Azərbaycan ədəbiyyatının səhnəsi - Musa Yaqub: Mən gərək yanımda bir ağac əkəm - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

Filologiya elmləri doktoru, professor

 

"Şeir, poeziya nədir?" deyən kimi, o, əldən sürüşür, səsini güclə eşidirik, ancaq bu, onun getdikcə uzaqlaşmasının yox, əksinə, addım-addım yaxınlaşıb könlümüzün içinə girməsinin (orda yuva qurmasının) sübutudur. Belədə, şeiri izah və şərh etmək mümkün deyil. Jak Derridada belə bir pasaj var ki, şeir əvvəlcə görünür, qismən mövcud olur, ondan nəsə qalır, ancaq mən bu qalan şeyi heç zaman yaza bilmirəm. Onu başqaları imzalayır. Qəribədir, illər boyu içində, həmişə ürəyinin başında gəzdirdiyin yazı sənə bu cismin o tayında seçilmək imkanı verir, şeir deyilən bütün mövcud sərhədləri silir və bu seçim işarəsi qəfildən, səndən tam xəbərsiz dünyanın hansı nöqtəsindəsə həyatla ölüm arasında, gecəylə gündüz arasında qalan hansısa "kirpi" sözündən yapışa bilər... Jak Derrida belə deyirdi.

Şair bu dünyaya nəyisə yenmək, nəyəsə qalib gəlmək üçün gəlmir. Baxmayaraq ki, yaradıcılığında hər əsən küləyin, bu dərinlərdən uğuldayıb axan zamanın əksinə gedir. Şairin işi görünməyən nəsnələrə işarə etməkdir. Bundan o yana deyil. Müxtəlif üslubların mənası da burdan irəli gəlir. Bir qaçılmazlıq, bir çıxmazlıq ovqatına ya əsir olmalısan, ya da zamanın dışına çıxmalısan. Şair bunu bacarmır. Ortada bir ovuc kül qalır. Musa Yaqubun sevdiyi Xaqani nəyə qalib gələ bilərdi ki? Ancaq şeirin, bədii mətnin bir yatıb-oyanma məqamı olur. Daha dərin yaralar görünür, ortaya elə detallar gəlir, elə həqiqətlər, yəni bədii həqiqətlər aşkarlanır ki, insan bu sonsuz kainatın boşluğunda heç nə eləyə bilmədiyini dərk edir. Şair heç bir mistik hadisənin üstündən pərdə götürən də deyil, əksinə, onu görünməyəcək dərəcədə örtən şəxsdir.

 

Sən ey mavi göylər,

Səmavi göylər!

Görəsən, göylərin qəfəsi varmı?

Görəsən, ruhların nəfəsi varmı?

Üfüqdən-üfüqə uça bilirsə,

Durna qatarında nizam qalacaq.

Bizi o qatara yazan qalacaq.

Qalacaq, məhəbbət təzə qalacaq!

Sədaqət rəmzidir,

Bir yaşam tərzi,

Leylək yuvaları,

Haqq tərəzisi,

Bir gözündə mənəm,

Bir gözündə sən,

Yer üzündə mənəm,

Göy üzündə sən...

 

Şair dünyadan köçdümü, mətnləri onu yenidən düzüb-qoşur. Yəni bizim ən yaxından tanıdığımız insanın portretində elə cizgilər açılır ki, diqqət elədikdə şeirlərindəki müəyyən əraziləri daha fərqli şəkildə fəhm edə, yaxud orada özün üçün yeni-yeni dərinliklər kəşf edə bilərsən. Ancaq biz bunu bilsək də, bir elə fikir vermirik və onun yaradıcılığına elə köhnə cizgiləri əsas götürməklə yanaşırıq. Ancaq bizim dediyimiz, yəni şeirin özünün tək qaldıqda şairin portretində açdığı cizgi-şırımlar çox önəmlidir, ona diqqət eləsən çox dərinliklər sənə dayaz gələr, ancaq yenə deyirəm, biz bunu bilsək də, ondan qaçırıq. Bunu bilmək, heç olmasa bir anlıq o hissə köklənmək dünyada nəyə desən, dəyər. Təqribən belə: Jan Eşnozun "Royal arxasında" romanının fabula-fakturası fantastikadır, çox istedadlı pianoçu qətlə yetirilir və o dünyada əməliyyat olunub geri qaytarılır. Ancaq yeni adam kimi. Qadağalar qoyulur: piano çala bilməzsən, tanıdığın adamlara yaxın dura bilməzsən... Sən demə, vaxtilə sevdiyi qadın da ölübmüş, onu da geri göndərirlər. Bir gün supermarketdən çıxanda, çıxış qapısında qadını görür, biri daxil olur, o biri çıxırmış... Bu ani görüş qəfildən fantastikaya dönüşür (əsərin fakturasına-!), yəni onların heç yerdə heç zaman görüşə bilməməsi tale yazısıymış, qədərmiş... Şair bu dünyanı tərk edəndən sonra onun ən gözəl, bəlkə də ən adi şeirinin həmin portretdə açdığı cizgilər həmin ilahi hissi və qədər dəhşətini hiss eləməyə bərabərdir.

