Formanın müqəddəs sirri - Bədii formanın duyulması, yaxud Mirzə Cəlilin uşaqları - Cavanşir YUSİFLİ

"Sizə özümdən danışanda sizə elə sizdən danışıram" V.Hüqo

Cavanşir YUSİFLİ

 

Hər hansı bədii əsəri, deyək ki, hekayəni oxuduqda formanın daxili mənası bir anlığa, zil qaranlıqda işığın yanıb-sönməsi misalı aydın olur və sən oxuya həmin duyğuya (duyuma) güvənərək davam edirsən. Mirzə Cəlilin "Buz" və "İki alma" hekayələrini oxuyarkən belə bir hissi keçirirsən. Sonra, oxu prosesində harda dayandığını, bu ana qədər ürəyinə daman hər şeyi unudub yeni duyumla aləmə baxdığını kəsdirə bilmirsən.

N.D.Tamarçenko "Arxitektonika" əsərində yazırdı: "Məzmun (məna) təsvir edilən dünyanın içində həyati dəyərlərin estetik baxımdan təşkil edilmiş sistemidir. Təsvir edilən dünyanın strukturunu göstərərkən biz eyni zamanda həyati dəyərlərin estetik baxımdan təşkil edilmiş sistemini işarələyirik. Yəni müəllifin gerçəkliyi qiymətləndirməsi həmin dünyada həyat dəyərlərinin necə təşkil edilməsində əskini tapır...". Ancaq... bu təyinlərdən adam yorulur, ən yaxşısı bədii mətni oxuduqda onun sənə bir anlığa dediyi (sonra buna şübhə edirsən, axı mətn dil açıb nəsə deyə bilməz?!.) sözün ardınca qoşmaqdır.

Sualı başqa şəkildə qoymaq olar:  bədii mətni oxuduqda duyduğunuz, yaşadığınız emosiyanın mənbəyi nədir, hardan gəlir o unudulmaz emosiya?

Əsərin strukturu (arxitektonika və kompozisiya...) bir məqamda sənə bəlli olduğunda, daha doğrusu, sən o əsərin dediyi çoxlu sözün enerjisini hiss etdikdə hər şey sadələşir, həyəcan, gözlənti sakit bir axara düşür, baxmayaraq ki, bədii əsərdə hadisə... gərginliyin ən son, qarşısıalınmaz həddində (gərginlik ölçüsündə...-!) təsvir edilir. F.Kafkanın "Məhkəmə" romanında bu hüdud (hədd..) elə bir gərginlik şkalasında, təsvirin unutqanlıq yaradan elə bir məcrasında yaranır ki, üslub şərtiləşir, təsvir, mətləbi çatdırma manerası oxucunun baxışlarının zilləndiyi məkanın ən son alt-üst mərtəbələrində qərar tutur. Bu halda hər bir müəllif (üslub) üçün səciyyəvi olan nəsnələr, poetik kateqoriyalar yaranıb-formalaşır; məsələn, Mirzə Cəlildə hər hansı hərəkətlə bağlı fikrini izah etmək tərzində özünü göstərir. Bu manera bədii mətnin ritminin duyulması anlamında müəyyən dərəcədə əhəmiyyət daşıyan cizgilərdəndir. Həm "Buz", həm də "İki alma" hekayəsində bu hal - oxucunun fikrini məşğul etmək üçün "sual-cavab ritorikası"ndan istifadə edilir. "Axşam vaxtları gəzməyə çıxanda, hərdənbir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım. Və haman balaca oğlum ilə gəzməyə gedəndə, hərdənbir ittifaq düşür ki, ona yeməli şey də alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaq ilə bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da demirəm ki, heç bir vaxt almaq lazım deyil". İlk baxışdan təhkiyə axarında bu vasitə, yəni bu tipli sualların verilməsi və onların eyni tonda cavablandırılması ilk baxışdan doğrudan bezdiricidir, ancaq əbəs deyil, yuxarıda dediyimiz bədii formanın birdən, bütün enerjisi ilə duyulması məqamında hekayənin yenidən "yazılmasına", həmin o güclü enerji seli ilə fəhm edilməsinə şərait yaradan bir poetik üsuldur, bu da sonda bədii formanın (arxitektonika və kompozisiyanın) içinin bütün dərinliyi ilə açılmasına güclü təkan verir. Mirzə Cəlildə süjetin təkanlarla açılması xüsusi olaraq incələnməli mövzulardandır. Məhz həmin məqamda oxu, yaxud hekayənin səni apardığı aləm yeni fazaya keçir, daha doğrusu, sən həmin aləmi eyni zamanda həm içində olduğun gerçəklikdə, həm də ondan ayrı formada görə bilirsən. Formanın duyulması sənə tanış olduğun, sənə bayaqdan təsir edən hadisə və təsvirlərin mənasını anlamağa, bu komponentlərdən ixtiyari şəkildə, yəni istədiyin kimi istifadə etməyə şans yaradır, nəsr də elə budur: oxucuya müəyyən komponent və üsullar vermək və ona özünün arzuladığı dünyanı qurub-yaratmaq imkanı yaratmaq. A.P.Çexov, məsələn, bu mənada hekayənin unikal, möhtəşəm nümunələrini yaradan və beləliklə dünya və gerçəkliyimizi dəfələrlə "inşa edib dəyişdirən" (həm də təbii ki, söküb-dağıdan, altını üstünə çevirən, təhkiyənin hansı məqamındasa içində yaşadığın gerçəkliyin, yol, küçə və dalanlarını əzbər bildiyin şəhərin dağıldığının şahidi ola bilərsən...)  çox nəhəng bir nasirdir. Elə Mirzə Cəlil də.

