YAŞAMAQ ÜZÜCÜDÜ... - "Vəziyyət ruscadır" - XI yazı - PƏRVİN

PƏRVİN

 

Konstantin Stanislavski "Çexov və bədii teatr" məqaləsində yazır: "Bir dəfə köhnə tanışım yanıma gəlmişdi. Çexov da orda idi. Çox şən, mehriban və cəmiyyətdə qayğısız avaranın biri kimi tanınan dostum mənimlə deyir-gülür, zarafatlaşırdı. Çexov çox ciddi görkəmdə, sınayıcı baxışlarla onu süzür, heç nə demirdi. Adam gedəndən sonra Anton Pavloviç məni onun haqqında sorğu-suala tutdu. Mən təəccüblə bu marağın səbəbini soruşanda Çexov - bura baxın, o ki intihara hazırdı... - dedi".

Zahirən sakit və şən bir adamın haqqında deyilmiş bu sözlər Stanislavskiyə  qəribə gəlir, amma bir neçə il sonra həmin dostun intihar etdiyini eşidəndə Konstantin Sergeyeviçin heyrəti yerə-göyə sığmır. Çexovun insan uzmanı olması təkcə onun haqqında xatirələrdən - bir baxışla adamlara qoyduğu dəqiq "diaqnozlardan" yox, həm də yazdıqlarından bəllidir. Peşəsi həkimlik olan yazıçının əsərlərində insanın anatomik, fiziki, cismani, ruhi, mənəvi "müayinə"lərinin nəticələrini görmək çətin deyil. Yazmağa kiçik yumoreskolardan, sadəcə ailəsinin maddi ehtiyaclarını necəsə ödəmək üçün başlayan Çexov özünü ciddiyə almırdı. Fiziki, yaxud mənəvi ağrıları onu düşündürmürdü, sadəcə yazırdı. Yazırdı, ona görə ki, lazımdı. Bir tərəfdən gördüklərini bölüşmək, digər yandan da müflisləşmiş valideynlərinin "lazımdı", "malısan" tərkibli sözlərinin cavabı kimi; atana-anana yemək lazımdı, əşyaları satıb bizə pul yollamalısan... Hələ gimnaziyada oxuyanda bu cür məktublar almağa alışqan idi Antoşa! Sonralar bunlar onun yaradıcılığı üçün təkan oldu - həm pul qazanmağa sövq etdi, həm də çətinlikləri yazıb rahatlıq tapmaq ehtiyacı yaratdı.

Sovet dövründə şünaslığın hər mətndə tərbiyəvilik, hər kitabda mənəvi paklıq, işığa yol, nə bilim e nümunəvi insan modeli axtarması bir ayrı bəla idi. Daha doğrusu, bəla, bütün bunlar olmayanda baş verirdi. Sənətdən etik, estetik, mənəvi tərbiyəçilik tələbi qəribə işdi, vallah. Heç qəribə də deyil əslində, yazıçı pulun əl çirki, maddi dünyanın murdarçılıq olduğunu deməliydi ki, idarəçilik asan başa gəlsin. Axı heç nə istəməyən, göylərdə uçan, umacağı olmayan, öz quru çörəyini, ya da kasıb daxmasını başqasının dəbdəbəli həyatından daha böyük sevinc bilən kütlə elə rahat gedir ki, cızılan cığırla. Əlbəttə, mən maddiyyatın vacibliyindən danışmıram, amma Kamyu demiş - günəşin altında hamı bərabər deyilsə, aşağılardan mənəvi saflıq tələb etmək, "sən heç nə istəmə ki, o birilərə çox qalsın" - demək ən azı ədalətsizlikdi. Rejim isə elə bu hüquq bərabərsizliyi içində kamillik obrazı yaratmağa çalışırdı. Təhsil, tərbiyə şüurlara təsir edir, sənət isə şüuraltına... Sovetlilər üçün isə bütün altlar və üstlər, yuxarılar və aşağılar bir ideyaya xidmət etməli idi! İndi Çexov zamanında sosializm düşüncəsi yox idi, aydındı, amma heç olmasa bir yazıçı mövqeyin görünsün də, oxucu bilsin - "yaxşı nədir, pis nədir"?! Hə, sovet şünaslığının Çexovdan ən ciddi şikayəti bununla bağlıydı; müsbət qəhrəmanın, böyük idealların, müəllifin doğru-dürüst yanaşmalarının olmaması bağışlanmaz işdi. Amma hələ sağlığında, necə deyərlər, dünyanın düz vaxtında da yazıçı sadəcə müşahidəçi olmasını və gördüklərini necə varsa, elə təqdim etməsini gizlətmirdi, didaktika ondan ötrü yolverilməzdi. Bir də havanı da ehtiyatla alan, xəstəliyini boş buraxıb ciyərlərindən axan qanı əlinin arxasıyla silən, ardınca düzülmüş qadın heyranlarını, gənc yaşlarında qazandığı inanılmaz şöhrəti heç sayan yazıçı nəyinsə dəyişməyəcəyini yaxşı bilirdi. Qəti əmin idi ki, dünya elə belə olub, belə də davam edəcək. Yəqin, məhz bu cəhəti, yanaşması da onu başqa bir dahidən, Tolstoydan kəskin fərqləndirirdi. Hələ uşaqlıqdan sehrli çubuğun varlığına inanan Tolstoy hansısa gizlin bir reseptin olmasına, hələ aşkarlanmamış üsulla insanlığı işığa, səadətə çıxarmağın mümkünlüyünə şübhə etmirdi. Çexov isə qəti əmin idi ki, nə belə resept var, nə üsul, nə də mümkünat... Ona görə Lev Nikolayeviçin ölümlə nəfəs-nəfəsə duran İvan İliçi nə qədər açıqdırsa, onun bədbinliyinin səbəbləri oxucuya necə aydındırsa, Çexovun Nikolay Stepanoviçi bir o qədər qəribədi, anlaşılmazdı, qaçılmaz final qarşısında ovqatı izahsızdı. Amma bütün bu fərqlərə baxmayaraq elə öz dövründə də tənqidçilər L.Tolstoyun "İvan İlyiçin ölümü"nün A.Çexovun "Darıxdırıcı əhvalat" əsərinin konsepsiyasına təsiri məsələsini gündəmə gətirirdilər. Bəzi müəlliflər deyirdilər ki, Tolstoy İvan İliçin ölümqabağı ovqatını qələmə almasaydı, Çexov həyatın bu qanunauyğunluğunu yazmağa ürəklənməzdi. Yəni tənqid ənənəvi olaraq "ümumi mövzu", "ümumi bir qaydanın xüsusi vəziyyəti" yanaşmaları ilə bu iki əsəri müqayisəli təhlil etməyi sevirdi.  Amma eyni zamanda, kifayət qədər zəngin həyat təcrübəsinə malik olan, heç kəsə bənzəməyən Çexovun "Darıxdırıcı əhvalat" müəllifi kimi də özünəməxsusluğunu sübut edənlər az deyildi.

