Drakonun əfsanəsi, özünü qıza bəyəndirmək üçün Rəşid Behbudovun papağını və xəncərini oğurlayan yeniyetmə Pələngin əfsanəsi...
Romanın mətnində müasir şəhər əfsanələrindən tutmuş, epos yaddaşına, mətnlərarası məqamlardan tutmuş, "kollektiv şüurdanxaric" arxetiplərə, mifologizmlərə qədər epik bədii düşüncənin bütün elementləri "işləyir". Bu sintez romanda təqdim olunan tarixin bədii obrazının təbiəti ilə şərtləşir.
Əsər boyu insanların (təkcə əsərin personajlarının deyil, həm də oxucuların) başına dolu yağır. Bu, Tanrının göydən endirdiyi dolu deyil. Rusiyanın ermənilərin əlinə verdiyi "Qrad" reaktiv yaylım atəşi sistemindən atılan yaylım mərmiləridir. İnsanlar - Yiyəsiz Dövlətin Yiyəsiz Övladları yerdəki "qrad"dan ("qrad" azərbaycanca dolu deməkdir) yağan mərmilərin altında yaşamaq, mərmilərdən ölmək, sağ qalanlar isə konkret düşməndən çox "qrad"ın atıldığı tərəflə döyüşmək məcburiyyətindədir.
Şəhərin əxlaq qanunlarının pozulması üstündə üz-üzə gələn, bir-birinə əl qaldıran Drakonla Pələngin müharibə meydanında ölümləri də müharibənin yaratdığı epos epizodu kimi yadda qalır. Yeniyetməliyində özünü qıza bəyəndirmək üçün şəhərin ən sensasiyalı oğurluğunu edən, ancaq bu dünyadan "qız görmədən" nakam gedən Pələng, üzünə ağ olduğuna görə onun ölümünə fərman verən Drakonun qucağında can verir. İgid dostunu, arxa-dayağını itirən Drakon son gücünü toplayıb əlindəki qumbaraları düşmənin bizə yönəltdiyi ölüm maşınının - BTR-in üstünə atır, bilə-bilə, görə-görə ölümün üstünə kişi kimi dik gedir. Geriyə yol yox idi, arxada ana-bacılar idi...
"...Pələng rahat-rahat gözlərini qapadı...
...Drakon isə girdi anasının qucağına:
- Yaman yorulmuşam, ay ana. Qoy bir az yatım.
- Yat, bala, yat! Layla balam, a layla. Layla dedim yatasan, qızılgülün içində şirin yuxu tapasan. Layla balam, a layla...
...Drakon qızıl qanın içində şirin bir yuxu tapmışdı...".
"Dolu" romanının məntiqinə əsasən, cəmiyyətin ən böyük faciəsi dövlətsizlik - yiyəsizlikdir. Dünyada şər imperiyası kimi tanınan SSRİ-nin süqutu ərəfəsində və süqutu dövründə Azərbaycanda dövlət strukturlarının iflası, o vaxt hələ Sovet adını daşıyan Rusiyanın Qarabağda yerləşən alayını silah-sursat cəbbəxanası ilə birlikdə ermənilərin ixtiyarına verməsi, Azərbaycan xalqını müstəqillik idealından döndərmək, yenidən Rusiyanın quyruğuna bağlamaq siyasətinin nəticəsi mərmiyə çevrilib dolu kimi xalqın (təkcə Dünyanın Ən Varlı Şəhərinin deyil, Azərbaycan xalqının!) başına yağır.
Dünyanın Ən Varlı Şəhərini qorumaq, düşmən qarşısına çıxmaq Yiyəsiz Dövlətin Yiyəsiz Övladlarının öhdəsinə düşür. Ən böyük silahları qeyrətləri olan insanlar var gücləri ilə döyüşürlər. Onlara qüvvə, enerji verən isə yaddaşdan gələn qəhrəmanlıq və şəhərin nəsildən-nəslə keçən yazılmamış qanunlarıdır. Xalqın üstünə dolu yağdıran qüvvələr də var gücləri ilə bu qəhrəmanları gözdən salmağa çalışırlar, düşmənin "qradı" kəsərdən düşəndə şayiə maşını işə düşür. Bu da yetməyəndə XX əsrin qəhrəmanlıq eposunu yaradan igidləri bir-bir aradan götürürlər.
