Şahin Fazil səfərnamələrinin ədəbi-tarixi əhəmiyyəti - İmamverdi HƏMİDOV

 

Azərbaycanın da daxil olduğu klassik Şərq ədəbi-mədəni irsi bəşər sivilizasiyasında böyük hadisə kimi dəyərləndirilir. Bu irsin əhəmiyyətli bir hissəsini istedadın bəhrəsi kimi təqdim edilən poetik yaradıcılıq və onunla bağlı olan digər sənət növlərinin məhsulu təşkil edir. Dini etiqad olaraq islam bir çox Şərq xalqlarını birləşdirməklə onların yaradıcılıq məhsullarında müştərək cəhətlər, ortaq başlanğıclar yaratdı. Ədəbi yaradıcılığın forma və məzmununda, söz və məna gözəlliklərinin ifadəsində əldə edilmiş uğurlar elə bir səviyyəyə çatmışdır ki, onların təqlidi həm Şərq, həm Qərb mütəfəkkirləri üçün bir peşəyə çevrildi. Mən burada divan ədəbiyyatını həmin yaradıcılıqda bariz bir nümunə hesab edirəm. Axı divan bağlamaq, divan yaratmaq yalnız müqtədir şairə layiq bir iş hesab edilmiş, onun müəllifi sənətinin nüfuzu ilə bu addımı atmağa özünü haqlı bilmişdir. Divan adlanan məcmuədə orta əsr şairləri ən çox yayılmış poetik janrlarda və qafiyələri əlifbanın bütün hərfləri üzərində qurmaqda məharət nümayiş etdirməli idilər. Şairlər öz divanları ilə tanınır, qiymətləndirilir və şeir sənətini zənginləşdirirdilər. Şərq şairlərinin poetik qüdrəti Qərbin söz xiridarları tərəfindən zaman-zaman nümunəyə çevrilmiş, onların sənəti müqabilində bacarıqlarını göstərməyə çalışmışlar. "İlahi "komediya" müəllifi Dante Əbuləla Məərrinin mövzu və motivlərində sınaqdan çıxdığı kimi, alman Höte Sədi, Nizami, Hafiz və başqa dahiləri təqlid etməklə Qərb divanını bağlamağa qarışmışdır. Bəşərin yaradıcılıq yolu belədir.

Mən yalnız divanla bağlı fikirlərini məhdudlaşdırmaq istəmirəm. Orta əsrlər mədəniyyətində təzkirə, səfərnamə yazmağı da hünər sayıram. Axı o divanlar, təzkirələr, səfərnamələr olmasaydı, neçə-neçə qüdrətli söz sənətkarının, mütəfəkkirin, şəhid alimin həyatı və əsərləri haqqında məlumatları almaqda çarəsiz qalardıq, bir çox həqiqətlərdən xəbərsiz olardıq.

Bu baxımdan səfərnamə yazmaq, özü də dəyərli məlumat verən maraqlı səfərnamə yazmaq həmişə aktual olmuşdur. Əlaqələrin çox intensiv olduğu, turizmin inkişafı üçün hər cür şəraitin yaradıldığı müasir dünyada bu janrda yazıların meydana gəlməsi bütün yönlərdən arzuolunandır. Əgər XI əsrdə Nasir Xosrov səfərnaməsini yazmasaydı, Azərbaycan şairi Qətran Təbrizinin canlı danışıq dilinin fars dili olmadığı faktını haradan bilərdik? Yaxud Səmaninin "Kitab əl-ənsab" ("Nisbələr kitabı") və Yaqut əl-Həməvinin "Mucəm əl-udəba" ("Ədiblər ensiklopediyası")  təzkirələri olmasaydı, tanınmış Azərbaycan şərhçisi və filoloqu Xətib Təbrizinin doğma Azərbaycan dili haqqında mötəbər məlumatı haradan alardıq. Yaxud XIV əsr ərəb səyyahı İbn Bətutənin səfərnaməsi olmasaydı, Kiçik Asiyada və Azərbaycan şəhərlərində əxilər birliklərinin fəaliyyətlərinin yayılmasını ortalığa necə çıxarardıq? Və sairə, və sair.