Doğrusu, məncə, sənətdə təsirlənmə və ümumi mövzu söhbətləri heç də həmişə doğru deyil. Axı sənətin obyektinə çevrilmiş eşq, qısqanclıq, ölüm, qorxu və s. min illər keçsə də, itib batan deyil. Ona görə eyni dövrdə yaşamış iki sənətkarın insanı bir də qaçılmaz təslim olma - ölüm ərəfəsində anlatmağa çalışması təbiidir. İntəhası artıq dediyim kimi, Tolstoy İvan İliçin timsalında ömrünü ilk baxışda düzgün yaşamış insanın ədalətsiz sonunu göstərir. İvan İliç ölümü ona görə belə kövrək, bədbin halda qarşılayır ki, ailəsi onu başa düşmür, dostları karyera yüksəlişini onun yoxluğunda görürlər, qızı öz kefindədir, qulluqçusu da onun halına işsiz, ac qalmamaqdan ötrü yanır. Yəni belə çıxır ki, bizi əhatələyən mühit ölüm anında belə rahat olmağımıza, finalımızı arxayın yaşamağımıza (!) imkan vermir. Çexov isə "Darıxdırıcı əhvalat"ı yaşlı bir insanın hesabatı kimi yazıb. Ümumiyyətlə,  başqa heç bir əsərində Çexov qarşısına belə bir məqsəd qoymayıb; yaxınlaşan ölüm qarşısında yaşlı adamın ruhunda nələr baş verdiyini izah etməyə çalışmayıb. Qəhrəmanı, dünyaca məşhur tibb alimi Nikolay Stepanoviç ağır xəstələnir və əvvəlki iş qabiliyyətini itirməyə başlayır. Bekarçılıq özünü, ömrünü təftiş üçün əla fürsətdir... Nikolay da yaşantılarını düşünərək bütün əməllərinə, davranışına, necəliyinə səbəb axtarır, haqq qazandırmağa çalışır. Bir alim, ailə başçısı və vətəndaş kimi sürdüyü ömrü yenidən qiymətləndirir. Həm elmdə, həm də öz evində gözləri önündə hökm sürən ədəbsizlik və mənasızlığa heç vaxt müqavimət göstərmədiyini başa düşür və özünü ciddi şəkildə qınayır. Professor yalnız ömrünün sonlarında dünyaya münasibətində və bütün həyatının əsas işində - elmdə ciddi bir qüsurunu dərk edir.  Başa düşür ki, özüylə səmimi olmayıb, ürəyini ilahi varlıqla düz tutmayıb və bəlkə bu gün yaşadıqları da, elə ölümün özü də səhvlərinin nəticəsi, cəzasıdı. Beləliklə, Tolstoya görə günah hamıdadı və təcili şəkildə düzəlməlidi adam, Çexova görə isə günahkar yoxdu, həyat elə belə olur. Bir də Anton Pavloviç bu dəyişilməz həyat gerçəkliyini oxucuya iki üsulla çatdırır, həm əsas qəhrəmanın - Nikolayın ovqatı vasitəsilə, həm də onun himayəsində olan yetim Katyanın taleyi ilə. Xarakter etibarilə Çexovun "Qağayı"sının Nina Zareçnayasını, Dostoyevski "İdiot"unun Nastasya Filipovnasıyla doğma olan Katya əsərin əvvəlindən ən ali, ülvi duyğuların, sevincin, səadətin simvoludur. Hətta qəhrəmanın atalı-analı qızından daha şəndir, həyatla doludur. Amma nə baş verir?! Hamının həyatında baş verən... Bəli, hər bir uçmağı bacaran mələyin qanadlarını yolanlar, dünyanı sevən insanın içini bayquşların uladığı, qarğaların qar-qarından qulaq tutulan xarabalığa döndərənlər tapılır... Tapılır deyəndə ki, belələri hər yerdədi. Çexov da elə bunu demək istəyir... Bədbinlik, darıxdırıcılıq, dünyadan küskünlük və onun yüz faiz fani olmasına əminlik qaçılmazdı. Əlbəttə, əgər düşünmək qabiliyyətin varsa. "Darıxdırıcı əhvalat"ı elə düşünən adamın dramı adlandırmaq olar. Çexov özü də belə adam idi və bu yazdıqlarına tam inanırdı. Əks halda ciyərləri ona qan qusduranda, səhhəti ölümün astanasından xəbər verəndə Saxalin adasına, məhbusları siyahıya almağa getməzdi. Onsuz da öləcəyiksə, qoy yer üzünə faydamız dəysin, bax budur yazıçının tapındığı həqiqət. 82 günlük buz səfərində, on minlərlə adamı danışdırıb həyat hekayəsini içinə sindirən yazıçı əsl təbib imiş, özü də ruhu sağaldan... Amma onu da yaxşı bilirdi ki, bütün sualların cavabı bu dünyada deyil. 