Mənə elə gəlir, Musanın şeirləri özlərini onun ürəyində daha yaxşı hiss edir, çünki burda doğulur, yaşayır, buranın mühitinə öyrəşir və günlərin bir günü ordan sürüşüb bizə tərəf gəlir. Ancaq... bunun adı ayrılıqdı, çox gözəl bir şeyin, o ürəyi yandıran bir şeyin mühitindən ayrı düşməsidi. Hər bir gözəl şeirin içində biz bu ayrılığı görürükmü. Biz onu yalnız nəfəs kimi, təbərrik bir şey kimi qəbul edir və kitab rəfimizdə dustaq edirik. Bir kimsənin yadına düşmür ki, o gözəl şeir əslində bir ayrılığın balasıdı. Şeirə bu yöndən yanaşmaq həm də onun üzündə, gözlərində yatan kədəri heç olmazsa sezməyə imkan verərdi:

 

...İndi bildim, tək qovaqlar nə çəkir...

 

Yəni bütün bunları nəzəri şəkildə ümumiləşdirməli olsaq, belə bir mənzərə yarana bilər. Hər bir şair fərqli bir iqlimdir. Onun haqqında danışmaq şair kimi tipini müəyyənləşdirməyi tələb edir. Əsas olan, məncə, budur.

"...Bizim Buynuz kəndində bir bulağımız var; adına Soyuq çeşmə də deyirik, Qonaq bulaq da. Bu bulaq hər il iyun ayından başlayıb sentyabr ayının ortalarınacan qaynayır, sonra çəkilib gedir. Üzə çıxmaq istəyəndə ilk dəfə bir vələs ağacının dibində sızılıb nohurlanır. Hə, onda bilirik ki, çeşməmiz bu il də qaynayacaq, yayımızı sərinlədəcək. Həmişə o çeşmə kimi mənim də könlüm dolanda bilirəm ki, sözüm qaynayacaq, şeirim yaranacaq. Şükür ki, elə bu bulağımız da çağlayıb axıb, mənim könlüm də dolub şeirlənib, çeşmələnib...".

Şeirdə əsas olan şey nitqin necə təşkili məsələsidir, yəni ritm. Bu rakursdan hər bir millətin poeziyası fərqli xüsusiyyətlərə malikdir. Çin dilində qədimdən şeir aydın intonasiya oxunurdu (təqti...). Bu dildə tərtib edilən yazı "laldır", fonetik xassəsi yoxdur, yəni həmin yazı daha çox gözlə oxunur. Bizim şeirimiz və yazımız danışandır. Az qala gözünü dikən kimi səninlə danışır, nələrsə deyir... Biz Musa Yaqubun şeirini oxuyuruq və bizə təsir edir, birbaşa təsir edən həmin o ritmdir. Şeir əslində insanla (oxucu) ilə münasibətdə qurulur, bu zaman məlum ritm ölçüsü dəyişir. Bunu necə başa düşmək olar? Ən sadə ritm eyni bir elementin təkrarından başqa bir şey deyil... Məsələn,

 

Mən səni pərişan qoyub gəlmişəm,

Payız günəşinin şüası kimi,

Yəqin, çatmaz sənə yalvarışlarım

Bəndənin Tanrıya duası kimi.