Tarix elmləri doktoru, professor Şahin Fazil oğlu Fərzəliyev bu janrları XX əsrin sonunda Azərbaycanın ədəbi-tarixi həyatında ehya etmişdir. 5 divan, "Təzkireyi-Şahin", 23 səfərnamə müəllifi olan Şahin Fazilin əsərləri ədəbi-tarixi baxımdan əhəmiyyətlidir. Düzdür, müasir dövrümüzdə Şahin kimi divan ədəbiyyatında iştirak etmək istəyən şairlərimiz var. Lakin Şahinin divan ədəbiyyatındakı hünəri - müasir Azərbaycan dilində klassik qəzəlin şirinliyini saxlamaq təcrübəsi və bu təcrübəyə çağırışı, məncə, onun adı ilə bağlıdır. Səfərnamə yaradıcılığına gəldikdə isə bu janrın dirçəldilməsi sahəsində Şahinin xidmətləri şəksizdir. Əlbəttə, müxtəlif beynəlxalq konfranslarda və elmi tədbirlərdə iştirak etmiş alimlərin arabir mətbuat səhifələrində bu yönlü yazıları maraq doğursa da, həmin müəlliflər bu işi davamlı şəkildə aparmamışlar. Hələ keçən əsrin 60-cı illərində dünyanın bir sıra ölkələrində müxtəlif elmi tədbirlərə dəvət olunmuş tanınmış şərqşünas professor Rüstəm Əliyevin "Kommunist" qəzetindəki xatirələri o vaxtkı Azərbaycan cəmiyyəti tərəfindən böyük maraqla izlənilirdi. İki il öncə BDU-nun professoru Vaqif Sultanovun "Ədəbiyyat qəzeti"ndə yazdığı məqalələrdə Monqolustan səfəri zamanı qədim türk abidələrinin izi ilə gedərək təsvir etdiyi obyektlər elmi-kulturoloji baxımdan çox dəyərli və maraqlıdır.

Mən hesab edirəm ki, Şahin Fazilin səfərnamə janrına müraciəti iki səbəbdən irəli gəlmişdir. Birincisi, o, bir şair kimi nizama düzdüyü sətirlərin mövzularının və motivlərinin çox hissəsini səfərlərdə aşkar etmiş, yaxud orada onu narahat etmişdir. İkincisi, Şahin Fərzəliyev tarixçi alim, tarix elmləri doktoru və professor olaraq olduğu ölkə və məkanların tarixi ilə istər-istəməz maraqlanır, tarixi bilikləri yada salır və elmi nəticələrini kütləvi oxucularına da çatdırmaq istəyir. Heç şübhəsiz, onun aşağıdakı beyti eynilə səfərnamələrinin yazılması və yayılmasına da aiddir:

 

Şahinin "Divan"ı, Rəbbim, kömək ol, nəşr olsun,

İstəməz qəbr evinə sinədə "Divan" apara.

 

Fikrimi təsdiqləyən daha bir faktı göstərmək istəyirəm: Şahinin elmi fəaliyyətində bir məqam yada düşür. O, XVIII əsr polyak şərqşünası Yan Tadenş Kruşinsinin "Xristian səyyahının tarixi" kitabını Azərbaycan dilinə tərcümə etmişdir. Səfərnamədə bu məlumat onda verilmişdir ki, o, Azərbaycan alimləri və jurnalistləri ilə birlikdə Tehrandakı "Şərqşünasların mədəniyyət sarayı"nda qolları kəsilmiş məşhur şəhidin dişində tutduğu qabda böyük yoldaşlarına su aparmasını əks etdirən tablonu müşahidə edir. Yaradıcı insan Şahin Fazilin assosiasiyasında bu anda buna bənzər hadisədən nəql edən polyak müəllifi, məqtəl janrının qəhrəmanı Hüseyni ibn Əli, əfqan döyüşçüləri, nəşəqçilər, Qarabağ uğrunda fədakar mübarizə və bu mövzuda yazdığı şeirin misraları yada salınır:

 

Bu qoca canımda cövr edir yaram

Düşməni salmağa bəndə hazıram.