Ülviyyə Həmzəyeva "Mirzə Cəlil dünyası"

 

Bununla bağlı bir çıxarış: ...Bir məqam, yaxud səviyyə var, o məqam və ya səviyyədə bütün talantına inandığımız şair və yazıçılar üslub baxımından gözəl, ifadəli, "bəzəkli..." görünürlər, bu məqamda hər şey içdən duyulur, bir dəfə oxudunmu, bədii mətn ağlını başından alır...

Təkcə bir məqam, yaxud səviyyə var, insan həyatı və gerçəkliyinin dərdinin qaynaşdığı yerə, arı pətəyinə toxunursan, insan bədbəxtliyi dərin bir uçurum, aşılmaz, dibsiz boşluq kimi görünür, onda bütün üslub gözəlliyi, bütün bəzəkli şeylər suvaq kimi tökülür və heç görünmədiyi şəkildə sadə və sakit yazırsan, sən bu boyda dünyanın tən ortasında tək qalırsan, hamıya elə gəlir ki, o cür sadə və sakit yazmağı hər kəs bacarar, ona görə bu cür yazmağa hamı xor baxır, qələmi götürüb bu yazının üstüylə getməyi hamı ertələyir, sabaha saxlayır, amma...

Ustalıq deyil bu, ondan o yanadı, bədii mətnin möhtəşəm tənhalığı... bu halda bütün təkliyi ilə sənə gözəlliyə çox acı həqiqətin içində yiyələnməyi öyrədir. Amma həqiqət varmı?..

Qayıdaq onun "İki alma" hekayəsinə. Bu mətndən uşaqlar üçün tərtib edilən kitablarda da uğurla istifadə edilib. Nəyisə öyrənmək və qarşında açılan yolu düzgün getmək istəyirsənsə məsləhət üçün kitablara, fəlsəfi, psixoloji... əsərlərə, indiyə qədər insan təfəkkürünün ən ali səviyyəsi ilə yazılan, deyilən hikmətli mətnlərə müraciət edərsən. Ancaq məsələn, təcrübə göstərir ki, böyük alim və filosofların, hətta mistiklərin hikmətli sözləri (frazalar...) sadəcə oxumaq və unutmaq üçündür. Ən çətin şeylərin, ən qəliz sualların cavabı uşaq baxışlarında, onun hərəkət və reaksiyasındadır. Ancaq bu, məsələnin bir tərəfi, üzdə olan, görünən tərəfidir. Əsas məsələ həmin halın mətndə işarəsiz-filansız, yəni ideyanı açıqlamadan onu yeritmək, mətləbin bədii həllində istifadə etməkdir. "Buz" hekayəsində təsvir edilən mühit nə qədər cansıxıcıdır, bunu hekayədə təsvir edilən uşağın baxışlarından görürük. Həcmcə çox kiçik olan hekayə bu mənada və bu kontekstdə bitib-tükənməyən təhkiyə yaradır, hekayə, mətləb və ideyanın ifadəsi sona çatsa da, hekayə bitmir, davam edir, yazıçı bu qısa və xəsis təsvirlərlə sanki xəritənin üzərində kənd və şəhər adlarını nöqtələrlə, o nöqtələrin arasını isə həmin dövrdə insanın nəfəsini tıncıxdıran mühitin ən mükəmməl, ən dəqiq görüntülüri ilə doldurur, oxu zamanı biz bunu görürük, sakit və sadə təhkiyə tərzi, ritmin daxilən gərgin, zahirən sadəliyi (qaranlıq yolların önündəki darvazalar taybatay açılır) hər şeyi aydınca nümayiş etdirir: ürəyi pörşələnən xalasının bir anlıq sakitləşməsi üçün buz dalınca gedən uşaq...yolda həmin mühitə bulaşır. "...Kimin qüsuru ucundan? Mənimmi, ya yox? Kimdədir taxsır? Məndədirmi ki, itlər ilə dalaşmağa məşğul olub, xalamın buzunu odlu torpağın içində əritdim? Ya bəlkə günahkar təbiətdir ki, daş kimi bərk bir buzu istidən suya döndərir? Ya bəlkə günah heç birimizdə deyil? Ondan ötrü ki, məntək tərbiyə görməyən on yaşında bir uşağın həmin rəftarı çox təbiidir, necə ki, buzun gün qabağında əriməyi təbiidir. Məqsəd suallara cavab vermək və belə-belə fənni məsələləri açmaq deyil. Və heç bir məqsəd yoxdur".