 

Şeir mətnində bu kimi təkrarlar qaçılmazdır. Bunun dalınca monotonluq yaranır. Xüsusən heca şeirində bu monotonluq qıcıqlandırıcı effekt yaradır. Nəhayət, oxucu özü şeirdəki ritmə quruluş verdikdə, yəni onu ürəyinə çatan şəkildə oxuduqda hər şey yerini alır. Şeiri oxuduqda insan hisslərinin mətnə hopması fantastika təsiri bağışlasa da mən buna inanıram. Və məncə, bunun filoloji kökləri də var. Məhəmmd Füzulinin divanı hər əsrdə bir cür olub, oxucu təmasından asılı olaraq. Filologiyada "üzvü poetika" anlayışı var, bu, ordan qaynaqlanır.

 

...O tək qayalıqda bitən vələsim

Kökü daş içində qırıldı sim-sim,

Qara gövdəsində ocaq qalanan

Qabığı üstündə zorla dayanan

Qoca palıdı da bir yel apardı,

Hə, mən də var idim, hə, o da vardı...

Üstümdən cökənin getdi kölgəsi

Batdı ağacların meşə ölkəsi.

 

Musa Yaqub, əslində, təbiəti etibarilə digər şairlərdən fərqlidir, özü də əsaslı şəkildə. Musa təbiətdən insanca aldıqlarını rahatca paylaşır. Onun "Un işığı" poemasını oxuyun. Müsahibələrinin birində köhnə şeirlərini vərəqlədiyindən danışır, deyir ki, atam və anamla bağlı şeirlərini oxuyanda kövrəldim. "Ağladım, doğrudanmı bu hissləri mən keçirmişəm?".

Musa ənənədən gələn, ancaq fərdi başlanğıcı çox dərin olan şair tipidir. Bu tipli şairlərdə özünəqədərki yolu araşdırmaq o qədər də asan deyildir. Xaqanini sevir. Xaqaninin mətnlərinin altındakı səslər, yəni onu yaradan ayrı-ayrı şairlərin, bəli, dünyada heç kimin tanımadığı şairlərin səslərinin birləşib bir aura yaratması Musa Yaqubda də var.

Musa Yaqubun sevgi şeirləri haqqında danışanda yuxarıdakı formulu bir daha xatırlayırıq: şeir yara üstündə şırım açır və yaraya məlhəm kimi çəkilir. Musa sevginin, insani münasibətlərin elə munis məqamlarını seçir, elə kədərli anlarını şeirə gətirir ki, elə dözülməz dərdlərini pıçıldayır ki, şeirin özü bu hissləri daşıyan qəlbə çevrilir. Yaxud sevib bitirmiş, ancaq unuda bilməyən adamın qəlbinin elə guşələrini oyadır ki, insanla Allah arasındakı bütün uçurumlar göz önünə gəlir.

 

Nə şirin nağıldı, necə xoş xəyal,

Sehrli uyğudu, uyğuya uydum.

Diksindi, titrədi, soyudu könlüm.

Sədaqət istədim,

Yel aldı məni,

Leylək yuvasında uyudu könlüm -

Mən onda bildim ki, sən mənimləsən.

 

Musada misra bölünmür, bir nəfəs kimi gəlib-gedir. Ümumi hava, intonasiya özü elə bir vəziyyətə köklənir ki, insan qəlbinin bütün göz işləməyən cəhənnəmi görünür. Və burdan baxanda Musanı dünyaya gətirən bütün gözəl şeirlərin içindəki kədər, dünyanın faniliyi, həyatın acı dərsləri... hər şeyi xatırlayırsan.. Bilirsən ki, sən əslində bir dəfə yaşayıb bu dünyadan köçübsən, indi yaşadıqlarına, sevdiyin şeylərə, keçirdiyin hisslərə tamaşa edirsən.

 

Baxın, necə kədərlidir:

Başında qızıl taclar

Verib budaq-budağa

Payıza gedir ağaclar.

 

Həzin axşam yelində,

Arı yükü belində,

Tacında kəpənəklər

Payıza gedir çiçəklər.

 

Neçə-neçə can gedir,

Qovulan, qaçan da var

Payıza gəlir buludlar,

Quşlar payızdan gedir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!