Nəşəqçi olmağa mən də hazıram,

Nəşəqçi gərəkdir bizə, nəşəqçi.

 

Şahin Fazil səfərnamələri onun müxtəlif tədbirlərlə bağlı olduğu ölkələrin tarixi və ədəbi həyatına aid məlumatlarla zəngindir. Sayca 30-dan artıq olan bu səyahətnamələr. Coğrafi baxımdan Yaponiya, Əfqanıstan, İran, Türkiyə, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Rusiyanı əhatə edir. Onlar ədəbi baxımdan poetik sənətin incəliklərini göstərməklə yanaşı, müəyyən tarixi-elmi nəticələrin təqdim edilməsinə əsas verir.

- Şair düşüncəsinin məhsulu kimi səfərnamələrdə müxtəlif lirik janrlarda yazılmış şeirlərdə Şahin həssas qəlbə malik şair kimi canlanır, şikayətini özünə yönəldir, fəxriyə deməyi də lazım bilir. Belə məqamlarda onun fərdi duyğuları ictimai məna alır:

 

Məndən də bu dünyada zəngin bir adam varmı?

Qiymətli durum yoxdur, qiymətli kəlamım var.

Səyimlə, iradəmlə minlərlə şeir yazdım.

Vallah elə şahəm ki, minlərlə qulamim var...

Bir ölkəni, min əfsus, bir çay ikipay etdi,

Şirvanda Seyid varsa, Təbrizdə Hümamim var.

 

Yaxud

 

İrandə şahin quşunu görmədi Şahin,

Şahinlik edən indisə İranə mənəm, mən.

 

Ədəbi baxımdan bu səfərnamələrin əhəmiyyəti ondadır ki, müəllifin iştirakçısı olduğu elmi-ədəbi tədbirlərdə Xaqani, Nizami, Füzuli, Şəhriyar kimi böyük Azərbaycan şairləri haqqında oxunan məruzələrin mahiyyəti verilməklə yanaşı, onların sənətkarlıq qüdrəti və dünya şöhrətinə dair fikir bölgüsünün nəticələrinə dair məlumatlar da təqdim edilir. 1-2 dekabr 1992-ci ildə Dördüncü Beynəlxalq Şəhriyar konfransının iştirakçılarını qəbul edən İran İslam Respublikasının ali dini rəhbəri qeyd etmişdir ki, "Heydərbabaya salam" təkcə Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının şah əsərlərindəndir.

Tehranda ikən milli muğamımız yada düşdü. Lirik şair Şahin səfərlərdə olduğu günlərdə vətən, doğma diyarla bağlı düşüncələrlə yaşamış və onları tərənnüm etmişdir. Belə hisslərin təsiri altında olan şairin ədəbi yaradıcılığı daha da zənginləşmişdir. "Qurban olum Azərbaycana mən" deyən "Səyyah Şahin" nə qədər maraqlı məqamlarla rastlaşsa da "Yurda dön, hər səfərin zilləti var" deyir, doğma vətəninin cazibəsinin həmişə onun beynində olduğunu izhar edir:

 

Vətən, çəkir ocaq məni

O bağ məni, o dağ məni,

"İstə, - deyir fəraq, - məni",

İstəmirəm, istəmirəm.

 

Yaxud

 

Təşnəyəm öylə ki, indi Qubada olsaydım,

Qurudardım içərək, bəlkə də, Qudyal çayını.

 

Doğulub böyüdüyü doğma Quba Şahini maqnit kimi özünə çəkir:

 

Sultanı dağların, şahı bağların

Şahdağ məni çəkir özünə sarı.