Müəllifi və oxucunu ən çox ağrıdan tarixi həqiqət Dünyanın Ən Varlı Şəhərinin dolunun altında tək buraxılması, təklənməsidir. Əslində, təklənən, taleyin ümidinə qalan Azərbaycandır. Romanda Azərbaycan "ssenarisini dünyanın Böyük Dövlətlərinin Böyük Saraylarında yazdıqları dəhşətli Kino" həyatı yaşayır.
Müxtəlif ölkələri təmsil eləyən humanitar missiyalar isə Dünyanın Ən Varlı Şəhəri öləndən, şəhərin əhalisi dünyanın ən miskin qaçqın düşərgəsinə köçəndən sonra ortaya çıxırlar. Qaçqın düşərgəsinin də ağrı və gülüş qarışıq şəhər folkloru yaranır. Lakin folklorun bu janrı artıq əfsanə deyil, lətifədir:
"Böyük Vətən müharibəsi iştirakçıları yardım gələndə elə bilirdilər bayramdı, xeyir-şər kostyumlarını geyir, bütün orden-medallarını da sinələrinə taxıb gəlirdilər. Amma sonra yuxarıdan tapşırıq gəldi ki, yaxşı deyil, almanlar gələndə orden-medalları taxıb çıxmasınlar".
Çadır şəhərinin yaratdığı lətifə bu gün qəhərə çevrilib adamın boğazında düyünlənir...
***
Aqil Abbasın "Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına" həsr elədiyi "Dolu" romanı Qələbədən əvvəl qisasa çağırış kimi qavranılırdı.
Qələbədən sonra isə bu roman əfsanələri və lətifələri ilə birlikdə müharibə əleyhinə yazılmış ağı kimi səslənir. Bu ağını bütün şəhidləri öz balası yerində görən, hər gün qaçqın düşərgəsindəki Şəhidlər xiyabanını ziyarət edən, Prezident fərmanı ilə Milli Qəhrəman adı verilmiş oğlanın - Pələngin Anasının analıq duyğuları söyləyir. Bu ağı romanın mətninin sətirləri arasından "öz yaratdıqları ilə bacara bilməyən Tanrının qəzəbini soyutmaq, bir az yorğunluğunu çıxarmaq istəyəndə qulaq asdığı" Qədir Rüstəmovun səsi ilə yüksəlir. Həmin səsi hərdən ananın zilə qalxan fəryadı qırır...
Qələbədən əvvəl Pələngin Anasının gözünü Türkiyəyə dikməsi, Türkiyədən ümid gözləməsi incə ironiya, göz yaşına bələnmiş gülüş kimi qavranılırdı.
"Qadın Komandirin qızarmış gözlərinə baxıb doluxsundu, yaylığının ucuyla yaşarmış gözlərini sildi, sonra əlindəki çantanı qoydu stolun üstünə.
- Komandir, uşaq bunu dünən gecə gətirmişdi. Deyirdi ki, türklər göndəriblər...".
Oğlunun yas məclisinə bir çanta pul gətirən ananın xəbəri olmasa da, oxucu artıq bilirdi ki, çantadakı At Belində Olan Adamın Drakonu "aradan götürmək" üçün Pələngə verdiyi pullar idi...
"Və bir anda bütün şəhərə səs yayıldı:
- Türklər uşaqlara pul göndəriblər...
- Deyirlər, özləri də gəlir...
Və İkinciyə xəbər çatdı ki... Batalyonun həyətində Türkiyənin bayrağını qaldırıblar!..
Batalyonun həyətində qaldırılan isə Türkiyənin bayrağı deyildi, Drakonun Pələngin qanına hopmuş köynəyiydi...".
Qələbədən sonra... romanı oxuduqca gözlərimin qarşısına İkinci Qarabağ müharibəsi günlərində ölkə boyunca yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları canlanır. Qulaqlarıma qaçqınlıqda dünyaya gəlmiş, Vətən müharibəsində şəhid olmuş ağdamlı Xudayarın səsi gəlir: "Vətən yaxşıdır!..".
***
Ağdamın işğaldan azad edilməsi xəbərini alanda yadıma düşən ağdamlı dostlarımdan birincisi Aqil Abbas oldu...
Buna da inanıram ki, hələ uzun müddət Qarabağ müharibəsi barədə yazılan əsərlərdən söz düşəndə yadıma ilk düşən Aqil Abbasın "Dolu" romanı olacaq!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!