Bu tipli "məqsədsiz" təsvir və eyhamlar (məntək tərbiyə görməyən on yaşında bir uşağın həmin rəftarı çox təbiidir, necə ki, buzun gün qabağında əriməyi təbiidir...) həmin xəritənin üzərindəki nöqtələrin arasındakı havanın necə boşalması, nəfəslərin kəsilib ürəklərin pörşəlməsi... işarə kimi canlanır, bu isə, öz növbəsində, Mirzə Cəlildən indiyə qədər keçilən yolun semiotik görüntülərini yaradır. Bu hekayəni, yaxud ümumən bədii mətnləri oxuyanda həyəcanlanıb, təsirlənib, əsəbiləşiriksə... bu emosiyanın əsasında duyğularını səninlə paylaşmaq istəyən və bu zərurəti heç cür əldən vermək istəməyən çox həssas bir varlıq dayanır. Bu, müəllifdirmi? Yaxud müəllifin əsaslandığı bir nəsnə, başqa bir fərqli varlıqdır? Hər halda bunu demək çətindir. Müəllif əsər yazılıb son nöqtəsi qoyulandək yaşayır, sonra bizdən əbədi ayrılır.

Oxu prosesində bədii formanın duyulması, fəhm edilməsi misilsiz, əldən buraxılmayan bir fürsətdir; bədii formanın mahiyyətini təşkil edən cəhətlərdən biri süjet məhdudluğunu (insan həyatında kolliziyalar məhdud saydadır: doğum, ölüm, ayrılıq, tənhalıq və sair...) bədii formanın sərhədsiz rəngarəngliyi ilə göstərmək, deməli həm də "ərazini genişləndiməkdir", ərazi genişləndikdə isə gözümüzə monoton görünən həyat bədii baxımdan qarşısıalınmaz şəkildə yeniləndikcə yenilənir. Hekayənin əvvəlində müəllif kiçik bir əyalət şəhərindəki həkimləri iki cür işarələyir: müsəlman həkimlər və qeyri-müsəlman, yəni rus həkimlər. Əlavə edir ki, "müsəlman həkim" sözü heç də onların məhz müsəlman olmalarına dəlalət etmir, bu sadəcə o deməkdir ki, adıçəkilən həkimlərdən biri təhsilini Təbrizdə, digəri isə elə öz şəhərimizdə - nüsxəbənd kitablarını mütaliə etməklə başa vurmuşdu. Daha sonra işarənin ikinci tərəfi işıqlanır: xəstənin üstünə müsəlman həkim gəlirdisə, demək vəziyyəti o qədər də pis deyil, yox, əgər xəstənin üstünə rus həkimi, özü də faytonda gətirilirdisə, demək onun sağalmasına ümid çox azdır. Və bütün bu vacib məlumatlar bir uşağın dilindən söylənilir. Mirzə Cəlilin hekayələrində uşaq obrazı bütün məkanı son nöqtəsinə qədər göstərən gözdür, bu uşaq buz dalınca gedir, özü də boynuna alır (özü də axmaq hərəkətlərinin ən qızğın anında): bir şeyə gərək adətkərdə olmayasan. Bu göz həm də öz mühitini, insanları, hamının bir yerdə və hər kəsin ayrılıqda geriliyini, dünyanın tən ortasında məmləkət kimi tənhalığını göstərən bir insana dönür, müəllifə, oxucuya və tənqidçiyə çevrilir.     

Bir də Viktor Hüqonun yuxarıdakı sözləri: sizə özümdən danışanda sizə elə sizdən danışıram. Əslində bu, daha çox poeziya ilə əlaqədardır, eləcə də Pol Reverdinin fikirləri: poeziya təbiətdə yox, ona tamaşa edən baxışdadır. Yəni bədii formanın duyulması kontekstində poeziyadan da danışmaq olar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!