Məndə saflığı var saf bulaqların,

Bulaq məni çəkir özünə sarı.

 

Şair bəzən səfərlərdə romantik xəyallara dalır, Dünya-axirət məsələsinə toxunur, vətən həmişə onun ürəyindədir:

 

Ehey, o biri dünya,

Məni indiyəcən

Yerdən qopara bilməmisən...

Bağır gəlim

Yerdəki həyatımı verim bada,

Amma Tehranda yox, Bakıda.

 

Göstərdiyim kimi, Şahin Fazilin 5 divanına daxil olan şeirlərin böyük bir hissəsi məhz səfərlərdə yazılmış və orada onun poetik təbinin ilhama gəldiyi çox anlar olmuşdur. O, ümumiyyətlə, poetik yaradıcılığında, o sıradan bu şeirlərdə divan ədəbiyyatına məxsus keyfiyyətlərə riayət etmiş, bir sıra hallarda yeniliklər yaratmışdır. Janr baxımından həmin şeirlər zəngindir: qəzəl, qəsidə, rübai, təzmin, təkbeyt, qitə, təxmis, sürud, bayatı. Təzmin etdiyi şairlərin fəaliyyət göstərdiyi yerlərdə olduqda Şahin Fazilin təxəyyülü onu klassikin yanına aparır, nəticədə təzminlər, nəzirələr, təxmislər yaranır. Məşhəd səfərində Qövsi Təbriziyə təzmin etdiyi 2 qəzəl kimi, Füzuli, Şəms Təbrizi, Xacu Kirmani, Hafiz Şirazi, Xətai, Nəbati, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Sabir, Ə.Vahid və başqalarına yazdığı nəzirələr kimi.

Səfərnamələrdə təsvir edilən tədbirlər, görüşlər və şəxsiyyətlərlə bağlı bilgilər və məlumatlar çox vaxt yeniliyinə görə maraq doğurur. Məsələn, İraqda keçirilən Mirbəd şeir festivalından bəhs edildikdə oxucunun bu sahədə bilik dairəsi genişlənir. Məlum olur ki, hələ islamdan əvvəl cahiliyyə dövründə Ərəbistanın Bəsrə, Okaz, Mirbəd kimi şəhərlərində vaxtaşırı toplanan bazarlarında ənənəvi alış-verişlə yanaşı, şairlərin çıxışları şeirləşmələr də keçirilərdi. Bu ənənənin dəyərləndirilməsi olaraq hər il İraqda Mirbəd şeir festivalı (və ya bayramı) keçirilmişdir. Tədbirlərdə iştirak edən şairlər yeni əsərlərini oxuyur, tənqidçilər mülahizələrini bildirirdilər.

Səfər qeydlərini yazıb nəşr etmək işini Şahin Fazil ədəbi hadisəyə çevirə bilmişdir. Belə ki, Şəhriyar şeirinin sehrində olmuş ədəbiyyatşünaslar və şairlərin yığcam fikirləri gələcək tədqiqat işləri üçün qiymətli material ola bilər. Səfərnamələr boyu akademiklər Bəkir Nəbiyev, Ziya Bünyadov, Xalq yazıçısı Anar, professorlar Rüstəm Əliyev, Mübariz Əlizadə, d-r Cavad Heyət, d-r Zərrinkub, d-r Mənsur Sərvətian, d-r Qocatürk, Sönməz, Qafar Kəndli - Herisçi, Sabir Əmirov, Hacı Mailin  düşüncə və mülahizələrinin təqdiminə yer verilmişdir.

Şahin Fazil səfərnamələrindən aydın olur ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin uğurları beynəlxalq səviyyədə də yaxşı qarşılanır, alimlərimizin çıxışları təqdir edilir və yayılır. Bütün bunlar elmi əlaqələrin genişlənməsində əhəmiyyətli dərəcədə rol oynayır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!