Ona görə "Darıxdırıcı əhvalat" qəhrəmanı Nikolay çıxış yolunu elə o biri dünyaya getməkdə görürdü. Hələ canında mübarizə üçün təpəri qalmış Katya ona məsləhət verirdi; hər şeyi at və xaricə get. Yalnız ailəni deyil, həm də universiteti tərk et, çünki mühazirələrinlə sadəcə boş adamların sayını artırırsan. Amma Katyanın özünün atacağı bir şey yoxdu və nə edəcəyini də bilmir. Professorun müdrikliyinə və təcrübəsinə ümid edib ondan cavab gözləyir:

"Mən belə yaşamağa davam edə bilmərəm! Mən bacarmıram! Allah xatirinə, bu dəqiqə mənə deyin: nə etməliyəm? Nə edəcəyimi deyin, nə olar!".

Lakin professor onu öz məsləhətlərilə sakitləşdirməyə cəsarət etməzdi, sadəcə Katyanın hələ gənc olduğunu, ruhun iztirablarının hələ çox çəkəcəyini düşünüb kədərlənirdi, vəssalam! Bəli, atalar oğullar mövzusunun belə dəhşətli tərəfləri də var... Böyüklər sadəcə kiçiklərin zəmanəyə oxşayan həyatına üsyan etmir, kiçiklər də elə ancaq köhnəliklə mübarizə aparmırlar... Bu iki fərqli zaman övladları bir-birinin halına acıyırlar həm də. Kiçiklər hələ hər şeyin yaxşı olacağına və nəyinsə dəyişəcəyinə ümid etdikləri üçün böyüklərin ötüb-keçmiş həyatına görə təəssüflənir... Sanki dünya gözəlləşəcək, amma onların ömrü vəfa etməyəcək hürr aləmi görməyə! Böyüklər isə bütün yaşadıqlarından sonra heç nəyin gözəlləşməyəcəyini, vaxt keçdikcə mövcudluğun daha  əzablı olacağını yaxşı bilirlər və cavanların qurduqları xəyali sarayların uçacağına da əmin olduqları üçün onların halına acıyırlar... Və bütün bunları Çexov demir, o, sadəcə ovqat ötürür.

Çexovun özünə tələbkar münasibəti ədəbiyyatsevərlərə məlumdu. Qardaşına ünvanladığı məktubda yazırmış: Əgər rus mədəniyyətindəki ranqlardan danışsaq, Çaykovski birinci yeri çoxdan zəbt etmiş Tolstoydan sonra ikinci yeri tutur. Üçüncü yeri mən Repinə verərdim. Özümə isə 98-cini götürərdim...

Bu cür siyahılarla bağlı mübahisələr sonsuza qədər davam edə bilər. Amma ən düzgün nəticələrin, ən dəqiq qiymətin müəllifi zamandı. Zamanın ələyi qədər dürüst filtr ola bilməz. Və mən XIX əsrin yekununa yaxınlaşdıqca o ələkdən keçənləri və elə orda qalanları düşünürəm. Çox qəribə və heç bilmədiyimiz adlar var, gələn dəfə sadalayacam...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!